Əsrlərin, nəsillərin müasiri - İlyas Əfəndiyev
Azərbaycan
ədəbiyyatşünaslığı, ədəbi tənqidi və oxucular xalq yazıçısı İlyas Əfəndiyevin
yaradıcılığına daim müraciət edəcəklər. Çünki böyük ədibin yaradıcılığı nəinki
özünün yaşadığı dövrün ictimai, siyasi, sosial, mədəni, mənəvi problemlərini
daim diqqətlə saxlayırdı, həm də xeyli hallarda psixoloji gərilmələr və
kataklizmlərlə müşayiət olunan məsələlərə yeni ideya-axtarış istiqamətlərində fərqli
rakurslardan münasibət sərgiləyirdi. Məhz bu keyfiyyətinə görə, onun
yaradıcılığının müasirlik düşüncəsində daim yer alacağı şübhə doğurmur.
İlyas
Əfəndiyevin əbədi dünyaya köçməsindən iyirmi bir il keçir. Az qala, ölümündən əsrin
dörddə birinə yaxın müddət keçməsinə baxmayaraq, böyük nasir, orijinal
dramaturqun yeri daha çox görünməkdədir.
İ.Əfəndiyev
ədəbiyyata XX əsrin 40-cı illərində hekayə və povestləri ilə gəldi. Lakin o heç
də hekayə və povest janrının verdiyi bədii-estetik imkanlar daxilində qalmadı.
Tezliklə daha müxtəsər, hədəfə dəyən, konfliktlərlə zəngin olan, bədii gedişlərinin
istiqaməti bilinməyən, psixoloji sarsıntılar yaradan dram janrına müraciət
etdi. "İşıqlı yollar” (1954), "Bahar suları” (1948), "Atayevlər ailəsi” (1954),
"Sən həmişə mənimləsən” (1964), "Mənim günahım” (1967), "Məhv olmuş gündəliklər”
(1970), "Mahnı dağlarda qaldı” (1971), "Xurşudbanu Natavan” (1980), "Şeyx Xiyabani”
(1986), "Bizim qəribə taleyimiz” (1988), "Sevgililərin cəhənnəmdə vüsalı”
(1989), "Hökmdar və qızı” (1994) və s. maraqlı əsərlər qələmə aldı ki, onlar
neçə illər Azərbaycan səhnəsinin bəzəyi oldu. Tamaşaçılar İ.Əfəndiyevin əsərlərinin
nə zaman səhnəyə çıxacağını səbirsizliklə gözlədilər. Bəziləri onun dramlarına
ardıcıl olaraq bir neçə dəfə baxmağa gəldilər. Hər halda 70-80-ci illər Azərbaycan
teatrlarının repertuarı məhz İlyas Əfəndiyev yaradıcılığı ilə zənginləşir, özünə
çoxsaylı pərəstişkar toplayırdı.
Bədii
ədəbiyyatda çox nadir təfəkkür sahibləri olur ki, onlar həm dram, həm də nəsr
yaradıcılığında eyni dərəcədə uğur qazana bilsin. İlyas Əfəndiyev məhz belə
uğur qazanmış qələm sahiblərindəndir. Əgər Azərbaycan tamaşaçısı İ.Əfəndiyevin
dramlarına səhnədən, yaxud televiziyadan tamaşa edirdisə, oxucular bu istəyi,
bu şövqü onun nəsr əsərlərini mütaliə etməklə ödəyirdilər. Buna görə də İlyas Əfəndiyev
dramaturgiyası Azərbaycan səhnə sənətinin püxtələşməsində mühüm rol oynayırdı.
Yadımdadır ki, 60-cı illərdə İ.Əfəndiyevin "Söyüdlü arx”, "Körpüsalanlar”,
"Dağlar arxasında üç dost” kimi nəsr əsərlərini oxucular əlbəəl oxuyur, yaxud
bu əsərləri oxuyanlar digərlərinə danışır və əsər ətrafında müzakirələr
aparırdılar.
Yəqin
elə yaradıcılığının belə qeyri-adi cəhətləri həm ədəbi cameənin lap zirvəsində
qərar tutmuş yazıçı və şairlərimizin (B.Bayramov, İ.Şıxlı, Ə.Cəfərzadə,
B.Vahabzadə, Ə.Vəliyev, X.R.Ulutürk və başqaları), həm tənqidçilərin (M.Cəfər, Ə.Sultanlı,
Ə.Ağayev, A.Zamanov, Ə.Hüseynov, B.Nəbiyev, Y.Qarayev, G.Əlibəyli və
başqaları), həm teatrşünasların və teatr
xadimlərinin (İ.Kərimov, İ.Rəhimli, M.Əlizadə və başqaları), həm də son dövrlər
ədəbi tənqidinin nümayəndələrinin (V.Quliyev, N.Şəmsizadə, Ş.Alışanlı,
V.Yusifli) nəzəri düşüncəsini yetərincə məşğul etmişdi. Yaxud onun haqqında
monoqrafik araşdırmalar aparan Y.Seyidov, Y.İsmayılov, Ə.Əfəndiyev və başqaları
öz mülahizələrində İlyas Əfəndiyevin Azərbaycan incəsənətinin, səhnə mədəniyyətinin
formalaşmasında və xalqımızın mənəvi məfkurəsinin, estetik baxışlarının
cilalanmasında yerini ön plana çəkmişdilər. İlyas Əfəndiyevin əsərləri haqqında
nə qədər yazılırsa, yenə də bizim bu sahədəki tələblərimiz ödənilməmiş qalır.
Sanki İ.Əfəndiyev yaradıcılığı hər dəfə yeni izah, yeni yanaşma, yeni
interpretasiya tələb edir.
İlyas
Əfəndiyev yaradıcılığının unikallığı, onun bədii nailiyyətlərinin təkrarsızlığı
teatr səhnəsinin yeni zirvəyə çatmasında özünəməxsus əhəmiyyət kəsb etdi. Buna
görə də onun öz fərdi üslubunu yaratmış sənətkar olduğunu Azərbaycan Prezidenti
İlham Əliyev xüsusilə vurğulamışdır.
İ.Əfəndiyevin
yaradıcılığının ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, yaşayıb yaratdığı
mühitdə statik müşahidələr aparmaqla məşğul deyildi. Onu ictimai-siyasi mühitin
təzadları daha çox maraqlandırırdı. Belə olduğu təqdirdə, müəllif müraciət
etdiyi mövzunun elə tərəflərinə nüfuz etməyi bacarırdı ki, onlar ictimaiyyət
arasında böyük rezonansa səbəb olmaqla, onun virtuoz dramaturq və nasir olduğu
göz önündə dayanırdı. Ədəbi şəxsiyyətinə nəzər saldığımız yazıçı–dramaturqun
yaradıcılığının üstünlüyü bir də ondadır ki, o, tarixi-ictimai, sosial-siyasi,
ailə-məişət, fəlsəfi-psixoloji və mədəni-mənəvi problemləri diqqət mərkəzinə
qoyarkən bu məsələləri çeynənmiş, ona qədər qabardılmış bədii üsullar, vasitələr
və priyomlarla həll etmir, onlara həyat materialının özünün verdiyi imkanlar
prizmasından yanaşmaqla, öz fərdi yazıçı idealını və problemə münasibətini sərgiləyirdi.
Yazıçının
istər nəsr, istərsə də dram əsərlərində biz çoxsaylı koloritli obrazlar
qalereyası ilə tanış oluruq. Ədibin diqqət mərkəzinə qoyduğu problemlərin
mahiyyətini dərindən bilmədən bu obrazların həmin əsərlərdə daşıdığı nə bədii-estetik
yükü, nə də yönü müəyyənləşdirmək səmərəli olardı. İ.Əfəndiyevin koloritli
obrazları istər müsbət, istərsə də mənfi tiplər olsun, əsla fərq etməz. Onun
üçün obrazın bədii dramatik keyfiyyəti vacib məsələ idi. Belə yanaşma müəllif
üçün istər tarixi mövzularda qələmə alınmış dram ("Xurşudbunu Natavan”, "Şeyx
Xiyabani”, "Hökmdar və qızı”), istərsə də lirik-psixoloji səpkidə ortaya
qoyulmuş ("Atayevlər ailəsi”, "Sən həmişə mənimləsən”, "Məhv olmuş gündəliklər”)
əsərlərində yetərincə relyeflidir. Çünki bu əsərlərin hamısında İlyas Əfəndiyev
yaddaşlara həkk olunan kolliziyalar yaratma ustası kimi gözlərimiz önündə
canlanmaqdadır.
Yadımdadır
ki, İ.Əfəndiyevin dövrün sosial–psixoloji ovqatını yaradan "Atayevlər ailəsi” həmin
dövrdə (həm də sonralar) öz aktuallığı, dil-üslub xüsusiyyətləri ilə
dramaturgiyamızın inkişafında yeni mərhələnin mənzərəsini yaradırdı. Burada
tamaşaçı diqqətini ailə-məişət zəminində yaranmış dramatizm daha çox cəlb
edirdi və müəllifin həmin dövrdə hadisə və obrazlara yanaşması, insan
psixologiyasının dərinliklərinə nüfuz etməsi əsərin tamamilə fərqli rakursda
ortaya çıxması ilə maraq kəsb edirdi. Dramlarında C.Cabbarlı ənənələrindən
yararlanma da İlyas müəllimin klassikadan ustalıqla bəhrələnməsinin göstəricisi
kimi diqqət çəkəndir. Dram janrına, onun zəruri elementlərinə məsuliyyət və
istedadla yanaşma İ.Əfəndiyevi XX əsrin 60-80-ci illərində dramaturgiyamızın
öncüllərinə çevirdi. Və belə öncül mövqedə qərar tutma, səhnə mədəniyyətinə
verdiyi xidmətlər ədibin yaradıcılığını daha da populyarlaşdırdı. Məlum olduğu
kimi, dünya mədəniyyətində az sənətkarlar var ki, onların soyadı birbaşa
"teatr” məfhumu ilə assosiasiya olunur. Məsələn, Brext teatrı, Şekspir teatrı,
Kornel teatrı, Molyer teatrı, Ostrovski teatrı, Çexov teatrı, Qorki teatrı və
s.
Azərbaycanda
M.F.Axundzadə, C.Cabbarlı və təbii ki, bir də İ.Əfəndiyev teatrından söhbət
açmaq olar. İlyas Əfəndiyevin dram əsərləri uzun illər ərzində Azərbaycan səhnəsində
öz çoxsaylı tamaşaçı auditoriyasını, pərəstişkarlarını toplamışdı. İ.Əfəndiyevin
dram əsərləri neçə-neçə teatr rejissorlarının, aktyor və aktrisaların sənətdə
püxtələşməsində əvəzsiz rol oynamış, yeni xarakterlərin, obrazların, tiplərin
yaradılmasında əhəmiyyətli mövqe qazanmışdır. Əlbəttə, bu baxımdan "İlyas Əfəndiyev
dramaturgiyasının Azərbaycan səhnə mədəniyyətinin inkişafında və
formalaşmasında rolu” mövzusunda çoxsaylı tədqiqatların və monoqrafik
araşdırmaların aparılmasına ədəbiyyatşünaslığımızda və mədəniyyətşünaslığımızda
ciddi ehtiyac duyulmaqdadır.
Səhnə,
teatr üçün yazdığı əsərlərində olduğu kimi, İlyas Əfəndiyevin nəsr əsərlərindən
də el-oba qoxusu, milli heysiyyət, etnik təfəkkür və təəssübkeşlik təravəti
hiss olunmaqdadır. Buna görə də əsərlərinin milliliyi ilk növbədə onun "mən”lik
şüurunun göstəricidir. O, bütün yazdıqlarında məhz bu danılmaz hisslərin
daşıyıcısı kimi çıxış edir. Bəzi nəsr əsərlərinin janr diferensiasiyası indiyə
qədər dürüst müəyyənləşdirilməsə də ("Geriyə baxma, qoca”, "Üçatılan” – onlar bəzən
povest kimi də nəzərdən keçirilir), onların hamısı bütün hallarda kamil sənət
nümunələri kimi təqdim olunmaqdadır. 50 ildən artıq bədii-dramaturji
yaradıcılıqla məşğul olmuş İ.Əfəndiyevin hekayələri, xatirələri, povestləri,
romanları, "Kənddən məktublar”, "Aydınlıq gecələr”, "Torpağın sahibi”, "Qaçaq
Süleymanın ölümü”, "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”, "Söyüdlü
arx”, "Körpüsalanlar”, " Dağlar arxasında üç dost”, "Sarıköynəklə Valehin
nağılı”, "Geriyə baxma, qoca”, "Üçatılan” və s. kimi əsərləri öz orijinal və
mühüm keyfiyyətləri ilə nəsrimizin məzmun, mövzu, ideya, problematika,
xarakter, tip və obrazlar baxımından yetkinləşməsində əvəzsiz rol oynamışdır.
Bununla belə, bütün hallarda İlyas Əfəndiyev nəsri İlyas Əfəndiyev
dramaturgiyası ilə ciddi qarşılıqlı və ayrılmaz vəhdətdədir. Ədibin nəsr və
dram yaradıcılığında yer almış əsərlərinin adına nəzər salmaq kifayət edər ki,
bu nümunələrdə nəyin dominant olacağı barədə düşünəsən, onların məzmunu ilə
bağlı özünəməxsus fikirlər yürüdəsən. Məsələn, "Sarıköynəklə Valehin nağılı”
milli zəmindən o qədər qidalanmışdı və su içmişdi ki, (yeri gəlmişkən bu cəhət
İ.Əfəndiyevin digər əsərlərinin də kifayət qədər üstün keyfiyyəti idi), roman
oxucular, ədəbi tənqid tərəfindən hərarətlə qarşılansa da, sovet
ideologiyasının başlıca ünsürlərini özündə əks etdirmədiyindən partiya funksionerlərinin
rəğbətini qazanmamışdı. Lakin o vaxtkı Azərbaycan KP MK-nın birinci katibi Heydər
Əliyev məsələyə müdaxilə etdikdən sonra əsərlə bağlı mənfi emosiyalara və
söz-söhbətlərə son qoyulmuşdu. Yada salaq ki, belə kuryoz, belə oyun heç də
yalnız "Sarıköynəklə Valehin nağılı”nın başına gəlməmişdi. Məsələn, onun "Unuda
bilmirəm” əsərində də "millətçilk” damğası "görürdülər”. Bütün bunlara
baxmayaraq, zamanla ictimai-siyasi, mədəni-mənəvi proseslər yeni məcraya yönəldikdə,
İlyas Əfəndiyevin yanılmadığını, onun doğru-dürüst xalq təəssübkeşliyi
platformasında dayandığını sübut etdi. Çünki İ.Əfəndiyev yaradıcılığı bütün
hallarda konyukturadan uzaq olub, dövrün həqiqətlərini (əyintilərini) əks etdirən
bədii nümunələr kimi dəyərli idi. Çünki İlyas Əfəndiyev təkcə yaşadığı dövrlə nəfəs
almır, yalnız onu dəyərləndirmirdi.
O,
müasirliyi həssas yazıçılıq intuisiyası ilə duyub, gələcəyi düşüncəsində
qurmağı bacaran, romantik münasibətlə realist həyat gerçəkliklərinin simbiozunu
uğurla yarada bilən sənətkarlardan idi. Buna görə də İlyas Əfəndiyev öz dövrü
ilə gələcəyi vahid kontekstdə görüb,
onlara öz fəhmi ilə baxış nümayiş etdirən yazıçılardan idi. Qeyd etdiklərimiz
bir daha təsdiqləyir ki, İlyas Əfəndiyev yaradıcılığı çağdaş dövrümüzdə də öz
aktuallığını qoruyub saxlamaqdadır. Onun əsərlərinə qayıdış daimi və qırılmaz
prosesdir.
Professor Nizami Tağısoy