• cümə, 19 Aprel, 07:49
  • Baku Bakı 13°C

Etirazçılar küçələrdə barrikada qurmağa başladı

20.04.18 18:14 863
Etirazçılar küçələrdə barrikada qurmağa başladı
Yerevanda səkkiz gündür davam edən etirazlarda barrikadalar qurulmağa başlayıb. Nümayişçilər bir sıra prospektləri bağlayıb. Mitinqə toplaşanlar arasında Ermənistanın ən iri İT-şirkətlərindən biri satılan "Sinopsis Ermənistan”ın da əməkdaşları var. Etirazçılar səhər erkən şəhərin müxtəlif hissələrində toplaşıblar. Həmin saatlarından etibarən polis də hərəkətə keçib. Belə ki, polis fəal David Sanasaryan və daha bir neçə şəxsi həbs edib. Gün ərzində 83 etirazçı saxlanılıb. İndiyə qədər isə 123 etirazçı həbs edilib. Sanasaryan həbsi zamanı etirazçılara sosial şəbəkələr vasitəsilə müraciət edib: "Biz sizi sevirik. Əmin olun ki, tez, ya gec, hər şey dəyişəcək. Serj Sarkisyan hamımızı manipulyasiya edə bilməz”. Sanasaryanın bu müraciətindən az sonra onun telefonu əlindən alınıb. Sanasaryanla bərabər, gecə Yerevan məhkəməsi daha bir fəalın - Tiqran Mazmanyanın 2 aylıq həbsi ilə bağlı qərar qəbul edib. O, kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub. Aksiyanın rəhbəri, millət vəkili Nikol Paşinyan mitinqin başlanğıcında yenidən etirazçılara müraciət edib. O bildirib ki, etirazlar Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etməlidir: "Əminəm ki, bizim işimizin nə qədər çətin olmasına baxmayaraq, tezliklə qələbə gələcək. Bizim əsas fəaliyyətimiz Ermənistanın bütün yolları və avtomagistrallarını bağlamaqdır. Polis onların yerini dəyişə bilməz. Sizi qorxmamağa, Serj Sarkisyanın və nazirlərinin hakimiyyətini tanımamağa çağırırıq. Addım atın, Serji rədd edin”. O deyib ki, şəhərdə fəaliyyət "iflic olmalıdır ki, Serj Sarkisyan, idarə edəcəyi ölkə, vətəndaş olmadığını görsün. Paşinyanın başçılığı ilə təxminən 1000 nəfər dörd saatlıq yürüşdən sonra meriya yaxınlığındakı parkda çadır qurub. N.Paşinyanın çağırışı ilə bəzi idarə və məktəblərdə Serj Sarkisyanın səkilləri divardan qoparılır: "Dünən tutulub polis idarəsinə aparılan fəallardan biri polis kabinetində tək qalanda divardan Sarkisyanın şəklini qopararaq pəncərədən çölə atıb”.
Baş nazir Serj Sarkisyan isə növbəti dəfə aksiyalarla bağlı açıqlama verib. "Qeyri-mütənasib şəkildə başqalarının haqlarını qanunsuz yollarla pozmağa çalışanlar dayanmalı və "biz nə edirik?” deməlidirlər. Hansı ölkədə destabilizasiyanın köməyi ilə nəticə əldə edilən bu cür cəhdlər uğur qazanıb? Hər kəsə aydındır ki, destabilizasiya nə ilə nəticələnir. Ümumilikdə fəaliyyətlərdə məntiq olmalıdır, ya yox? Bəs məntiq nədədir? Təxmin edək ki, onlar baş nazir seçkisi prosesini dağıtmağı bacardılar. Təxmin edək ki, ikinci dəfə də bu uğura nail oldular. Bəs sonra nə olacaq? Konstitusiyaya əsasən, parlament buraxılmalıdır. Yenisini kim formalaşdırmalıdır? Həmin 20-30 nəfər bunu edəcək? Seçkini kim keçirəcək?
İnsanların fəaliyyətlərində məntiq olmayanda hadisələrin necə inkişaf edəcəyini anlamaq çox çətin olur. Təəssüf ki, biz bir dəfə bu ağrılı yolu keçmişik. Əgər istəyirlərsə, ikinci dəfə də keçək, o zaman mən nə deyə bilərəm?” – deyə o bildirib.
Sarkisyan etirazçıları təhdid etməkdən də çəkinməyib: "Onlar nəyə nail olmaq istəyirlər? Bu binaya gəlmək və idarə etmək? Hesab edək ki, bu onlara nəsib oldu? Və kim onların tanıyacaq? Onlar qanuni, legitim hakimiyyət olacaq? Serj Sarkisyan qeyri-legitim, xalqı qıcıqlandıran, amma onlar legitim, xalqı sakitləşdirən olacaq? Siz görürsünüz ki, bizim hüquq-mühafizə orqanları səbir nümayiş etdirirlər. Mən istəmirəm ki, hüquq-mühafizə orqanları güc tətbiq etməyə məcbur olsunlar. Lakin ölkədə özbaşınalıq atmosferi hökm sürə bilməz”.
Erməni ekspertləri hesab edir ki, S.Sarkisyanın 10 illik prezidentliyi Ermənistan xalqının yaddaşına fəlakət kimi həkk olunub. Faktdır ki, məhz Sarkisyanın 10 illik prezidentlik fəaliyyəti erməni xalqı üçün ilk növbədə iqtisadi böhrana səbəb olub. Ermənistanın "Armeniareport” saytı yazır ki, əgər Sarkisyan ölkəni idarə etməkdə davam edəcəksə, onda vəziyyət daha da pisləşəcək. Sosial şəbəkələrin erməni seqmentində müxalifətin mitinqlərinin qızğın və geniş müzakirəsi gedir. Sosial şəbəkə istifadəçiləri hakim rejim haqqında ən qeyri-etik və sərt ifadələr işlədir, ölkənin ağır-iqtisadi və sosial durumunu qeyd edir və bütün bunlarda Sarkisyan və onun Qarabağ klanını ittiham edirlər. Publisit Lilian Karapetyan Facebook-da yazır: "Biz Sarkisyanın idarəçiliyindən bezmişik. O, bizim üçün heç nə etməyib, yalnız xalqı qarət edib və indi də baş nazir olmaq istəyir. Bu, çox təhlükəli və sürüşkən adamdır”. Onun sözlərinə görə, erməni xalqı Qarabağ avantürasının qurbanı olub. "Mənim üçün fərqli yoxdur, Qarabağ bizimdir və yaxud Azərbaycanın. Onları görüm qəbrə getsinlər. Şəxsən mənə Qarabağ lazım deyil. Aydındır. Qoy Qarabağı gözlərinə soxsunlar”, - deyə əlavə edib. O, həmçinin ukraynalı fəalları ermənilərə kömək etməyə çağırıb. "Yaxşı olardı ki, onlar bura gəlib Maydan təşkil etsinlər. Niyə orada oğrunu devirə bildilər, burada yox? Əgər kütlə yığışsa, Serj və onun oğru dəstəsini silib atacaq. Nə Qarabağ klanı, nə də Kreml ona kömək edə bilməyəcək. Serj Allah olmaq istəyir. Lakin kim başından yuxarı tullanırsa, sonra çox tez aşağı dığırlanır”.
Son məlumatlara görə, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan erməni icması S.Sarkisyanın Ermənistanın baş naziri seçilməsinə etiraz olaraq aksiya keçirib. Nümayiş iştirakçıları S.Sarkisyanın istefa verməsini və hakimiyyəti başqa şəxsə təhvil verməsini tələb ediblər. Onlar S.Sarkisyan əleyhinə şüarlar səsləndiriblər. Erməni lobbisinin təmsilçiləri Ermənistan polisini Yerevanda keçirilən aksiya iştirakçılarına zor tətbiq etməməyə çağırıblar. Kaliforniyadakı erməni icmasının nümayəndələri ABŞ ərazisində etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Ermənistanın Rusiyadakı səfirliyinin binası qarşısında da S.Sarkisyanın baş nazir olmasına qarşı aksiya keçirilib.

Azər
banner

Oxşar Xəbərlər