• çərşənbə, 24 Aprel, 10:27
  • Baku Bakı 13°C

“Əsgərlikdə dava etmədiyim gün olmurdu” – Keçmişdəki mən

24.04.17 11:44 4873
“Əsgərlikdə dava etmədiyim gün olmurdu” – Keçmişdəki mən

1995-ci ildə Meksikada keçirilən dünya çempionatında Azərbaycan idmançısı dünya çempionu olur. Həmin idmançı pedestala qalxır, orada Azərbaycanın bayrağı asılıb, himni çalınacaq. Himn çalınmamışdan əvvəl idmançının qazaxıstanlı olduğu elan edilir. O, təşkilatçılara müraciət edib səhvlərini düzəltmələrini istəyir. Onun etirazı həllini tapmır, təkrar elanda yenə Qazaxıstan idmançısı kimi təqdim olunur.
Bundan qəzəblənən idmançı Azərbaycan bayrağını kürəyinə ataraq əlini sinəsinə vurub üzünü zala tutub qışqırır: "Azərbaycan, Qazaxıstan yox”. Həmin idmançımız polkovnik, Fövqəladə Hallar Nazirliyinin idman sağlamlıq klubunun rəisi, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevdir.
Qeyd edək ki, F.Musayev 1991-ci ildə SSRİ, 1992-ci ildə Avropa çempionu olub. 1995-ci ildə Meksikada, 1997-ci ildə Avstraliyada dünya çempionu adını qazanıb. Hazırda karate üzrə qara kəmər 7-ci dan ustasıdır.
F.Musayevlə bu dəfə idman karyerasından yox, keçmişindən, uşaqlığından, gənclik illərindən danışdıq.

"Uşaqlıqda dəcəl, davakar olmuşam”
1962-ci ildə Gəncədə fəhlə ailəsində anadan olub. Uşaqlığı da elə həmin şəhərdə keçir. İndi olduğu sahəyə baxanda düşünmək olar ki, uşaqlıqdan idmana böyük həvəsi, marağı olub. Düzdür, idmanı sevib, amma gələcəkdə bütün həyatını həsr edəcəyi bir işi olacağı ilə bağlı xəyal qurmayıb: "O zaman orta məktəbi bitirib, ali məktəbə daxil olmaq kimi xəyal qururdum. Arzum hüquq-mühafizə orqanlarına qəbul olmaq idi. Uşaqlıqda dəcəl, davakar olmuşam. Professional səviyyədə məşğul olmasam da, həvəskar səviyyədə idmana bağlılığım var idi. Heç vaxt uşaqlıqda idmançı olmağı arzulamamışdım. Güləş, boksla məşğul olan dostlarım olsa da, idman peşəkar səviyyədə məni cəlb etmirdi”.
İdmanla yanaşı, musiqiyə də həvəsi olur, hətta məktəb illərində sinif yoldaşlarıyla birgə musiqi qrupu da yaradırlar: "O vaxt ailələrdə mütləq kimsə musiqi ilə məşğul olurdu. Mən də qarmon ifa edirdim. Götürmə qabiliyyətim yaxşı olduğu üçün qısa müddətdə qarmonda gözəl ifa etməyi öyrənmişdim. Sonra gitarada, zərb alətlərində ifa etdim. 14-15 yaşım olanda "Boney M”, ABBA, "Bitlz” kimi rok qruplarını dinləyirdim. 7-8-ci sinifdə oxuyanda zərb alətləri ilə bağlı bir qrup da yaratmışdıq. Uşaqlığım maraqlı olub. Musiqini sevsəm də, həyatıma çevrilə bilmədi”.

"Dərsdən sonra kənd təsərrüfatı ilə məşğul olurdum”
Ailədə maddi vəziyyət yaxşı olmur deyə, orta məktəb illərində dərslərinə kifayət qədər vaxt ayıra bilmir, buna görə ali təhsil alması da çətinləşir. Amma tale elə gətirir ki, uşaqlıqdan arzuladığı sahəyə gəlib çıxa bilir: "Keçmişimdən danışmaqdan çəkinmirəm. Fəhlə sinfindəniydik, ailəmiz böyük idi, 7 uşağıydıq. Valideynlərimiz bizim yeməyimizi, geyimimizi qarşılamaqda çətinlik çəkirdilər. Mən o çətinlikləri görürdüm. Məktəbdə elə də yaxşı oxuya bilmədim. Dərsdən sonra heyvandarlıqla, kənd təsərrüfatı ilə məşğul olurdum. Dolanışıq üçün hər şey edirdik. 14 yaşımdan fəhləliklə məşğul olmağa başladım. 3-4 özüm kimi fiziki güclü uşaqla gedib dəmir yol vağzalında yük boşaldıb pul qazanırdıq. Günümüzə 100 manat verirdilər, aramızda bölürdük. 14 yaşımdan ailəyə pul gətirə bilirdim. İdmanla məşğul olmağa vaxtım, heyim yox idi, amma polis orqanlarında çalışmaqla bağlı arzularım var idi. Tale elə gətirdi ki, birbaşa ora gedə bilməsəm də, karate vasitəsilə o işə gəlib çıxdım. Beləliklə, 21 il polis orqanlarında çalışdım”.

"Əsgərlikdə olduğumuz şəhərin adı xəritədə yox idi”
1980-ci ildə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətə yollanır: "Əsgərliyim çox çətin yerdə olub. Həmin hərbi hissə ballistik raket təyinatlı idi. Ballistik raketlərlə dünyanın hansı nöqtəsini istəsən vurmaq olurdu. Ona görə həmin yer tam məxfi idi, hansı hərbi hissədə olduğumu tam demirdilər. Əsgərlikdə olduğumuz şəhərin adı da xəritədə yox idi. Qida ilə normal təmin edilirdik. Amma o zaman əsgərlik çətin idi. O vaxt mən əsgərlikdə olduğum yerdə cürbəcür millətlərin nümayəndələri var idi. Onların arasında baş çıxarmaq asan deyildi. Bəzən hansı millətin nümayəndəsi daha çox olurdusa, onlar özlərini daha rahat hiss edirdilər. Amma buna baxmayaraq, əsgərlikdə qısa müddətdə böyük hörmət qazandım”.

"Əsgərlikdən sonra özümə söz verdim ki...”
Həvəskar olaraq maraq göstərdiyi idman əsgərlikdə onun köməyinə çox çatır. Elə peşəkar səviyyədə idmanla məşğul olmağa da hərbi xidmətdən sonra qərar verir: "Əsgərlikdə belə idi ki, bir il öncə gələnlərin yanında yeni gedənlər uşaq kimi olurdular. Yeni getdiyimdə əsgərlikdə ilk davam bir il məndən öncə gələnlərlə oldu. Bir-ikisini döyəndən sonra gücümə bələd oldular, çəkinməyə başladılar. Ümumiyyətlə, əsgərlikdə dava etmədiyim gün olmurdu. Ləqəbimi "karateist” qoymuşdular. Soruşanda karate ilə məşğul olduğumu deyirdim. Bir-iki davadan sonra hərbi hissənin komandiri dedi ki, bu nə karatedir, gündə bir dava salırsan. Kapitan Belotrovu çağırıb məni yoxlamağı ona tapşırdı. Kapitan məni zala apardı və bir-iki fənd göstərməyimi istədi. Heç nə etmədim. Çünki heç nə bilmirdim. Dedi ki, ya sən yaxşı karateçisən, ya da heç nə bilmirsən. Mən cavab vermədim. Amma fiziki hazırlığımı bəyənmişdi. Sonra dost olduq, karatenin bəzi fəndlərini mənə öyrətdi. Əsgərlikdən sonra özümə söz verdim ki, mütləq karate ilə məşğul olacam”.

"Yarıya çatanda aşağı baxdım, ayaqlarım əsdi”
F.Musayev hərbi xidmət illərindən bir xatirəsini də bizimlə bölüşdü: "Hərbi hissəmiz şəhərdəydi, raketlər buraxılan yer isə oradan 40 km məsafədə meşəlikdə yerləşirdi. Bizi ora aparmışdılar. Orada isə bəlkə də 50 mərtəbəli bina hündürlüyü olan qüllə var idi. Əsgər yoldaşlarım dedilər ki, ora heç kim çıxa bilməz. Dedim mən çıxacam. Lovğalana-lovğalana getdim. Özümlə boya və fırça götürdüm. Dedim çıxanda orda olduğuma dair bir iz qoyum. Yarıya çatanda aşağı baxdım, ayaqlarım əsdi. Dedim, mən nə dəlilik edib bura çıxdım. Amma sözü demişdim deyə, etməliydim. Çıxdım və ora Azərbaycan dilində böyük formada "Gəncə 80-82” sözünü yazdım. Nə qədər vaxta çıxdığımı deyə bilmərəm, bir saata düşdüm, bir saat da yerimdə qaldım (gülür A.A). İki gündən sonra komandir yazını gördü, əsgərləri yığıb kimin yazdığını soruşdu. O vaxt Gəncə yox, Kirovabad deyilirdi. Onlar Kirovabad bilirdilər deyə, Gəncənin bizə aid olduğunu düşünmədilər. Özbək, tacik və qazaxların üstünə düşmüşdülər. Üstündən 4-5 il keçəndən sonra ora hərbi xidmətə gedən bir azərbaycanlı məktub yazıb, həmin Gəncə sözünü yazdığım haqda eşitdiyini, buna görə təşəkkür etdiyini bildirirdi”.

"...gəncliyimdə istədiyimi edə bilməmişəm”
Universitet oxuyub arzuladığı sahədə çalışmır, işlədiyi zaman özünü təkmilləşdirmək üçün çalışdığı sahə ilə bağlı ali təhsil alır: "Polis Akademiyasına qəbul olanda artıq polis orqanlarında çalışırdım, cinayət-axtarış idarəsində kiçik əməliyyat müvəkkili idim. Əvvəlcə Texnologiya İnstitutunu oxumuşam, işim üçün lazım idi. Sonra Polis Akademiyasına köçürüldüm. 1997-ci ildə akademiyanı bitirdim. Qiyabi oxuyurdum deyə, işləyir, yarışlarda iştirak edirdim”.
Gənclik illərini istədiyi kimi keçirə bilmədiyini deyir: "İmkan olmadığı üçün gəncliyimdə istədiyimi edə bilməmişəm. Hər bir uşağın istəyəcəyi şeyləri istəmişəm. Məsələn, velosipedim olmağını istəyirdim, buna ailəmizin imkanı olmurdu. Gəncliyim əziyyətlə keçib, amma o əziyyətlə ki, bu gün bəhrəsini görürəm. O vaxt motosiklet arzum da var idi. Hətta dostlarla yığışıb 4 nəfərə bir motosiklet almışdıq. Bir nəfərin evində saxlayırdıq. Evimizdəkilər mənim şərik olduğumu bilmirdilər. Həftədə bir dəfə mən sürürdüm. Amma sonra uşaqlıqda olan arzularımı yerinə yetirdim, velosipedim də var, motosikletim də”.

"Təzə şalvar, köynək alandan sonra bağçaya gedərəm”
F.Musayev deyir ki, indi gənclərə valideynlər hər bir şeyi hazır təqdim etməyə çalışırlar, onları əziyyətlə nə isə əldə etməyə qoymurlar: "Əvvəllər övladlarım, indi də nəvələrim üçün nə isə etmək haqda düşünürəm. Amma bunun düzgün olmadığını bilirəm. Mentalitetimizə yaxın olan bu məsələni doğru yanaşma kimi qəbul etmirəm. Hardasa, kimsə məni düzgün qəbul etməyə bilər, amma içi özüm qarışıq düz etmirik. Biz uşaqları arxayın salırıq, çalışmağa qoymuruq. Mən 14 yaşımda necə qazanmışam? Yaponlar uşaqları 18 yaşa çatandan, ali təhsil alıb, işlə təmin olunandan sonra özlərindən uzaqlaşdırırlar ki, öz həyatlarını qursunlar. Evlənəndən sonra qonaq kimi gəlib gedə bilərlər. Yaponlarda valideynlər qocalarda evlərini dövlətə verirlər ki, uşaqları özləri qazansınlar. Çünki valideynləri də onlara ev verməyib. Özüm başda olmaqla uşaqlarımıza bu şeyləri daha başqa cür aşılamalıyıq.
Uşaq pul qazanmağın çətin olduğunu bilməli, bunun üçün isə işləməlidir. Uşaqlığımla bağlı bəzi şeylər yadımdadır, bəzilərini böyük bacım mənə danışıb. Şalvarım cırılıb yamaq vurulanda, köynəyim köhnə olanda ağlayıb bağçaya getmək istəmirmişəm. Deyirmişəm ki, təzə şalvar, köynək alandan sonra bağçaya gedərəm. O vaxtdan özümə söz verdim ki, həyatda hər şeyi özüm qazanacam. Şükürlər olsun ki, qazandım”.

"Cavanlığa qayıtsam, eyni həyatı yaşayaram, amma...”
Keçmişdəki Füzuli Musayevlə bugünkünü müqayisə etsək, o, çox şeylərin fərqli olduğunu deyir: "İstər daxili, istərsə də zahiri olaraq o vaxtkı Füzuli ilə indiki arasında yerlə göy qədər fərq var. Xarici görünüş təbiidir. Daxili görünüşdə də yaş öz sözünü deyir. Özümü yaşlı hesab etmirəm. Bu gün hansı cavan karate ustası gəlsə, meydana çıxmağa hazıram. Amma zamanla həm həyat, həm işdə insan daha çox təcrübə qazanır. Məsələn, əvvəlki kimi tez əsəbiləşmirəm. Çox şeyi götür-qoy edib hərəkət edirəm, amma əvvəl fikirləşmədən hərəkət edirdim, sonra fikirləşirdim. Bir şeyə sevinirəm ki, mənəvi keyfiyyətlərimi itirməmişəm. Kiməsə köməyim dəyə bilərsə, sahəmə yaxındırsa, çalışmışam kömək edim. Cavanlığa qayıtsam, eyni həyatı yaşayaram, amma bir az fərqli düşüncələrlə”.

"Haqqın tərəfində olsunlar”
Müsahibimiz sonda gənclərə məsləhətlərini də verdi: "Gənclərimizin düşüncələrinin dəyişməsini çox istəyərdim. Bu gün internet və sosial şəbəkələr gənclərimizin şüurunu çox korlayıb. Artıq uşaq yaşlardan internetə daxil olurlar. Əvvəl biz qəzetdən oxuyurduq. İnternetə daxil olan kimi hansısa bir gəncin intihar xəbərini oxuyuruq. Axı onlar nə yaşayıblar ki, intihar edirlər? Sosial problemləri əsas səbəb olaraq yazırlar, amma daxildə olan mənəvi problemin rolu böyükdür. Gənclərimizə arzu edərdim ki, millətçi olsunlar, torpaqlarını sevsinlər, həmrəyliyimizi qoruyub saxlasınlar, böyük sözü ilə oturub-dursunlar. Böyüklər heç vaxt pisi məsləhət görməzlər. Böyüklər isə valideynlər, sonra da müəllimlərdir. Bir də idmana meylli olsunlar. Şərt o deyil ki, peşəkar idmançı olsunlar, idman sağlamlıq cəhətdən çox yaxşıdır. Bir də haqqın tərəfində olsunlar”.
Aygün Asimqızı



banner

Oxşar Xəbərlər