• çərşənbə axşamı, 23 aprel, 22:40
  • Baku Bakı 20°C

“Əsl tələbə öz gəncliyinin və gücünün fərqində olmalıdır” – Təhsil

08.06.15 11:21 3280
“Əsl tələbə öz gəncliyinin və gücünün fərqində olmalıdır” – Təhsil
Nihad Mahmudlu: “Universitetə gedib-gəlmək və dörd ilin sonunda diplom alıb saxlamaqla, əmək bazarında rəqabətə davamlı kadr anlayışı fərqli qütblərdə yer alır”
Bu günlərdə Bakıda 300 nəfərdən çox gəncin müraciət etdiyi “Real Biznes Plan Çempionatı” həyata keçirildi. Biz də oxucularımızı gənclər üçün faydalı olan bu layihə haqqında məlumatlandırmaq qərarına gəldik. Müsahibimiz Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Biznes və Fərdi inkişaf sahələri üzrə 2 illik təcrübəyə malik təlimçi, DİA Biznes Klubunun həmtəsisçisi, “Real Biznes Plan Çempionatı” layihəsinin müəllifi və rəhbəri Nihad Mahmudludur. N.Mahmudlu öncə layihə haqqında məlumat verdi.
- Layihəmiz iki hissədən ibarət idi: təlim, seminarlar və biznes planların hazırlanaraq təqdim olunması, bir sözlə, çempionat. Layihənin məqsədi gəncləri sahibkarlığa istiqamətləndirmək, biznesin müsbət gücündən istifadə edərək iqtisadiyyatımızın inkişafına dəstək olmaq idi. Əsas məqsədimiz sadəcə çempionat təşkil edib iştirakçıları qiymətləndirmək deyil, onlara biznes planlarının hazırlanması, şirkətlərin qurulması, sahibkarlığın təşkilati-hüquqi formaları, vergilər, marketinq, maliyyə və biznes etikası sahəsində biliklərin öyrədilməsi, komandada işləmək, təqdimat və ünsiyyət bacarıqları kimi mühüm məsələləri layihə iştirakçılarının diqqətinə çatdırmaq idi.
- Necə oldu ki, “Real Biznes Plan Çempionatı” layihəsini yaratmaq istədiniz? Layihə hansı zərurətdən yarandı?

- Bildiyimiz kimi, ölkəmiz bazar münasibətlərinə əsaslanan iqtisadiyyata malikdir və iqtisadiyyatın əsasını özəl sektor təşkil edir. Məhz bu səbəbdən sahibkarlığın inkişafı həmişə diqqət mərkəzində olub. Sahibkarlıq subyektlərinin sayının artması ilə yanaşı, sahibkarlıqda yeni innovativ üsullardan, yeni metod və texnologiyalardan istifadə etməklə məhsul və xidmətlər istehsalının sürətli artımına və daha keyfiyyətli istehsala keçmək mümkündür və bu istiqamətdə aidiyyatı qurumlar tərəfindən müəyyən işlər görülür. Məhz innovativ iqtisadiyyatımızı kreativ gənclərimizin ideya və səyləri nəticəsində qurmaq olar. Bunun üçün isə onları lazımi resurslarla təmin etmək, sahibkarlığa həvəsləndirmək və biznesin gücünə inandırmaq lazımdır. Biz də bir gənc kimi bu məsələyə laqeyd qalmaq istəmədik və öz potensialımız daxilində gənclərə bu sahədə dəstək olmaq üçün əvvəlcə marifləndirici təlim və seminarlar, daha sonra isə öyrəndiklərini tətbiq etmək üçün çempionat təşkil etdik. Çempionat günü ümumilikdə 50 nəfər tələbədən ibarət və qida sektoru, idman, turizm, əyləncə, təhsil, İKT və s. sahələr üzrə öz biznes planlarını tərtib etmiş 10 komanda birincilik uğrunda mübarizə apardı və yekunda İKT sahəsi üzrə biznes planlarını təqdim edən “Suerte” komandası qalib oldu. Eyni zamanda, “Yummy Yogurt” komandası 2-ci yerə, “Sky boys” komandası isə 3-cü yerə layiq görüldü. Qiymətləndirmələr isə dəyərli mütəxəssislər, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşı Ələkbər Salmanov və biznes sektorunun tanınmış nümayəndələrindən təşkil olumuş münsiflər heyəti tərəfindən aparıldı.
- Layihəyə daha çox qızlar, yoxsa oğlanlar müraciət edirdi?

- Ümumiyyətlə, layihəyə gənclər arasında maraq böyük idi. Hətta bir çox gənclər layihənin yenidən təşkil olunmasını xahiş edir. Müraciət edənlər arasında cüzi fərqlə xanımlar üstünlük təşkil edirdi. Amma layihə iştirakçısı adını qazanmış tələbələrin arasında bu say demək olar ki bərabər idi.
- Müraciət edən gənclər arasında yəqin iqtisadiyyat yönümlü ixtisasları bitirənlər daha çox olardı…

- Layihə iştirakçıları həm oxuduqları universitet, həm də ixtisas baxımından rəngarəng idilər. Əksəriyyəti isə iqtisadi yönlü ixtisaslarda təhsil alanlar deyildi. Bu baxımdan istər layihədə keçirilən təlimlər, istərsə də real biznes planları hazırlayaraq çempionatda iştirak etmək onlar üçün biznesə ilk addım kimi qiymətləndirilə bilər.
- Bir az da sizin barənizdə danışaq. “Facebook”da səhifənizə baxdıqda, görürük ki, aktiv tələbə həyatı keçirirsiniz. Bu hansı tələbatdan yaranır?

- Doğrudur. Dörd il ərzində istər iştirakçı, istərsə də təşkilatçı kimi onlarla layihəyə qatılmışam. Həmçinin artıq iki ildir, təlimçiliklə də məşğulam. Bütün bunlar təbii ki, özünü inkişaf etdirmə istəyi və zərurətindən yaranır. Çünki sırf universitetə gedib-gəlmək və dörd ilin sonunda rəngindən asılı olmayaraq hər hansı diplomu alıb suvenir kimi saxlamaqla, əmək bazarında rəqabətə davamlı kadr anlayışı fərqli qütblərdə yer alır.
- Sizcə, əsl tələbə necə olmalıdır?

- Akademik tələblərdən əlavə, əsl tələbə öz gəncliyinin və gücünün fərqində olmalıdır. Amma təkcə fərqində yox, həm də öz potensialının səmərəli istifadəçisi olmalıdır. Yəni aktivlik edəndə də bunu rasional seçimlərə və qərarlara əsaslanaraq etməlidir. Ümumiyyətlə, aktivliyin özü də 2 cür olur: konstruktiv və dağıdıcı. Biz isə gənclərə hər zaman konstruktiv aktivlik arzu edərdik.
- Azərbaycanda layihələrin həyata keçirilməsi üçün lazımi şərait varmı?

- Zənnimcə, var və bu imkanlar kifayət qədər genişdir. Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və s. qurumların fəaliyyətini açıq şəkildə görürük. Onlar həm QHT-lərə, həm də fiziki şəxslərə öz layihələrini reallaşdırmaq üçün geniş maliyyə və digər imkanlar yaradır.
- Bir gənc olaraq müasir gəncliyimizi necə qiymətləndirirsiniz?

- İnanmıram ki, dünyanın hansısa ölkəsində ideal cəmiyyət, ideal gənclik olsun. Çünki ideallıq insana xas xüsusiyyət deyil, Allahın kamal sifətidir. Buna görə, gənclər arasında müsbət qiymətləndirilən və əksi olanlar da var. Biz çalışmalıyıq ki, I qrup üstünlük təşkil etsin.
- Gələcək planlarınız nədir?

- Ümumiyyətlə, planlarımız barədə danışmağı sevmirəm. Çünki planlar danışılmaq üçün yox, konkret addımlarla reallaşdırılmaq üçün mövcuddur. Amma yaxın 1-2 ay ərzində hərbi xidmətə yollanacağımı qeyd edə bilərəm. Düşünürəm ki, vətənə xidmət təkcə layihə yazıb onu reallaşdırmaq və ya pafoslu nitqlər demək deyil.Şərəfli vəzifə olan “vətəni müdafiə etmək” bütün bunlardan öndə gəlməlidir. Çünki təhlükəsiz, azad, müstəqil ölkə olmayandan sonra heç bir layihəyə, innovativliyə də yer olmur. Bu gün Azərbaycanın güclü ordusu var və bizlər də o ordunun siravi əsgərləriyik. Buna görə hərbi xidmət və vətənpərvərlik hissləri düzgün şəkildə daimi olaraq aşılanmalıdır. Unutmamalıyıq ki, Qarabağ uğrunda döyüş davam edir...
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər