• çərşənbə, 24 Aprel, 06:57
  • Baku Bakı 13°C

Ətin qiyməti niyə qalxır?

07.09.16 13:54 4163
Ətin qiyməti niyə qalxır?
Qurban bayramı ilə əlaqədar tədbirlər planı hazırlanır. Bunu azvision.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.Onun sözlərinə görə, Qurban bayramı günlərində Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçəcək, baytar mütəxəssisləri kəsim yerlərinə cəlb olunacaq: "Qurbanlıq heyvanların kəsildiyi yerlərə nəzarət ediləcək. Qiymətlərdə ciddi artımın olacağı gözlənilmir. Hazırda tədbirlər planı hazırlanır və məlumatlar hazır olan kimi ictimaiyyətə açıqlama veriləcək”.

M.Hacıyev onu da deyib ki, əvvəlki illərdə olduğu kimi bu il də qurbanlıq heyvanların satılması və kəsilməsi üçün xüsusi yerlər ayrılacaq: "Bakı və Abşeronun müxtəlif yerlərində xüsusi yerlər ayrılacaq ki, insanlar o yerlərdə heyvanları rahat ala bilsinlər. Orada həm sanitar qaydalara riayət olunacaq, həm də baytar həkimlər heyvanların sağlamlığına nəzarət edəcəklər”.

Lakin o da faktdır ki, hər il Qurban bayramı ərəfəsində ətin qiymətində müəyyən qədər bahalaşma olsa da, bu il bahalaşma bir qədər erkən olub. Belə ki, artıq avqust ayının ortalarından başlayaraq ətin qiyməti bahalaşıb. Deyilənə görə, bayrama bir-iki gün qalmış qiymətlərin daha da artacağı istisna edilmir. Biz də məsələnin nə yerdə olduğunu öyrənmək üçün yaxınlıqdakı bir neçə ət mağazasına üz tutduq. Satıcıdan ətin qiymətini soruşduqda qiymətlərin xeyli müddətdir ki, artdığını dedi: "Qiymətlər təxminən 15 gündən çoxdur ki, qalxıb. İndi mal ətinin bir kiloqramı 8 manat 50 qəpikdir. Bahalaşma Qurban bayramı ilə əlaqədar deyil. Çünki rayonlarda iri və xırda buynuzlu mal-qaranın qiyməti xeyli qalxıb. Qoyun ətinin qiyməti isə 9 manatdır. Bir neçə həftə bundan öncə mal ətinin qiyməti 7 manat 50 qəpik, qoyun əti isə 8 manat idi”.

Başqa bir ət dükanına yaxınlaşırıq. Mağazanın üstündə qeyd olunan qiymətlərlə ilkin tanışlığımız zamanı burada da qiymətlərin orta hesabla eyni olduğu qənaətinə vardıq. Belə ki, mal ətinin qiyməti 8 manat, qoyun ətinin qiyməti isə 9 manat 50 qəpikdir. Satıcının sözlərinə görə, bayramla əlaqədar qiymətlərdə yenidən artım ola bilər: "Qiymətlər təxminən yarım ay öncə bahalaşıb. Bahalaşanın isə özlüyündə müxtəlif səbəbləri var. Qurban bayramında mal ətinin 8.50-9 manat, qoyun ətinin isə 10-11 manat olacağı gözlənilir”.

Böyük supermarketlərdən də ətin qiyməti ilə maraqlandıq. Buradakı fantastik qiymətlərdən sonra isə qəssabların daha insaflı olduğuna qərar verdik. Supermarketdəki bütün növ yerli ət və ət məhsullarının qiymətləri yüksək idi. İlk növbədə mal ətinin qiyməti ilə maraqlandıq. Satıcının sözlərinə görə, mal ətinin qiyməti fərqlidir. Belə ki, yağsız mal ətinin qiyməti 12 manat 50 qəpikdir. Həmçinin 11 manat 90 qəpik, 10 manat 30 qəpiyə də mal əti almaq olar. Çəkilmiş mal ətinin qiyməti 7 manat 50 qəpik, sümüklü dana əti isə 7 manat 99 qəpikdir. Qoyun ətinin qiyməti 10 manat 25 qəpik olsa da, satıcı qiymətlərin yaxın bir-iki gündə artacağına işarə vurdu. Qeyd edim ki, quzu ətinin 1 kiloqramının qiyməti 12 manat 50 qəpik idi.
Məsələ ilə bağlı Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcovun da fikirlərini öyrəndik. O, qiymət artımının tamamilə əsassız olduğunu bildirdi: "Bu yaxınlarda mən Oğuz rayonunun Xalxal kəndində və Qəbələ rayonunun Vəndam kəndində oldum və orada ağsaqqallar, sahibkarlar, mal-qara sahibləri ilə görüşdüm. Çalışdım ki, onlardan bahalaşmanın səbəbini öyrənim. Kənd sakinləri ilk olaraq özləri də buna təəccübləndilər. Əvvəlla, Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən bu ilin altı ayında ət istehsalı artıb. Bundan başqa, keçən illə müqayisədə bu il yağışların miqdarı çox olduğuna görə kifayət qədər yem ehtiyatı var. Arpanın, buğdanın, yoncanın qiymətində heç bir dəyişiklik olmayıb. Belə olan bir halda ətin qiyməti niyə qalxmalıdır ki? Belə çıxır ki, bu qiymət artımı tamamilə əsassızdır”.

Ç.Fərəcov deyir ki, araşdırma zamanı məlum oldu ki, ətin qiymətini süni surətdə qaldıranlar alverçilər, iş adamları, qəssabların özləridir: "Qiymət məsələsi ilə İqtisadiyyat Nazirliyinin xüsusi departamenti məşğul olur. Hesab edirəm ki, ətin qiymətinin qalxması üçün heç bir əsas yoxdur. Bərdə, Beyləqan, İmişli rayonlarında mal ətinin bir kiloqramının qiyməti 6 manatdır. Bakı şəhərindəki qiymətlər 8 manatdan başlayır. Məhsulların qiymətini süni surətdə qaldıranlar barədə ciddi tədbirlərin görülməsi haqqında tapşırıqlar verilib. Lakin süni qiymət artıranlara qarşı heç bir tədbir görülmür. Qarşıdan Qurban bayramı gəlir. İyul-avqust aylarında qiymətlərin artması Qurban bayramında qiymətlərin qalxmasına hazırlıq idi. Mən aidiyyatı qurumlardan xahiş edirəm ki, ictimai nəzarəti gücləndirməklə bu məsələni araşdırsınlar. Belə bir məsələ mütləq mətbuatda və televiziyada gündəmə gətirilməlidir”

Sonda ekspert bildirdi ki, rayonlardakı sahibkarlar paytaxtda qiymətlərin artdığını görüb qiymətləri artırırlar: "Bölgələrdə qəssablar Bakıda ətin qiymətinin qalxdığını görəndən sonra qiyməti qaldırırlar. Bir neçə gün bundan əvvələ qədər Bərdədə ətin qiyməti 5-6 manat idi. Bakıda qiymətlər 8 manat 50 qəpiyə qalxdıqdan sonra onlar da məcbur olub qiyməti 7 manata qaldırdılar. Bu, şişirdilmiş bir qiymətdir. Ona görə də bu işə ciddi dövlət nəzarəti olmalıdır. Bununla başqa cür mübarizə aparmaq mümkün deyil. Əgər qış olsaydı, qiymətlərin artımını müəyyən qədər başa düşmək olardı. Lakin bu vaxt belə bir hal yolverilməzdir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, qiymətlərin artması tələbin təklifdən daha çox olması ilə əlaqədardır: "Burada bir neçə amil rol oynasa da, əsas məsələlərdən biri manatın dollara nisbətən kursunun dəyişməsi ilə bağlıdır. "Yerli ət məhsullarının qiyməti qalxmamalıdır” fikri ilə razı deyiləm. Heyvan saxlayan maldarların müxtəlif ehtiyacları var. Buna görə də qiymətlərdə artım müşahiidə olunur”.

E.Hüseynov qeyd etdi ki, bununla bağlı quruma gün ərzində 3-4 şikayət daxil olur: "Ölkədə biznesin qorunmasına əlverişli şərait yaradılsa da, bundan sui-istifadə hallarının sayı xeyli artıb. Prezident sahibkarlara, iş adamlarına öz biznesini qurması üçün kifayət qədər yaxşı şərait yaradıb. Lakin bir çoxları bundan sui-istifadə etyməyə çalışır. Həmçinin keyfiyyətsiz məhsullar istehsal edilir, qiymətlər süni şəkildə qaldırılır və s. Hesab edirəm ki, bahalaşma bayramla əlaqəli deyil”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər