• çərşənbə axşamı, 16 aprel, 23:57
  • Baku Bakı 18°C

“Əsrin müqaviləsi” Azərbaycanın simasını sürətlə dəyişdi

05.06.14 10:10 1654
“Əsrin müqaviləsi” Azərbaycanın simasını sürətlə dəyişdi
“Azərbaycanın neft-qaz sektoru imkanlarını və fəaliyyətini ildən-ilə genişləndirir. Çünki bizim qarşımızda duran vəzifələr icra edilir, yeni vəzifələr ortaya çıxır və biz çalışacağıq ki, bütün vəzifələri eyni qətiyyətlə və səmərə ilə icra edək”. Bu fikirləri prezident İlham Əliyev XXI Xəzər neft-qaz sərgisindəki çıxışı zamanı səsləndirib. İ.Əliyev ölkə iqtisadiyyatını əhatə edən məsələlər haqda da danışıb. Bildirib ki, son 20 il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafına və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə diqqət mərkəzindədir. Prezidentin sözlərinə görə, əgər 20 il əvvəl “Əsrin müqaviləsi” imzalanmasaydı Azərbaycan indiki vəziyyətdə olmayacaqdı: “İndi Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə bilməzdi. Bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı olaraq qalacaqdı. Mən bu gün o vaxt bizə inanan, bizimlə işləmək arzularını ifadə edən bütün şirkətlərə, investorlara minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizə inandılar, Azərbaycanın sabit, uğurlu gələcəyinə inandılar, bizim yanımızda oldular və bizimlə bərabər bugünkü reallıqları təmin etdilər”.
Doğrudan da 20 il öncə imzalanan “Əsrin mqaviləsi” Azərbaycanın simasını sürətlə dəyişdi. Azərbaycan öz neft və sonra qaz potensialını dünya bazarına təqdim etməyə başladı. Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri tikildi. Bakı-Supsa neft kəməri ilk dəfə olaraq Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri tikildi. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün d’ uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Artıq 7 ildir ki, Azərbaycan öz qazını dünya bazarlarına, daha doğrusu, regional bazarlara çıxarır. Ölkənin 7 neft-qaz kəməri var ki, bu da enerji resurslarımızı bütün istiqamətlər üzrə nəql edir. Bir müddət əvvəl isə TANAP və TAP layihələri üzrə danışıqlar başa çatdı və müvafiq imzalanma proseslərindən sonra layihənin icrasına başlandı. Bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafında nə qədər rol oynayırsa, regional və beynəlxalq əhəmiyyətinin artmasında o qədər vacibdir. Təsadüfi deyil ki, bu gün Azərbaycan tranzit ölkə kimi çox böyük rola malikdir. Ölkə ərazisindən nəql edilən neft və neft məhsullarının həcmi ildən-ilə artmaqdadır.
Hazırda Azərbaycan maliyyə vəziyyətinin sabitliyi ilə də dünya ölkələri arasında diqqət çəkir. Ölkənin xarici borcu Ümumi Daxili Məhsulun 8 faizini təşkil edir. İşsizlik 5 faiz səviyyəsindədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizini təşkil edir. Ölkəmizin rəqabət qabiliyyətliliyi artır. Davos Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyi üzrə dünyada 39-cu yerdədir. Əgər neft amili, zəngin yataqlar, resurslar olmasa idi və onlardan səmərəli şəkildə istifadə edilməsəydi, buna nail olmaq mümkün olmazdı.
Dünyanın müxtəlif ölkələri ilə yeni ticarət əlaqələrinin yaranması, dünyanın ən müasir neft və qaz zavodlarının yaradılması, dünya səviyyəli təlim-tədris və istehsalat sahələrinin və peşəkar milli kadrların hazırlanması, kənd yerlərində insan kapitalının və infrastrukturun yaradılması, bir sözlə, neftdən gələn vəsaitin ölkənin digər sahələrinə səmərəli yatırımı bu illər ərzində qarşıda duran ən ümdə vəzifələr olub. Proseslər göstərir ki, Azərbaycan bu vəzifələrin öhdəsindən gəlib. Bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Azərbaycanın turizm sənayesi artıq dünyanın diqqətindədir. Xarici şirkətlərin ölkəmizin turizm sahəsinə marağı artmaqdadır. Ölkəyə gələn turistlərin sayı və gəlmə səbəbləri də ildən-ilə dəyişən göstəricilər sırasındadır. Bunlar hamısı neftdən gələn gəlirin qeyri-neft sektorunun perspektivli sahələrinə yönəldilməsi ilə bağlı baş verən inkişafın göstəriciləridir.
Reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları da bu inkişafa təkan verən başlıca tədbirlərdəndir. Qeyd edək ki, bir neçə ay öncə ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair” dövlət proqramı təsdiqlənib. Bundan öncə isə 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki dövlət proqramı reallaşdırılıb ki, nəticədə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı daha da sürətlənib. Bu proqramlar qeyri-neft sektorunun vacib sahələrinin inkişafında ciddi rol oynayıb.
Ölkə rəhbərliyi isə qarşıya yeni vəzifələr qoyub: “İstehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı azaltmalıyıq”. Eyni zamanda, ölkənin ixrac imkanlarının artırılması da qarşıdakı hədəflərdəndir. Kənd təsərrüfatında aparılan islahatlar - məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər deməyə əsas verir ki, ölkədə daha da böyük ixrac potensialı yaranacaq və artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcək. İxrac imkanlarımızın artırılması ilə bağlı bir çox tədbirlər reallaşdırılır. Bu bir tələbdir ki, ixraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Azərbaycan artıq bu istiqamətdə yola çıxıb və daxili istehsalın stimullaşdırılması, məhsulların keyfiyyətinin artırılması yönündə istər qanunvericiliyin təkmilləşdirilməsi, istər yeni standartların tətbiqi ilə işlər görülür. İndi yeni öhdəlik yeni ixrac bazarlarının tapılması və onlara daxil olmaqdır. Belə olan halda sahibkarlığın və kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi uğurlar qazanacağıq.
Bəzən neftdən sonrakı dövrdə ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlı narahatçılıqlar da ifadə olunur. Bir çoxları hesab edirlər ki, o dövr gələndə ölkə üçün ciddi maliyyə problemləri olacaq. Lakin bu narahatçılıqları iki mühüm məqamla aradan qaldırmaq olar: əvvəla, Azərbaycanın qeyri-neft sektorunda olduqca potensiallı sahələr var və onların inkişafı ilə bağlı addımlar atılır. İkincisi, Azərbaycanın həcmi milyard kubmetrlərlə ölçülən mövcud qaz yataqları var və yeniləri də kəşf edilməkdədir. Qazımıza olan ehtiyac və diqqət də az deyil.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər