• şənbə, 20 Aprel, 16:46
  • Baku Bakı 23°C

Əsrlərə, əsərlərə meydan oxuyan sevgili

06.05.19 13:15 1548
Əsrlərə, əsərlərə meydan oxuyan sevgili
Dünya ədəbiyyatının ədibləri, "Anna Karenina”-nın oxucuları danışır. Çılğın sevgilinin, Tolstoyun ölümsüz Annasının oxucunu duyğu selinə qurban edən hekayəsi haqqında bu dəfə yazarlar öz düşüncələrini bölüşürlər.
Fransin Proz – Bu roman haqqında nə qədər uzun-uzadı danışa bilərəm. Ən sevimli romanımdır. Məndə bir romanın tutduğundan daha dərin yeri var. Dəfələrlə oxuyub, dəfələrlə özümə sual eləmişəm, tərəzinin bir gözündə oturub cəsarətimi, mənəvi dərinliyimi, intellektimi, gücsüzlüyümü, qətiyyətimi ölçmüşəm. Annanın fövqəltəbiiliyindəki təbiilik məni hər dəfə təəccübləndirə bilib. Tarixin, dövrün, cəmiyyətin, sürətlə qanunları dəyişən mədəniyyətin təsirlərindən təsirsiz yan keçmək, riyakarlığın fövqəltəbii formada yaşandığı bir mühitə təbiiliyi ilə meydan oxumaq Annaya bir roman qəhrəmanı, təxəyyül məhsulu olmaqdan çıxıb, əbədiyaşar qalmaq fürsəti verib. Hardasa hər 3-5 ildən bir Annaya yenidən oxumaq üçün qayıdıram. Və hər dəfə artıq yaşım da öz hökmünü verdiyindən bu romanda əvvəllər diqqətimi heç çəkməmiş nüanslar, hətta qəhrəmanlar tapıram. Hər dəfə yenidən oxumağımın səbəbi isə sadəcə zövq almaq məqsədi güdmür. Tolstoyun mənə niyəsə həmişə ovsunlu görünən tərəflərini sanki bu romanı oxuduqca özüm üçün aydınlaşdırıram, onun yaradıcılığını kəşf edirəm, hər dəfə yaradıcı keçidləri aralayıram və mütaliə bitəndə özümlə qürur duyuram. Bir yazar kimi Tolstoyu fəth etmək bənzərsiz duyğudur. "Anna Karenina” isə insanı daha da təhrik edir – dərinə en, daha diqqətlə oxu, daha həssas davran, dünyaya daha yaxından bax. Bir yazar keyfiyyətlərindən arınmış Tolstoyu bu romanda sanki daha aydın görürəm. Burada baş verən bütün köməkçi hadisələr, hekayənin əsas və köməkçi qəhrəmanları, qəhrəmanların gözü ilə aparılan müşahidələr, içilən şərablar, buz rəqsləri, ziyafətlər, at yarışları, Tanrı ilə söhbətlər sanki bir simfonik orkestrdir. Tolstoyun əsilzadə ruhunu bu romanın hər səhifəsində hiss edirik. Onun qələmə aldığı sinfin musiqi, yemək, içki, geyim zövqü, davranış və yaşayış tərzi haqqında müfəssəl təsvirlər canlandırması insana tamamilə başqa, dövrün əsərlərindən nadir hallarda aldığımız mütaliə həyəcanı aşılayır. Romanın əsas gücü isə vurucu, xırda, lakin həlledici məqamların sadəcə baş qəhrəmanla bağlı olmamasındadır.
Müəllif qələmə aldığı hər bir qəhrəmanın haqqını verir.
Mən ən çox Anna ilə Vronskinin qarşılaşması səhnəsini sevirəm. Eşq elə belə başlamırmı? Həyatının təməli olan şeyləri sorğulamağa başlayır insan. Anna ilk dəfə həyat yoldaşı Alekseyin qulaqlarının çox eybəcər olduğunu sezir. Annanı əsrin qəhrəmanına çevirən burjuaziyadan qüvvətlənib patriarxal rejimə meydan oxutduran eşq deyil, bütövlükdə içindən çıxa bilmədiyi duyğu burulğanıdır.
Uilyam Dalrimpl – "Anna Karenina”-nı oxuyanda 20 yaşım vardı. Şotlandiyada, hər şeyin mərkəzindən çox uzaq bir əyalətdə böyüyən bir gənc baxışı ilə Aleksey Andreyoviçi dərhal "mənimsədim”. Çünki ziyafətlərdən çox kitablarla kontaktda olan və əks cinslə münasibəti həmişə uğursuzluqla sonlanan mənim üçün Vronski gözümün düşməni olan həmcinslərimin obrazı idi. Yaxşı ki, məhəlli dünya görüşü ilə oxuduğum bu qəhrəman sevgiliyə, güclü və nakam Annaya Şotlandiyadan çıxandan uzun illər sonra bir daha qayıtdım. Müəllifin yaratdığı Rusiya həyatı mənə o qədər də uzaq deyildi, ikincisi də o dünya ədəbiyyatında sözünü demiş, müzakirə olunmayacaq istedad sahibi yazardır. Odur ki, onun qəhrəmanlarını yenidən kəşf etdim. Tolstoy hər zaman gözləntilərimizi doğrultmayan qəhrəmanlar yaradaraq, ustalığını, fərqli düşüncəsini burada da sərgiləyib. Annanın timsalında qadın çılğınlığının, emosionallığının sərhədsizliyini təcəssüm etdirən yazar ona həm də qadın-kişi fərqi qoymadan insanı əzəcək əzablar yükləyib. Bəli, Annanın eşqinə də, həyatına da sahib çıxacaq qədər güclü iradəsi, öyrəşdiyi həyatdan, onu qoruyan soyadından imtina edəcək, bütün dünya ilə mübarizə aparacaq cəsarəti var. Amma həyatı öz arzularımıza görə yaşamaq üçün bunlar kifayətdirmi? Tolstoy müdrikcəsinə göstərir ki, xeyr. Həyat insandan daha çox şey tələb edir. Bəzən insanlar heysiyyətini və inandığı, müqəddəs bildiyi doğruları, insanları itirməkdən, onların puç olduğunu görməkdənsə, nəinki arzuladığı həyatdan, hətta yaşamaqdan da imtina edə bilir.
Annanı əsrlərə meydan oxuyan sevgili obrazı ilə könlümüzə həkk etdirən nüans onun həzin sonu deyil. Minlərlə qəhrəmanı unutdurub, Annanı həmişəyaşar edən Tolstoyun yanlışları və duyğuları ilə başa çıxa bilməyən bir obraza, baş qəhrəman belə olsa, hər insanın yaşaya biləcəyi sıradan bir tale hökmü yazmasıdır. Burada Vronski ilə Anna üçün xoşbəxt və ya Alekseylə Anna üçün bədbəxt bir sonluq yazıla bilərdi. Hansı ki bu, dövrün yazarlarını birləşdirən əsas üslubdur. Elə bugünün yazarları üçün də bu ifadə keçərlidir. Annanın ölümü duyğuların ilahiləşməsi, onların nə qədər ağır və dərin olduğunun sübutudur. Bu ölümü Tolstoy bir faciə kimi yazıbsa, bəli, bu uğurlu bir sondur. Əgər oxucu Annanın ölümünü Vronskiyə, Alekseyə və Annanı əxlaqsızlıqla ittiham edib, onu mühitdən tamamilə izolə edən kübar cəmiyyətinə bir üsyan, bir meydan oxuma kimi dəyərləndirirsə, bəli, məncə, bu Tolstoyun əvəzolunmazlığıdır, təkrarsızlığının, ədəbi qüdrətinin danılmazlığıdır.
Cilli Kuper – Çox az kişi müəllif qadınlar haqqında çox az hallarda qüsursuz danışa bilir. Tolstoy "Anna Karenina”-da sadəcə bir qadın haqqında danışmır, onu duyur, anlayır, əzizləyir, bütün dərinlikləri ilə dilləndirir. Bu mənim nəzərimdə heç də dramatik bir eşq hekayəsi deyil. Bu elə ən gözəl qadın haqqında yazılmış ən gözəl mübarizə hekayəsidir. Bəli, hisslərinin sahibi olmayan Vronski ilə yaşadıqları onun mənəvi qüsursuzluğunu tamamilə korlayır, lakin bu Anna üçün yolun yarısında dayanmaq səbəbi deyil. Burada sadəcə bir qadının yaraşıqlı bir kişiyə vurulmasının, qeyri-əxlaqi, qeyri-qanuni bir münasibətin "layiqli” sonunun əhvalatı danışılmır. Anna əsla yaşamadığı, hiss etmədiyi duyğuların ardınca düşür. Ona uzun müddət mənasızca nəfəs aldığını hiss etdirən bu möcüzəvi arzuların çiçəklənmək haqqı var idi. Amma cəmiyyət qadının arzularına bu ixtiyarı vermir. Annanın qardaşının xəyanəti həyat yoldaşı tərəfindən dərhal bağışlanır. Vronski bütün bu olanlardan sonra ictimai çevrədə "Ohh, həyatda belə şeylər olur, irəli baxmaq lazımdır” sözləri ilə qarşılanır. Annanın dünyanı lərzəyə sala biləcək qüdrətdəki duyğuları isə teatr salonunda buz baxışlar, ona arxası dönən insanlardan bir divarla üz-üzə gəlir. Bu ictimai münasibət əslində bütün cəmiyyətlərdə qadını ölümə, günaha, əzilməyə, əyilməyə sürükləyən cani davranışıdır. Tolstoy kişi olmasına baxmayaraq, çox yaxşı tanıdığı yüksək zümrəyə mənsub qadınlara da bələddir. Nəinki Annanın, elə əsərdə bir çox qadın obrazın müfəssəl təsvirindən də görünür ki, qadının çiynindəki ağırlıq, yük zamana, məkana, sosial vəziyyətə məhəl qoymayaraq, onu əzməyə can atır.
Mohsin Hamid – Amerikada kolleci bitirdikdən sonra birillik məzuniyyət götürüb, Pakistana qayıtdım. Bütün zamanımı ədəbiyyata həsr etməyi hədəfləmişdim. Aralarında "Anna Karenina”-nın da olduğu bir çamodan dolu kitab da aparırdım. Klassiklərin ən üst sinfinə aid olanları seçib, götürmüşdüm. Yazmağı, üslubu mənimsəməyə çalışanlar üçün bu ali məktəb dərsliyidir. Romantik, mükəmməl və həyəcanverici bir hekayə axtaranlar üçün isə sevimli kitabı. İlk baxışdan konservativ rejimə baş qaldıran klassik bir hekayə təsiri bağışlayan roman əslində dövrün ədəbi cərəyanlarına nəzərən avanqard üslubu izləyir. Tostoyun aralarında dərin uçurum olan iki sinfə aid mənzərələri özünəməxsus sahman və səmimiyyətlə təsvir etməsi biz yazarlara bir yol göstərir. Hər sinfin, hər dövrün, hər dinin nümayəndəsi olmaq həmişəyaşar hekayələr yarada bilmək deməkdir. Müasir Qərb ədəbi tənqidçiləri iddia edir ki, romantik intim səhnələri qadın yazarlar daha uğurlu canlandırır. Amma mən tam əminliklə deyərdim ki, hansısa bir rus xanım yazar əsla bu Annanı yarada bilməzdi. Tolstoy qəhrəmanın dünyasını o qədər konkret, əsla bir-birilə dolaşıq düşməmiş ifadə və duyğularla açır ki, əgər Anna qadın olmasa, "əsas obraz elə müəllifin özüdür” – iddiası mütləq səslənərdi.
Culi Mayerson – kitabxanası olan oxucunun "Anna Karenina”sı yoxdursa, o mütaliə kolleksiyası ilə öyünə bilməz. Tolstoyun bütün romanlarında mən niyəsə bu hissə qapılıram – sanki əsər oxumur, bir panoramik tablonu seyr edirəm. "Anna Karenina” dünya musiqisindəki vals kimidir və ya tanqo. Təkrarsız və həmişə yeri görünən. İntellektual zümrə üçün bəzi əsərlərin oxunmamış olması həqiqətən böyük utancdır, məsələn, bu roman kimi. Tolstoy güclü bir qəhrəmanın, duyğu və kədər "istehsalçısı” Annanın mənəvi dünyasının fonunda kompleks və tragik taleləri təsvir edir. Bədbəxt ailələrin bədbəxtlik səbəblərini, əzabın milyon nüvəsi olduğunu, hər insanın öz ürəyinin tutumu qədər kədərlə yükləndiyini bədii bir dillə aydınlaşdırır. Hətta çox az-az gözə dəyən obrazın belə həyatında insana öz həyatını haqq-hesab nüanslarla qarşılaşırıq. Bu hekayənin yox, Tolstoyun uğurudur. Bəlkə də, azsaylı romanlardandır ki, mən onu oxuya-oxuya sevdiyim yerləri işarələməmişəm. Hekayənin oxucunu burulğan kimi içinə çəkən axınına nəyinsə mane olmasını istəmədim yəqin ki. Xüsusi bir məsələyə də diqqət çəkmək istərdim. Böyük romanları ekranlaşdırmaq olduqca təhlükəli bir işdir. Buna razılıq vermək məşhurlaşmaq dərdi olmayan müəlliflər üçün də çətindir. Çox az hallarda ekran əsəri romanın oxucuda yaratdığı duyğuları korlamır. "Anna Karenina”nın ekran versiyası Tolstoyun bu ölümsüz əsərinin öhdəsindən layiqincə gəlib.
Alisya Vikander
Mənbə: "Guardian”
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI

banner

Oxşar Xəbərlər