• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

Etiraz edənlər şəffaf fəaliyyət qurmayanlardır

19.12.13 10:57 1420
Etiraz edənlər şəffaf fəaliyyət qurmayanlardır
Milli Məclisin dekabrın 17-də keçirilmiş iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna edilmiş dəyişikliklər geniş müzakirələrə səbəb olub. Belə ki, bundan sonra Azərbaycanda qeyri-hökumət təşkilatı yaratmaq istəyən əcnəbilərə azərbaycanlı müavin təyin etməsi ilə bağlı şərt qoyulmasını bəziləri vətəndaş cəmiyyətinə qarşı təzyiq kimi qiymətləndirib. Lakin münasibətini öyrəndiyimiz QHT təmsilçiləri qanuna edilmiş bu əlavə ilə bağlı müsbət fikirdə olduqlarını söylədilər. Bildirdilər ki, dövlətin şəffaflığın artırılması üçün atdığı bütün addımlar dəstəklənməli, xoş niyyətlə görülən işlər dəyərləndirilməlidir.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında söylədi ki, qanunvericiliyə edilən əlavə və dəyişikliklər haqda dərhal mənfi rəy bildirmək o qədər də müsbət hal deyil. Dövlətin daha da inkişaf etdirilməsi üçün edilən istənilən mütərəqqi dəyişikliyi müsbət qəbul etmək lazımdır: “Hər bir ölkə qanunvericiliyində dəyişiklik edə bilər. Konstitusiyada təsbit olunmuş maddələrin təkmilləşdirilməsi və inkişaf etdirilməsi müsbət məqamdır. Təbii ki, cəmiyyətimiz inkişaf etdikcə, beynəlxalq aləmə inteqrasiya olunduqca bizdən daha irəli getmiş ölkələrdəki mütərəqqi müddəaları öz qanunvericiliyimizə gətirməliyik. Bu, daimi bir prosesdir. Ona görə də qanunda hər hansı bir müsbət dəyişikliyin olması haqda yüksək fikirdəyik”.
Müsahibimiz düşünür ki, Azərbaycanda xarici QHT-lər yaradıldığı zaman və qeydiyyata alınarkən onun sədr müavinin azərbaycanlı olması bizim vətəndaşlarımız üçün yeni imkanlar açacaq: “Bu müddəa ölkə vətəndaşları üçün bir fürsət kimi də dəyərləndirilə bilər. Bu səbəbdən, vətəndaşlarımıza geniş imkanlar yaradan qanunvericiliyi çox müsbət qiymətləndirir və dəyərləndiririk. Azərbaycan vətəndaşının istər müavin, istərsə də başqa vəzifə və ya statusla hansısa prosesə cəlb olunması mühüm irəliləyişdir. Bu qanunla bağlı hansı narazılıqdan söhbət gedə bilər? Düşünürəm ki, bu cür təpki göstərmək üçün əsas yoxdur”.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı da Azərbaycan vətəndaşının xaricilər tərəfindən yaradılan QHT-nin sədr müavini olmasını müsbət hadisə kimi dəyərləndirdi. Bildirdi ki, vətəndaşlarımızın lehinə yönələn addımlar hər kəs tərəfindən yüksək qiymətləndirilməlidir: “Biz Avropa Şurası qarşısında xarici təşkilatlar yaratmaq və s. barədə öhdəliklər götürmüşük. Lakin bizim Qarabağ məsələmiz hələ də ədalətli həllini tapmayıb və Azərbaycanın 20 faiz torpağı işğal altında qalmaqdadır. Ərazi bütövlüyümüzü bərpa etmək məsələsi gündəmdə qalır. Ona görə də hansısa xarici vətəndaş ölkəmizdə QHT yaradırsa, onun müavininin azərbaycanlı olması müsbət haldır”.
M.Zülfüqarlı qanuna edilmiş bu əlavənin əsasən iki cəhətdən dəyərli olduğunu qeyd etdi: “Həm dövlətçiliyin daha da inkişaf etdirilməsi, həm də Azərbaycan vətəndaşının növbəti bir iş yeri qazanması səbəbilə bu addıma münasibətim yaxşıdır. Bəzi müxalifyönlü şəxslərin qanuna edilmiş dəyişiklik haqda mənfi rəy bildirmələrinə, bunun vətəndaş cəmiyyətinə təzyiq kimi qiymətləndirilməsinə yaxşı baxmıram. Etiraz edənlər yəqin ki, şəffaf fəaliyyət qurmayan insanlardır. Onlar xaricdən donor təşkilat tapır, heç bir hesabat vermədən fəaliyyət göstərirlər. Çox güman, bu zaman korrupsiya hallarına yol verirlər. Ona görə də qərarın əleyhinə çıxırlar. Əgər kimsə fəaliyyətində şəffaflığa riayət edirsə, qanun onlar üçün heç bir maneə yaratmayacaq”.
Milli QHT Forumunun İdarə Heyətinin sədri Aydın Kərimovun sözlərinə görə, qanunvericiliyə edilmiş bu dəyişiklik QHT-lərin fəaliyyətinə nəzarət etmək mexanizmi kimi şəffaflığın artırılmasına yardım edə bilər. Amma bu, o qədər də uğurlu üsul deyil. Çünki “əyri” işləmək istəyən şəxslər istənilən halda özlərinə bir yol tapmağı bacarırlar: “Xarici vətəndaşlar ölkəmizdə onlar kimi düşünən, məqsədləri ilə uyğunlaşan şəxslər tapacaq və məhz elə adamları müavin vəzifəsinə təyin edəcəklər. Ona görə də düşünürəm ki, bu qərarın ciddi effekti olmayacaq. Hər kəs öz istədiyi kimi fəaliyyət göstərir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər