• cümə axşamı, 28 mart, 13:29
  • Baku Bakı 16°C

“Əsrlərdən miras qalmış incəsənətimiz” - Reportaj

03.07.15 12:35 1957
“Əsrlərdən miras qalmış incəsənətimiz” - Reportaj
Gənclər mirasımıza sahib çıxmaq üçün Müasir İncəsənət Mərkəzinə toplandı
İçərişəhər metrosu yaxınlığında Müasir İncəsənət Mərkəzində “Əsrlərdən miras qalmış incəsənətimiz!” adlı sərgi keçirildi. Gənclər Fondunun dəstəyi ilə gerçəkləşən sərgi ilk gündən böyük marağa səbəb oldu. Biz də sərgi ilə tanış olmaq və gənclərin fikirlərini öyrənmək üçün sözügedən ünvana yollandıq.
Mirasımıza sahib çıxaq!
Sərgiyə daxil olduqda və əl işlərini gördükdə insanın gözləri qamaşır. Üstəlik, belə möhtəşəm əsərlərin hər hansı vasitə ilə deyil, əl işi kimi hazırlanmasını bildikdə, insan təəccüblənməyə bilmir. Kimi taxta üzərində işləmələrini, kimisi toxuduğu xalçaları, kimisi saxsı qablarını, kimisi də öz zövqü və əlləri ilə hazırladığı bijuteriyaları nümayiş etdirirdi. Sərgilənən bütün işlərdə əl əməyi, insan zəhməti açıq-aydın hiss olunurdu.
Layihənin rəhbəri Şəfiqə Əhmədova deyir ki, tədbirin keçirilməsində məqsəd bizə ata-babalarımızdan miras qalan bu incəsənət növünü gənclər arasında təbliğ etməkdir: “Sərgi istedadlı gənclərin inkişafına dəstək olmaq, dekorativ-tətbiqi sənətə gənclərin və ictimaiyyətin marağını artırmaq və bu sənət üsulu vasitəsilə milli dəyərlərimizi gənclər arasında təbliğ etmək məqsədilə həyata keçirilir. Bəzi sənət növləri var ki, onlar o qədər də maraqlı deyil və inkişaf etdirilmir. Ata-babalarımızın mirasına biz sahib çıxmalıyıq və incəsənətimizi inkişaf etdirməliyik”.
Sərgidə Azərbaycanın qədim incəsənət nümunələri və həmçinin müasir incəsənət növləri ilə də tanış ola bilərsiniz. Filioqrafiya, xalçaçılıq, şəbəkə, taxta oyma, daş üzərində oyma, dekorativ əl işləri və s. nümunələr gəncləri özünə cəlb edir.
Sənətə sahib çıxmasaq…
Xüsusilə xanımların çoxluq təşkil etdiyi sərgidə gənclər bu sənətin sirləri ilə maraqlanırdı. Hətta bəziləri özündə bu bacarığın olduğunu kəşf edib özünü inkişaf etdirmək qərarına gəldi. Belə gənclərdən biri Gülnardır. Gülnar deyir ki, nənə-babaları professional şəkildə toxuculuqla məşğul olublar. Amma bu sənəti bacarsa da, Gülnar istedadının arxasınca getməyib: “Həqiqətən belə sərgilərin həyata keçirilməsi çox yaxşıdır. Bu sənət əsərləri tarixdir. Nəsillərdən-nəsillərə ötürülür. Biz bu mirasa sahib çıxmasaq, istedadlar məhv olub gedər. Bu səbəbdən bizə miras qoyulan incəsənətimizi qorumalıyıq”.
“İçimdəki vulkan alovlandı”
Sərgidə gənclərin diqqətini çəkən stendlərdən biri Aytən Abbasovaya məxsus idi. Çünki Aytən xanımın gördüyü işin Azərbaycanda təkrarı yoxdur. Yeganə sənətkardır ki, şəkil çəkir, mismarlarla üzərində işləyir və müxtəlif variantlarda toxumağa başlayır. Aytən deyir ki, yaxın gələcəkdə dərnək açıb, bu sənətə davamçılar yığmaq istəyir: “Allah hər bir insana yaradıcı ruh verib. Sadəcə, qığılcım lazımdır ki, o yaradıcı qabiliyyətin üzə çıxsın. Məndə də belə oldu. Uşaq vaxtımdan rəsmə böyük marağım var idi. Sonra məktəbimizin divar kağızını mənə həvalə etdilər. İşlənmiş əşyalardan yeni əşyalar düzəltməyi çox sevirdim. Amma ailə qurduqdan sonra bu həvəsim içimdə qalmışdı. Uşaqlar böyüdü və o vulkan yenidən alovlandı. Bu işi Azərbaycanda ilk mən başladığım üçün yaxın gələcəkdə dərnək açıb sənətə davamçılar yığmaq istəyirəm”.
“Əl işlərinin qiyməti yoxdur”
Bijuteriyalara maraq göstərən Xəyalə deyir ki, sərgi onun gözlərini qamaşdırıb: “Burada sərgilənən işlərdə həqiqətən böyük zəhmət və əl əməyi var. Sərgi gözlərimi qamaşdırır. Bu insanlar əsl sənətkardırlar. Əl işlərinin həqiqətən qiyməti yoxdur. Hər bir əl işinə əl əməyi, göz nuru sərf olunur. Keyfiyyəti isə göz önündədir”.
Festivaldakı işlərə baxdıqda görürük ki, onlar zərif əlləri ilə möcüzələr yaradır. Bu gün məişətdə işlətdiyimiz əşyalardan, sınıq şüşələrdən, ağacdan, taxtadan, müxtəlif parçalardan, balıqqulağından, bağ-bağçada istifadə olunan toxumlardan, mamırdan belə, sözün əsl mənasında, sənət əsərləri yaradıblar. Lakin iştirakçılar əl əməyinə, dekorativ incəsənətə lazımi qədər qiymət verilməməsindən şikayətlənirlər: “İnsanlar müxtəlif peşə sahiblərinin hazırladığı əl işlərinə biganə yanaşırlar. Buna görə də onların satışı çox aşağı səviyyədə olur. Bizim işlərimizlə tanış olanların bəziləri düşünür ki, bu baha qiymətə satılan hansısa Çin malıdır. Bəziləri də düşünür ki, əgər bu işlər əllə hazırlanıbsa, deməli, keyfiyyətsizdir. Üçüncülər isə fikirləşir ki, bizim işlərimiz çox bahadır. Onlar bilməlidir ki, əl əməyi sərf olunan işlərin qiyməti yoxdur. Bunun səbəbi isə dekorativ-tətbiqi incəsənətlə məşğul olan insanlar barədə informasiyanın olmamasıdır”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər