• cümə, 29 Mart, 17:07
  • Baku Bakı 14°C

“Əsgəri vəzifəmi yazdığım kitablarla həyata keçirirəm”

14.06.16 12:46 3273
“Əsgəri vəzifəmi yazdığım kitablarla həyata keçirirəm”
Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV qurultayına qatılan soydaşlarımız arasında o da vardı – Aygün Attar. Türkiyənin məşhur Giresun Universitetinin professoru, tanınmış siyasi tarixçi.

Aygün Attar "Kaspi”nin qonağı olarkən Bakıya budəfəki gəlişinin onun üçün 3-cü dərəcəli "Vətənə Xidmətə görə” ordeni ilə mükafatlandırılması, həmçinin Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının tərkibində yer alması ilə yadda qaldığını söylədi.

Ən şərəfli mükafat

- Bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycanlılarının 4-cü qurultayında iştirak etmisiniz. Təəssüratlarınızı eşitmək maraqlıdır.
- Qurultaya dəvət ediləndə dünyada Azərbaycan dövlətinin ciddi dəstəyi ilə bu qədər çox sayda diaspor təşkilatı olduğundan xəbərsiz idim. Çünki prezident İlham Əliyev açılışdakı çıxışında Azərbaycan diasporunun dünyada 462 qurumunun olduğunu qeyd etdi. Bunun üzərinə səfirliklərimizi və nümayəndəlikləri əlavə edəndə çox ciddi rəqəm alınır. Hazırda Azərbaycandan kənarda təxminən 500-ə yaxın diaspor təşkilatı fəaliyyət göstərir. Qurultayda dünyanın 49 ölkəsindən 500-dən artıq qonaq vardı. Təəssüratlarıma gəlincə, cənab prezident mövcud vəziyyəti analiz etməklə bərabər gələcəkdə nə etmək lazım olduğunu, Azərbaycan diasporunun strategiyasını ortaya qoydu. Xüsusən dünyanın hər tərəfində yaşayan azərbaycanlılarda böyük ruh yüksəkliyi yaradan aprel müharibəsi haqqında danışdı. Prezident yumruğu sıxılan əlini havaya qaldıraraq Azərbaycan əsgərlərinin zəfərləri naminə «Azərbaycanın qəhrəman əsgərlərinə eşq olsun!», «Eşq olsun Azərbaycan ordusuna!» deyə səsləndi. Şəxsən o rəsm mənim qəlbimdən, yaddaşımdan həyatımın sonunadək silinməyəcək.
Bu qurultay həm də yaxşı mənada mənim yükümün ağır olduğu bir qurultay oldu. Mən bağlanış mərasimində də iştirak etdim. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun rəhbərlik etdiyi həmin mərasimdə yer alan dörd nəfərdən biri idim.

- Diaspor sahəsindəki xidmətlərinə görə mükafatlandırılanlar sırasında sizin də adınız var. 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeninə layiq görülmüsünüz. Həmçinin Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının tərkibində yer almısınız. Bütün bunlar üzərinizə hansı məsuliyyəti qoyur?
- «Vətənə xidmətə görə” ordeninə layiq görülməyimi Bakıya gəldiyim gün öyrəndim. Prezidentin rəsmi saytında məlumat yayımlandıqdan sonra mənə söylədilər. Bu, 30 ilə yaxın vətəndən kənarda yaşayan, ancaq qəlbi hər an, hər dəqiqə vətəni üçün döyünən bir insana verilən ən şərəfli mükafatdır. Burda "Vətən” kəlməsinin olması çox əhəmiyyətlidir. Adımın Şurada yer alması, salondakı insanlar tərəfindən təsdiq olunması böyük bir şərəfdir. Buna görə təşəkkür edirəm! Məsuliyyətimi daha da artmış hiss edirəm. Hər halda hiss edirəm ki, Vətəndən uzaqda, amma hər dəqiqəsi Vətənlə keçən bir insanın fəaliyyətini çox yaxşı şəkildə analiz ediblər. Bilirsiniz ki, həyatımın 30 ili - Dağlıq Qarabağdakı torpaqlar işğal edilməmişdən əvvəlki illərdə magistratura və doktorantura dönəmləri də daxil olmaqla mən erməni məsələsini, sözdə erməni "soyqırım”ını, Dağlıq Qarabağ məsələsini, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin dövlətçiliyinə yönəlik mövzuları ortaya qoymuşam. Mənim bütün araşdırmalarım bunlarla bağlıdır. Yaxın və qonşu coğrafi ölkə olan İranla bağlı müəllifi olduğum «İranın etnik strukturu» kitabı Yaxın Şərqdə "Olub-keçənləri anlamaq üçün oxunması lazım olan 100 kitab” siyahısına daxil edilib. Mən həmçinin, Türkiyədə Xocalı hadisələrinin soyqırımı olduğunu dissertasiya olaraq gerçəkləşdirən və bunun elmi rəhbərliyini həyata keçirən bir insanam. Bu əsər elmi nəzəriyyə olaraq Türkiyədə qəbul və müdafiə olundu. Hazırda isə Türkiyə Dövlət Kitabxanasında «Xocalı soyqırımı» adı ilə yer alıb. Bu istiqamətdə tək çalışmıram. İnanıram ki, dünyanın hər yerində olan azərbaycanlılar bəlkə məndən də çox aktivdirlər. Sadəcə, mənim əlim çatan publika bir az fərqlidir. Professor ünvanına sahib olmağım, uzun illər 30 min tələbəyə malik bir universitetdə dekan, prorektor və rektor kimi çalışmağım önəmli amillərdir. Ona görə də Türkiyənin ən populyar televiziya kanallarında sıx-sıx bu mövzuda çıxışlar edirəm. Türkiyədəki səfirimizin də bununla bağlı mənimlə söhbəti və təşəkkürü oldu. Aprel müharibəsi ilə bağlı Türkiyə televiziyalarında 12 dəfə «Müharibələr nə üçün olur?», «Azərbaycanın haqlı davası nədir?», «Erməni əsgərlərinin orada nə işi var?» və s. kimi suallar elmin dili ilə söyləndiyi zaman cəmiyyət tərəfindən daha çox qəbul edilir. İnşallah bundan sonra da fəaliyyətimizi daha aktiv quracağıq.

Xaricdə yaşayanların məsuliyyəti

- Qurultayda moderatorluq etdiyiniz iclasda xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkənin ictimai-siyasi həyatında zəif iştirak etmələrinin müzakirə mövzusu olmasını istədiniz. Bu mövzunu gündəmə gətirməyinizin səbəbi nə idi?
- Ciddi müzakirələrin keçirildiyi toplantılar oldu. Mənim moderator olduğum iclasdakı çıxışım dövlət başçısının da ortaya qoyduğu məsələlərlə bağlı idi. Yaşadığımız ölkələrə azərbaycanlıların fəal inteqrasiya olunması, oradakı ictimai-siyasi həyatda yer almamız və ya yer ala bilməməyimizin səbəbləri müzakirə olundu. Bir alim kimi konkret olaraq tələb elədim ki, bizim uğurlarımız şübhəsiz hamımızın uğurlarıdır. Bir də zəif olduğumuz yerlərdə "nə üçün zəifik?” - bunları danışaq. Bütün mətbuat çox haqlı olaraq bu mövzuya ciddi yer ayırdı. İlham Əliyev qeyd etdi ki, soydaşlarımız yaşadıqları ölkəyə inteqrasiya olarkən öz kimliyini unutmamalı, dilimizi uşaqlarımıza öyrətməli və Azərbaycanla əlaqələrimizi kəsməməliyik. Xaricdə yaşayan azərbaycanlıların ildə azı bir dəfə Azərbaycana gəlməsi vacibdir. Təcrübə göstərir ki, yaşadığımız yerlərdə qeyri-rəsmi təşkilatlarla təmas qurduğumuz, dövlətin ictimai-siyasi həyatında fəal rol oynadığımız, cəmiyyət qarşısına çıxıb fikirlərimizi ifadə edəcək səhnə fürsəti tapdığımız zaman sözümüzü fəal və rahat şəkildə kütlələrə çatdıra bilirik. Və ya Azərbaycan dövlətinin hazırda əsas problemi olan torpaqlarımızın işğalı və geri qaytarılması ilə bağlı ictimaiyyətdə dəqiq şəkildə rəy yarada bilirik. Buna görə də xaricdə yaşayan azərbaycanlıların ikiqat artıq məsuliyyəti var.

- Diaspor təşkilatlarının fəaliyyətinə toxunarkən qeyd edim ki, keçən il Berlində olarkən orada fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar arasındakı əlaqənin çox zəif olduğunu müşahidə etdim.
- Düzdür, təşkilatlar arasında koordinsiya problem var. Bunu cənab prezident də söylədi. Hətta, çıxışının bir paraqrafını o məsələyə ayıraraq: «Mənim məlumatım var. Bəzi diaspor təşkilatlarının arasında müəyyən narazılıqlar var. Səfirliklərlə diaspora təşkilatları arasında əlaqə zəifdir. Biz hamımız bir nöqtədə, bir güc altında birləşdiyimiz zaman diaspor fəaliyyətimiz güclü olacaq”-deyə bildirdi. Mən eynilə bu fikirlərə qatılıram. Moderator olduğum toplantıda da bu fikirləri söylədim. Yəni şəxs olaraq ayrı-ayrılıqda bizdə problem ola bilər. Bu problemlər bəzən evimizin içində övladlarımızla da yaranır. Ancaq iki şey çox mühümdür: Azərbaycan hazırda savaş halında olan bir ölkədir. Bizim düşmənimiz var və bu düşmən dünyanın müharibə qaydalarına riayət etmədən Azərbaycan xalqının yaşadığı bölgəyə təcavüzünü davam etdirir. Bu ölkənin sivil vətəndaşlarına qarşı qətliam, soyqırımı törədib və torpaqlarımızın 20 faizini işğal edib. Biz müharibə halında olan dövlətik. Hazırda milli, vətəndaş qeyrəti olan hər kəsin birləşib bir araya gəlməsi və güclü Azərbaycan içərisində varlıq göstərməsi lazımdır. Əsas Ermənistanın gerçək üzünün göstərilməsi, qondarma "Dağlıq Qarabağ Respublikası”nın heç bir dövlət tərəfindən qəbul edilmədiyi, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi, işğal olunmuş 20 faiz torpaqlarımızın geri qaytarılması üçün lazımı bəyanatların verilməsindən ötrü bir arada olmağımız vacibdir. Bunların hər ikisinin üzərində çətir mahiyyətində bizim hamımızın eyni nöqtədən bir şey tələb etməyimiz lazımdır: «Tarixi Azərbaycan torpaqlarının, İrəvan xanlığının yerində uydurma bir şəkildə inşa edilən və "Ermənistan Respublikası” deyilən torpaqlar, yəni Qərbi Azərbaycan torpaqları ilə bağlı ciddi iddialarımız var. Bizim bu torpaqlarda haqqımız var və o haqqımızı tələb edib bunu dünya ictimaiyyətinə çatdırmalıyıq.

- Bu yaxınlarda Almaniya Bundestaqı "erməni soyqırımı”nı tanıması ilə bağlı qərar qəbul etdi. Prezident İlham Əliyev Almaniyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə bu məsələyə münasibətini ortaya qoydu. Prezident "soyqırımı” qərarına etiraz olaraq Bundestaqdakı görüşü səfər proqramından çıxardı. Almaniyanın qərarı ilə bağlı siyasi tarixçi kimi siz necə düşünürsünüz?
- Bu məsələlərlə bağlı prezident İlham Əliyev nə söyləyirsə, hamısı ilə həmfikirəm. Mən siyasi tarixçi olduğum üçün bildirirəm ki, bu, tamamilə siyasi qərardır. Türkiyənin bütün xəbər saytları İlham Əliyevin alman millət vəkilləri ilə görüşmək istəməməsini baş xəbər kimi verdilər. Bu da həmin məclisin verdiyi qərara etiraz idi. Hər dövlət başçısı da bunu etməzdi. Mən prezidentin bu addımını Facebook-da status kimi paylaşaraq «Azərbaycanın suyu, çörəyi halal olsun, cənab prezident» - deyə yazdım. İlham Əliyev Almaniya Parlamentdə verilən sözdə «erməni soyqrımı» adlı qərara qarşı qətiyyətli bir jest sərgilədi. İllərdir Türkiyənin yönəticiləri də deyirlər ki, Azərbaycan və Türkiyə "bir millət iki dövlət”dir. Türkiyə Cümhüriyyətinin yeni baş naziri Binəlı Yıldırım da Bakıya gəlişi zamanı dövlət başçısı İlham Əliyevlə keçirdiyi mətbuat konfransında eyni fikirləri söylədi. Gəlin bir konfrans keçirək, qoy erməni tarixçiləri də gəlsinlər. Arxivləri açaq, görək kim-kimi soyqırımı edib. Görək ki, 1905-1907-ci illər Bakıda erməni-müsəlman qırğını dediyimiz hadisələr zamanı nə qədər müsəlman qırılıb. 31 Martı Azərbaycan parlamenti soyqırımı günü elan edib. Nə üçün dünyanın başqa dövlətləri bu soyqırımı tanımır? Bu məsələlərlə bağlı mənim çox sayda, həmçinin xarici ölkələrdə yayımlanan elmi məqalələrim var. Azərbaycan dövlətinin ağıllı siyasəti nəticəsində 10 dövlət Xocalı soyqırımını tanıdı. Bütün dövlətlərin bunu tanıması lazımdır. Elə başda da «Bir millət, iki dövlət” dediyimiz Türkiyənin Xocalı soyqırımını tanıması gərəkdir. Ona görə də mən «həssaslıq» göstərilib Almaniyanın 1915-ci ilə aid tarixi "soyqırımı” kimi tanımasını və Bundestaqda qərar qəbul edilməsini tamamilə siyasi bir qərar hesab edirəm. Bunun Türkiyənin və Azərbaycanın əleyhinə bir qərar olduğunu düşünürəm. Qəsdən bu qərarı verirlər ki, guya Ermənistanda əhval-ruhiyyə hədsiz dərəcədə pisdir. Sarkisyan aprel müharibəsindən dərhal sonra Almaniyaya gedərkən Merkellə mətbuat konfransında Azərbaycan ordusunun nə qədər qüvvətli olduğunu etiraf etdi. Bu qərarı Ermənistanda yaşayan erməni xalqının öz ayaqlanmasına üsyan edərək: «Qarabağ bizim deyil, bizim Qarabağda nə işimiz var?» - deyə əhval-ruhiyyəsini müsbət yola dönüşdürmək üçün bir addım görürəm. Ermənistanın bütün bu mənfi əhval-ruhiyyədən qurtulması üçün Almaniya tərəfi bu addımı atdı. Biz bu qərarı qətiyyətlə rədd edirik və qəbul etmirik.

İnsan kimi yaşamağımız üçün

- Siz keçən il də Bakıda Beynəlxalq Humanitar Forumda iştirak elədiniz. Bu gün dünyada müharibə gedən bölgələr var, miqrant problemi dünyanı başına alıb, qanlı terrorlar baş verir, insanlar ölür. Ancaq forumlarda «Biz insan olduğumuzu unutmamalıyıq» kimi fikirlər səslənir. Bu kimi çağırışlarla terroru durdurmaq olarmı?
- Heç şübhəsiz, belə çağırışlarla terrorun qarşısı alınmaz. Ancaq bu cür çağırışları etməliyik və israrla gündəmə gətirməliyik. Qadınların səslərinin cəmiyyətdə yüksək çıxması lazımdır. Keçən ilin oktyabr ayında mən BMT tərəfindən, "Qadın çalışmaları və qlobal ittifaq” deyilən proqram əsasında Cenevrədə təşkil olunan toplantıya dəvət olunmuşdum. Zərər çəkmiş ailələrdə zərəri ən ağır yaşayan qadındır. YUNESKO-nun baş direktoru İrina Bokova məni təşkilatda qəbul etdi. Giresun Universitetində "Qadın və kişilərin ədalət bərabərliyi və qadının gücləndirilməsi” kafedrası açdılar və məni həmin kafedranın rəhbəri təyin etdilər. Mən hazırda Türkiyənin yeganə bir universitetində BMT-nin YUNESKO tərəfindən açılmış bir kafedrasının rəhbəriyəm. Qadın olaraq yüksək səslə deyirəm ki, yer üzü hamımız üçün insan kimi yaşamağa yetəcək qədər böyük bir məkandır. İnsan kimi yaşamağımız üçün savaşlara, terrora son verilməsi gərəkdir. Amma bir vətəndaş olaraq da deyirəm ki, vətən torpaqlarının işğaldan azad edilməsi hər bir vətəndaşın birinci dərəcəli vəzifəsidir və bunun üçün də cəbhədə əsgərlik edənlərlə birgə biz - bütün dünya azərbaycanlıları da eyni zamanda əsgərik. Mən əsgəri vəzifəmi yazdığım kitablarla, çalışmalarımla həyata keçirirəm. Digərləri də başqa sahədə həyata keçirirlər. Mən fəxr edirəm ki, azərbaycanlıyam!

Müsahibəni apardı
Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər