• cümə, 19 Aprel, 21:48
  • Baku Bakı 24°C

Əsgər, Vətən əmanəti!

28.10.20 10:07 672
Əsgər, Vətən əmanəti!
Kaspi Təhsil Şirkətinin Kaspi Liseyinin Bakıxanov filialı Silahlı Qüvvələrimizə dəstək məqsədilə orijinallıq nümayiş etdirib: Liseyin imza atdığı "Məktəbdən səngərə” layihəsi təhsil müəssisəsinin şagirdləri və valideynlərinin təşəbbüsü ilə reallaşıb.
Liseyin direktoru Sahil Əliyev layihənin Silahlı Qüvvələrimizə dəstək məqsədi daşıdığını qeyd etdi. Belə ki, şagirdlər əsgərlərə lazım ola biləcək müxtəlif ləvazimatlar alıb və pul ianə ediblər: "Şagirdlər əsgərlərimizə yardım etmək təşəbbüsünü irəli sürdülər. Bəziləri əsgərlər üçün lazım olan geyimlər aldı, bəziləri isə aksiya zamanı pul ianə etdi. Həmin pula lazımı ləvazimatlar alındı. Hətta elə şagirdlər vardı ki, valideynləri tərəfindən onlara verilən və evdə özləri üçün yığdıqları pulu gətirib ianə qutusuna atdılar. Bu, çox təqdirə layiqhaldır”. S.Əliyevin sözlərinə görə, aksiyada liseyin bütün siniflər üzrə şagirdləri iştirak ediblər: "Vətənimizin bu çətin günlərində şagirdlər də səfərbər olub. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı zəfərlər liseyimizin şagirdləri arasında da böyük ruh yüksəkliyi yaradıb. Ərazilərimizin işğaldan azad edilməsi barədə cəbhədən gələn xoş xəbərlər Qələbə gününün uzaqda olmadığından xəbər verir. Bu qələbələr hamı kimi liseyimizin bütün kollektivini ruhlandırır”. Direktor məktəblilərin əsgərlərə yazdığı məktublardan da söhbət açdı: "Uşaqların əsgərlərə yazdıqları məktublar bağlamaların içərisinə qoyuldu. Onların hansı döyüş bölgəsinin əsgərələrinə çatacağını bilmirik, amma sevinirik ki, bağlamalar onlara gərək olacaq, məktublar onların qəlblərini isidəcək”. S.Əliyev qeyd etdi ki, bağlamalar bu günlərdə hərbçilərimiz üçün yola salınacaq.


Əsgərlər üçün alınan ləvazimatların toplandığı bağlamaların üzərində "Bizim yolumuz haqq yoludur”, "Yeni tarix yazan ordumuz var olun!”, "Əsgər, Vətən əmanəti, yurd əmanəti”, "Şəhidlər ölməz, Vətən bölünməz”, "Qarabağ Azərbaycandır!” kimi şüarlar yer alıb. Bağlamaların paketlənməsində məktəbin müəllim və şagirdləri könüllü olaraq iştirak etdilər.
IX sinif şagirdi Vüsal Sayadov bağlamaların və məktubların əsgərlərimizdə ruh yüksəkliyi yaradacağına əmindir: "Biz əsgər və zabitlərimizi bu yolla dəstəkləyirik. Onlar torpaqlarımız uğrunda vuruşur, canlarını fəda edirlər. Biz də arxa cəbhədən onlara belə yardım edə bilirik. İnanırıq ki, tezliklə torpaqlarımız rəşadətli ordumuzun hücumları sayəsində azad olacaq”.
X sinif şagirdi Dəniz Hüseynova "Əsgərlərimizə yardım etmək bizim borcumuzdur” deyir: "Onlar xalqımızı düşməndən qoruyur, işğal olunan torpaqlarımızı geri qaytarırlar. Belə bir çətin vaxtda biz də onlara mənəvi dəstək olmalıyıq”.

"İstəyirik onlar bilsinlər ki, tək deyillər. Onların ürəklərini isitmək, təsəlli olmaq, ağır döyüşlərdə ruh vermək istəyirik”- deyə XI sinif şagirdi Tural Niftəliyev söhbətə qoşulur: "Əsgərlərimiz bizim rahat yaşamağımız, azad şəraitdə təhsil ala bilməyimiz üçün vuruşurlar. Biz onlara borcluyuq. Hesab edirəm ki, topladığımız bağlamalar, yazdığımız məktublar onlara ruh verəcək”.
Liseyin sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyeva məlumat verdi ki, əsgərlərə yardım aksiyasında valideynlər yaxından təşəbbüskarlıq göstərib: "Valideynlər dəfələrlə müraciət edərək "Biz ordumuz üçün nə edə bilərik” deyə soruşurdular. Onların və uşaqların təşəbbüsünü məktəb rəhbərliyi cavabsız qoymadı. Təşəbbüsü reallaşdırmağı, əsgərlərimizə mənəvi dəstək olmağı özümüzə borc bildik. Qoy ordumuz bilsin ki, arxa cəbhədə olan bütün xalqımız onlara dayaqdır. Xalq-ordu birliyi tezliklə Qrabağımızı azad edəcək”.

Lisey şagirdlərinin əsgərlərə yazdığı məktublarda hansı yüksək duyğular, qəlbi kövrəldən, qürur doğuran hisslər yer almayıb? Bunlar adi məktublar deyil. Hər sətrində uşaqların qəlbinin döyüntüləri, ürəklərinin sevgisi dilə gəlir. "Əsgər, sizi gözləyirik!”, "Vətən sizə əmanətdir”, "Zəfər qazanacağınıza inanırıq”, "Haqq savaşınızda sizinlə həmrəyik”, "Tanrı sizi qorusun!”, "Qarabağ Azərbaycandır!” kimi insanın qəlbini titrədən dua və alqışları, gözləntiləri həyəcansız oxumaq olmur. Uşaqların titrək əlləri ilə yazılan məktubların çoxu minnətdarlıqla başlayır. Onlar da bütün xalqımız kimi müzəffər ordumuzun tezliklə üçrəngli bayrağımızı işğal olunmuş ərazilərimizin hər bir guşəsində dalğalandıracağına ümidlərini ifadə edir, azğın düşmənə qarşı göstərdikləri şücaətə görə əsgərlərimizə minnətdarlıqlarını bildirirlər.
"Əziz əsgər! Bu məktubu nə zaman, hansı şəraitdə oxuyacağını bilmirəm. Sən torpaqlarımız uğrunda döyüşməkdən qorxmursan, igidliklə mübarizə aparırsan. Tanrı sizi qorusun! Biz sizi gözləyirik...” Digər bir məktubda: "Tezliklə o torpaqlarda güllə səsi eşidilməyəcək. Qarabağımızın səması sakit və aydın olacaq. O yerlərdə uşaqlar bizim kimi məktəbə gedəcək. Bu sülhü oralara sizin şücaətiniz gətirəcək”- deyə yazılıb.

Liseyin müəllimlərinin iştirakı ilə çəkilən videoçarx da pedaqoji kollektivin Silahlı Qüvvələrimizə mənəvi dəstəyinin, Vətənimizə sevgisinin, bütün cəbhələrdə birliyimizin təcəssümünə çevrildi. Liseyin həyətində üçrəngli bayrağımız boyu sıralanan müəllimlər ordumuza arxa, əsgərlərimizə dayaq və daim həmrəy olduqlarını ifadə etdilər. "Bayraq asılan yerdən başlanır Vətən”- deyə liseyin müəllimləri Ali Baş Komandan İlham Əlievin ətrafında sıx birləşdiklərini, ordumuza bundan sonra da maddi və mənəvi dəstək göstərməyə hazır olduqlarını, əsgər və zabitlərimizin şücaətindən qürur duyduqlarını bildirdilər. "Qarabağ Azərbaycandır!” şüarı isə həmişə olduğu kimi torpaqlarımızın bütövlüyü, işğalda qalan yurd yerlərimizin tezliklə azad olunacağına ümidləri ifadə etdi.


banner

Oxşar Xəbərlər