Ət yeyən quş dimdiyindən tələyə düşər - Video - Fotolar
Müxalifət qiyafəsinə bürünüb xalqa demokratiyadan, söz-fikir
azadlığından, insan hüquqlarından, harınlığa, israfçılığa, rüşvətxorluğa və
korrupsiyaya qarşı mübarizədən "dərs keçən” şəxslərin sözləri ilə əməllərinin
bir-birini tamamlamaması barədə dəfələrlə yazılıb. Belə dil pəhləvanlarının
siyasi hakimiyyəti dövründə Azərbaycanın hansı bəlalara düçar olduğu, ölkənin vətəndaş
müharibəsinə sürüklənərək məhv olma təhlükəsi ilə üzləşdiyi də hər kəsə gün
kimi aydındır. Bütün bu həqiqətlərin ortada olmasına rəğmən, həmin "qəhrəmanlar”
susmaq, öz ayıbına kor olmaq əvəzinə, yenə dil-boğaza qoymur, cəfəng bəyanatlar,
absurd iddialar səsləndirir, özlərini aydan-arı, sudan duru hesab edirlər. Amma
ət yeyən quş dimdiyindən tələyə düşdüyü kimi, bəzi "demokratlar”, o cümlədən
radikal davranışları ilə gündəmə gələn cəbhəçilər də zaman-zaman öz dillərinin
bəlasına düşür, qeyri-səmimi davranışları ilə ifşa olunur, cəmiyyətin haqlı
qınağına tuş gəlirlər.
Misal üçün, bu günlərdə sosial şəbəkələrdə AXCP sədri
Əli Kərimlinin dost-doğma əmisi oğlu, hazırda Avropada mühacir həyatı yaşayan
İnqilab Kərimovun yeni videosu yayılıb. Həmin videoda İ.Kərimov, Məhəmməd Mirzəli,
Seyran Rəfiyev və daha bir neçə mühacir keflənərək gecə vaxtı maşın işığında,
Azərbaycan musiqisinin sədaları altında şıdırğı rəqs edirlər. M.Mirzəlinin təbirincə
desək, onların ağsaqqalı İ.Kərimov əlində tutduğu avroları havaya ataraq rəqs
edənlərin başından "avro yağışı” yağdırır. Necə deyərlər, Avropada yeyib-içib
keflənir, simiclik etmədən avroları sağa-sola xərcləyir, hətta xəzan kimi yerlərə
səpələyirlər. Hətta M.Mirzəli rəqs edə-edə bildirir ki, onların erməni dəyirmanına
su tökməklə pul qazanmalarına ehtiyac yoxdur, guya onların pulu çoxdur və sair.
İ.Kərimova, M.Mirzəliyə və başqalarına Avropada
pulu yerə səpmək üçün kimlərin hansı məqsədlə verdiyini bu dəfə bir kənara
qoyuram. Burada diqqət çəkan məqam AXCP sədri Ə.Kərimli və silahdaşları tərəfindən
beyni zəhərlənərək təsir altına salınan, mitinqlərdə polislə qarşıdurmaya
sürüklənən, nəticədə qanunu pozduğuna görə məsuliyyətə cəlb olunan cəbhəçilərin
durumu ilə onları bu işə sövq edənlərin real vəziyyətidir. Heç bir yerdə
çalışmayan, rəsmi iş yeri, biznesi, gəliri olmayan AXCP sədri Ə.Kərimli bahalı
"Mazda” avtomobilində gəzir, şəhərin mərkəzindəki evlərdə yaşayır, təsiri
altına saldığı şəxslərin hesabına lüks həyatını davam etdirir. AXCP sədrinin
oğlu Türkel Kərimli Böyük Britaniyanın paytaxtı Londonun ən bahalı
universitetində ali hüquq təhsili alır, barlarda eyş-işrət məclisləri qurub
ingilis qızları ilə əylənir. Hansı ki, bir nəfərin London kimi bahalı şəhərdə
yaşaması, qidalanması, təhsil alması, gəzməsi, barlarda istirahət etməsi illik
minimum yüz min funtsterlinqə - 200 min manatdan çox pula bərabərdir.
Qeyd edək ki, bir müddət əvvəl təhsilini başa vuran
T.Kərimli bundan sonra da elə Londonda yaşamağa qərar verib. Vətənə qayıtmaq, hərbi
xidmətə getmək, Vətən borcunu vermək, yaxud cəbhəçi gənclərə qoşularaq atasının
"siyasi mübarizəsinə” dəstək vermək onun ağlının ucundan da keçmir. AXCP sədrinin
əmisi oğlu İ.Kərimov isə bir qədər əvvəl bəhs etdiyimiz kimi Avropanın mərkəzi
şəhərlərindən birində yaşayır, avroları xəzan kimi yerlərə səpələyir. Cəbhəçi gənclərin
yaşadıqları, hansısa məhrumiyyətlərlə üzləşməkləri nə Əli Kərimlinin, nə də İnqilab
Kərimovun vecinə deyil. Məhz buna görə də İ.Kərimovun qeyd etdiyimiz videosu
sosial şəbəkədə yayılan kimi haqlı tənqid atəşinə tuş gəlib.
Xaricdə yaşayan
Ali Oguz adlı "Facebook” istifadəçisi həmin videonu paylaşaraq yazıb ki, Bakıda
siyasi məhbus həyatı yaşayan onlarla cəbhəçi olduğu halda İnqilab Kərimov, Məhəmməd
Mirzəli, Seyran Rəfiyev avroları Avropada belə yerə səpələyir. Onun sözlərinə
görə, adıçəkilən şəxslər utanmadan alkaşlıq edib, mahnı qoyub keyf məclisi
qururlar. A.Oguz videodakı "qəhrəmanlara” bir neçə haqlı sual ünvanlayıb: "Bu
necə əqiqədaş və müxalifətçidir ki, onlarla həbsdə yatan insanlara və ya
kasıblara bu cür kef videoları ilə acıq verir? Hə, İnqilab Kərimov, avroların
çoxdur bildik. Sənin kimilərdən xalqa nə fayda? Sən xalqın dərdinə beləmi şərik
olursan?”
Bu statusun altına cəbhəçi trollar dərhal hücum çəkərək
AXCP sədrini və onun əmisi oğlunu müdafiə etməyə çalışıblar. Lakin görünən kəndə
bələdçi lazım olmadığı kimi, Ə.Kərimlinin əmisi oğlunun hərəkətləri də əlavə şərhə
ehtiyac duymayıb. Sosial şəbəkə istifadəçiləri bu mənzərəni və "qəhrəmanları”
haqlı olaraq tənqid edib, təəssüf hissi keçiriblər.
Bundan başqa, hazırda
Fransada yaşayan AXCP-nin fəal üzvü Türkel Azərtürkün Almaniyada yaşayan azərbaycanlı
ilə rüşvət müqabilində viza almaq üçün telefon danışığı aparması, həmin telefon
danışığının steonoqramının mediada, "youtube” kanalında yayılması da cəmiyyətin
sərt təpkisi ilə qarşılanıb. Qeyd olunan telefon danışığından da görünür ki,
üzdə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədən bəlağətli nitq söyləyən cəbhəçilər
əllərinə düşən ilk fürsətdə rüşvətə, korrupsiyaya bulaşmağa meyllidirlər.
Ümumilikdə hər iki hadisə müxalifətçi adı altında gizlənən şəxslərin, eləcə də
onların ətrafındakıların əsl mahiyyətini növbəti dəfə ortaya qoyur.
Alpər TURAN