• cümə, 29 Mart, 15:19
  • Baku Bakı 14°C

Çətin peşənin sadə adamı – Sadə peşə adamı

18.05.15 06:02 1825
Çətin peşənin sadə adamı – Sadə peşə adamı
Elməddin Abdullayev: “Satıcı insanla necə davranmağı bacarmalı və satış zamanı səmimi münasibət qurmalıdır”
“Satış işi çətin peşələrdən biridir. Çətin peşələrin öhdəsindən isə asanlıqla gəlmək mümkün deyil. Buna görə də hər bir satış adamı əzm və şövqlə işləməlidir. Həvəssiz və əzmi az olan insanın motivasiyası da az olur”.
Bu sözləri bizimlə söhbətində gənc müsahibimiz Elməddin Abdullayev dedi. Həmsöhbətimizin işi müəyyən ticarət nöqtələrindən sifarişləri götürmək və ünvanlarına çatdırmaqdır. 3 ildir satış təmsilçisi (ekspeditor- A.Ə.) kimi fəaliyyət göstərən müsahibimiz deyir ki, bu sənətdə pul qazanmaq ilk baxışda asan gəlsə də, vəziyyət heç də göründüyü kimi deyil. Elməddinlə “Sadə peşə adamı” rubrikasında sənətinin sirləri və çətinliyindən danışdıq.
Jurnalistikadan ekspeditorluğa
Elməddin Abdullayev 1990-cı ildə İsmayıllı rayonunda anadan olub. O, Bakı Avrasiya Universitetinin Jurnalistika fakültəsini bitirib. Lakin tələbəlik illərində bu sahə ilə məşğul olsa da, sonradan sənətini atmaq məcburiyyətində qalıb: “Əslində uşaqlıqda arzum polis olmaq idi. Bu sənəti çox sevirdim, amma boyum bu peşəyə uyğun olmadığı üçün arzumu həyata keçirə bilmədim. Ailəmin təkidi ilə univeristetə sənəd verdim və Jurnalistika fakültəsinə qəbul oldum. Bir müddət jurnalistika ilə də məşğul oldum. Bu sahədə pul qazanmaq imkanları məni qane etmədiyi üçün sənətimdən ayrıldım”.
Müştəri hər zaman haqlıdır
Həmsöhbətimiz universiteti bitirdikdən sonra evlərində yaşanan müəyyən problemlərə görə İsmayıllıya qayıdıb və orada satış təmsilçisi kimi çalışmağa başlayıb. Əvvəlcə bu işə sevərək başlamasa da, hər dəfə pul qazandıqca işinə olan marağı da artıb: “Valideynin pulu ilə dolanmaqla insanın öz pulunu qazanması çox fərqlidir. İlk qazancımdan sonra insanın zəhmətlə qazandığı pulun necə dəyərli olduğunu anladım. Alın təri ilə işimi görüb pul qazanmağı çox sevirəm”.
Elməddin deyir ki, jurnalistika ilə məşğul olmasa da, aldığı təhsil ona işində çox kömək olub: “Ticarətdə qızıl qayda var ki, müştəri hər zaman haqlıdır. Odur ki, bəzən bu hal qəliz məsələyə çevrilir. Bu fikrə riayət etmək o qədər asan deyil. Çünki 100-ə yaxın ticarət məntəqələrindəki vəziyyəti yadda saxlamaq, onlarla ünsiyyət qurmaq, dil tapmaq, xüsusilə haqsız olsalar belə, haqlı kimi davranmaq kənardan baxana asan görünə bilər. Amma əsla belə deyil. İstənilən halda danışıq qabiliyyətinin yaxşı olması insana kömək edir. Bütün işlərin başında insan faktoru dayanır. Hər peşədə pul qazanmaq asan deyil. Satıcı ilk olaraq insanla necə davranmağı bacarmalı və satış zamanı onlarla səmimi münasibət qurmalıdır. Çünki qarşındakı insanın nə edəcəyi 75 faiz səndən asılıdır. Qarşındakı ilə elə xoş və səbrlə davranmalısan ki, həm malını sata biləsən, həm də firmaya müştəri qazandırasan”.
İdeal satış təmsilçisi necə olmalıdır?
Sənətinin sirlərindən danışan müsahibimiz deyir ki, bu sənətin ən böyük sirri müştəri ilə ünsiyyət qurmağı bacarmaqdır. Onun sözlərinə görə, ideal satış təmsilçisi olmaq üçün müştəriyə daha çox mal satmaq lazımdır: “Bizim işimiz böyük stress və gərginliklərlə bağlıdır. Bir çoxları bu işi sadə hesab edir, işə başlayarkən sənətin çətinliklərini nəzərə almırlar və tez tükənirlər. Satış təmsilçisi təlimlərdən öyrəndiklərini ticarət nöqtələrində həyata keçirərək, müştərilərlə ünsiyyət qurma bacarıqlarını artırmalı, müştəri etirazlarını həll edərək, onların məmnuniyyətini qazanmalıdır. Satış insanlarla əlaqədar peşə olduğu üçün həm işdəki insanlarla, həm də müştərilərlə çox səviyyəli və hörmətəlayiq əlaqələr qurmaq lazımdır. Daim insanları itirəcək istiqamətdə deyil, onları qazanacaq şəkildə ünsiyyət yaradılmalıdır. İşində bunlara riayət edən və bacaran satış təmsilçisi ideal işçidir”.
Elməddin düşünür ki, bu sənətdə özgüvən çox önəmlidir. Özünə və bacarığına güvənməyən insan satış təmsilçisi ola bilməz: “Özünə inam satış peşəsinin çox əhəmiyyətli bir hissəsidir. Özünə inanmayan insan başqalarını da inandıra bilməz. Bu səbəbdən yaxşı satış təmsilçisi ilk olaraq özünə inanmalıdır ki, qarşısındakı müştərini də inandıra bilsin”.
“Yetərincə pul qazanıram”
Sənətinin gəlirlərinə gəldikdə, müsahibimiz deyir ki, yaşamaq üçün yetərincə pul qazana bilir: “Çətinliklərim olsa da, gəlirlərimdən razıyam. Jurnalistika ilə məşğul olsaydım, vəziyyət yaxşı olmazdı. İndi qazancıma görə Allahıma şükr edirəm”.
Müsahibimiz iş başında başına gələn maraqlı hadisələrdən birini də bizimlə bölüşdü: “Gülməli hadisələr çox olub. Ən yaddaqalan isə Qəbələdə başımıza gəlib. Bir neçə saat əziyyətlə düzəltdiyimiz 3 metrlik rəf içi dolu şəkildə üstümüzə aşdı. İçində nə var idisə hamısı üstümüzə töküldü. İşin yorğunluğundan əvvəlcə əsəbləşsək də, işimizi həll etdikdən sonra gülürdük”.
“Qəlbinizin səsinə qulaq asın”
Sonda gənc satış təmsilçisi üzünü övladlarını ali təhsil almağa məcbur edən valideynlərə tutaraq bildirdi ki, övladlarına sənət seçməkdə azadlıq versinlər: “Ətrafımda o qədər qırmızı diplomlular var ki, ya işləmirlər, ya da aya 300-500 manat maaş alırlar. İxtisas seçərkən gənclər qəlblərinin də səsinə qulaq assınlar. Diplom gələcəkdə prestij qazanmaq üçün çox önəmlidir. Onun dalınca gedib qazanmaq lazımdır. Amma qəlbinizin də səsini eşitməməzliyə vurmayın”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər