“Əsl rahatlığı öz torpağımızda tapacağıq” - Reportaj - Fotolar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsində bir qrup jurnalistlə komitə sədri Rövşən Rzayevin görüşü
olub. O, görüşdə iştirak edən media mənsublarının şəxsində ölkəmizin bütün kütləvi
informasiya vasitələri işçilərini peşə bayramı münasibətilə təbrik edib, hər
birinə xalqımız, dövlətimiz üçün mühüm əhəmiyyəti olan məsul və şərəfli
yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb. Komitə sədri qaçqınların və
məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitlərinin
yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən
tədbirlər haqqında da geniş məlumat verib. Qeyd edilib ki, prezident İlham
Əliyevin tapşırığı ilə Dövlət Komitəsi respublikanın bütün bölgələrində
müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə xüsusi həssaslıqla
yanaşır, onları narahat edən məsələlərin dərindən araşdırılması və həll
olunması üçün mövcud qanunvericilik əsasında bütün zəruri tədbirləri görür.
Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərin qəzalı, həyat
üçün təhlükəli bina və tikililərdən yeni mənzillərə köçürülməsinə imkan yaradan
layihələrin icrasını daim nəzarət saxlayır. Bildirilib ki, bu yaxınlarda
istifadəyə verilmiş "Qobu Park” yaşayış kompleksi də məhz belə layihələrdən
biridir.
Komitə sədrinin sözlərinə görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə
salınan kompleksdə dövlət vəsaitindən istifadə olunmayıb. Layihənin
maliyyələşməsində sahibkarlar iştirak ediblər. Görüş zamanı komitə sədri
jurnalistləri maraqlandıran sualları da cavablandırıb.
Görüşdən sonra "Qobu Park” yaşayış kompleksinə
infotur təşkil edilib. Media mənsubları burada məcburi köçkün ailələri üçün
yaradılmış şəraitlə yaxından tanış olublar.Məlumat üçün qeyd edək ki, "Qobu Park” yaşayış
kompleksinin ümumi sahəsi 6,4 hektardır. Layihənin sifarişçisi "Paşa Holding”,
podratçısı isə "Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci
il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə
qoyulub. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib və bu ilin may ayında
başa çatdırılıb. Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11
yaşayış binası inşa olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və
uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur
obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və
mənzil-istismar idarəsi yaradılıb.
Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa
edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks
salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə
və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya
şəbəkəsi yaradılıb. Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün
salınan sayca 98-ci şəhərcikdir. Buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı
ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi
73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz
olunub. Kompleks ərazisində 222 yerlik "Şirin bala” uşaq bağçası, 624 şagird
yerlik tam orta məktəb binası da var. Hər iki təhsil müəssisəsində uşaqların
təlim-tərbiyəsi, təhsili üçün hər cür şərait yaradılıb.
Kompleksin ərazisini gəzib, mənzillərə,
infrastruktur obyektlərinə baxıb, məcburi köçkünlərlə söhbətləşdik, onların
əvvəlki və indiki şəraiti barədə məlumatlar əldə etdik. Hər blokun qarşısında
yığılan ev əşyaları kompleks ərazisinə köçün hələ də davam etdiyini göstərirdi.
Öncə Ağdam rayonundan olan məcburi
köçkün Yeganə Ağayevanın yeni mənzilinə baş çəkdik. İxtisasca tarix müəllimi
olan və Nəsimi rayonundakı 46 saylı orta məktəbdə çalışan Yeganə xanım Ağdamın
Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra ailəsi ilə birlikdə
Bakı şəhərinin Nəsimi rayonunda, yarımçıq tikilidə məskunlaşıb. Həyat yoldaşı,
oğlanları, iki gəlini və nəvəsi ilə birlikdə olduqca ağır şəraitdə düz 26 il
yaşamalı olub. Zirzəmidə yaşaya-yaşaya döymədiyi qapı, müraciət etmədiyi
təşkilat qalmayıb. Ən nəhayət bu il Birinci vitse-prezident Mehriban Əliyevaya
məktubla müraciət edib. Heç bir ay keçməmiş məktubuna cavab verilib, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəvət edilib, ardınca da
onun məskunlaşdığı yarımçıq tikiliyə baxış keçirilib. Bu hadisədən iki gün
sonra isə ailəyə şad xəbər verərək, onların yeni mənzillə təmin olunduqlarını
bildiriblər: "26 il ağır şəraitdə yaşayan bir ailə üçün bundan sevincli xəbər
ola bilməzdi. Hər birimiz ürəkdən sevindik. Ailə daxilində yeni ailə
yarandığından, iki oğlum ailə həyatı qurduğundan bizə iki yeni mənzil veriblər.
Bir gəlinim Füzulidən, digəri isə Xocalıdan olan məcburi köçkündür, şəhid balasıdır.
Yeni mənzillərdə hər cür şəraitimiz var. Yaşayış üçün nə tələb olunursa, hamısı
var. Səliqə-sahman da öz yerində. Buna görə başda prezidentimiz İlham Əliyevə,
xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Arzu edirəm ki,
prezidentimizin rəhbərliyi ilə ordumuz işğal olunmuş torpaqlarımızı azad etsin,
orada belə gözəl mənzillər tikib öz el-obamıza, kəndimizə köçək. Əsl rahatlığı öz
torpağımızda tapacağıq”.
Laçın rayonunun
Alxaslı kəndindən olan məcburi köçkün Xoşbəxt Nağıyev də rayonları işğal olunandan sonra Bakı şəhərinin
Nərimanov rayonunda, tikintisi yarımçıq saxlanılmış doğum evinin zirzəmisində
məskunlaşıb. 170 metr uzunluğu olan və yerin altında yerləşən həmin zirzəmidə
onunla bərabər 40-a yaxın ailə yaşayıb. X.Nağıyev də 4 nəfərlik ailəsi ilə 20
ildən artıq müddətdə acınacaqlı şəraitdə, havasız, işıqsız zirzəmidə yaşamağa
məhkum olub. Onun sözlərinə görə, indiyə qədər həmin zirzəmidə yaşayanlar ən
müxtəlif xəstəliklər tapıb, sağlamlıqlarını itiriblər: "Allah heç kimi o
şəraitdə yaşamağa məhkum etməsin. Naəlac qalıb biz də orada məskunlaşmışdıq. 20
ildən çox bir vaxtda min cür əzab-əziyyətə qatlaşaraq yaşadıq orada. Şükürlər
olsun bu günümüzə. Qaçqınkoma davamlı müraciətimizdən sonra nümayəndələr gəldi,
yaşadığımız yerə baxış keçirildi, zirzəmidəki dözülməz şərait hamı tərəfindən
görüldü. Qısa vaxtdan sonra yeni mənzillə təmin ediləcəyimizi bildirdilər. Ailə
tərkibimizə uyğun olaraq 3 otaqlı mənzil verdilər. Püşkatma yolu ilə, tam
şəffaf şəkildə evimizi seçdik. Heç bir narazılıq da yaşanmadı. Evimizin
layihəsi də, şəraiti də çox gözəldir. Kompleksimiz marşrut xətti ilə təmin
olunub. Buradan şəhərə avtobusla 20 dəqiqəlik yoldur. Mağazamız, bağçamız,
məktəbimiz, poçtumuz, xeyir-şər evimiz, parkımız, uşaqlar üçün əyləncə
meydançamız, söhbətgahlarımız da var. Evlərimiz kombi sistemi ilə təmin olunub,
qaz, su, işıq xətti də öz yerində. Bir sözlə, yaşamaq üçün nə tələb olunursa,
hamısı ən yüksək səviyyədə təşkil olunub. Arzum budur ki, bütün məcburi
köçkünlərin mənzil şəraiti yaxşılaşsın”.
Laçın rayonundan olan
digər məcburi köçkün Vəli Rüstəmov da "Qobu Park” yaşayış kompleksində yaradılan
şəraitdən, məcburi köçkünlərə verilən mənzillərdən razılıqla danışdı. Qeyd etdi
ki, əvvəllər ailəsi ilə birlikdə Nərimanov rayonunda "Montin” deyilən ərazidə,
yarımçıq tikilidə çox acınacaqlı şəraitdə yaşayıb. O, hazırda kompleksdə
ikiotaqlı mənzillə təmin olunduğunu dilə gətirdi. Bildirdi ki, hər bir mənzildə
olduğu kimi onun da mənzilində yaşamaq üçün bütün şərait var.
Kompleksin həyətində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq
əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev jurnalistlərə açıqlama
verib. Bildirib ki, 2018-ci il may ayının 24-də prezident İ.Əliyev və birinci
xanım M.Əliyevanın iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan
qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində
məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksinin açılışı olub.
Onun sözlərinə görə, komitə elə həmin vaxtdan etibarən paytaxtın müxtəlif
rayonlarında yaşayan məcburi köçkünləri kompleks ərazisinə köçürməyə başlayıb:
"Əsasən Bakının Nizami, Suraxanı, Xətai, Nərimanov və Səbail rayonlarında
müvəqqəti məskunlaşmış ailələrin "Qobu Park” yaşayış kompleksinə köçürülməsinə
başlanılıb. Hazırda köçürülmə davam etdirilir. 200-dən artıq ailə kompleks
ərazisindəki mənzillərdə məskunlaşıblar. Onların məşğulluğunun təmin edilməsi
istiqamətində də tədbirlər həyata keçirilir. Kompleksə iki istiqamətdə yollar
çəkilib. Məcburi köçkünlərin kompleks ərazisinə köçürülməsi komitə tərəfindən
təmin edilir. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış
1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Bu il isə ümumilikdə 20 min
məcburi köçkünün yeni mənzillərlə, evlərlə təmin ediləcəyi proqnozlaşdırılır”.
Mənzillərlə tanış olub, ailə başçılarının sevincini
bölüşüb, komitə rəsmilərinin mövqeyini öyrənib kompleksin həyətində oynayan
uşaqlarla da görüşdük. Azərbaycanımızın gələcəyi olan bu uşaqların
davranışında, danışığında, gülüşündə qayğısız həyat, xoşbəxtlik nişanələri
özünü göstərirdi.
Rufik İSMAYILOV