EŞQ belə mənim kimi dəlisini görmədi...

EŞQ belə mənim kimi dəlisini görmədi...

Təfsilat
03 Aprel 2013, 14:19 1454
....yol çəkər gözlərin... həzin-həzin, gizli-gizli...
....o çəkilən yollardan damlalar süzülər...
...sənə sarı...
...əllərin gül bitirər ovuclarında...
...ayasında bənövşə izləri qalmış...
bir bulağın gözündən su içən iki kəklik misalı çırpınar ürəyim... ovuclarına həsrət.
Mənə sevdanın nə olduğunu sorsalar... SƏN deyərəm adına...
SEVDAM!
Başıma HAVA gətirər bu sevda, əsir edər MƏNimi...
Hərdən əlimi-qolumu bağlar, hərdən də qol açdırıb süzdürər bir səssiz tütək səsinə...
SEVDAN canımı deyil, mən SEVDANIN canını çıxardım... dünyada heç bir hiss mənim kimi dəliyə rastlamadı. Üzümü Tanrıya tutub havalandım üzü göylərə, ya da... ya da... susdum...
SUSDUM!
Eşq belə mənim kimi dəlisini görmədi!
Hanı, hamımızın kürəyimizin arxasında bir CAN kəlməsi var ha, güvəndiyimiz, bəzən xor gördüyümüz amma hər an möhtac olduğumuzu yaxşı bildiyimiz bir CAN, bir QADANALIM kəlməsi, bax sənin sevdan ona bənzər. Kürəyimin arxasındakı Ata əli, ana nəvazişinə...
Kim deyir ki, insanın qanadı yoxdur? Niyə havalardayam o zaman? Niyə qollarım MƏNİ alıb bu dünya qarğaşasına batan məndən alıb götürür bilmədiyim ünvana? O ünvana ki, bənövşələr boyun bükmədən hər yana çilənib sevdamızın yolunu gözlər....
...dünyaya dəli gətirib laylamı Tanrı türküləri ilə söylədi Anam, beşiyimi qabarlı əllərinin ipək tumarı ilə oxşadı, mən də eləcə tərs-məzhəb böyüyüb bir dəli sevdaya yar oldum. Nə istədiyimi bilirəm, nə nədən var olduğumu. Tək bildiyim bu dəli könlün bir dəli sevdaya var olduğu...
RUHUM mənim başıma bəladı, mən RUHUMUN... yol gedirik, əllərimizi bərk-bərk tutub...
Qarşıla bizi, bu iki dəlinin bir canda ifadəsini başqa kimsənin gücü çatmaz bağrına basmağa. Gəlirik üzü SƏNƏ, bir dəli sevdaya yenik, bir sığala həsrət, bir cahana sığmaz ürək ilə...!
VARMISIN SARILMAĞA?!

Nigar İsfəndiyarqızı