• cümə, 29 Mart, 04:57
  • Baku Bakı 7°C

“Əsl müxalifət” kimdir davası davam edir

07.01.15 10:32 1186
“Əsl müxalifət” kimdir davası davam edir
“Milli Şura rəhbərliyində təmsil olunanlar hakimiyyətdən incimiş şəxslərdir. Onların vaxtilə hakimiyyəti necə dəstəklədikləri hələ heç kimin yadından çıxmayıb. Belə keçmişi olan şəxslər indi durub kimisə qeyri-müxalifət olmaqda ittiham edirlər”. Bu sözləri bizimlə söhbətində Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev AXCP sədri Əli Kərimlinin “Milli Şuradan kənarda real müxalifət yoxdur” fikrinə münasibətini bildirərkən dedi. Qeyd etdi ki, o cəbhədə olan şəxslər bu ifadəni tez-tez gündəmə gətirsələr də, dediklərinin heç bir əsası yoxdur: “AXCP-nin Milli Şura formatında seçkilərə qatılma anonsu normal qarşılanmalıdır. Hər bir partiya öz seçki taktikasını özü müəyyənləşdirir və seçkilərlə bağlı fərdi qaydada qərar verir. Amma paralel şəkildə digər müxalifət partiyalarını qeyri-müxalifət adlandırmaq doğru deyil. Mən kökündən yanlış olan belə fikirlərlə razılaşa bilmərəm. Bu cür ittihamlar səsləndirmək üçün əldə kifayət qədər tutarlı faktlar olmalıdır. Onların əslində kimi nəzərdə tutduqlarını konkret şəkildə deyə bilmərəm. Kimi müxalifət olmamaqda ittiham etdiklərini ən yaxşı özləri bilirlər. Amma inanmıram ki, bizi də nəzərdə tuturlar. Bu, mümkün deyil. Çünki heç mənim özümüz haqda belə məlumatım yoxdur. Ona görə də AXCP-də bizim qeyri-müxalif olmağımız haqda fakt ola bilməz. Milli Şurada hakimiyyəti dəstəkləmiş şəxslərin toplaşdığı məlum məsələdir. Özü də o qurumda yüksək postları tuturlar. Ona görə də bizim haqqımızda bu cür sözlər demələri mümkün deyil. Heç kəs belə fakt ortaya qoya bilməz. Kimdəsə varsa, açıqlaya bilər. Mən Milli Şurada təmsil olunan şəxslər haqda fikirlərimi səsləndirməyə həmişə hazıram. Yaxşı olar ki, onlara səlahiyyət verilmədiyi halda, kimin müxalifət, kimin qeyri-müxalifət olduğunu müəyyən etməyə təşəbbüs göstərməsinlər”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli də AXCP-nin belə bəyanatlar verməsinin yersiz olduğunu bildirdi: “İnsanlar nədənsə keçmişlərini unudurlar. AXCP və ya Milli Şura üzvlərinin parlamentdə təmsil olunduğu vaxtlar yaxşı yadımdadır. Onların nə qədər loyal olduqlarını da unutmamışam. Maraqlı təzaddır ki, indi Əli Kərimlinin müxalifət hesab etmədiyi qüvvələr də o zaman AXCP-ni hakimiyyətə loyallıqda ittiham edirdilər. Faktiki olaraq, deputat mandatı qazana bilməyən kimi radikal qüvvəyə çevrilən onlar oldu. İndi də durub digər müxalif partiyaları bəyənmirlər, müxalifət hesab etmirlər, “bizdən başqa müxalifət yoxdur” deyirlər. Əslində bu, başqa bir məqamın göstəricisidir. Məlumdur ki, parlament seçkilərindən sonra da prezident seçkiləri keçiriləcək. Hesab edirəm ki, indidən o prosesə başlayaraq kampaniya aparırlar. “Kim lider ola bilər, kimin ətrafında birləşmək daha yaxşı olar?” deyə düşünənləri öz tərəflərinə çəkməyə, özlərini ən güclü müxalifət partiyası kimi göstərməyə can atırlar. Məqsəd odur ki, digər müxalif partiyalar diqqətdən kənarda qalsın”.
T.Kərimli faktiki olaraq ölkədə güclü müxalifətin olmadığını da nəzərə çatdırdı: “İstər Milli Şura, istər AXCP, istər Müsavat, istərsə də digər müxalif partiyalarının və ya birliklərinin fəaliyyətinə diqqət yetirsək, vəziyyətin nə yerdə olduğunu aydın görərik. Heç bir müxalif partiya güclü fəaliyyəti ilə seçilmir. Dediyimin əyani sübutu kimi mitinqləri göstərə bilərəm. Etiraza çox az sayda adamın qatıldığını danmaq olmaz. Mitinq vaxtı real tərəfdarların sayı ortada olur. Onların mitinqlərinin də çox zəif keçdiyini hamı gördü. Əvvəlki zamanlarda biz mitinq keçirəndə həmin bu adamlar yazırdılar ki, meydana dedikləri kimi neçə min adam deyil, dəfələrlə az adam yığışmışdı. İndi özləri o vəziyyətdədirlər. Mitinqlərinə olduqca az adam gələndə deyirlər ki, əsas say deyil, keyfiyyətdir və s. Bir sözlə, AXCP və ya Milli Şura özünü mərkəzi qüvvə kimi təqdim etməyə, digər partiyaları sıradan çıxarmağa çalışır. İdeya, ideologiya, əqidə məsələləri çoxdan ikinci plana keçib”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər