Əsgərə ürək payı - Fotolar
"Salam,
vətənimi qoruyan, keşiyində duran, vətəni vətən edən əsgər! Bu mənim yazdığım
ilk əsgər məktubudur. Sərhədlərimizdə, cəbhə xəttində düşmənlə üz-üzə keşik
çəkdiyin, yay günəşinin yandırıb-yaxmağa başladığı bu günlərdə mən rahat, sərin
otaqda çalışıram. Sən və hərbçi yoldaşların torpaqlarımızı gecə-gündüz qoruduğunuz
üçün mən gecələri rahat yata bilirəm. Ürəyim rahatdır, ona görə ki, Azərbaycanın
sənin kimi mərd oğulları var!
Bilirəm,
oralarda zaman burdakı kimi keçmir. Bəzən bir saat bir günə bərabər olur. Amma
əminəm ki, zaman gələcək, hərbi xidmətdə keçirdiyin bu günlərini qürurla
xatırlayacağıq. Bəli qürurla. Çünki sənin daşıdığın addan şərəfli ad yoxdur
dünyada!
Əsgərlik həyatı tam fərqlidir əslində. Zamanla həyata baxışın dəyişir sanki. Bəzi
dost saydıqların dostluqdan çıxır, zamanında az vaxt sərf etdiyin ailən daha ön
plana keçir, onları daha çox düşünməyə başlayırsan. Ananın sənə etdikləri daha
çox yadına düşür. Onun bişirdikləri evdən uzaqda sənin üçün dünyanın ən ləziz
yeməyi olur...
Hər
bir çətinliyə baxmayaraq, möhkəm ol, əsgər, dəyanətli ol! Çünki bu vətənin,
bizim sizin kimi oğullara ehtiyacı var” - deyə mən də bir məktub yazmaq istədim.
23-24
iyun tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərpoçt”
MMC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr
olunmuş"Əsgərə məktub” adlı aksiya keçirdi. Həmin gün "Park Bulvar”dakı
"Azərpoçt” MMC-ninxüsusi guşəsində vətəndaşlar toplaşıb, əsgərlərə məktublar
yazdılar. Elə mənim yazmaq istəyib də yaza bilmədiyim kimi və daha təsirli, mənalı
məktublar. O məktublarda sevgi, qürur, məsləhət, qayğı... nələr vardı. Bu
layihə sərhəddə keşiyimizi çəkən əsgərlərə mənəvi dəstək göstərmək üçün
başladılmışdı. Belə ki, aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz əsgərinə,
ordusuna ehtiram və diqqətinin "Azərpoçt” MMC vasitəsi ilə çatdırılması və
insanlarda məktub yazmaq vərdişini təşviq etməkdən ibarət idi.
"Sözləriniz
ağ kağız üzərində əbədi həyat qazansın!” şüarı ilə təşkil olunan aksiyanın
birinci mərhələsi saat 12:00-dan 21:00-a qədər "Park Bulvar” mərkəzində baş
tutdu. Tədbir iştirakçıları sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazaraq
ürək sözlərini ünvanladılar. Aksiyanın ikinci mərhələsi isə dünən Müdafiə
Nazirliyinin "N” saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata
keçirildi.
Aksiyanın
iştirakçılarından biri, əsgərə məktub yazan Azərbaycan Jurnalistlər
Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyir ki, bir
aksiyanın məqsədi Azərbaycan əsgərinə, ordusuna ehtiram və diqqətin
çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdirsə, bu
aksiyada iştirak etməmək mümkünsüzdür: "Bu bizim mənəvi borcumuz idi. Bu
məktublar mənim üçün o qədər təsirli idi ki, özüm də bir neçə kəlmə ürək sözümü
yazmaq istədim və birnəfəsə yazdım. Sanki bir neçə müddət idi ki, yazacağım
həmin o kəlmələri beynimdə saxlamışdım. Düzü, məktubu kimin oxuyacağını
bilmədim. Amma məktubu oxuyan əsgərin geriyə mərd, qürurlu dönəcəyinə hamı kimi
mən də çox inanıram. Hamını da inanmağa səsləyirəm. Bizim məktublar yazdığımız
əsgərlərin timsalında cəbhə boyunca döyüş növbəsində, qarovul xidmətində hazır,
müsəlləh dayanan bütün əsgərləri, zabitləri öpürəm, bağrıma basıram. Biz
onların qardaşlarıyıq. Biz də həmişə onlarla birlikdə Vətənin müdafiəsində
dayanmağa hazırıq. Allah səni qorusun, Azərbaycan əsgəri”.
Tanınmış
jurnalistin sözlərinə görə, bu, bir həqiqətdir ki, Azərbaycan Ordusu günü-gündən
böyüyür və güclənir: "Bu gün Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə
bağlı böyük, möhtəşəm bir parad keçiriləcək. Son hazırlıq işləri görülür. Xalqımızın
Milli Ordumuza inamı var, güvəni sonsuzdur. Əgər Qarabağı kimsə azad edəcəksə,
məhz Azərbaycanın Milli Ordusu azad edəcək. Qarabığ azad etmək bizim ordumuzun,
əsgərlərimizin boynuna düşür. Vətənə inam, xalqa sədaqət məhz bizim
əsgərlərimizi qələbəyə sövq edəcək”.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru,tanınmış modelyer, dizayner Gülnarə Xəlilova da həmin gün əsgərlərimizə məktub yazıb, öz
sovqatını göndərib. "Kaspi”yə açıqlamasında modelyer "Azərpoçt”un keçirdiyi
layihənin ilk iştirakçısı olmadığını qeyd etdi: "Bundan öncə "Azərpoçt”un
keçirdiyi 8 Mart Qadınlar Günü münasibəti ilə layihədə də iştirak etmişdim,
orada analara məktub yazdıq. Bu layihəyə gəlincə isə, təşəbbüs çox gözəldir.
Mən bu layihəyə Günel Gözəlova tərəfindən dəvət aldım. Elə orada Günel xanıma
fikirlərimi bildirdim. Bu gün biz Azərbaycanda rahat şəkildə yaşayırıqsa, bu bizim
əsgərlərimizin sayəsindədir. Biz rahatlığımızı əsgərlərimizə borcluyuq. Məhz
belə layihələrdə iştirak etmək bizim borcumuzdur. Vətənimizin sərhədlərində
qar, qış, boran bilmədən düşmənlə üz-üzə dayamam əsgərlərimizin mənəvi dəstəyə,
bizim onlara olan güvənimizi görmələrinə, gözəl sözlərə, diləklərə, arzulara
ehtiyacı var. Biz də ürəkdən gələn ən gözəl sözlərimizi məktub vasitəsi ilə
göndərdik. Əlbəttə ki, onlara sovqat payımız da oldu. Hər birimizin könlündən
onlara sovqat göndərmək keçirdi”.
Moda
ustası deyir ki, bu layihədən gözəl təəssüratlarla ayrılıb: "Vəzifəsindən asılı
olmayaraq hər bir vətəndaş bu tip layihələrdə iştirak etməlidir. Çünki səngərdə
dayanan əsgərlərimizin hər zaman mənəvi dəstəyə ehtiyacı var. Onlar hər gün
düşmənlərimizlə üz-üzə gəlirlər. Çətin bir missiyanın daşıyıcılarıdırlar. Biz
hər zaman onları düşünməli və dəstəkləməliyik. Vətənə məhəbbət, sevgi, bu tip
hislər çox olmalıdır ki, əsgərlərimiz də layiqincə öz dövlətlərinin
sərhədlərini qorusun. Bu gün milli ordumuzun yaranmasının 100 illiyidir. Azərbaycan Ordusu Qafqazın ən güclü
ordusu statusunu daşıyır. Bu münasibətlə də əsgərlərimizi və xalqımızı təbrik
edirəm”.
"Mədəniyyət.AZ" jurnalının baş redaktoru, filologiyaüzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisiZöhrə
Əliyeva da əsgərlərə
məktub yazanlardan idi. Deyir ki, həmin gün işləri çox olsa da, özünü tədbirə
çatdıra bilib: "Məni hər zamankı kimi, çox gözəl qarşıladılar. Bu layihədə bir
neçə dəfə iştirak etmək şansını qaçırmışam, amma elə təəssüflənirdim ki! Belə
layihələrdə hər bir vətəndaşımızın iştirakı, məncə, bir vətənpərvərlik
borcudur! Bəzən insanlar uzun illər ürəklərində qalan sözləri nəhayət ki,
söyləmək istəyirlər! Ya da sətirlərə çevirmək istərlər! Məhz o məqam idi.
Ordumuzun 100 illiyi ərəfəsində keçirilən bu aksiyada çox illər əvvəl ürəyimdən
keçənləri yazdım. Onların hər biri mənim qardaşım, oğlum, dostum ola bilərdi! Hansısa
birini tanımasam da, o mənim doğmamdır, əzizimdir! Qoy Tanrı hər bir Vətən
övladının ürəyinə təpər, qoluna qüvvət versin, düşmənə qarşı amansız, dosta
mərhəmətli olsun! Bütün hallarda insan adının şərəfini qorusun! Bəzən hətta
sülh şəraitində də insanların şərəf və ləyaqət anlayışı o qədər korlanır ki,
bərpasına 100 illik müharibələr də bəs etmir. Görünür, biz millət olaraq belə
bir utancverici faktın qarşısında qalmışıq. Bədnam qonşularımız bizi bu durumla
üzbəüz qoyur. Amma haqq-ədalət bizimlədir. Biz öz torpaqlarımızı, azadlığımızı,
özğürlüyümüzü qoruyuruq! İnşallah ki, qələbə bizimlə olacaq! İnam və cəsarət.
Budur bizim silahımız! Sevimli əsgərlərimizə deyəcək o qədər sözlər var ki,
hamısını deməyə nə vaxt, nə də o ağ kağızlar bəs etməz, amma dualarımız
onlarladır! Həyatımız, Vətənimiz onlara əmanətdir! Bir gün, lazım olsa, biz də
onlara qoşunlarıq, əlimizə silah da alarıq, təki Vətən sağ olsun. Oğullarımızın
yaralarını deyil, qələbə sevincinin nəvazişiylə əzizləyəcəyimiz günü
səbirsizliklə gözləyirik! Ordumuzu təbrik edir, xalqımıza qələbə sevincləri
arzu edirəm. Bu xalqın, millətin bir fərdi olaraq mən də Vətənimin azadlığı
uğrunda canımdan keçməyə hazıram”.
"Azərpoçt” MMC-ninmətbuat katibi Günel
Gözəlovailə
Tərtər rayonundakı "N” saylı hərbi hissənin əsgərlərinə məktubları təqdim edib
qayıtdıqdan sonra əlaqə saxladıq. Qurumun sözçüsü bu missiyanın öhdəsindən
komanda ilə birlikdə layiqincə gəldiklərini dedi: "Məktub yazmaq gözəldir, hələ
bu məktubu əsgərə yazmaq isə gözəl olduğu qədər məsuliyyətlidir. Bu bizim ilk
layihəmiz deyil, 8 Mart qadınlar bayramında da Azərbaycan qadınına həsr olunmuş
belə bir layihəmiz həyata keçdi. Bu isə növbəti layihəmizdir. Məqsədimiz həm də
məktub yazmaq vərdişini geri qaytarmaqdır. Rəhbərliyimizə müraciət edib belə
bir layihə təqdim etdim. Layihə təsdiqləndikdən sonra onun icrasına başladıq”.
Səfərdən
geri dönən G.Gözəlova missiyalarını yerinə yetirdiklərini və çox uğurlu
alındığını bildirdi: "Bu layihə böyük əks-səda saldı. Məktub vasitəsi ilə Azərbaycan
vətəndaşının ehtiramını, sevgisi bildirməsində "Azərpoçt”un xidmətlərindən
istifadə edərək vasitəçi olduq. Bu xidmət pulsuz qəbul olunurdu. Vətəndaşlar
istədiyi ərzaq məhsulları, sovqatları təqdim etdilər. O sovqatların hamısına
ciddi şəkildə nəzarət olunurdu. Nəticə olaraq dünən cəbhə bölgəsində, Tərtərdə N saylı hərbi hissəyə getdik,
əsgərlərimizə Azərbaycan vətəndaşlarının yazdığı məktubları və göndərdikləri bağlamaları
çatdırdıq.
Onu
da qeyd edim ki, Azərbaycanda poçt və teleqraf agentliyinin yaranmasından 100
il ötür. Bu il Cümhuriyyətimizin və Ordumuzun yaranmasının 100 illiyi ilə
bərabər, bizim də 100 yaşımız tamam olur”.
Səfər
barədə təəssüratlarını bizimlə bölüşən Günel Gözəlova Azərbaycan əsgərinin heç nəyə ehtiyacı olmadığını və buna onların özlərinin
şahid olduqlarını bildirdi: "Layihəyə başladığımız 18 saat ərzində 200-ə yaxın
bağlama və məktub yollandı. Biz onları cəbhə bölgəsində vətənimizi qoruyan
əsgərlərimizə çatdırdıq. Əsgərlər məktubları oxuyanda gözləri dolur,
sevinirdilər. Konkret ünvanı olmayan məktublar o qədər sevgi ilə yazılmışdı ki,
o hisslərin hamısı əsgərlərin üzündə, gözlərində təcəssüm edirdi”.
"Park Bulvar” AVM-in PR meneceri Günay
Malikqızı da səfər
barədə təəssüratlarından danışdı: "Bu çox gözəl aksiyadır. Qəribə və eyni
zamanda sevincli hisslər yaşayırıq. Bu layihə ilə mən bir daha inandım və
şahidi oldum ki, bizim vətəndaşlarımız əsgərlərimizə inanır və onları sevirlər,
güvənirlər. Sevindirici haldır ki, "Park Bulvar” da bu layihənin bir parçası
oldu. Düşünürdük ki, layihə çərçivəsində insanlar biganə qalmazlar, ancaq insanların
diqqətinin bu qədər olacağını gözləmirdik. Məktubları əsgərlərə təqdim etdikdə,
onlar necə həvəslə oxuyur, təsirlənirdilər. Məktubların çoxu da "Salam əsgər”, "dostum”,
"yoldaşım”, "həmkarım” başlıqları ilə yazılmışdı. "Sözləriniz ağ kağız üzərində
əbədi həyat qazansın!” şüarı ilə təşkil olunan aksiya isti bir layihə oldu. Onun
içində sevgi, qürur hissləri vardı”.
Xəyalə
Rəis