• cümə, 29 Mart, 10:29
  • Baku Bakı 5°C

Əsl yazıçı kimdir?!

29.02.16 09:41 3005
Əsl yazıçı kimdir?!
Yazar, əsər, naşir, ədəbi tənqidçi və oxucu – bütün bunlar təkmil bir kitabın həyat tapması prosesində birləşir. Bunların arasında əsas iş isə mətnin yaradıcısı yazarın üzərinə düşür. Martin Volser “Düşmənlər ölümü asanlaşdırır” sərlövhəli müsahibəsində (müsahibə “Tageszeitung” qəzetinin 2015-ci il, 23 mart sayında yer alıb – red.) “yazmaq” sözünün onunçün nə məna verdiyi sualına belə cavab verir: “Yazmaq məndə əskik olan şeyləri yadıma salır. Amma bundan vacibi odur ki, yazmaq gözəl olmayanı daha gözəl demək imkanı verir”.
Volserin yazı haqqında dediyi bu iki dəyərli tərif çox mətləbdən xəbər verir – yazı təxəyyül gücünün və ruhi tamamlanmanın birgəliyinin məhsuludur, yazıçının əskik qalan tərəflərini tamamlayan və onu daxilən çoxaldan, zənginləşdirən fəaliyyətdir. Yazmağın bu cəhəti demək olar ki, hər cür yazı aktının ortaq cəhətidir. Ədəbi mənada yazmaq isə daha çox müəllifin yazdığı şeyi daha gözəl ifadə etməsidir, başqa sözlə, linqivistik materialı estetikləşdirməsidir.
Fransızca “auteur”, ingiliscə “author”, italyanca “autor”, alman və ispanca “autor” olan yazar sözü latınca “dəstəkləyən, bir şey əmələ gətirən, meydana çıxaran” mənalarını ifadə edən “augere” sözündən gəlir. “Auctoritas” sözü isə onun bir törəməsi hesab olunur, mənası “dəstəkləyici, həvəsləndirici təsir” deməkdir. Latın mənşəli bu söz antik dövrdən bəri isə bu söz “müəyyən ölçü qoyularaq yazılmış” ilk yazılı mətnləri “ərsəyə gətirən”, “yaradan” mənasında işlədilib. Zaman-zaman yazar məfhumuna “optimi aucrotes” – “inandırıcı” və ondan sonra yazılanların müəlliflərinə “örnək olan” kimi mənalar da yüklənib. Yazar elə həmin dövrlərdən liqvistik, estetik və texniki baxımdan “şəkilləndirən, biçimləndirən” şəxs kimi qəbul edilib.
İstənilən növ yazının düşüncə baxımından ilk yaradıcısı, mənbəyi olan yazar “yaradan və ölçü təyin edən” kimi təqdim edilib. Bir sözlə, anlamaq, anlaşılmaq və özünü ifadə etmək istəyən insan bineyi-qədimdən “ədəbiyyat yaradan” olub. Bəşəriyyətin ilk inkişaf illərində hakim olan şifahi ədəbiyyat ənənəsinin təhkiyəçini ortaqlaşdırmasının əksinə, yazılı ədəbiyyat təhkiyəçini, yazarı məxsusiləşdirib. Sosio-iqtisadi baxımdan “azad yazar” məfhumunu özünə qalxan seçən və yaşamını yazdıqları hesabına təmin edən adam XVIII əsrdən etibarən “mətnin özəlləşdirilməsi” və “müəllif hüquqları” kimi yeni anlayışlar və qaydalar hesabına bütünləşdi. Yazıçının cəmiyyəti dəyişdirən, müəyyən ictimai fikir formalaşdıran imici həm “müəllif hüququ” məfhumunun asanlıqla özünə yer tapmasına, həm də hüquqi termin kimi qəbul edilməsinə böyük təsir göstərib. Reallaşmasında, tətbiqində bir çox problemlər müşahidə edilsə də, müəllif hüququ və “yayım haqqı” anlayışı yazılı əsərlərin kütləvi nəşrini daha ədalətli şəkildə təmin edən üsulların formalaşmasına təkan verdi. Yazıçının özünəməxsus və orijinal təxəyyül gücü və təfəkkür qabiliyyəti ilə linqivistik xammalı estetikləşdirərək ərsəyə gətirdiyi bir məhsul olan yazılı incəsənət nümunəsi yayımlanma imkanı qazandıqda “ticari məhsul” mahiyyəti alır. Beləliklə də, yazılı nümunə “incəsənət əsəri, yoxsa ticari məhsul” olmaq arasında get-gələ düşür. Hər cür təqdimat yazılı nümunənin incəsənət əsəri kimi oxunmasına müəyyən mənada kömək edir, amma bu eyni zamanda bazarda piarı gedən məhsulların reklamından mahiyyətcə fərqlənmədiyi üçün onun ticari məhsul olduğunu da təsdiqləyir.
Ədəbiyyat yaradanlardan olan Martin Volserin də qeyd etdiyi kimi yazıçı bəzi estetik xüsusiyyətlər, qabiliyyətlər və çatışmazlıqlara sahib olan, bunları yazaraq dəfələrlə yenidən yaratmaq prosesini ortadan qaldıran istehsalçıdır.
Bu mənada yazıçı mətnin inşasının və dizaynının dəyişdirilməsi və ya mənimsənilməsi zamanı da böyük əhəmiyyət daşıyan iştirakçıdır. Bəzi yazı-sujet məsələsini araşdıran qaynaqlar yazıçı anlayışını “tarixi yazar” və “immanent yazar” (immanent- latınca immenens sözündən götürülüb, bir şeyin ən dərininə gedən, şüurlu şəkildə onun varlığı ilə birləşən deməkdir – red.) olaraq ayırır. Tarixi yazar ümumi əlaqə və mərhələli şəkildə prosesin iştirakçılarının hamısı ilə təmas əsasında işləyir, həqiqi varlıq və konkret mətnin yaradıcısıdır. İmmanent yazar isə hansısa hekayəni süjet olaraq quran, dizayn edən, təsvir edən və bu zaman da dili formadan-formaya salan “təhkiyəçi”, “poetik mən”dir.
Yazar tarixi inkişaf mərhələsində dəyişib və getdikcə hər dövrə görə fərqli təqdim edilib. Yazıçı məfhumunun dəyişdiyini ədəbi axınlarda da görürük. Məsələn, klassisizm və romantizm kimi iki əhəmiyyətli incəsənət axını yazar məfhumunun məğzini aydınlaşdırıb. XX əsrdə tənqidə və əsərlərin axınlara aid edilməsinə meyllilik müəllif məsələsini daha da qabartmışdı. Rolan Bart “yazarın ölümü”nü əsərin ömründən ayırmış, M.Fuko isə “təhkiyə danışan”ın əhəmiyyətini şişirdərək onu daha vacib göstərmişdi.
Bütün bunlarla yanaşı, inkişaf tempinə uyğun formalaşan yeni dalğalar, məsələn, internet marketinq, yayım işi, yazıçı məfhumunun təqdimatını da dəyişib. Baş verən hər bir sosial, siyasi, iqtisadi, ekoloji vəziyyətin poetik və ya bədii şəkildə ədəbiyyatda yer alması “yazar”a da yeni mənalar qazandırıb. Yazarlar onların işi ilə bağlı fikir yürütməkdə çətinlik çəkənlərə təhkiyə sənətinin, ədəbiyyatın qaynağı olduqlarını, yaranan hər hekayənin çıxış nöqtəsi və təməli olduqlarını nümayiş etdirmək imkanı qazandılar.
V.C.Butsun konsepsuallaşdırdığı və 1960-cı illərdən bəri istifadə edilən “immanent yazar” anlayışı özündə həm mətnin forması və məğzini, həm də mətnin dəyərlər və normalar uyğunluğunu birləşdirir. Bu mənada yazıçı daha çox danışılan hekayələrə şərh verən “prinsipial dizayner” kimi durur. Mətnə bu yazarların gözü ilə baxsaq, ədəbiyyat normalar və standartlarla idarə olunan dünyadır. Əslində, bu anlayışı ritorik bir təqdimat kimi qəbul etmək də olar. Lakin son dövrlərdə dəb halı almış “new criticism – yeni tənqid” cığırı bu yazarlara geniş meydan təmin edir. Bunun nəticəsidir ki, bioqrafiya, memuar, avtobioqrafiyalar geniş vüsət alıb. Onların yazdıqlarında heç özləri də dəyişiklik edə bilmir. İmmanent yazar mətnin içərisində olur, başqa adam kimi görünmür, oxucu tərəfindən anlaşılmağa, tapılmağa, duyulmağa ehtiyacı var. Onun yazdıqlarını maraqlı edən də məhz bu cəhətidir.
İmmanent yazar anlayışı yazının oxucu ilə ünsiiyyətə qədərki müddətində əskikliyini tamamlayan insanı daha çox əks etdirir. Amma əsas problem də kitab oxucu ilə görüşəndən sonra yaranır – oxucunun hekayəni mənimsəyə, özününküləşdirə bilməsi naməlumdur. İmmanent yazar isə əksərən niyə qəbul edilmədiyinin səbəbləri ilə barışa bilmir. Odur ki, yazarın mətnin inşasında birləşən məfhumları kəskin sərhədlərlə ayırmaq imkanı yoxdur – “biçimləndirilmiş bədii-estetik təxəyyül” və “ölçülər silsiləsi”.
Çağdaş dövrün ədəbi təhlillərində “immanent yazar” ifadəsinin işləkliyini itirdiyini müşahidə edirik. M. Bal və G. Genet kimi təhkiyə üzrə təhlilçilər ədəbiyyatda bu cür özəlləşdirilmiş işlərə yer olmadığı qənaətindədir. Məhz bu səbəbdən “immanent yazar” kimi abstrakt ifadələrdənsə, mətnin özünü əks etdirən “mətnin quruluşu” və ya “ifadə formaları” kimi ifadələr əsas götürülür və əsər bunların əsasında təhlil edilir.
“Hər hansı bir incəsənət əsərinə ədəbilik verən nədir? Ədəbilik, poetiklik nədir?” sualına cavab axtarışında salt (heç bir təsirə məruz qalmamış, tək – red.) ədəbi mətni əsas götürərək, yazının ifadə formalarının dəqiqləşdirilməsinə aydınlıq gətirməyə çalışan rus ədəbi təhlilçilər burada əsas şəxsin yazarın özü olduğu qənaətindədir. Onlara görə, hansısa mətndə nəyin necə ifadə olunacağına yalnız müəllif qərar verə bilər, yəni o, mətnin alternativsiz dizayneridir. Yazıya ədəbilik qazandıran şey isə məhz dizayn mərhələsində ərsəyə gəlir. Başqa sözlə, mətnə ədəbilik qazandıran ifadə formalarının əsas təyinatçısı da yenə yazardır.
Beləliklə, hər incəsənət xadimi kimi yazarın da işi əlindəki xammalı formadan-formaya salaraq işləyir. Yazıçının rəssamdan, bəstəkardan, heykəltəraşdan fərqi ondadır ki, o, gözlə görünməyən bir xammalla işləyir – onun iş prosesi hansısa emosional, ruhi vəziyyəti beynindəki xammal ilə estetik uyum içərisinə gətirməklə başlayır. Əlinizdəki hər əsər yazarın daxili gücünün və xammal qaynaqlarının çölə daşan hissəsidir. Oxuduğunuz hər mətn çölə tökülən potensial satışa hazır məhsulun şəkilləndirilmiş halıdır. O artıq yazarın daxili xammalı deyil, onu istehsal edən üçün tamamilə yaddır. Ədəbiyyat və əsər yazarın daxili linqvistik bazasının və emosional vəziyyətinin, estetika anlayışının, ədəbi zövqünün dilin və yazının köməyi ilə materiallaşmasıdır. Duyğularının ifadəsi üçün dil və yazını seçən istənilən incəsənət adamının ərsəyə gətirdiyi hər əsər artıq ona aid deyil, bir növ onlar yazaraq özlərinə müəyyən qədər yadlaşırlar. İncəsənətin və ədəbiyyatın dəyişdirən, yeniləyən mahiyyətinin kökündə da məhz bu durur.
Tərcümə etdi: Elcan SALMANQIZI
Mənbə: “Basic Concepts of literary theory” - Ansgar Nunning.
banner

Oxşar Xəbərlər