• şənbə, 20 Aprel, 03:30
  • Baku Bakı 15°C

Əsgərə ürək payı - Fotolar

26.06.18 10:30 9653
Əsgərə ürək payı - Fotolar
"Salam, vətənimi qoruyan, keşiyində duran, vətəni vətən edən əsgər! Bu mənim yazdığım ilk əsgər məktubudur. Sərhədlərimizdə, cəbhə xəttində düşmənlə üz-üzə keşik çəkdiyin, yay günəşinin yandırıb-yaxmağa başladığı bu günlərdə mən rahat, sərin otaqda çalışıram. Sən və hərbçi yoldaşların torpaqlarımızı gecə-gündüz qoruduğunuz üçün mən gecələri rahat yata bilirəm. Ürəyim rahatdır, ona görə ki, Azərbaycanın sənin kimi mərd oğulları var!

Bilirəm, oralarda zaman burdakı kimi keçmir. Bəzən bir saat bir günə bərabər olur. Amma əminəm ki, zaman gələcək, hərbi xidmətdə keçirdiyin bu günlərini qürurla xatırlayacağıq. Bəli qürurla. Çünki sənin daşıdığın addan şərəfli ad yoxdur dünyada!

Əsgərlik həyatı tam fərqlidir əslində. Zamanla həyata baxışın dəyişir sanki. Bəzi dost saydıqların dostluqdan çıxır, zamanında az vaxt sərf etdiyin ailən daha ön plana keçir, onları daha çox düşünməyə başlayırsan. Ananın sənə etdikləri daha çox yadına düşür. Onun bişirdikləri evdən uzaqda sənin üçün dünyanın ən ləziz yeməyi olur...

Hər bir çətinliyə baxmayaraq, möhkəm ol, əsgər, dəyanətli ol! Çünki bu vətənin, bizim sizin kimi oğullara ehtiyacı var” - deyə mən də bir məktub yazmaq istədim.
23-24 iyun tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərpoçt” MMC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş"Əsgərə məktub” adlı aksiya keçirdi. Həmin gün "Park Bulvar”dakı "Azərpoçt” MMC-ninxüsusi guşəsində vətəndaşlar toplaşıb, əsgərlərə məktublar yazdılar. Elə mənim yazmaq istəyib də yaza bilmədiyim kimi və daha təsirli, mənalı məktublar. O məktublarda sevgi, qürur, məsləhət, qayğı... nələr vardı. Bu layihə sərhəddə keşiyimizi çəkən əsgərlərə mənəvi dəstək göstərmək üçün başladılmışdı. Belə ki, aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin "Azərpoçt” MMC vasitəsi ilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdən ibarət idi.

"Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!” şüarı ilə təşkil olunan aksiyanın birinci mərhələsi saat 12:00-dan 21:00-a qədər "Park Bulvar” mərkəzində baş tutdu. Tədbir iştirakçıları sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazaraq ürək sözlərini ünvanladılar. Aksiyanın ikinci mərhələsi isə dünən Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata keçirildi.
Aksiyanın iştirakçılarından biri, əsgərə məktub yazan Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyir ki, bir aksiyanın məqsədi Azərbaycan əsgərinə, ordusuna ehtiram və diqqətin çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdirsə, bu aksiyada iştirak etməmək mümkünsüzdür: "Bu bizim mənəvi borcumuz idi. Bu məktublar mənim üçün o qədər təsirli idi ki, özüm də bir neçə kəlmə ürək sözümü yazmaq istədim və birnəfəsə yazdım. Sanki bir neçə müddət idi ki, yazacağım həmin o kəlmələri beynimdə saxlamışdım. Düzü, məktubu kimin oxuyacağını bilmədim. Amma məktubu oxuyan əsgərin geriyə mərd, qürurlu dönəcəyinə hamı kimi mən də çox inanıram. Hamını da inanmağa səsləyirəm. Bizim məktublar yazdığımız əsgərlərin timsalında cəbhə boyunca döyüş növbəsində, qarovul xidmətində hazır, müsəlləh dayanan bütün əsgərləri, zabitləri öpürəm, bağrıma basıram. Biz onların qardaşlarıyıq. Biz də həmişə onlarla birlikdə Vətənin müdafiəsində dayanmağa hazırıq. Allah səni qorusun, Azərbaycan əsgəri”.

Tanınmış jurnalistin sözlərinə görə, bu, bir həqiqətdir ki, Azərbaycan Ordusu günü-gündən böyüyür və güclənir: "Bu gün Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı böyük, möhtəşəm bir parad keçiriləcək. Son hazırlıq işləri görülür. Xalqımızın Milli Ordumuza inamı var, güvəni sonsuzdur. Əgər Qarabağı kimsə azad edəcəksə, məhz Azərbaycanın Milli Ordusu azad edəcək. Qarabığ azad etmək bizim ordumuzun, əsgərlərimizin boynuna düşür. Vətənə inam, xalqa sədaqət məhz bizim əsgərlərimizi qələbəyə sövq edəcək”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,tanınmış modelyer, dizayner Gülnarə Xəlilova da həmin gün əsgərlərimizə məktub yazıb, öz sovqatını göndərib. "Kaspi”yə açıqlamasında modelyer "Azərpoçt”un keçirdiyi layihənin ilk iştirakçısı olmadığını qeyd etdi: "Bundan öncə "Azərpoçt”un keçirdiyi 8 Mart Qadınlar Günü münasibəti ilə layihədə də iştirak etmişdim, orada analara məktub yazdıq. Bu layihəyə gəlincə isə, təşəbbüs çox gözəldir. Mən bu layihəyə Günel Gözəlova tərəfindən dəvət aldım. Elə orada Günel xanıma fikirlərimi bildirdim. Bu gün biz Azərbaycanda rahat şəkildə yaşayırıqsa, bu bizim əsgərlərimizin sayəsindədir. Biz rahatlığımızı əsgərlərimizə borcluyuq. Məhz belə layihələrdə iştirak etmək bizim borcumuzdur. Vətənimizin sərhədlərində qar, qış, boran bilmədən düşmənlə üz-üzə dayamam əsgərlərimizin mənəvi dəstəyə, bizim onlara olan güvənimizi görmələrinə, gözəl sözlərə, diləklərə, arzulara ehtiyacı var. Biz də ürəkdən gələn ən gözəl sözlərimizi məktub vasitəsi ilə göndərdik. Əlbəttə ki, onlara sovqat payımız da oldu. Hər birimizin könlündən onlara sovqat göndərmək keçirdi”.
Moda ustası deyir ki, bu layihədən gözəl təəssüratlarla ayrılıb: "Vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş bu tip layihələrdə iştirak etməlidir. Çünki səngərdə dayanan əsgərlərimizin hər zaman mənəvi dəstəyə ehtiyacı var. Onlar hər gün düşmənlərimizlə üz-üzə gəlirlər. Çətin bir missiyanın daşıyıcılarıdırlar. Biz hər zaman onları düşünməli və dəstəkləməliyik. Vətənə məhəbbət, sevgi, bu tip hislər çox olmalıdır ki, əsgərlərimiz də layiqincə öz dövlətlərinin sərhədlərini qorusun. Bu gün milli ordumuzun yaranmasının 100 illiyidir. Azərbaycan Ordusu Qafqazın ən güclü ordusu statusunu daşıyır. Bu münasibətlə də əsgərlərimizi və xalqımızı təbrik edirəm”.
"Mədəniyyət.AZ" jurnalının baş redaktoru, filologiyaüzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisiZöhrə Əliyeva da əsgərlərə məktub yazanlardan idi. Deyir ki, həmin gün işləri çox olsa da, özünü tədbirə çatdıra bilib: "Məni hər zamankı kimi, çox gözəl qarşıladılar. Bu layihədə bir neçə dəfə iştirak etmək şansını qaçırmışam, amma elə təəssüflənirdim ki! Belə layihələrdə hər bir vətəndaşımızın iştirakı, məncə, bir vətənpərvərlik borcudur! Bəzən insanlar uzun illər ürəklərində qalan sözləri nəhayət ki, söyləmək istəyirlər! Ya da sətirlərə çevirmək istərlər! Məhz o məqam idi. Ordumuzun 100 illiyi ərəfəsində keçirilən bu aksiyada çox illər əvvəl ürəyimdən keçənləri yazdım. Onların hər biri mənim qardaşım, oğlum, dostum ola bilərdi! Hansısa birini tanımasam da, o mənim doğmamdır, əzizimdir! Qoy Tanrı hər bir Vətən övladının ürəyinə təpər, qoluna qüvvət versin, düşmənə qarşı amansız, dosta mərhəmətli olsun! Bütün hallarda insan adının şərəfini qorusun! Bəzən hətta sülh şəraitində də insanların şərəf və ləyaqət anlayışı o qədər korlanır ki, bərpasına 100 illik müharibələr də bəs etmir. Görünür, biz millət olaraq belə bir utancverici faktın qarşısında qalmışıq. Bədnam qonşularımız bizi bu durumla üzbəüz qoyur. Amma haqq-ədalət bizimlədir. Biz öz torpaqlarımızı, azadlığımızı, özğürlüyümüzü qoruyuruq! İnşallah ki, qələbə bizimlə olacaq! İnam və cəsarət. Budur bizim silahımız! Sevimli əsgərlərimizə deyəcək o qədər sözlər var ki, hamısını deməyə nə vaxt, nə də o ağ kağızlar bəs etməz, amma dualarımız onlarladır! Həyatımız, Vətənimiz onlara əmanətdir! Bir gün, lazım olsa, biz də onlara qoşunlarıq, əlimizə silah da alarıq, təki Vətən sağ olsun. Oğullarımızın yaralarını deyil, qələbə sevincinin nəvazişiylə əzizləyəcəyimiz günü səbirsizliklə gözləyirik! Ordumuzu təbrik edir, xalqımıza qələbə sevincləri arzu edirəm. Bu xalqın, millətin bir fərdi olaraq mən də Vətənimin azadlığı uğrunda canımdan keçməyə hazıram”.
"Azərpoçt” MMC-ninmətbuat katibi Günel Gözəlovailə Tərtər rayonundakı "N” saylı hərbi hissənin əsgərlərinə məktubları təqdim edib qayıtdıqdan sonra əlaqə saxladıq. Qurumun sözçüsü bu missiyanın öhdəsindən komanda ilə birlikdə layiqincə gəldiklərini dedi: "Məktub yazmaq gözəldir, hələ bu məktubu əsgərə yazmaq isə gözəl olduğu qədər məsuliyyətlidir. Bu bizim ilk layihəmiz deyil, 8 Mart qadınlar bayramında da Azərbaycan qadınına həsr olunmuş belə bir layihəmiz həyata keçdi. Bu isə növbəti layihəmizdir. Məqsədimiz həm də məktub yazmaq vərdişini geri qaytarmaqdır. Rəhbərliyimizə müraciət edib belə bir layihə təqdim etdim. Layihə təsdiqləndikdən sonra onun icrasına başladıq”.

Səfərdən geri dönən G.Gözəlova missiyalarını yerinə yetirdiklərini və çox uğurlu alındığını bildirdi: "Bu layihə böyük əks-səda saldı. Məktub vasitəsi ilə Azərbaycan vətəndaşının ehtiramını, sevgisi bildirməsində "Azərpoçt”un xidmətlərindən istifadə edərək vasitəçi olduq. Bu xidmət pulsuz qəbul olunurdu. Vətəndaşlar istədiyi ərzaq məhsulları, sovqatları təqdim etdilər. O sovqatların hamısına ciddi şəkildə nəzarət olunurdu. Nəticə olaraq dünən cəbhə bölgəsində, Tərtərdə N saylı hərbi hissəyə getdik, əsgərlərimizə Azərbaycan vətəndaşlarının yazdığı məktubları və göndərdikləri bağlamaları çatdırdıq.

Onu da qeyd edim ki, Azərbaycanda poçt və teleqraf agentliyinin yaranmasından 100 il ötür. Bu il Cümhuriyyətimizin və Ordumuzun yaranmasının 100 illiyi ilə bərabər, bizim də 100 yaşımız tamam olur”.

Səfər barədə təəssüratlarını bizimlə bölüşən Günel Gözəlova Azərbaycan əsgərinin heç nəyə ehtiyacı olmadığını və buna onların özlərinin şahid olduqlarını bildirdi: "Layihəyə başladığımız 18 saat ərzində 200-ə yaxın bağlama və məktub yollandı. Biz onları cəbhə bölgəsində vətənimizi qoruyan əsgərlərimizə çatdırdıq. Əsgərlər məktubları oxuyanda gözləri dolur, sevinirdilər. Konkret ünvanı olmayan məktublar o qədər sevgi ilə yazılmışdı ki, o hisslərin hamısı əsgərlərin üzündə, gözlərində təcəssüm edirdi”.
"Park Bulvar” AVM-in PR meneceri Günay Malikqızı da səfər barədə təəssüratlarından danışdı: "Bu çox gözəl aksiyadır. Qəribə və eyni zamanda sevincli hisslər yaşayırıq. Bu layihə ilə mən bir daha inandım və şahidi oldum ki, bizim vətəndaşlarımız əsgərlərimizə inanır və onları sevirlər, güvənirlər. Sevindirici haldır ki, "Park Bulvar” da bu layihənin bir parçası oldu. Düşünürdük ki, layihə çərçivəsində insanlar biganə qalmazlar, ancaq insanların diqqətinin bu qədər olacağını gözləmirdik. Məktubları əsgərlərə təqdim etdikdə, onlar necə həvəslə oxuyur, təsirlənirdilər. Məktubların çoxu da "Salam əsgər”, "dostum”, "yoldaşım”, "həmkarım” başlıqları ilə yazılmışdı. "Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!” şüarı ilə təşkil olunan aksiya isti bir layihə oldu. Onun içində sevgi, qürur hissləri vardı”.
Xəyalə Rəis








banner

Oxşar Xəbərlər