• şənbə, 20 Aprel, 08:58
  • Baku Bakı 14°C

“Etimadı doğrultmağa çalışacağıq”

07.06.17 09:30 1044
“Etimadı doğrultmağa çalışacağıq”
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) yarandığı gündən indiyədək Azərbaycan mətbuatının inkişafında yaxından iştirak edir. Qurumun səmərəli fəaliyyətində Müşahidə Şurasının da özünəməxsus rolu var və bütün qərarlar kollegial şəkildə müzakirə edildikdən sonra təsdiqlənir. Müşahidə Şurası isə Prezident İlham Əliyevin sərəncamı ilə 4 ildən bir yenidən formalaşır. Bu səbəbdən Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Müşahidə Şurasına dövlət orqanlarından, KİV-dən və jurnalist təşkilatlarından yeni üzvlər təyinat alıb.
KİVDF-nin Müşahidə Şurasının yeni üzvü, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, fond 2009-cu ildə yaranıb və indiyədək kifayət qədər uğurlu fəaliyyət göstərib: "Fondun dəstəyi ilə həyata keçirilən layihələr, görülən müxtəlif işlər təqdirəlayiqdir və nəticə də göz qabağındadır. Onu da qeyd edim ki, Fondun vasitəsilə jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində evlər tikilir və media nümayəndələrinə verilir. Bütün bunların hamısı jurnalistikanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdır. Bu da bilavasitə Fond tərəfindən həyata keçirilir”.
B.Quliyev Müşahidə Şurasının üzvü kimi, bundan sonra Fondun fəaliyyətinə lazımi köməklik göstərəcəyini dilə gətirdi: "Çalışacağıq ki, biz də qərarların qəbulunda, layihələrin obyektiv dəyərləndirilməsində öz dəstəyimizi göstərək. Onu da qeyd edim ki, namizədliyim Mətbuat Şurası vasitəsilə təqdim edilib və buna görə də şuranın rəhbərliyinə minnətdaram. Həmçinin, mənə və rəhbərlik etdiyim "Səs” qəzetinin kollektivinə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Sərəncamla Fondun Müşahidə Şurasında adımın yer alması təkcə mənim yox, bütövlükdə rəhbərlik etdiyim kollektivin də öz dəsti-xətti var. Hesab edirəm ki, adımın Fondun Müşahidə Şurasının üzvləri siyahısında yer alması şəxsi keyfiyyətlərimdən əlavə, "Səs” ailəsi ilə bağlıdır”.
"Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev KİVDF-nin Müşahidə Şurasına üzvlüyünə təyinat almasını bir jurnalist təşkilatının rəhbəri kimi fəaliyyətinə verilən qiymət olduğunu dilə gətirdi: "Eyni zamanda, bu, həm də fəaliyyət göstərdiyim media sahəsindəki həmkarlarımın, ətrafımdakı insanların barəmdə düşündüklərinin bir məcmuəsidir. Düşünürəm ki, cənab Prezident bu rəyləri nəzərə alaraq belə bir sərəncam verib. Əlbəttə ki, dövlət başçısının bu addımı bizi çox sevindirdi. Fondun Müşahidə Şurasındakı üzvlük ictimai əsaslı bir fəaliyyətdir. Deyərdim ki, istənilən ziyalı bu cür işlərə hər zaman hazır olmalıdır. Çünki belə ictimai işlərin nəticəsi media sahəsində çoxlu sayda insanın fəaliyyətində, karyerasında uğur əldə etməsinə səbəb ola bilər. Müşahidə Şurasında 9 nəfər üzv var və onların hər biri dəyərli insanlardır. Onların rəyi, fikirləri əsasında müəyyən qərarlar qəbul olunacaq, tövsiyələr veriləcək. Bu da media sektorunda Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun daha səmərəli fəaliyyət göstərməsinə, geniş auditoriyaya üz tutmasına imkan yaradacaq. Öz şəxsimdə bildirim ki, bu sərəncamdan irəli gələrək, fərəh hissi duyuram. Fikrimcə, sərəncamda adları yer alan şəxslər onlara göstərilən bu etimadı doğrultmalıdırlar. Əminəm ki, özüm də buna çalışacağam”.
Fondun Müşahidə Şurasının digər yeni üzvü, "Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov da bildirdi ki, belə bir qurumda təmsilçilik böyük məsuliyyətdir: "Bu məsuliyyəti daşımağa layiq görüldüyüm üçün cənab Prezidentə minnətdaram. Çalışacağam ki, üzərimə düşən missiyanı doğruldam. Fond Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası, eyni zamanda öz nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir. Bu qurumun konkret iş prinsipləri var. Ötən 8 il müddətində də Fond oturuşmuş bir qurum kimi özünü təsdiqləyib. Düşünürəm ki, bu cəhət qurumun perspektivi baxımından əsas götürülməlidir. Yəni, ötən illərin təcrübəsinə istinad edilməlidir. Fond medianın maddi-texniki bazasının möhkəmlənməsinə mühüm töhfələr verib, çoxsaylı tədbirlər gerçəkləşdirilib. Ümumiyyətlə, bu qurum media palitrasının zənginləşməsində öz sözünü deyib”.
Ə.Rüstəmov qeyd etdi ki, şəraitdən və imkanlardan asılı olaraq, fundamental dövlət sənədi olan konsepsiyada nəzərdə tutulan digər istiqamətlər üzrə də işlərin görülməsi məsələsi gündəmə gətirilə bilər: "Bu da təbii ki, kollegial şəkildə çıxarılan qərarlardan asılıdır. Hər bir halda, Fondun bundan sonra da məhsuldar fəaliyyət göstərəcəyinə inanıram. Həm də hesab edirəm ki, bu prosesə mən də müəyyən qədər töhfə verəcəyəm”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər