• cümə, 29 Mart, 15:58
  • Baku Bakı 14°C

Eşq və əbədi xoşbəxtlik

29.04.19 13:00 2463
Eşq və əbədi xoşbəxtlik
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin?!

Nizami Gəncəvi

Hamımız çox yaxşı bilirik ki, yaşadığımız dünyada əbədi eşq və əbədi xoşbəxtlik yoxdur. Ümumiyyətlə, çox vaxt eşq bizi xoşbəxt etmir, nə qədər çox aşiq oluruqsa, bir o qədər çox əzab, iztirab çəkirik. Buna baxmayaraq dahi Nizami eşqsiz dünyanı dəyərsiz hesab edir. İnsanın xoşbəxtliyi xəyal etməsi isə qarşısıalınmazdır. Hər bir insan xoşbəxtliyi xəyal etdiyi kimi, bir vaxt xoşbəxt olacağına da səmimi qəlbdən inanır. Bütün həyatını xoşbəxt eşqlə keçirən bir insan varsa, ona sadəcə qibtə etmək mümkündür. Mənim çox böyük hörmət bəslədiyim və bir əsərini dilimizə tərcümə etdiyim Ziqmund Froyd düşünür ki, xoşbəxtlik insanın yaradılış planına daxil deyil. Orta yaş sərhəddinə yaxınlaşmış, xoşbəxt uşaqlıq və gənclik keçirməmiş, kifayət qədər inkişaf etməmiş bir cəmiyyətdə dünyaya göz açmış və həyatını bu bataqlıqda keçirməyə məhkum olan bir yazar olaraq mən Froydla dərhal razılaşıram. Eyni zamanda düşünürəm ki, bizim yaşadığımız problemlərlə dolu cəmiyyətdə xoşbəxt sevgini qazanmaq o qədər də asan deyil.
Bernard Şou düşünürdü ki, insan əbədi xoşbəxtliyə dözə bilməz. Deməli, boş ümidlərdən vaz keçməliyik. Heç kəs bütün ömrünü xoşbəxtliklə keçirə bilmir, bu sadəcə nəzəri olaraq mümkün deyil. Bu məntiqlə heç kəs əbədi xoşbəxtliklə və əbədi eşqlə tanış deyil. Əbədi sevgi sadəcə şeirlərdə, romanlarda, nəğmələrdə mövcuddur. Bəlkə də, eşq haqqında bu qədər çox yazılmasaydı, biz ümumiyyətlə onunla tanış ola bilməzdik, yaşadıqlarımız da bizə təsir etməzdi. Biz ən yaxşı halda sadəcə sevgi dolu anlardan, xoşbəxtliyin illüziyasından dada bilirik. Hətta bəzən özümüzü çox xoşbəxt və məmnun hiss etməyimiz də mümkündür.
Bu halda əlimizdən gələn, bacardıqca xoşbəxt xatirələr yığmaqdır. Sahib olduğumuz gözəl xatirələr bizi müvəqqəti də olsa xoşbəxt etmək gücündədir. Təəssüf ki, xoşbəxt xatirələri hər hansı alqı-satqı saytından sifariş etmək mümkün deyil. Bəli, qəbul edək ki, əbədi sevgi və əbədi xoşbəxtlik yoxdur və bu yolda ən böyük maneə sevgi və xoşbəxtliyin özüdür. Ömür boyu xoşbəxtliyi və sevgini gözləməkdənsə, xatirələr qazanmağa çalışmaq və bu xatirələrlə "baş qatmaq” daha çox münasibdir. Bu kirlənmiş, maddiyyatın insan hislərinə hegemonluq etdiyi dünyada xoşbəxt eşqlə biz romantiklər arasında dərin uçurum var. Nə qədər özümüzə əzab versək, nə qədər iztirab çəkməyə meylli olsaq, ömrümüzün böyük hissəsini bu dərin uçurumda keçirməyə məhkum olacağıq. Bəzən yaşadığımız xoşbəxt anların fərqində olmuruq və əfsus ki, zaman çox sürətlə keçir. Həyat dərk etdiyimizdən də qısadır, bir göz qırpımında keçib gedir. Yaşadığımız xoş xatirələrin fərqinə varmamağımız bizim üçün çox ciddi itkidir. Keçdiyimiz həyat yoluna nəzər salıb, gözəl xatirələrin fərqinə varmalıyıq. Hətta ömrü qısa olan eşqlər də bizi xoşbəxt edən kiçik xatirələrə çevrilməlidir. Qısaca, naşükür olmamalıyıq. Əlimizdə olana qane olsaq, həyatdan daha çox zövq almağımız mümkündür.
Müxtəlif vaxtlarda, müxtəlif qadınlarla qısa müddət davam edən sevgi münasibətlərim olub. Çevrilib geri baxanda bütün bunlara görə təəssüflənirəm. Bunun qürur duyulacaq bir tərəfi olmadığını düşünürəm. İstənilən halda həyatımıza daxil etdiyimiz, sevgi və ya təsadüfi münasibət yaşadığımız insanların sayı çoxaldıqca biz öz saflığımızı itiririk. Təəssüf ki, ömrümün bəlkə də yarısından çoxunu sadiq olmağı bacarmamışam. Eyni zamanda qəribə paradoks var: mən sadiq olmaq istədiyim anlarda da mənə sadiq olmayıblar. Sevgi münasibəti yaşadığım qadınların arasında mənə aşiq olan, ayrıldığımız üçün əzab çəkənlər də, mənim aşiq olduğum, ayrıldıqdan sonra mənə əzab verənləri də olub. İndi çevrilib geriyə baxanda əbədi sevgiyə inananlarla, məni əbədi sevgiyə inandıranlar arasında elə bir fərq görmürəm. Hər iki halda aldanış, tərk edilmə və qeyri-səmimilik var. Ya yalan danışmışam, ya da danışılan yalanların qurbanı olmuşam. Hər iki halda, əbədi eşqə nail olmaq mümkün olmayıb. Bu sətirləri yazarkən bir anlıq gözlərimi yumub xoşbəxt anlarımı, xoş xatirələrimi yada salmağa çalışdım. Qısa xoşbəxtlik anları...
Maraqlı, hüzurverici, sakitləşdirici xatirələrdir. Və qəribədir ki, o gözəl xatirələri yaşadığım anlarda mən xoşbəxtliyin və eşqin əbədi olduğuna axmaqcasına inanırdım. Yaşadığımız ayrılıqlar, bizi sevən insanı tərk etməyimiz və ya sevdiyimiz insanın bizi tərk etməsi həyatımızda silinməz izlər buraxır. Çox vaxt aldatsaq da, tərk etsək də özümüzü aldanışa, ayrılığa, tərk edilməyə layiq bilmirik. Bu çox təbii düşüncədir. İnsan eqoizmi, lazımsız özünəinam hissi, qürur və özünəvurğunluq çox vaxt bizə xəyal qırıqlığı yaşadır. Son vaxtlar özüm üçün sadə bir düsturu tətbiq etməyə başlamışam: Nəyi yaşamışamsa, yaşayıramsa və yaşayacağamsa ona da layiqəm. Bu mənə inanılmaz rahatlıq bəxş edir. Buna bir növ qədərçilik də deyə bilərik. Müsəlmanlar qəzavü-qədərin Allahdan olduğuna səmimi qəlbdən inanan və buna boyun əyən, qədərə təslim olmağı da bacaran insanlardır. Əgər əbədi sevgi və əbədi xoşbəxtliyə inamınız yoxdursa, qədərinizə razı olub, kiçik xatirələrlə, xoş anlarla təsəlli tapmağa davam edin. Mübarizə aparmaq nə qədər təqdirəlayiq insani keyfiyyət olsa da, eşq və əbədi xoşbəxtlik mübarizə ilə qazanılan qələbənin qəniməti ola bilməz. Zənnimcə eşq və əbədi xoşbəxtlik haqda uzun-uzadı danışmağımın səbəbi aydındır. Bəli, mən yaşıma, oxuduğum kitablara və həyatdan öyrəndiklərimə baxmayaraq özümü əbədi sevginin varlığına inandırmışdım. Yaşadığım qısa müddətlik sevgi münasibətinin əbədi eşq, heç vaxt bitməyəcək xoşbəxtlik olduğuna inanırdım. Halbuki, bir vaxtlar tərk etdiyim qadınların axıtdığı göz yaşları, yaşadıqları iztirablar mənə nə qədər də mənasız görünmüşdü. Bir zamanlar ətrafımda eşq əzabı çəkən insanlara, əbədi sevgidən danışan dostlarıma, bir qadın və ya bir kişi tərəfindən tərk edilmiş tanışlarıma gülüb keçmişdim. O zamanlar gənclik çılğınlığı ilə əbədi sevginin varlığını inkar edirdim, bu barədə xəyal quran insanları hətta ələ salırdım. Yaş keçdikcə hər şey dəyişdi, mən əbədi sevgiyə ümid etməyə, əbədi eşqin gətirəcəyi xoşbəxtliyi gözləməyə başladım. Başqalarının həyatında qınadığım, ələ saldığım şeylər öz başıma gəldikdən sonra dərk etdim ki, əbədi eşqə və əbədi xoşbəxtliyə ümid edənləri ələ salmaq da, inanmaq da eyni dərəcədə səhv yanaşmadır. Ən yaxşısı gözəl xatirələrə, xoşbəxt anlara ümid etməkdir. Məncə, xoş xatirələr bizi istədiyimiz an xoşbəxt edə bilər. Bir məsələni özümüz üçün dəqiqləşdirək ki, eşq də, xoşbəxtlikdə var, ancaq əbədi deyil. Bəlkə də, eşq və xoşbəxtlik əbədi olsaydı, onlar barədə bu qədər danışmazdıq.
Əgər siz mənimlə razı deyilsinizsə, hələ də əbədi xoşbəxtliyə və əbədi sevgiyə inamınızı itirməmisinizsə, bundan mümkün qədər zövq alın. Çünki, gözəl düşünmək, pozitiv xəyallar qurmaq da xoşbəxtliyə daxildir. Əminəm ki, bir zaman bu düşüncədə olduğunuzu xatırlayanda dodağınız qaçacaq, üzünüzdə təbəssüm yaranacaq.

Cəlil Cavanşir
banner

Oxşar Xəbərlər