• cümə axşamı, 28 mart, 19:19
  • Baku Bakı 13°C

Əsil insan, alim və köhnə kişi, yerin necə görünür...

19.11.16 12:07 3325
Əsil insan, alim və köhnə kişi, yerin necə görünür...
Unudulmaz pedaqoq, ədəbi tənqidimizin cəngavərlərindən biri, filologiya elmləri doktoru, professor, yazıçı, ən başlıcası bizim nəslin sevimli müəllimi olmuş Qulu Xəlilov barəsində dəfələrlə yazmışam. Hər dəfə də bu çoxcəhətli yaradıcılığa malik şəxsiyyətin müəyyən sahələrdəki xidmətlərindən və qəlbimdəki möhtəşəm abidəsindən söz açmağa çalışmışam. Hər ilin noyabrı... Bu ayda dünyaya gəlmişdi, elə bu ayda da bizə "əlvida” dedi. Nə yazdıqlarım, nə də hazırladığım televiziya verilişi - "Yadigarlar” ürəyimi soyutmadı. Ondan yazmaq, danışmaq-mənim üçün bir doyumsuzluğa çevrilib.
Bu dəfə Qulu Xəlilovun mətbuatla, jurnalistikamızla bağlı fikirlərini araşdırdım. Duydum ki, görkəmli alimin və mükəmməl qələm sahibinin fikirlərindən örnək götürüləcək nümunələr çoxdur. Filoloq alim Hamid Qasımzadə deyərdi ki, Qulu Xəlilovun yaradıcılığı gənc nəslə örnək ola biləcək gözəl keyfiyyətlərlə zəngindir. Əlbəttə, bu, asanlıqla əldə edilməmiş, gərgin əməyin, zəhmətin, səyin nəticəsində qazanılmışdır. Keçirdiyi ağır xəstəliklər, məruz qaldığı çətin cərrahiyyə əməliyyatları onun yazıb-yaratmaq eşqini söndürə bilməmiş, əksinə, iradəsini bir qədər də möhkəmləndirmişdir. Qulu Xəlilovun ilk bədii əsəri "Yaşamaq istəyirəm” povestidir. Əslində əsərin qəhrəmanı - gənc jurnalist Azər Savalanlı elə müəllifin özüdür. Qulu Xəlilov böyük mətanətlə qəhrəmanının -məhz özünün ömrün acısına, ağır zərbəsinə davam gətirmək, hədsiz həyat eşqi ilə yaşamaq və yaratmaq iqtidarında olduğunu bədii sözün qüdrətilə söyləyə bilmişdir. Sovet dövründə bu povesti N. Ostrovskinin "Polad necə bərkidi” əsəri ilə müqayisə edərdilər. Bu gün tam məsuliyyətimlə deyirəm ki, Qulu Xəlilovun əsəri daha güclü və mükəmməldir.
"Elmi təfəkkür və jurnalistlik məharəti” adlı məqaləsində "jurnalistika bir sənət kimi ən çox elmə, yoxsa müəyyən bir janra daxildir” sualını cavablandırıb. 1969-cu ildə yazılmış fikirlər bu gün üçün də aktualdır: "Jurnalistika öz spesifik xüsusiyyətlərinə görə ən çox bədii ədəbiyyatın publisistika növünə yaxın olsa da, onda elmin ünsürləri fəal iştirak edir. Buna baxmayaraq, jurnalistika müstəqil bir sənətdir, həm də xüsusi məharət tələb edən sənətdir. İstedadlı, ağıllı, savadlı, elmli adamların fəaliyyətində jurnalistliyin müəyyən əlamətləri ola bilər, ancaq onları heç kim peşəkar jurnalist saymaz. Bədii yaradıcılıqla məşğul olan sənətkarların fəaliyyətində jurnalistika sənətinin bir sıra xüsusiyyətlərinin olması şübhəsizdir. Lakin burada da hər yaradıcıya jurnalist demirlər. Jurnalistika ilə başqa sənətlər və elmlər arasındakı "yaxınlıq” və "uzaqlıq” da buradan gəlir. Həqiqi jurnalistdə elə spesifik və fərqləndirici cəhətlər var ki, onu heç bir sahənin adamında tapmaq mümkün deyildir. Qüvvətli istedada malik jurnalist birinci növbədə ağıllı mühakimələri, məntiqi dərrakəsi və iti-kəskin qələmi ilə seçilir.” Əlbəttə, jurnalistika ixtisası mətbuatla - qəzet və jurnalla, radio və televiziya ilə ( o vaxt indiki kimi deyildi axı-F.X.) bağlı olduğundan bu sahədə qələm çalan şəxsin də istedadı, məharəti ən çox yazıda meydana çıxır. Yadımdadır ki, bizə dərs dediyi dövrlərdə Qulu müəllim bu cümləni tez-tez işlədərdi ki, jurnalist birinci növbədə müəyyən ideya, məfkurə adamıdır, qələmi, ağlı, fikri ilə aydın bir məqsədə xidmət edən şəxsdir, ictimai-siyasi xadimdir. Məncə, jurnalistin nə dərəcədə qərəzli və ya dürüst olması da elə burdan irəli gəlir. Qulu Xəlilov yazırdı: "Jurnalistin xidmət etdiyi orqan, qəzet-jurnal onun bayrağıdır, ideya və məfkurə silahıdır. Bu silah, bu bayraq isə işıqlı, mütərəqqi fikir və ideyalar təbliğ etməsi, həqiqətin keşiyində ayıq-sayıq dayanması, ictimai haqsızlığa, ədalətsizliyə sərrast atəş açması sayəsində nüfuzlu, güclü, qüdrətli olur. Bu bayraq, bu orqan jurnalistin şərəfi, ləyaqəti və ilham mənbəyidir.”
Beləliklə, Qulu Xəlilovun tövsiyələrinə bu günün prizmasından yanaşsaq gəldiyimiz nəticələrin vacibliyi diqqət çəkir: Həyatı dərindən bilən, geniş dünyagörüşlü, yüksək nəzəri biliyə malik, çevik təfəkkürlü, məntiqli jurnalist həmişə ağlı, biliyi, məlumatı, elmi və publisist təfəkkürü ilə fərqlənir. Bax, o zaman qələm onun əlində insan səadətinə xidmət edən bir vasitəyə çevrilir.
Jurnalistika sənətinin mövzu dairəsinin və həyatı idrak formasının geniş olması jurnalistin bir sıra tələblərə əməl etməsini zəruri edir. Bu səbəbdən də həqiqi jurnalistin həm klassik irsi, həm də əsas etibarı ilə müasir vəziyyəti dərindən bilməsinin əhəmiyyəti böyükdür: "Yüzlərlə faktın içərisindən ən zərurilərini seçib ümumiləşdirmək və yerində istifadə etmək həqiqi ustalıq tələb edir. Bu mənada yaxşı jurnalist bir sıra elm və sənət sahələrini özündə cəmləşdirməlidir. Belə ki, o, həm faktlara yaradıcı yanaşan qabiliyyətli tarixçi və sosioloq, həm iqtisadçı və siyasətçi, həm psixoloq və pedaqoq, həm də iti-kəskin qələmə - sözə malik publisist və ədəbiyyatçı, hətta bəzən filosof olmalıdır. Həqiqi jurnalist kəşfiyyatçı və ixtiraçıdır. Axtaran, arayan, oxuyan, öyrənən, seçən, qruplaşdıran kəşfiyyatçı... Faktların həqiqi məğzini, ruhunu üzə çıxaran və yaradan ixtiraçı...” Nə qədər mənalı və doğru mülahizədir. Həyat da təsdiqləyir ki, bu yol ilə gedən jurnalist həm özü öyrənir, həyatı, varlığı, insanları dərk edir, həm də öyrədir, tərbiyə edir, ilhama gətirir, səfərbərliyə alır, silahlandırır. Bu cəhət həm elmi, həm də bədii təfəkkürün mahiyyətində, məqsəd və niyyətində qüvvətli olur. Qulu Xəlilov yazırdı: "Axtarmayan, öyrənməyən, savadlanmayan, ziyalılaşmayan jurnalistin təfəkkürü də, mühakimələri də bəsit və dayaz olur. O, başqalarının dediklərini təkrar edə-edə nəticədə fikir mühakiməsinin köləsinə çevrilir.” Bu fikrin tamamı kimi Səməd Vurğunun bir deyimini xatırlamaq da yerinə düşür: "İnsan özündən razı qalanda, onun inkişafı dayanır.”
Qulu müəllimin jurnalistdə dəyərləndirdiyi əsas məziyyətlərdən biri də cürət idi. Deyərdi ki, cürətsizlik alçaqlıqdır. Cəsarətsizdən yaxşı iş gözləmə. Belə sifətə malik olan heç bir zaman təşəbbüsə müvəffəq olmaz. Həqiqətən də... Dahi bəstəkar, qüdrətli jurnalist və publisist Üzeyir bəy Hacıbəylinin fikirlərindən sitat gətirərdi: "Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə təməlindən tutmuş dövlətə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətli səadət və xoşbəxtlik sayəsində dolanarkən, cürətsiz məzəllət altında mutəzəyyiq fəna bir ovza ilə ömür keçirir. Cürətli oğul yox mənzilində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xarabazara döndərər.” Qulu müəllim mətbuat tariximizdən onlarla, yüzlərlə misallar gətirərək yazırdı: "Cəsarətli, qorxmaz, mübariz insanlar jurnalistlik fəaliyyətlərində həyatın, dövrün ruhunu, xalqı düşündürən problemləri əsas almış, elm və maariflə bağlı bir çox cəhətləri yana-yana deyə bilmişlər. Həm də təqiblərə, hədələrə, məhrumiyyətlərə məruz qala-qala demişlər, qorxmadan, cəsarətlə demişlər. Onlar sənətin imkan və vasitələrindən bacarıqla istifadə edərək jurnalistika sənətinə bir siyasi kəskinlik, mübarizlik, coşqunluq, publisistlik aşılamış və onu ictimai həyatı, insan idrakını dərk etmə metodlarından birinə çevirmişlər. Jurnalistika həm də ona görə güclü, sirayətedici, təsirli idi ki, həyatın mahiyyətindən, bağrından qopub gəlirdi, varlıq elmi və bədii idrakla təhlil-tədqiq edilirdi. Bu mədəni irsin sirlərinə yiyələnmədən həqiqi jurnalist olmaq olmaz.” Bu mənada müasir jurnalistin üzərinə indi daha ağır və şərəfli vəzifələr düşür. O, klassik irsi mənimsəməklə bərabər müasir elmin, texnikanın müxtəlif sahələrindən də baş çıxarmalıdır. İnternet əsrinin insanlarıyıq. Qulu Xəlilovun uzaqgörənliklə söylədiyi bir fikir bu gün bizim fəaliyyətimizin güzgüsüdür: " Müasir jurnalist bugünkü elmin nailiyyətlərinə bələd olmasa, günün mühüm və vacib məsələlərini öyrənməsə, yüksək dil mədəniyyətinə yiyələnməsə, jurnalist sənətinin ləyaqət və şərəfini doğrulda bilməz.” Burada bir məsələni də vurğulayaq ki, Qulu müəllim həmişə dilin saflığı uğrunda mübarizə aparan böyük vətəndaş alim idi. Qulu Xəlilov üçün ana dilimizin ətrini, ruhunu, şeriyyatını, musiqisini, ahəngini, bütün gözəlliyini təkcə dilçilərimiz deyil, həm də qələm əhli, xüsusən jurnalistlər qorumalıdır. Qulu Xəlilov qətiyyəti budur: "Jurnalist fikirlərinin geniş oxuculara çatması üçün öz yazılarında dil-üslub səlistliyinə, aydınlığına, axıcılığına diqqətlə yanaşmalıdır.”
Yadımdadır, bizə "XX əsr Azərbaycan ədəbiyyatı”ndan mühazirələr oxuyan professor Qulu Xəlilov imkan tapan kimi jurnalistikanın məziyyətlərindən danışar, onun ixtisas sahələri arasında ən şərəfli sənət olduğunu bildirərdi. Tövsiyə edərdi ki, ədəbi yaradıcılıq texnikasını və söz sənətini dərindən öyrənməsək, yaxşı jurnalist ola bilmərik. Tez-tez Avropa filosoflarına məxsus bir müdrik ifadə işlədərdi: "Jurnalistin iddiası hər şeyə üstün gəlməlidir.” Amma sonra da belə izahın verərdi ki, bu iddia dürüstlükdən, haqdan, ədalətdən, həqiqətdən, vicdandan, insana xidmətdən, mənəvi zənginlikdən və nəhayət vətən məhəbbətindən keçməlidir. Xalqı və Xaliqi düşünmək lazımdır. Çünki Allahsızlıq insanı məhv edər. Bütün gizlinləri görən və bilən odur. İndi hərdən mətbuata bazar köşkü kimi yanaşanları gördükcə, fikirləşirəm ki, Qulu müəllim onlar barəsində nə deyərdi? Məzəmmət dolu, yumor qarışıq, amma kəskin, adamın yeddi qatından keçən ifadələri yadıma düşür: " Kal armudlar”. O, bir məsələni də tez-tez vurğulayırdı ki, hər şeyin mayasında, bünövrəsində tərbiyə durur. Həqiqətən də tərbiyəli insan həmişə qərəzdən, böhtandan, sözə xəyanətdən uzaq qaçar. Sevimli və unudulmaz müəllimimizin, əziz Qulu Xəlilovun Con Lokk yaradıcılığından çəkdiyi bir ləçək məzmun mənasına görə bu gün də düşündürücüdür: "Doğrudan da pis tərbiyə olunmuş adamda igidlik kobudluğa, alimlik pedantlığa, hazırcavablıq təlxəkliyə, sadəlik qabalığa, həlimlik yaltaqlığa çevrilir.” Allah sənə rəhmət eləsin, Qulu müəllim! Sən əsil insan, alim və köhnə kişilərdən idin... Yerin necə görünür...
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər