• çərşənbə axşamı, 19 mart, 12:59
  • Baku Bakı 8°C

Əsl insan haqqında yazı - Portret

15.06.19 10:00 6672
Əsl insan haqqında yazı - Portret
"Eşidəndə ki, gənc, sağlam adam canına qıyıb, günlərlə özümə gələ bilmirəm. Belə biri niyə bu gözəl həyatdan bezsin, əslində, çox kiçik olan problemlərdən qorxsun ki?! 16 yaşında bütün həyatı alt-üst olan, atasını itirmiş, kasıb, ucqar bir kənd qızı öz əzmi ilə bu günlərə gəlməyi bacarıbsa, əl-ayağı sağlam insanlar qat-qat böyük işlər görə bilərlər. Bütün çətinliklərin mütləq bir həll yolu var. İndiyədək yüzlərlə "olmaz"ı yanıltmışam. Təcrübələrimə söykənib, "bugünkü Zinyət üçün heç bir maneə yoxdur” desəm, səhv etmərəm. Çox ümid edirəm ki, mənim portretim hər bir oxucuya yüksək stimul verəcək, onlar arzularının ardınca daha əmin addımlayacaqlar. Kiminsə qəlbində ümid işığı yandırmaq qədər, məni xoşbəxt edən bir şey yoxdur".

2016-cı ildə "Tərəqqi" medalına layiq görülən Zinyət Vəliyeva, Azərbaycanın ilk qadın paralimpiyaçısıdır. Kamandan oxatma növündə ölkəmizi London və Rio Yay Paralimpiya Oyunlarında təmsil edib. Hələ uzun illər də karyerasını davam etdirmək niyyətindədir. Bir sözlə, tükənməz mübarizliyi ilə olduqca maraqlı, nümunəvi insandır bugünkü qəhrəmanımız.


Çalınmayan son zəng

Vəliyeva Zinyət Səyyad qızı 1974-cü ildə Şəmkir rayonunun Keçili kəndində dünyaya gəlib. Orta təhsilini doğma kəndində alan paralimpiyaçımız, savadlı, çalışqan şagird kimi ad çıxardığı məktəbi bitirməyinə iki ay qalarkən, keçirdiyi beyin insultu səbəbindən yerimə qabiliyyətini itirib. Beş ilə yaxın yataq rejimində müalicə aldıqdan sonra çətinliklə də olsa, əsanın köməyi ilə gəzməyə başlayıb. 1995-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna (indiki Neft və Sənaye Universiteti) qəbul olub. Əyani təhsilini 1999-cu ildə bitirən Vəliyeva, bu müddətdə olduqca aktiv həyat tərzi keçirib. Belə ki, o, 1996-cı ildə yaranmış Milli Paralimpiya Komitəsinin sıralarına qoşulan ilk xanım idmançı olmaqla yanaşı, Əlil Qadınlar Cəmiyyəti adlı qurumun həmtəsisçisidir. Bəs, görəsən, belə bir həyat eşqini doğuran səbəb nədir?


Həyatını dəyişən əsər, ailənin "olmaz"ları və qapısını açmayan qohumlar

- "Hospitalda yatdığım dönəmdə darıxmamaq üçün toxuculuqla məşğul olur, çoxlu bədii kitablar oxuyurdum. Əsərlərdən biri həyata baxışımı tamam dəyişdi. Bu, rus yazıçısı Boris Polevoyun "Əsl insan haqqında povest"idir. Əsərin qəhrəmanı olan Aleksey Meresyevin təyyarəsi hava döyüşü zamanı düşmən tərəfindən vurulur. O, soyuq havada, qaranlıq, ucsuz-bucaqsız meşədə ölüm-qalım savaşı verir. Otlarla, ağac qabıqları ilə qidalanır, vəhşi heyvanlarla mübarizədən qalib çıxır. Aldığı xəsarətlərin təsirindən bir müddət sonra huşunu itirir. Ayılanda isə ayaqlarını hiss etmir. Amma ruhdan düşmür. Protez ayaqlarla nəinki yeriyir, rəqs edir, yenidən təyyarəsini göyə qaldırmağı bacarır. Həkimimin verdiyi bu kitab mənə sonsuz mübarizə əzmi bəxş etdi. Daim xəyallar qurardım. Bir az zəif alınanda, qayıdıb, başqa xəyallar qururdum. Beş ildən sonra attestat aldım. Hazırlaşıb, ailəmin bütün etirazlarına, dörd bir tərəfdən üzərimə yağan "olmaz"lara rəğmən, ali məktəbə sənəd verdim. Qəbul olsam da, sevincini doğru-düzgün yaşaya bilmədim. İlk vaxtlar çox əziyyət çəkdim. Heç bir qohumum məni öz evində saxlamaq istəmədi. Kirayə qaldığım evi də zülmlə tapmışdım. Telefonla zəng edib, razılaşırdım. Ünvana gedəndə isə əlil olduğumu görüb, müxtəlif bəhanələrlə imtina edirdilər".


Özünün dediyi kimi, xəyallarına doğru gedən yol əzab-əziyyətlərlə doludur. Belə ki, o, ali təhsilini bitirdikdən sonra iş tapacağına ümid edib, kəndlərinə dönür. İki ildən çox burada yaşasa da, müraciətlərinin hamısına "yox" cavabı alır. Nəticədə, səbri tükənir, Bakıya qayıtmağı qərara alır. 2002-ci ildə tələbə yoldaşının toyunda iştirak etmək üçün paytaxta gələn Zinyət, elə o vaxtdan Bakıda məskunlaşır. Tanıdığı bir şəxsin köməyi ilə işə düzəlir, paralel olaraq idmanla məşğul olur. Lakin bu dəfə güllə atıcılığına deyil, kamandan oxatmaya üz tutur. İlk paralimpiadasınadək keçən 10 il ərzində o, dəfələrlə respublika çempionatlarının qalib və mükafatçısı olub. 2009-cu ildə Avropa çempionatında beşinci, bir il sonra isə dünya çempionatında doqquzuncu nəticə göstərib. Bu nəticələrə əsasən, London paralimpiadasına lisenziya qazanan Vəliyeva, növbəti oyunlara "wild kard" sayəsində qatılıb. Bununla belə, həmin arada da müxtəlif uğurlar əldə edib. Mükafatlarından biri də 2013-cü ildə İngiltərədə təşkil olunan nüfuzlu beynəlxalq turnirə təsadüf edib - komanda ilə bürünc medal.


Ömrünün sonunadək idman

Əslində, paralimpiya aləmində qocaman çempionlar yetərincədir. Ələlxüsus da oxatma və xüsusi fiziki güc tələb etməyən digər atıcılıq növlərində. Lakin bu da bir faktdır ki, uzun illər idmanda qalmaq möhkəm iradə tələb edir. Hər insan gündəlik, bəzən yorucu, bezdirici məşqlərə tab gətirə bilmir. Praktikaya nəzər salsaq, bizim qadın idmançıların böyük əksəriyyəti bəlli bir müddətdən sonra "həvəsdi, bəsdi" deyib, karyeranı ailəyə qurban veriblər. Zinyət xanımdan "Tokio paralimpiadası sonuncudur, yoxsa Parisə də hazırlaşacaqsınız" deyə soruşduqda, aldığımız cavab belə oldu: "Məndən olsa, ölənədək məşğul olaram. Bu gedişlə, heç 2028-ci ildə keçiriləcək oyunlar da sonuncu olmayacaq".

Bu arada, Rio paralimpiadasından sonra zədə səbəbindən, karyerasına fasilə verən Vəliyeva, bu ilin əvvəlindən hazırlıqlara başlayıb. Həftədə üç dəfə olmaqla, məşq edir. Ötən həftə Hollandiyada təşkil olunan lisenziya xarakterli turnirdə də gücünü sınayan qəhrəmanımız, qarşıdakı - Çexiya və İtaliyada baş tutacaq yarışlarda minimum hədəfinə çatacağına inanır.


Xoşbəxt ailə həyatı

"Xəstə yatağında qurduğum bütün xəyalları gerçəkləşdirmişəm. Ali təhsilim, işim, ailəm, evim var. Hətta maşın da sürürəm. "Xoşbəxt insanam” deməmək üçün heç bir səbəbim yoxdur".

10 il özəl şirkətlərin birində operator kimi işləyən qəhrəmanımız, 2013-cü ildən Azərbaycan Diplomatik Akademiyasında çalışır. Bir müddət təhlükəsizlik şöbəsinin əməkdaşı olan Vəliyeva, hazırda tələbə qəbulu və qeydiyyat şöbəsinin mütəxəssisi kimi əmək fəaliyyətini davam etdirir.

Zinyət, 2013-cü ildə digər paralimpiyaçımız Qalib Əliyevlə ailə həyatı qurub. Cütlüyün bu izdivacdan Həsən adlı bir oğul övladı var. Qeyd edək ki, Qarabağ qazisi olan Əliyev, 2012-ci ildən paralimpiya hərəkatındadır. 2017-ci ilədək qılıncoynatma ilə məşğul olub, bu ilin əvvəlindən kamandan oxatmada şansını sınayır. Aradakı müddətdə isə alpinizmdə adından söz etdirib. 2017-ci ilin oktyabrında "Heydər Əliyev" zirvəsinə yürüş edən Əliyev, bununla da əlilliyi olan şəxslər arasında tarixi ilkə imza atıb. Hər halda, iki mübariz insanın sevgi hekayəsini də oxumaq maraqlı olar.


Q.Əliyev: "Əslində, Zinyəti 1998-ci ildən tanıyıram. İkimiz də Protez Ortopedik Reabilitasiya Mərkəzində müalicə alırdıq. Açığı, o vaxt evliliyimiz barədə heç düşünməmişdim. İş elə gətirdi ki, uzun illər sonra həmin yerdə yenə rastlaşıb, yaxından tanış olduq. Ailələrimiz narazı idi. Deyirdilər, ikinizə də çətin olacaq. Hər şeyə rəğmən, niyyətimizdən dönmədik. Xoşbəxtəm ki, tale qarşıma onun kimi bir qadın çıxardı. Aramızda bəzən fikir ayrılıqları olsa da, yekunda ortaq məxrəcə gələ bilirik. Kamandan oxatmaya da məni, o gətirdi. Bu gün Zinyət yalnız həyat yoldaşım deyil, həm də kumirimdir (gülür)".

"Gərək onu elə yetişdirək ki..."

Bütün xəyallarının gerçəkləşdiyini söyləsə də, necə deyərlər, istəkdən istək doğar. Uşaqlıqdan jurnalistikaya həvəsi olan Vəliyeva, gələcəkdə görkəmli şəxsiyyətlər haqqında məqalələr yazmaq, fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası ilə bağlı layihələr həyata keçirmək arzusundadır. Əsas arzusu isə təbii ki, övladı ilə bağlıdır: "Həsən bizə baxıb, idmana həvəslənib. Bizə qoşulub tez-tez məşqlərə gedir. Görsək ki, həvəsi çoxdur, idmanı seçməyinə əngəl olmayacağıq. Lakin öz ayaqları üstündə möhkəm durması üçün təhsil almağı önəmlidir. Hərçənd, məni, onun maddi təminatından çox, mənəvi tərəfi düşündürür. Gərək elə yetişdirək ki, bizdən utanıb sıxılmasın".


Portret

Z.Vəliyeva: "Hər bir insanın yaşamaq üçün şansı olmalıdır. Hətta bu şans olmasa belə".

Ölkə idmanının inkişafında rol oynamış yüzlərlə şəxs haqqında yazarkən bir qayda olaraq, onların əzmkarlıq cizgilərini xüsusi vurğulamışıq. İstənilən halda, əzm və iradə uğurlu insanı xarakterizə edən əsas amillərdir. Lakin etiraf edək ki, bu dərəcədə parlaq nümunələrə çox rast gəlməmişik. Zinyət Vəliyevanın indiyədək atdığı addımlara, sadəcə, qibtə eləmək olar.

Sahib




banner

Oxşar Xəbərlər