Əsirlikdə qalan musiqi beşiyimiz
Mədəniyyətimizin, əsrarəngiz
musiqimizin beşiyi sayılan, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni
Şuşa. Düz 26 ildir ki, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz
parçası düşmən tapdağı altındadır. 26 ildir ki, didərgin düşdüyü insanlarının
əli o torpağa uzalı qalıb. Neçə-neçə şuşalı Vətən həsrəti ilə dünyadan köç
edib. Neçə-neçə şuşalı yurd dərdi ilə qocalıb. Neçə-neçə şuşalı böyüyüb yaşa
dolub. Neçə-neçə dünyaya gələn körpə Şuşanı görmək həsrəti ilə ayaq tutub...
Hər daşı, hər qarış torpağı xalqımızın həyatında baş verən bir çox
tarixi hadisələrə şahidlik edib Şuşanın... Təkcə cənnət-məkan deyil, həm də
hərbi-strateji əhəmiyyət kəsb edən qala rolunu oynayıb.Düşmənlərə,
yadellilərə göz dağı olub...
Vaxt vardı, bu şəhərin
meydanlarından Cabbar Qaryağdının, Xan və Seyid Şuşinskilərin zəngulələri
eşidilərdi. Havasının, suyunun tərkibi,
təmizliyi, müalicəvi əhəmiyyəti baxımından kurort şəhərləri arasında özünəməxsus
yer tuturdu Şuşa. Yay aylarında Turşsu yaylaqları, Səkilli bulağı, İsa bulağı,
Yuxarı Daşaltı (Şəmilin) bulağı, əfsanəvi "Cıdır düzü”ndə yerli camaatın və
oraya təşrif buyuran qonaqların əlindən tərpənmək mümkün deyildi. Keçmiş
SSRİ-nin dünya şöhrətli kurort şəhərinin ən əvəzsiz məkanı əsrarəngiz təbiətə
malik idi. Bu dağlarda dünyanın başqa heç bir yerində bitməyən xüsusi gözəlliyi
olan gül bitir. Adına "Xarı bülbül” deyirlər. "Gül elə formadadır ki, sanki
gülün üstünə bülbül qonub və yerindəcə donub qalıb. Bu, endemik çiçək həm də
müalicə əhəmiyyətli olduğundan xalq təbabətində ondan istifadə edirlər” - deyə
şuşalılar xatırlayır.
"Şuşa qəribə bir şəhər idi.
1500 metr hündürlükdə yerləşən bu şəhər əsrlərdən bəri Qafqaz, İran və Türkiyə
arasında bir körpü olmuşdu. Ətrafını dağlar, meşələr və çaylar bürümüş gözəl
bir şəhər idi. Dağlarda və vadilərdə çiy kərpicdən tikilmiş balaca komalar
ucalırdı. Yerlilər uşaq sadədilliyi ilə bu komaları saray adlandırırdılar”.
Qurban Səidin "Əli və Nino” əsərinin V fəslində yer alan bu fikirlər
Azərbaycanımızın ayrılmaz parçası olan Şuşanın nağıllar aləminə oxşayan
mənzərəsindən söhbət açır.
Bu şəhər Azərbaycan elminə,
ədəbiyyatına, musiqisinə, hərbinə, publisistikasına adını əbədi yazmış onlarla şəxsiyyətin,
məşhur sülalələrin vətənidir.
XIX əsrdə Şuşa artıq
mədəniyyət mərkəzi idi. Qaynar həyat yaşayan şəhər Qafqazın, Yaxın Şərqin və
Orta Asiyanın müxtəlif guşələrindən gəlmiş şair, yazıçı və musiqiçilərin, teatr
xadimlərinin toplaşdığı şer, sənət məkanına çevrilmişdi. Həmin vaxtlarda
"Qafqazın konservatoriyası” kimi ad çıxaran şəhər vokal məktəbi kimi sürətlə
məşhurlaşır. O dərəcədə ki, tədqiqatçılar İtaliya vokal məktəbi Avropa musiqi
mədəniyyəti tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbinin də Şərq
musiqi mədəniyyəti tarixində eyni mövqeyi tutduğu qənaətinə gəliblər. İlk
musiqi məktəbinin açılması XIX əsrin 70-ci illərinə təsadüf edir. O dövrdə
şəhərdə 95 şair, 22 musiqişünas, 38 xanəndə, 12 nüsxəbənd, 19 xəttat, 16
nəqqaş, 18 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim yaşayıb. Eyni
dönəmdə Şuşa öz ədəbi məclisləri ilə diqqət mərkəzində olub.
Qafqazın cənnəti
1992-ci il may ayının 8-ə keçən gecə erməni hərbi birləşmələri keçmiş
sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının
köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və
qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.Şuşa işğal nəticəsində ölüm sükutuna qərq oldu. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki
qoparılmasına nail oldular.Şuşanın işğalı nəticəsində 480 günahsız
vətəndaş qətlə yetirildi, 600 nəfər yaralandı, 22 min nəfər öz yurdundan
didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər
məlumat yoxdur.
Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan
xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atıblar.
Tarixi-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları,
hətta məzarlıqlar dağıdılıb, zəngin muzey və kitabxanalar talan edilib, bir
vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər
xarabazara çevrilib.
Şuşa şəhərində azərbaycanlıların
tarixi izlərini silmək məqsədi ilə vandallar 600-ə yaxın tarixi memarlıq
abidəsini, o cümlədən Xan mağarası, Qaxal
mağarası,Şuşaqalası, Pənahəli xanın sarayı, Cümə
məscidi, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evi, Molla Pənah
Vaqifin məqbərəsini yerlə-yeksan edib, bütövlükdə 279 dini, tarixi və mədəni abidəni dağıdıblar, bir çox
abidənin erməniləşdirilməsinə nail olublar. ErmənilərŞuşada 7
məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd
təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2
kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini viran ediblər. Şəhərintarix muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin
1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir
Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni
Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın
(100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.
Ermənilərinsanlığa
sığışmayanvəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyli, Bülbül, Natəvan kimi
tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.
Ümumilikdə 1992-ci il
mayın 8-də Ermənistan Silahlı QüvvələrininŞuşanı işğal etməsi nəticəsində
Azərbaycanın 289 kv km ərazisi ermənilərin nəzarətinə keçdi. Ermənilərin Qarabağ xanlığının paytaxtı olmuş
Şuşaya qarşı divanları bu gün də davam edir: şəhərin nadir tarixi abidələrini
dağıdır, milli arxitekturasını silir, istədikləri kimi yenidən qurmağa cəhd
edirlər.
Yaxşı günlərimiz Şuşada qaldı
Şuşadan olan məcburi köçkünlər
doğulduqları torpaqdan uzaqda olmaları ilə heç cür barışa bilmirlər. Şuşa
onların ağrıyan qəlbi, yuxusuz gecələridir. Şuşanın
əhalisi ölkəmizin 58 rayonuna səpələnib. Bakının
Pirşağı kəndindəki Şuşa qəbiristanlğında son 26 ildə doğma yerdən uzaq, Şuşa
həsrəti ilə həyata gözlərini yuman yüzlərlə şuşalı dəfn edilib.
68 yaşlı şuşalı məcburi köçkün Nailə
Məmmədova yaddaşından bircə an da silinməyən o
dəhşətli günü - Şuşanın işğalı gününü göz yaşları ilə xatırlayır: "Gecə atışma
başladı. Dörd bir tərəfdən şəhər artilleriyadan atəşə tutuldu. Atılan
mərmilərdən elə bir şəhərin üstündə günəş parlayırdı. Anamgilə zəng etdim ki, görüm
qardaşlarım şəhərdədir, ya çıxıblar. Qardaşım telefonda ermənilərin şəhərə
hücum etdiyini xəbər verdi. Sonra bacımgildən xəbər tutmaq üçün onlara zəng
etdim. Telefonları cavab verməyəndə nigaran halda tələsik evlərinə yollandım. Onların
evləri "Saatlı” məscidinin yanında idi. Darvazanı açanda evdən əsər-əlamət
olmadığını görüncə dəhşətə gəldim. Ev yerlə-yeksan olmuşdu. Onların sağ qalıb-qalmadığı
öyrənmək üçün qonşuların qapısını döydüm. Heç kim cavab verməyincə geri qayıtmağa
məcbur oldum. Dördyol deyilən əraziyə çatanda göydən mərmilərin yağdığını
gördüm. Həm də mərmilərdən birinin yoldan qaçan bir nəfəri parçaladığının
şahidi oldum. Bunlar çox dəhşətli hadisələr idi. Tələsik evə qaçdım. Həmin vaxt
həyat yoldaşım batalyona getmişdi. "Siz çıxın, mən də gələcəyəm” deyə oradan
xəbər göndərmişdi. Sonra qızımın çalışdığı Əmanət Bankına zəng etdim. Bankın
müdiri Əhməd müəllim şəhəri tez tərk etməyimizi təkid etdi. Həmin vaxt polis
idarəsində çalışan qohumum zəng edərək ermənilərin artıq şəhərə girdiklərini
bildirdi”.
Şuşalıların yuxusunu ərşə çəkən, neçə-neçə sakininin qəlbinə sağalmaz
yara vuran o gecə Nailə Məmmədova da digər şuşalılarla birgə piyada dərə ilə
Turşsu qəsəbəsinə doğru hərəkət ediblər. Həmin vaxt Laçın yolu üzərində
yerləşən Balakirs dağından maşınlar da atəşə tutulurmuş: "Turşsuda Bakıdan
gələn döyüşçülərin toplandığını gördük. Nə qədər cəhd eləsək də, yoldaşım Feruz
Məmmədov haqqında bir xəbər ala bilmədik. Biz əsgərləri daşıyan avtobus vasitəsi
ilə Ağcabədiyə gəldik. Sonra xəbər tutduq ki, bacım və qardaşlarım da şəhərdən
çıxıblar və sağdırlar. Həyat yoldaşımın isə ermənilər tərəfindən əsir
götürülməsi məlum oldu. O vaxtdan onun haqqında heç bir xəbər ala bilməmişəm”.
N.Məmmədova övladları ilə birgə Ağcabədidən birbaşa Yevlaxa - qohumlarıgilə gəlib.
Bir müddət orada qalandan sonra bacı-qardaşları ilə birlikdə Bakıda, Goradil
bağlarında məskunlaşıb: "O vaxtdan yoldaşımdan heç bir xəbər yoxdu. 5 övladım
şuşasızlıqla bərabər atasızlığın da acısını yaşadı. Oxudular, təhsil aldılar,
amma ürəklərindən Şuşanın həsrəti silinmədi”.
Nailə xanımın sonbeşik övladı Bəxtiyar 10 yaşında olub Şuşanı tərk
edəndə. Ancaq oğlu Şuşa haqqında bayatılara, xatirələrə, mahnılara qulaq
asa-asa böyüyüb. Məskunlaşdıqları qəsəbədə şuşalıların yurd yanğılarını görüb,
Vətənin nə demək olduğunu öncə onlardan öyrənib: "Şuşanı qaytarsalar, elə həmin
gün gedərəm” - deyir Nailə Məmmədova: "Oradakı evimizi, küçəmizi, qonşuları heç
unuda bilmirəm. Hər daşı, hər qarışı yadımdadır. Şuşa damağımızın dadını,
ürəyimizin yağını aparıb. Şuşada olanda böyükdən-kiçiyə hamı bir-birini
tanıyırdı. İndi şuşalıların övladlarının çoxu bir-birini tanımır. Elə bil
bir-birlərinə yadlaşıblar. Ən pisi də budur. Yaxşı günlərimiz Şuşada qaldı...
Şuşasız yaşamaq bizim üçün çox çətindir”.
Şuşalılar təkcə özlərinin deyil, bütün Azərbaycan üçün musiqi beşiyi,
cənnət guşəsi sayılan torpaqlarının azad ediləcəyi günü səbirsizliklə
gözləyirlər. Onlar "yalnız o zaman Şuşanın üzərindən duman çəkilər” deyirlər...
Təranə Məhərrəmova