• cümə axşamı, 28 mart, 23:05
  • Baku Bakı 13°C

Ət və süd idxalı artır

23.09.19 18:41 777
Ət və süd idxalı artır
Gündəlik qida rasionumuzun əsas tərkib hissəsini demək olar ki, ət və süd məhsulları təşkil edir. Təsadüfi deyil ki, milli mətbəximizdə hazırlanan ən dadlı yeməklərin, şirniyyatların hazırlanmasında ət və süddən geniş istifadə olunur. Bu mənada demək olar ki, sözügedən məhsullar ən çox istehlak etdiyimiz məhsullar sırasında yer alır. İstehlak tələbi artdıqca isə idxal həcmi də təbii olaraq artır. Belə ki, yanvar-avqust aylarında ölkəyə 33 min 210 ton ət idxal olunub. AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri 50 milyon 138 min ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin 8 ayında ölkəyə 43 milyon 660 min dollarlıq 30 min 186 ton ət idxal edilib. Həmçinin, yanvar-avqust aylarında ölkəyə 5 min 667 ton süd idxal edilib. Hesabat dövründə idxal edilən südün dəyəri 9 milyon 370 min ABŞ dolları olub. Ötən ilin eyni aylarında 7 milyon 400 min dollarlıq 5 min 260 ton süd idxal edilib. Bəs görəsən yerli istehsal daxili tələbatı ödəməyə qadir deyilmi? İdxalın həcmini minimuma endirmək üçün hansı işlər görülməlidir?
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli bildirir ki, dünyanın qlobal ət bazarında gedən ümumi tendensiyalar bizə də təsir edir. Hal-hazırda bütün ölkələr böyük həcmdə ət idxal edir: "Bunun əsas səbəbləri ümumi naxırda ət məhsullarının göstəricisinin aşağı düşməsi, qlobal iqlim dəyişikliklərinin otlaq-örüş sahələrinə mənfi təsiri ilə bağlıdır. Bütün bu proseslər ümumilikdə heyvandarlıq məhsullarının istehsalının aşağı düşməsinə səbəb olur. Buna görə də əksər ölkələr ət idxalı ilə məşğul olur. Ən çox ət idxal edilən ölkələr Cənubi Amerika ölkələri hesab olunur. Qonşu ölkə Rusiya da hər il böyük həcmdə ət idxal edir. Ən böyük ət idxalçılarından biri də İrandır. Yəni, bu, təkcə Azərbaycan üçün xarakterik olan bir məsələ deyil. Bizdə olan məlumata görə, Azərbaycanda daha çox xırda buynuzlu heyvan əti idxal olunur. Tələbat artsa da, məhsuldarlıq yüksəlmir. Bütün ölkələr daxili bazarı idxal hesabına təmin edirlər. Rəsmi göstəricilərə görə, dünyada qırmızı ətə tələbat daha çoxdur. Azərbaycanda idxalın həcminin artmasının əsas səbəblərdən biri də fermer təsərrüfatlarında innovativ texnoloji yeniliklərdən istifadə olunmamasıdır. Bizdə bir heyvan başına düşən keyfiyyət göstəriciləri dünya ortalanmasından çox aşağıdır. Bu həm ət, həm də süd çıxımına aiddir. Məsələn, bizdə heyvanlar 1500 litr süd verirsə, dünya ölkələrində bu göstərici 9-10 tondur. Cins tərkibinin dəyişdirilməməsi, seleksiya işlərinin vaxtında aparılmaması, eyni zamanda, süni mayalanma texnologiyasının geniş inkişaf etməməsi, ümumilikdə ölkədə olan heyvandarlıq məhsullarının istehsalının aşağı olmasına gətirib çıxarır. Bu da əhalinin təminatında müəyyən fasilələr yaradır”.
Ekspert deyir ki, ölkə üzrə süd istehsalımız qənaətbəxş vəziyyətdədir: "Amma regionlarda emal müəssisələrinin olmaması, yaş südün vaxtında bazar qiymətinə uyğun olaraq əhalidən tədarük edilib işlənməməsi ölkənin ümumi süd tələbatında müəyyən çatışmazlıqlara səbəb olur. Süd bizdə əsasən kiçik təsərrüfatlarda formalaşır, kiçik təsərrüfatların isə emal imkanları yoxdur. Bəzi böyük müəssisələr əhalidən süd tədarük edir, amma bu müəssisələrin də istehsalı sistemli xarakter daşımır. Nəticədə çox vaxt kiçik fermerlərin istehsal etdiyi süd əllərində qalır. Yəni, fermer onu əlavə dəyərə çevirə bilmir. Ona görə də bu sahədə emal zəncirinin qurulması çox mühüm məsələdir. Yaş südün düzgün idarə olunmaması və emala cəlb olunmaması daxili tələbatın təmin edilməsində müəyyən çətinliklər yaradır. Bu gün istənilən fermer təsərrüfatına müraciət etsək, görərik ki, onların əlində kifayət qədər süd var. Əsas məsələ bu südün satılmasıdır”.
İqtisadçı-ekspert Vüqar Bayramov söylədi ki, Azərbaycanda ət məhsullarına olan tələbat tam olaraq yerli istehsal hesabına ödənilmir. İlkin qiymətləndirmələrə əsasən, ət məhsullarına olan tələbin təqribən 25 faizini idxal hesabına ödənilir: "Nəticə etibarı ilə istehlakın və tələbin artdığı bir dövrdə idxala olan tələb artır. 2019-cu ilin son ayları göstərir ki, ət və süd məhsullarına olan tələb xeyli artıb. Yerli istehsalın həcmində isə ciddi dəyişikliklər yoxdur. Nəticə etibarı ilə tələb artdığı üçün idxalın həcmi də artır. Süd məhsullarının istehsalının artımı müşahidə olunur. Amma yenə də daxili tələbatın ödənilməsində müəyyən çətinliklər var. Bu da idxala olan tələbi artırır. Ət və süd məhsulları Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Ona görə də heyvandarlıq sahəsinin dəstəklənməsi çox vacibdir. Azərbaycanda son dövrlərdə, xüsusilə də 2016-cı ildə aqrar sektorda aparılan islahatlar daha çox əkin və biçinçiliyin dəstəklənməsi istiqamətində həyata keçirilir. Rəsmi göstəricilər də sübut edir ki, heyvandarlıq sahəsi ilə məşğul olan fermerlərin fəaliyyətinin dəstəklənməsinə ehtiyac var. Düzdür, müəyyən işlər görülür, amma otlaq sahələrin genişləndirilməsi, yem məhsullarına olan tələblərin ödənilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin daha geniş fəaliyyətinə ehtiyac var. Əgər tələb artırsa, heyvandarlıq sahəsinin təşviq edilməsinə ehtiyac yaranır. Növbəti dövrlərdə ət və süd məhsullarına olan tələbatın ödənilməsində idxaldan asılılıq aradan qaldırılmalıdır”.

Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər