• cümə axşamı, 25 aprel, 02:04
  • Baku Bakı 19°C

“Əsgər yoldaşlarım gəlməsəydi, donub öləcəkdim” – “Əsgərlik xatirələri”

30.03.19 13:15 1412
“Əsgər yoldaşlarım gəlməsəydi, donub öləcəkdim” – “Əsgərlik xatirələri”
Kişilərin əsgərlik xatirələri bitib-tükənmək bilmir. Hələ eyni xatirəni dəfələrlə sanki indi olmuş kimi maraqla danışmaqlarını demirəm. "Əsgərlik xatirələri” rubrikası da məhz o maraqlı anları yada salmaq üçün nəzərdə tutulub. Bu dəfə hərbi xidmətdən qalan xatirələrini Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan bölüşdü.

"İşlər elə gətirdi ki, mən hərbi xidmətim boyunca bir neçə hərbi hissədə oldum. Olduğum hərbi hissələrdən biri Novosibirsk şəhərində yerləşirdi. Sibirin ən şaxtalı yerlərindən biri idi. Orda şaxta ilə bağlı başıma iki fəlakətli hadisə gəlib. Biri o idi ki, biz meşədə hərbi təlim keçirdik. Bizə vaxtaşırı böyük termoslarda yemək gətirirdilər. Bir dəfə yulaf gətirmişdilər. Yeməyi dəmir boşqablarda yeyirdik. Yeməyi boşqaba qoydular, isti olduğu üçün əlcəklə əlimdə saxlayırdım, çünki əli yandıracaq dərəcədə istiliyi var idi. Yulafı qaşıqla boşqabdan götürüb ağzıma gətirənə qədər necə dondusa, qaşığın alt tərəfi dilimə yapşdı, dilimin üstünü qopardı. Dilimin üstü qopduğuna görə, neçə gün yemək yemədim.

Bir dəfə isə ölümdən döndüm. Deməli, elə təlim keçdiyimiz həmin ərazidə biz yer altında qalırdıq. Şaxta təsir etməsin deyə belə üsuldan istifadə olunurdu. Həmin il Sibirdə 56 dərəcə şaxta oldu. Deyirdilər ki, son illərdə belə soyuq olmayıb. Gecə çovğun olmuşdu, küləkli, tufanlı, qarlı hava... Bizim qaldığımız yerdən 50-100 metr aralıda tankların hərbi təlimi üçün böyük çuxurlar qazılmışdı. Qar o qədər çox yağmışdı ki, bütün çala-çuxurlar dolmuşdu, heç bir çuxur görünmürdü. Elə oldu ki, çuxur olduğunu unudub piyada həmin yerə getdim və tanklar üçün olan çuxura düşdüm. Boğaza qədər qarın içində idim. Bir müddət sonra əsgər yoldaşlarım məni axtarıb tapmışdılar. Əsgər yoldaşlarım gəlməsəydi, donub öləcəkdim. O vaxt bildiyim bütün dillərdə kəlmeyi-şəhadətimi oxusam da, bu, indi mənim üçün maraqlı xatirədir (gülür)”.




banner

Oxşar Xəbərlər