Ət yeyən quş dimdiyindən tələyə düşər - Video - Fotolar

Ət yeyən quş dimdiyindən tələyə düşər - Video - Fotolar

Təfsilat
17 İyul 2019, 18:36 30445
Müxalifət qiyafəsinə bürünüb xalqa demokratiyadan, söz-fikir azadlığından, insan hüquqlarından, harınlığa, israfçılığa, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədən "dərs keçən” şəxslərin sözləri ilə əməllərinin bir-birini tamamlamaması barədə dəfələrlə yazılıb. Belə dil pəhləvanlarının siyasi hakimiyyəti dövründə Azərbaycanın hansı bəlalara düçar olduğu, ölkənin vətəndaş müharibəsinə sürüklənərək məhv olma təhlükəsi ilə üzləşdiyi də hər kəsə gün kimi aydındır. Bütün bu həqiqətlərin ortada olmasına rəğmən, həmin "qəhrəmanlar” susmaq, öz ayıbına kor olmaq əvəzinə, yenə dil-boğaza qoymur, cəfəng bəyanatlar, absurd iddialar səsləndirir, özlərini aydan-arı, sudan duru hesab edirlər. Amma ət yeyən quş dimdiyindən tələyə düşdüyü kimi, bəzi "demokratlar”, o cümlədən radikal davranışları ilə gündəmə gələn cəbhəçilər də zaman-zaman öz dillərinin bəlasına düşür, qeyri-səmimi davranışları ilə ifşa olunur, cəmiyyətin haqlı qınağına tuş gəlirlər.
 


Misal üçün, bu günlərdə sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin dost-doğma əmisi oğlu, hazırda Avropada mühacir həyatı yaşayan İnqilab Kərimovun yeni videosu yayılıb. Həmin videoda İ.Kərimov, Məhəmməd Mirzəli, Seyran Rəfiyev və daha bir neçə mühacir keflənərək gecə vaxtı maşın işığında, Azərbaycan musiqisinin sədaları altında şıdırğı rəqs edirlər. M.Mirzəlinin təbirincə desək, onların ağsaqqalı İ.Kərimov əlində tutduğu avroları havaya ataraq rəqs edənlərin başından "avro yağışı” yağdırır. Necə deyərlər, Avropada yeyib-içib keflənir, simiclik etmədən avroları sağa-sola xərcləyir, hətta xəzan kimi yerlərə səpələyirlər. Hətta M.Mirzəli rəqs edə-edə bildirir ki, onların erməni dəyirmanına su tökməklə pul qazanmalarına ehtiyac yoxdur, guya onların pulu çoxdur və sair.
 
 

İ.Kərimova, M.Mirzəliyə və başqalarına Avropada pulu yerə səpmək üçün kimlərin hansı məqsədlə verdiyini bu dəfə bir kənara qoyuram. Burada diqqət çəkan məqam AXCP sədri Ə.Kərimli və silahdaşları tərəfindən beyni zəhərlənərək təsir altına salınan, mitinqlərdə polislə qarşıdurmaya sürüklənən, nəticədə qanunu pozduğuna görə məsuliyyətə cəlb olunan cəbhəçilərin durumu ilə onları bu işə sövq edənlərin real vəziyyətidir. Heç bir yerdə çalışmayan, rəsmi iş yeri, biznesi, gəliri olmayan AXCP sədri Ə.Kərimli bahalı "Mazda” avtomobilində gəzir, şəhərin mərkəzindəki evlərdə yaşayır, təsiri altına saldığı şəxslərin hesabına lüks həyatını davam etdirir. AXCP sədrinin oğlu Türkel Kərimli Böyük Britaniyanın paytaxtı Londonun ən bahalı universitetində ali hüquq təhsili alır, barlarda eyş-işrət məclisləri qurub ingilis qızları ilə əylənir. Hansı ki, bir nəfərin London kimi bahalı şəhərdə yaşaması, qidalanması, təhsil alması, gəzməsi, barlarda istirahət etməsi illik minimum yüz min funtsterlinqə - 200 min manatdan çox pula bərabərdir. 

Qeyd edək ki, bir müddət əvvəl təhsilini başa vuran T.Kərimli bundan sonra da elə Londonda yaşamağa qərar verib. Vətənə qayıtmaq, hərbi xidmətə getmək, Vətən borcunu vermək, yaxud cəbhəçi gənclərə qoşularaq atasının "siyasi mübarizəsinə” dəstək vermək onun ağlının ucundan da keçmir. AXCP sədrinin əmisi oğlu İ.Kərimov isə bir qədər əvvəl bəhs etdiyimiz kimi Avropanın mərkəzi şəhərlərindən birində yaşayır, avroları xəzan kimi yerlərə səpələyir. Cəbhəçi gənclərin yaşadıqları, hansısa məhrumiyyətlərlə üzləşməkləri nə Əli Kərimlinin, nə də İnqilab Kərimovun vecinə deyil. Məhz buna görə də İ.Kərimovun qeyd etdiyimiz videosu sosial şəbəkədə yayılan kimi haqlı tənqid atəşinə tuş gəlib.
 
 
 
Xaricdə yaşayan Ali Oguz adlı "Facebook” istifadəçisi həmin videonu paylaşaraq yazıb ki, Bakıda siyasi məhbus həyatı yaşayan onlarla cəbhəçi olduğu halda İnqilab Kərimov, Məhəmməd Mirzəli, Seyran Rəfiyev avroları Avropada belə yerə səpələyir. Onun sözlərinə görə, adıçəkilən şəxslər utanmadan alkaşlıq edib, mahnı qoyub keyf məclisi qururlar. A.Oguz videodakı "qəhrəmanlara” bir neçə haqlı sual ünvanlayıb: "Bu necə əqiqədaş və müxalifətçidir ki, onlarla həbsdə yatan insanlara və ya kasıblara bu cür kef videoları ilə acıq verir? Hə, İnqilab Kərimov, avroların çoxdur bildik. Sənin kimilərdən xalqa nə fayda? Sən xalqın dərdinə beləmi şərik olursan?”
 


Bu statusun altına cəbhəçi trollar dərhal hücum çəkərək AXCP sədrini və onun əmisi oğlunu müdafiə etməyə çalışıblar. Lakin görünən kəndə bələdçi lazım olmadığı kimi, Ə.Kərimlinin əmisi oğlunun hərəkətləri də əlavə şərhə ehtiyac duymayıb. Sosial şəbəkə istifadəçiləri bu mənzərəni və "qəhrəmanları” haqlı olaraq tənqid edib, təəssüf hissi keçiriblər.
 
 
 
Bundan başqa, hazırda Fransada yaşayan AXCP-nin fəal üzvü Türkel Azərtürkün Almaniyada yaşayan azərbaycanlı ilə rüşvət müqabilində viza almaq üçün telefon danışığı aparması, həmin telefon danışığının steonoqramının mediada, "youtube” kanalında yayılması da cəmiyyətin sərt təpkisi ilə qarşılanıb. Qeyd olunan telefon danışığından da görünür ki, üzdə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədən bəlağətli nitq söyləyən cəbhəçilər əllərinə düşən ilk fürsətdə rüşvətə, korrupsiyaya bulaşmağa meyllidirlər. Ümumilikdə hər iki hadisə müxalifətçi adı altında gizlənən şəxslərin, eləcə də onların ətrafındakıların əsl mahiyyətini növbəti dəfə ortaya qoyur.

Alpər TURAN