• cümə, 29 Mart, 14:18
  • Baku Bakı 14°C

Əsl pəhləvan - Portret

02.06.14 09:07 2204
Əsl pəhləvan - Portret
Güləş böyük tarixə malik idman növüdür. Yüz, min illər boyunca, hələ eramızdan əvvəlki, həmçinin müasir Olimpiya Oyunlarının ayrılmaz hissəsi olan güləş yarışları həmişə böyük diqqətə səbəb olub. Qaliblər mükafatlandırılıb, xüsusi hörmətə malik olublar. Bu da təsadüfi deyil. Çünki güləşdə qələbə sadəcə güc yox, həm də bir çox digər faktorların toplusu hesabına qazanılır. Qaliblər əsl pəhləvanlar və cəmiyyətin özəkləridirlər. Onlardan biri Yunan-Roma güləşi üzrə Avropa və dünya çempionatlarının qalibi və mükafatçısı, Olimpiya Oyunlarının gümüş medalçısı Vitali Rəhimovdur. Bu yazımız da onun karyerası haqda olacaq
“Klassik” seçim
1984-cü il avqustun 27-də Meqri rayonunda anadan olan Vitali, 1990-cı ildə ailəsiylə birlikdə Azərbaycana köçür. Bundan dörd il sonra Rəhimov güləşlə məşğul olmağa başlayır. İdmana onu böyük qardaşı aparır. Uşaq olmasına baxmayaraq fiziki cəhətdən çox hazırlıqlı və çevik olan kiçik pəhləvan tezliklə məşqçilər tərəfindən bəyənilir. Maraqlıdır ki, o, güləşin sərbəst yox, Yunan-Roma, əksəriyyətin “klassik güləş” deyə tanıdığı növünü seçir. O anları belə xatırlayır: “Məni “klassik”ə qardaşım apardı. Düzü, o vaxt Yunan-Roma ilə sərbəst güləş arasında fərqi bilmirdim. Ancaq hər halda seçimimdən narazı deyiləm”.
İlk cəhddə çempion
Vitalinin ilk məşqçisi güclü mütəxəssis Vaqif Feyzullayev olur. Qələbələrin asan qazanılmadığını vaxt keçdikcə anlamaq çətin olmur. Gündəlik ağır məşqlər, fiziki və psixoloji hazırlıq, çoxsaylı daxili yarışlarda mübarizə gənc güləşçini möhkəmləndirir. Zaldakı yoldaşları arasında fərqlənən Vitali tezliklə ciddi yarışlara qoşulmağa başlayır. 2001-ci ilin yayında Türkiyənin İzmit şəhərində yeniyetmələr arasında Avropa çempionatına yollanan Rəhimov, ilk cəhddəcə çempion olur. 54 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda yerli Tufenk Uğuru yenərək adından söz etdirir. Bu sürpriz qələbə onda özünəinamı artırır. Bir il sonra gənclər arasında Serbiyadakı Avropa və Türkiyədəki dünya çempionatında medallardan uzaq düşsə də, Daşkənddəki Olimpiya seçim turnirində lazımi xalları toplayıb Afinaya vəsiqə qazanır.
Bəxtsizlik və revanş
Karyerasındakı ilk Olimpiya Oyunlarında Vitalinin püşkdə bəxti gətirmir. Təsnifat mərhələsindəki 1-ci qrupda əvvəlcə polşalı Vladimir Zavadskini yenən Rəhimov, sonra gələcək çempion – koreyalı Yunq Yi-Hyunla üz-üzə gəlir və məğlub olur. Mütəxəssislər də qeyd edirdilər ki, həmin vaxt idmançımıza o yox, istənilən digər rəqib çıxsaydı, Vitali ən azı bürünc medalı qazanacaqdı. Ancaq ruhdan düşməyən güləşçimiz tezliklə öz istəyinə çatır. 2005-ci ilin aprelində Bolqarıstanda keçirilən Avropa çempionatında Rəhimou üstələyən tapılmır. Finalda rumın Eysebiu Dyakonu məğlub edilir və güləş səmasında yeni ulduzun doğulduğu ismarıcı verilir.
Uğursuzluq zolağından çıxış
Rəhimovun enişli-yoxuşlu zirvə yolu isə davam edir. Böyük sürpriz edərək gümüş medalını qazanacağı Pekin Olimpiadasına qədər yarışlarda medallardan uzaq qalması ona olan ümidləri azaltmışdı. Çünki Budapeştdəki dünya çempionatında 22-ci, Bakıdakı Qızıl Qran-Pridə 5-ci, Quançjoudakı növbəti dünya çempionatında 13-cü, 2007-ci ildə Bakıdakı dünya çempionatında isə 32-ci olan Rəhimov güləşsevərləri üzür. Potensiallı və real qələbə imkanları olan idmançının bu qədər uğursuzluğa düçar olması təəccüblü idi. Ancaq mübarizlik ruhu Rəhimova ən lazımlı anda kömək edir. Bütün qüvvəsini toplayan və Romadakı Olimpiya Təsnifat Turnirində 3-cü yeri tutan pəhləvanımız Pekinə vəsiqəni təmin edir.
Sürpriz Olimpiya medalı
Vitali vəsiqəni əldə etsə də, ona ümid az idi. Çünki sabit güləş nümayiş etdirməyən idmançıdan medal gözləmək olmazdı. Burada məşqçilərin, xüsusilə də baş məşqçi Elçin Cəfərovun əməyini qeyd etmək gərəkdir. Rəhimovla xüsusi məşğul olan və ona qələbə qazanmağın mümkünlüyü aşılayan mütəxəssis, əməyinin bəhrəsini tezliklə görür. Pekində ilk olaraq yerli Şenq Yanq məğlub edilir. Növbəti mərhələdə ona tanış olan rumın Eysebio Dyako tatamidən başıaşağı göndərilir. 1/4 finalda isə çox vacib sınaq vardı. Bolqarıstanı təmsil edən erməni Armen Nazaryanla qarşılaşan Vitali Rəhimov böyük əzmkarlıq nümayiş etdirir. Yarışları tribunadan izləyən prezident İlham Əliyevin ümidlərini doğrultmaq vacib idi. Əslində, onu bu görüşə çox da kökləmək gərək deyildi. Nəzərə alsaq ki, 1990-cı ildə onlar doğma torpaqlarından məhz ermənilərə görə köçməli olmuşdular, Vitalinin tatamidə canını qoyacağına əmin olmaq olardı. Belə də oldu. Birinci hissədəki məğlubiyyət də Rəhimovu sındırmadı. İkinci və üçüncü hissələrdə qalib gələn idmançımız bütün azərbaycanlıları sevindirməyi bacardı. Yarımfinalda qazax Nurbakıt Tengizbayevi yenən güləşçimiz finalda rusiyalı İslambek Aliyevə məğlub olsa da, gümüş medala layiq görülür. Bir il əvvəl dünya sıralamasında heç 20-likdə olmayan Rəhimovun bu uğuru böyük sürpriz idi. Ancaq bu sürprizin böyük əzmkarlıq və əziyyət hesabına edildiyini də qeyd etmək lazımdır.
Haşiyə
Bu məqamda kiçik bir haşiyəyə çıxaq. Erməni Nazaryanla görüş onun karyerasında yeganə deyil. Bundan iki il sonra Moskvadakı dünya çempionatında Arman Adıkyanla qarşılaşan Vitali, onu da eyni ssenari ilə məğlub edir. Rəhimov həmin qələbəni belə xatırlayır: “Bu, sadəcə bir görüş yox, əsl döyüş idi. Mənim üçün o yalnız məğlub etməli olduğum düşmən idi. Çox çətin qarşılaşma oldu. Birinci hissədə məğlub oldum, ancaq sonradan üstünlüyü ələ aldım. Üçüncü hissədə tempi artırdım və hesabda böyük fərqlə qələbə qazandım”. Daha iki il sonra - Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində bürünc medal uğrunda görüşdə erməni Sasun Qəmbəryanı da məğlub edən idmançımızı “Tatamidə ermənilərin qənimi” adlandırmaq olar.
Qələbələrdən üzüntüyə doğru
Pekindən sonra da qələbələrin davamı gəlir. 2009-cu ilin iyulunda Bakıdakı Qızıl Qran-Pridə gümüş, iki ay sonra Danimarkanın Herninq şəhərində və bir il sonra Moskvadakı dünya çempionatlarında bürünc medal qazanan güləşçimiz necə böyük idmançı olduğunu sübut edir. Ancaq London Olimpiadasıqabağı yenidən uğursuz püşk onun qarşısını kəsir. Finlandiyanın Vantaa şəhərindəki təsnifat turnirində Pekində olduğu kimi rus İslambek Alıyevə yenilən Vitali, vəsiqə qazana bilmir. Bu, onun üçün böyük bir şok olur və kənarda qalması ona pis təsir edir. Olimpiadadan sonra məşq etməyən və yavaş-yavaş böyük idmandan uzaqlaşmaq istəyən Vitali son anda fikrini dəyişir. Yaşının hələ çox olmadığını, qarşıda onu qələbələrin gözlədiyinə qərar verən Rəhimov çalışmalara başlayır. Karyerası haqda məlumatı olan şəxslər (ki, artıq siz onların sırasına daxilsiniz – K.M.) bilirlər ki, o, lazım olan anlarda toparlanmağı, hədəfə doğru irəliləməyi bacarır. Artıq 2013-cü ildə Qızıl Qran-Pridə finala qədər yüksələn güləşçinin əsas məqsədi paytaxtımızda keçiriləcək 1-ci Avropa Oyunlarında iştirak və qələbədir. Vitali yetərincə maraqlı və fəxr ediləsi karyerasını yaxşı sonluq, daha dəqiqi, qızıl medalla başa vurmaq istəyir. Bunu hər imkanda dilə gətirməsi də istəyinin gücündən xəbər verir. Oyunları özü üçün son şans sayan qəhrəmanımızın uğur qazanacağına inanmamaq olmur.
“Kətançı” tərzi
Yarışlar öz yerində, ancaq Vitalinin güləş tərzi haqda da danışmaq gərəkdir. O, adətən döyüşü müdafiədən quran güləşçilərdəndir. Mümkün qədər təmkinli olmağı, rəqibinin səhvindən maksimum yararlanmağı xoşlayır. Yunan-Roma ağır bir növ olduğundan burada istənilən diqqətsizlik məğlubiyyətə səbəb ola bilər. Döyüşlər zamanı güc sərfiyyatının böyük olması maksimal fiziki hazırlıq da tələb edir. Müdafiə olunmaq həm də rəqibin fəndlərindən, buna cəhdlərindən mütəmadi qorunmaq deməkdir. Buna da böyük güc lazımdır. Hətta deyərdik ki, bu yolla qələbə qazanmaq üçün əsl pəhləvan olmaq gərəkdir. Rəhimov bu baxımdan dünyada ən yaxşılardandır. Sevimli fəndi isə “geri kətan”dır. Bu hərəkətdə güləşçi əyilərək və ayaqlarını yığaraq rəqibin qolların arxasına girir, ya sol, ya da arxa tərəfinə keçərək üstünlük qazanır. Texniki olaraq çətin olmasa da, bu hərəkəti etmək üçün çox böyük sürət və çeviklik lazımdır.
Portreti
Vitali Rəhimov əsl döyüşçü və pəhləvandır. O, minilliklərlə tarixi olan Yunan-Roma güləşinin təməl prinsiplərini yaxşı bilən və onun tatamidə tətbiq edən, güclü, mübariz bir idmançıdır. Xasiyyətcə də ünsiyyətcil, dostyana birisidir. Yəni həm idmançı, həm də sıravi biri kimi özünü ən yaxşı tərəfdən göstərə bilən Rəhimov etibar qazanıb. Portretində də onu gülərüz, ancaq uzun illər ərzində çəkilən əziyyətlərin təsirsiz ötüşmədiyi cizgilərlə təsvir etmək gərəkdir. Çünki pəhləvanlar rəsmlərində həmişə yuxarı baxan, nəzərləri daima zirvələrə yönələn görünürlər.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər