• cümə, 29 Mart, 16:48
  • Baku Bakı 14°C

Əsrin layihəsinin möhtəşəm finalı

13.06.18 19:23 627
Əsrin layihəsinin möhtəşəm finalı
"Birgə uzaqgörənliyimizin ən son meyvəsi”- Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan TANAP qaz kəmərini məhz belə qiymətləndirib. Srağagün dünya əhəmiyyətli kəmərin istifadəyə verilməsi mərasimi medianın diqqət mərkəzinə düşüb. Qardaş ölkənin əksər televiziya, informasiya agentlikləri, qəzetləri bu tədbiri əsrin enerji layihəsi kimi qələmə veriblər.
"Anadolu” agentliyi yazır ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. "Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib”,- deyə xəbərdə bildirilir. Öz növbəsində, "DHA” agentliyi yazır ki, TANAP layihəsi təbii qazın "Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.
"Hurriyet” qəzetində dərc edilən "TANAP hizmete girdi” başlıq məqalədə isə prezident İlham Əliyevin çıxışına yer ayrılıb. "Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, həm də Avrasiya üçün önəmli amildir”, - deyə qəzet dövlət başçısının sözlərini sitat kimi verib.
"STAR” qəzetində dərc edilən "Tarihi gün! TANAP hattı açıldı” başlıqlı məqalədə bildirilir ki, Ərdoğan TANAP-ın açılışı ilə bölgə və ölkələrdən ötrü tarixi addım atıldığını bəyan edib. Onun fikrincə, bu həm siyasi, həm də iqtisadi güc layihəsidir. "TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub”, - deyə qəzet yazır.
"Haberturk”də dərc edilən "Trans Anadolu Doğalgaz Boru Hattı'nın açılışı yapıldı” başlıqlı yazıda qeyd edilir ki, bu, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi birinci layihə deyil. Qeyd edilir ki, bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı həyata keçib. Keçən il isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı reallaşıb.
"VATAN” qəzetində dərc edilən "Azeri” değil, Azerbaycan doğal gazı” başlıqlı məqalədə isə baş nazir Binəli Yıldırımın fikirləri yer alıb. O bildirib ki, "Trans-Anadolu təbii qaz boru kəmərinin Bolqarıstan üzərindən Avropanın digər ölkələrinə qədər davam etməsi prinsipial olaraq qəbul etdiyimiz qərarın nəticəsidir”. Baş nazir bildirib ki, bu kəmər vasitəsilə illik 10 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına nəql olunacaq. "TANAP böyük bir coğrafiyada sosial rifahı artıracaq, Balkan ölkələrinin və Avropanın enerji təhlükəsizliyini təmin edəcək”, - deyə qəzet baş nazirə istinadən yazır.
"HABER7” "Asrın projesi TANAP hayata geçti” başlıqlı məqaləsində qeyd edir ki, TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. "TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilib. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. "Şahdəniz-2” qaz yatağının işlənilməsi - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub”, - deyə məqalədə bildirilib.
"Trans-Anadolu təbii qaz boru kəməri Azərbaycan təbii qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir”. "Sözçu” qəzeti yazır ki, bu sözləri Ankarada ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk deyib. "TANAP layihəsinin Cənub Qaz Dəhlizinin böyük bir hissəsi olduğunu qeyd edən S.Oudkirk boru kəmərinin bölgənin enerji bazarındakı rolunun əhəmiyyətli olduğunu vurğulayıb”, - deyə qəzet yazır. "Sabah”ın "Kardeşliğe yapılan yatırım” başlıqlı məqaləsində enerji naziri Berat Albayrakın fikirləri yer alıb.
"CNN TURK” "Enerjinin ipek yolu: TANAP” başlıqlı məqalədə Ərdoğanın fikirlərinə yer ayırıb. Prezident bildirib ki, "TANAP həyata keçirəcəyimiz yeni layihələrin müjdəçisidir”. Çıxışında prezident TANAP-ın 20 min iş yerinin açılmasına imkan yaradacağını və münaqişələrin həllinə yardımçı olacağını deyib. O, bu layihəyə qarşı çıxanların olmasına baxmayaraq, Türkiyə və onun müttəfiqlərinin TANAP-ı reallaşdırmağa nail olduğunu bildirib. "Bu gün” qəzetinin internet səhifəsində yerləşdirilmiş "Əsrin layihəsinin möhtəşəm finalı” adlı məqalədə deyilir ki, Azərbaycan, Gürcüstan və Türkiyə bölgədəki işbirliyini daha da irəli aparmaq üçün lazım olan töhfələri verir. "Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən sonra Cənub Qaz Dəhlizinin sütunu olan TANAP layihəsi buna bariz nümunədir", - məqalə müəllifi bildirir.
Digər mötəbər mətbu orqanı "Sabah”qəzeti yazır ki, TANAP layihəsi regional əməkdaşlığı yeni səviyyəyə qaldıracaq: "Cənub Qaz Dəhlizi istər Türkiyə, istərsə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmli layihədir". Türkiyədə ən çox oxunan digər qəzetlərdən biri - "Star”isə TANAP-ı "Enerji İpək Yolu" kimi xarakterizə edib. Məqalədə o da bildirilir ki, bu layihə Türkiyədə enerji qiymətlərini aşağı salmağa imkan yaradacaq. Məqalədə qeyd olunur ki, TANAP Türkiyədə bu günə qədər həyata keçirilən ən irimiqyaslı boru kəməri layihəsidir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər