• cümə, 29 Mart, 10:16
  • Baku Bakı 5°C

Ətirlərin saxta olub-olmadığını necə müəyyənləşdirək?

22.02.17 12:30 1973
Ətirlərin saxta olub-olmadığını necə müəyyənləşdirək?
"Fevralın 13-də "İdeal”ın "Gənclik Mall”dakı filialından 10 faiz endirimlə 469 manata "Roja” parfümü aldım. İstifadə edəndən sonra ətrin iyinin qalıcı olmadığını hiss etdim. Elə bil su vurdum. Bu ətirdən mütəmadi istifadə etdiyim üçün bunun orijinal olmadığını düşündüm. Onu mağazaya aparıb başqa ətirlə dəyişdirilməsini və ya pulumun geri qaytarmalarını xahiş etdim” - bu sözləri qafqazinfo.az-a Kəmalə Salayeva yazıb.
O qeyd edib ki, mağazada ona heç nə edə bilməyəcəklərini deyiblər: "Ətri mağazada qoydum və onlardan cavab gözləyəcəyimi bildirdim. Dəfələrlə mağaza ilə, menecer ilə əlaqə saxlasam da, nəticə olmadı. Hər dəfə müxtəlif bəhanələr gətirirlər, incidirlər”.
Məsələ ilə bağlı "İdeal” Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsindən isə bildirilib ki, qeyd edilən şikayət araşdırılıb:"Məhsul istifadə edilib, qalıcılığı ilə problem yoxdur. Məhsulun orijinallığı barədə ofis və ya mağazamıza yaxınlaşıb, sertifikatlarla tanış ola bilərsiniz. İstifadə edilmiş məhsullar geri qaytarılmır və əvəzlənmir”.
Bu xəbərdən sonra ətirlərin saxta və ya orijinallığı ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər yazıldı, medianın diqqət mərkəzində olan mövzuya çevrildi. Əslində kosmetika və parfümerya xanımların bir çoxunun həssas nöqtəsidir və imkan səviyyəsində daha çox pul verməkdən də çəkinmirlər. Xüsusilə də ətirlər… Ətirlərə daha çox pul verməyin bir səbəbi də orijinal olanını almaq istəyidir. Amma iddialar da səslənir ki, adətən baha ətirlər saxta olurlar. Bəs alıcı keyfiyyətli ətri necə seçsin?
Bizim bildiyimiz üsullar məhsulun qablaşdırılmasının keyfiyyətli olması, qoxusunun qalıcı olub-olmaması kimi məqamlardır. Belə bir üsul da var: ətir alarkən öncə ağ salfetin üzərində yoxlayırsınız. Əgər ətir orijinaldırsa, kağızın üzərində heç bir rəng olmur, salfetin ağlığını qalır. Rəng yaranırsa, deməli məhsul saxtadır. Bu, bizim bildiyimiz bir neçə üsuldur.
Bəs satıcılar alıcıları keyfiyyətli məhsul satdıqlarına necə əmin edirlər? Məhsulun saxta olmasını iddia edən alıcıya əksi olduğunu necə sübut edirlər? Ümumiyyətlə, keyfiyyətli ətir almaq üçün alıcılar nələri bilməlidirlər? Bu sualla elə satış həyata keçirənlərlə danışmaq istədik. Kosmetika və parfümeriya satışında ölkəmizdə ən böyük mağazalar şəbəkələri "Sabina” və "İdeal”dır. Amma onlara müraciətimiz cavabsız qaldı. "İdeal”dan bildirdilər ki, bu mövzuda mətbuata açıqlama vermək istəmirlər, "Sabina”dan isə gün ərzində özləri əlaqə saxlayacaqlarını dedilər. İş gününün sonunda yenə əlaqə saxlasaq da, cavab ala bilmədik.
Əslində bir müddət öncə bu mövzuya toxunarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Kaspi”yə açıqlamasında bildirmişdi ki, ətirlərin də ərzaq malları kimi etiketində istehsal və son yararlılıq tarixi yazılmalıdır: "Lakin monitorinq aparsaq görərik ki, ən brend dükanlarda belə ətirlərin əksəriyyətinin etiketində buraxılma tarixi və yararlılıq müddəti yazılmayıb. Bu, onların saxta olmasına ciddi dəlalət edir. Yaxud dolaşıq qoloqramlarla bir şey yazılıb. Satıcı göstərir ki, kodla sayta girdikdən sonra açılır. Bunlar hamısı istehlakçını aldatmaq jestləridir”.
E.Hüseynovun sözlərinə görə, bu sahədə problem yaradan məqamlardan biri də ətirlərin geri qaytarılmayan məhsullar siyahısında olmasıdır. Düzdür, adətən deyirlər ki, keyfiyyətli məhsul almaq üçün bu sahədə brendləşmiş mağazalara üz tutmaq daha yaxşıdır. Amma bildirmişdi ki, Azərbaycanda ən prestijli mağazada belə saxta məhsula rast gəlmək mümkündür. O, eyni zamanda qeyd etmişdi ki, keyfiyyətli ətri təyin etmək alıcılar üçün çətindir. Ümumilikdə ətrin quruluşuna, üstündəki kağızın yapışdırılmasının keyfiyyətinə, tarixinə fikir verilməlidir: "Saxta ilə həqiqi məhsul yan-yana olmadığı üçün alıcı fərqi hiss edə bilmir. Qiyməti baha olanların yaxşı olduğunu demək olmaz. Lakin saxta ətirlərin də baha qiymətə satılması baş verir. Qoxunun uzun müddətli qalması məhsulun keyfiyyət göstəricilərindən biridir. Spirt olan ətirlərdə qoxuverici maddənin dayanıqlılığı, kifayət qədər qalması əsas göstəricilərdən biridir. Ətirlərin keyfiyyətli olub-olmadığını təyin etmək çətindir. Ona görə də hansının dəri üçün zərərli olduğunu da bilmək olmur. Elə etmək lazımdır ki, ətir dəriyə dəyməsin. Saça, geyimə vurmaq daha məsləhətlidir. Uşaqlarda xüsusilə bu qaydalara riayət etmək lazımdır”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin açıqlamasında qeyd olunurdu ki, əgər kiminsə hər hansı ətrin saxta olması ilə bağlı iddiası varsa, həmin məhsulun tərkibini komitənin təcrübə-sınaq mərkəzinə müraciət etməklə yoxlada bilər. Eyni zamanda, ətirlərin standartında üzərində istehsal və son istifadə tarixinin olması vacibdir. Yəni ki, təkcə qida deyil, ətir alarkən də istifadə müddətinə diqqət etmək lazımdır.
Aygün
banner

Oxşar Xəbərlər