• cümə, 29 Mart, 18:54
  • Baku Bakı 14°C

Eşq əzabı çəkməsəydim, bu cür mahnılar yaza bilməzdim

12.02.14 12:10 2998
Eşq əzabı çəkməsəydim, bu cür mahnılar yaza bilməzdim
Türkiyənin sevilən, gənc ifaçısı Atiye Deniz bu günlərdə Türkiyə mətbuatına maraqlı açıqlamalar verib. Türkiyə şou-biznesində həm bəstəkar, həm şairə, həm də ifaçı kimi tanınan Atiye aktrisalıq eşqinə düşüb. Onun sözlərinə görə, bu günə kimi ona ünvanlanan serial təkliflərini dəyərləndirmədiyi üçün peşman olub.
Beləliklə, Atiyə Denizin Türkiyə mətbuatına verdiyi ən son müsahibəsini sizə təqdim edirik.
Yenə səhv etmək istəmirəm

- Atiye xanım, istərdik bizə yeni layihələrinizdən danışasınız.

- Hazırda yeni klip çəkilişləri üzərində işləyirəm. Klipdə ifa etdiyim mahnının sözlərini İsgəndər Paydaş yazıb. Həmin mahnıya klip çəkdirdikdən sonra tamaşaçıların qarşısına çıxacağam. Bu mahnı albomumda böyük yer alacaq. Bizim film layihələrimiz var ki, orada repertuarımda olan mahnıları ifa edirəm. Həmin film də Engin Altan Düzyatan ilə Özgü Namalın birlikdə oynadığı romantik serialdır. Nəzərinizə çatdırım ki, bu filmdə mənim yeni mahnımdan istifadə olunacaq. Filmə uyğun olsun deyə, sizə söylədiyim mahnının sözlərini dəyişdirdik. Ümid edirəm ki, bu da maraqlı alınacaq.
- Mahnılarınız efirdən çox seriallarda, filmlərdə səsləndirilir. Bəs özünüz nə üçün filmlərdə çəkilmirsiniz?

- Bir neçə il öncə seriallarda oynamaq üçün təkliflər aldım. Onları çox dəyərləndirə bilmədim. Ancaq bu dəfə həmin səhvi etmək istəmirəm. Əgər ürəyimə yatan, gözəl film və ya serial təklifləri olarsa, onu məmnuniyyətlə dəyərləndirərəm. Daha çox isə əsəbi və dəli qız rollarında oynamaq istəyərəm.
- Bəs, necə düşünürsünüz, aktrisalıq fəaliyyətiniz sizi müğənni kimi geridə qoya bilərmi?

- Bilirsiniz, mənim həyatımdakı ən önəmli şey musiqidir. Bundan başqa səsyazma studiyasında da vaxt keçirməyi çox sevirəm. Mahnı yazmaq məni çox sakitləşdirir. Hər zaman səhnədə olmaq istəyirəm. Aktrisa kimi özümü sınamağımın da bir səbəbi budur. Uşaq yaşlarından səhnədə olmuşam. Aktrisalıq sənəti hər zaman maraqlı olub və əgər bacararamsa, özümü bu sahədə inkişaf etdirərəm.
- Enerji dolu bir insan olmağı necə bacarırsınız?

- Demək olar ki, hər gün rəqs və idmanla məşğul oluram. Mümkün olduğu qədər sağlam qidalanmağa çalışıram. Bütün bunların sayəsində enerjim həmişə yerində olur.
Onlarla hər şeyimizi paylaşırıq

- Hər kəs sizi heyvansevər insan kimi tanıyır. Heyvanlara vaxt ayıra bilirsinizmi?

- Uşaqlığımdan bəri xeyli heyvan bəsləmişəm – it, pişik, dağ siçanı, tısbağa və s. Hazırda iki pişik saxlayıram. Onların adları Jeni və Cinadır. Pişiklərim də mənim kimi yemək yeməyi çox sevirlər. Mənimlə birlikdə idman etmədikləri üçün çox kökdürlər (gülür).
- Ananız hollandiyalıdır, atanız isə türkdür. Özünüzü Türkiyə vətəndaşı hesab edirsiniz, yoxsa hollandiyalı?

- Özümü dünyanın vətəndaşı olaraq görürəm. Çünki fərqli ölkələrdə yaşamışam və fərqli ölkədə belə özümü xoşbəxt hiss edirəm. Türkiyəni vətənim, türk millətini də yerlilərim kimi qəbul edirəm. Xarici ölkələrdə türk vətəndaşı olaraq tanınıram.
- İstərdik ilk sevdiyiniz oğlan haqqında bizə danışasınız.

- İlk sevdiyim oğlan Mickey Mouse olub. Onun sevgisindən ötrü ölürdüm. Bütün gün Mickeyi izləyib, əylənirdim. O, mənim uşaqlıq sevgimdir. Anam da ona olan marağımı görüb əsəbiləşirdi (gülür). Düzünə qalsa, həyatımda sevgi olub, əgər eşq əzabı çəkməsəydim, belə gözəl mahnılar yaza bilməzdim. Bu gün gördüyünüz bu səviyyədə ola bilməzdim.
- Deyirlər ki, atanızdan çəkindiyiniz üçün sevgi münasibətlərinizi ondan gizlədirsiniz.

- Valideynlərimlə çox yaxşı münasibətim var. Ailədə bir-birimizin arasında sərhəd yoxdur. Onlarla hər şeyimizi paylaşırıq. Təsəvvür edin ki, əgər mənim hər hansı bir oğlanla münasibətim yaranarsa, bunu ilk atama deyərəm. Yəni bizim atamla elə münasibətlərimiz var. Biz səmimi ailəyik.
- İlk ifanız internet üzərindən gerçəkləşib. İnternetdə “Dont Think” adlı mahnı səsləndirdiniz. Sonra necə oldu ki, məşhur oldunuz?

- Bəli, internetə yerləşdirdiyim mahnını ilk gün cəmi 5 nəfər izlədi. Sonrakı gün 20, daha sonrakı günlərdə isə gördüm artıq 1.5 milyon insan dinləyib. Bu mənim üçün böyük sürpriz oldu.
- Sizin fərqli mahnılarınız var. Onları necə hazırlayırsınız?

- Bəzən özümdə nələrsə yazmaq ehtiyacı olduğunu hiss edirəm. İstənilən yerdə mənə ilham pəriləri gəlir. Misal üçün, bir dəfə gecə saat 3-də yuxudan oyandım, sonra ağlamağa başladım. O zaman içimdən qəribə bir hiss keçdi. Öz-özümə dedim ki, bu hissləri kağıza tökməliyəm və hamısını yazdım. O zamandan içimdə yığılan hər şeyi mahnılarımda əks etdirdim. “Dont Think” adlı albomum da belə yaranıb.
- Ağlayaraq bəstələdiyiniz mahnı hansıdır?

- O albomumda yer alan “Change” mahnısıdır.
- Neçə dil bilirsiniz?

- İngilis, holland, alman və türkçə.
Tarkanla tanış ola bilmədim...

- Atiye adının mənası nədir?

- Çox köhnə bir addır. Onun mənası bizim kökümüzdən gəlir. Ərəb dilində mənası gələcək deməkdir. Əslində mənim ilk adım Denizdir.
- Bəs Atiye kimdir, bizə onun haqqında danışarsınızmı?

- Almaniyanın Bremen şəhərində doğulan şirin bir qızdır. İbtidai sinfi İzmirdə, orta məktəbi Almaniyada bitirib. Məktəbi bitirdikdən sonra İstanbula gəlib və məşhur olub.
- Məşhur olandan sonra həyatında nələr dəyişdi?

- Həyatımda böyük dəyişikliklər olmadı. Mən səhnəni hər zaman çox sevmişəm. İfaçı kimi tanınmadan əvvəl də səhnəyə çıxıb rəqs edirdim. Bizim rəqs qrupumuz var idi. Özəl şou qruplarının birində solist olaraq işləyirdim. Orada 10 nəfər idik.
- Müsahibələrinizin birində Tarkanı çox bəyəndiyinizi demisiniz. Bu, doğrudurmu?

- Bəli, Tarkanın pərəstişkarıyam. Onun səhnədəki fəaliyyəti, istiqanlılığı və həm də yaraşıqlı olması məni heyran edir. Mən Kıbrısda onun konsertində ön qrup olaraq rəqs etmişəm. Konsertdən çıxandan sonra bizə bir maşın yaxınlaşdı və şüşəni endirdi. Mən də elə bildim ki, maşının içindəki Tarkandır, başladım qışqırmağa ki, “Yaşasın Tarkan”. Sən demə, o, Tarkan deyil, onun mühafizəçisi imiş. Tarkanın mühafizəçisi də ona çox bənzəyir, təəssüflər olsun ki, onunla belə tanış ola bilmədik. Həmin gün utandığımdan bilmədim nə edim.
Hazırladı: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər