• cümə, 29 Mart, 12:43
  • Baku Bakı 14°C

Əsgər hazırlığına məktəblərdən başlanmalıdır

22.11.14 10:37 1659
Əsgər hazırlığına məktəblərdən başlanmalıdır
Azərbaycan müstəqillik qazandıqdan sonra Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Bu hərbi təcavüz, elan edilməmiş müharibə zamanı ölkəmizin 20 faizdən artıq ərazisi işğal edilib, bir milyona yaxın qaçqın və məcburi köçkün öz el-obasından didərgin düşüb. BMT-nin, digər beynəlxalq qurumların bu işğal faktını pisləməsinə, işğal olunan ərazilərin qeyd-şərtsiz boşaldılması, ölkəmizin ərazi bütövlüyünün bərpası haqqında qətnamələrinə rəğmən, Ermənistan siyasi rəhbərliyi təcavüzkar siyasətindən geri çəkilməyib. 1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi imzalansa da, ötən 20 il müddətində düşmən tərəfi bu müqavilənin şərtlərini kobud şəkildə pozub. Azərbaycan hərbiçiləri ilə yanaşı, mülki şəxslər, hətta azyaşlı uşaqlar da düşmən snayperlərinin hədəfinə tuş gəlib, yüzlərlə sakinimiz qətlə yetirilib.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da hələlik heç bir nəticə vermir. Rəsmi Bakı isə bu nəticəsiz danışıqların əbədi aparılmasının tərəfdarı olmadığını, münaqişənin sülh yolu ilə həlli mümkün olmasa, Azərbaycan ordusunun müharibəyə başlayaraq öz ərazilərini işğaldan azad etməyə, ərazi bütövlüyünü, suverenliyini bərpa etməyə hazır olduğunu bəyan edib. Təbii ki, belə bir şəraitdə yaşayan, hər an müharibənin başlaması riski ilə üz-üzə qalan Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması məsələsi prioritet istiqamət təşkil etməlidir. Vətəndaşa milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə bu iş davam etdirilməli və getdikcə daha da təkmilləşdirilməlidir. Ona görə də orta məktəblərdə hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var. Bu dərslərdə şagirdlər təkcə silahlardan istifadə qaydalarını öyrənməməli, eyni zamanda vətənə bağlılığını artırmalı, onu müdafiə etmək borcunu öz üzərinə götürməlidirlər.
Bununla bağlı məsələlər Milli Məclisin srağagünkü iclasında millət vəkilləri tərəfindən də dilə gətirilib. Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov orta məktəblərdə həbi dərslərin bərpasının aktuallığını diqqətə çatdıraraq, fiziki hazırlıq dərslərinə də ciddi yanaşılmasını, bununla bağlı imtahan keçirilməsini vacib sayıb.
Digər millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə təklif edib ki, bədən tərbiyəsi fənninin nəticələri qəbul imtahanlarında nəzərə alınsın. Komitə sədri vaxtilə Azərbaycanda da mövcud olan “vətənin müdafiəsinə hazıram” normativlərinin bərpa olunmasının əhəmiyyətini önə çəkib: “Bir il bundan əvvəl Rusiya qətiyyətli addım ataraq “vətənin müdafiəsinə hazıram” normativlərini bərpa etdi. Bundan sonra Təhsil Nazirliyi tərəfindən əmr verildi. Artıq qəbul imtahanlarında “vətənin müdafiəsinə hazıram” normativlərinin nəticələri mütləq nəzərə alınır. Əgər biz də bunu edə bilsək, o zaman tədrisdə idman artıq məcburi şəkildə bərpa olunacaq. Bununla da məktəbdən sonra ordu quruculuğuna töhfə vermiş olacağıq”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da mətbuata açıqlamasında əsgərlərimizin silahla davranış vərdişini artırmaq üçün orta məktəblərdə hərbi dərsləri bərpa etməyin, hətta Azərbaycanda atıcılıq kurslarının təşkil olunmasının zəruriliyini vurğulayıb. Deyib ki, orta məktəbdə hərbi dərslərin keçilməsi ilə paralel olaraq, ayrı-ayrı mülki şəxslərə müəyyən dərəcədə silahla davranış qaydaları da öyrədilməlidir.
Söylənilənlərlə bağlı açıqlama verən təhsil naziri Mikayıl Cabbarov Müdafiə və Müdafiə sənayesi nazirlikləri ilə birlikdə həyata keçirilən işləri diqqətə çatdırıb. Deyib ki, Müdafiə Nazirliyi ilə birlikdə sərhədyanı bölgələrdə əsgərlərlə görüşlər keçirilir. O, Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə reallaşdırılan işlərin də önəmini vurğulayıb. Nazir onu da bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin “Kosmik” Cihazqayırma Təcrübi Zavodu ilə birgə ölkədəki bütün orta məktəblərin hərbi otaqlarının Azərbaycanda istehsal olunan coxşaxəli, xüsusi avadanlıqlarla təmini üçün işlərə başlanılıb. O, bu il ərzində 50 məktəbdə hərbi kabinetlərin həmin avadanlıqlarla təmin ediləcəyini söyləyib. Nazir hazırda orta məktəblərdə hərbi hazırlıq və fiziki hazırlıq dərslərinin tədris yükünün 2 saat olduğunu, Azərbaycanda orta məktəblərdə fakültativ dərs kimi Qarabağ tarixinin tədrisinə başlanıldığını xatırladıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Nurəddin Heydərov isə “Kaspi”yə açıqlamasında Təhsil, Gənclər və İdman nazirlikləri ilə birgə təsdiq olunmuş plana əsasən, ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsil müəssisələrində “Çağırışaqədərki hazırlıq” fənninin tədrisinin keyfiyyətinin artırılması üçün Xidmət tərəfindən bir çox iş görüldüyünü bildirib. Qeyd edib ki, çağırışaqədərki hazırlıq üzrə rəhbərlərlə Xidmətin yerli idarə, şöbə və bölmələri metodik toplantılar keçirir, fənnin ciddi tədris olunmasına nəzarət edirlər. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, “Çağırışaqədərki hazırlıq” fənninin tədrisi prosesində gənclərə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin vəzifələri, xüsusiyyət və əhəmiyyəti, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğu öyrədilir. Bununla yanaşı, gənclərlə hərbi hissələrdə görüşlər keçirilir ki, bu da onlarda şəxsi heyətin sosial-məişət şəraiti haqqında əyani təsəvvür formalaşdırır və praktiki vərdişlərə yiyələnmələrinə imkan yaradır: “Bu fənnin tədrisində əsas məqsəd gənclərin ordu sıralarına ilkin hazırlığını həyata keçirməkdir. Eləcə də onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ön planda saxlanılır. Xidmət tərəfindən aidiyyəti qurumlarla “Çağırışaqədərki hazırlıq” fənninin tədrisinin keyfiyyətinin artırılması üçün mütəmadi olaraq məsləhətləşmələr də aparılır”.
Hərbi ekspert, psixoloq Azad İsazadə isə hesab edir ki, hərbi dərslər üçün böyük bir tədris proqramı olmalı, həmin proqram üzərində bir neçə qrup üzrə mütəxəssis işləməlidir. Onun sözlərinə görə, əgər keçmiş təcrübəyə istinad etsək, heç olmasa yeniyetmə oğlanlara gələcəkdə əsgərlikdə bilməli olacağı qayda-qanunlar əvvəlcədən izah edilməli, öyrədilməlidir: “Bu zaman həm nəzəri, həm də əyani vasitələrdən də geniş istifadə etmək zəruridir. Biz vaxtilə məktəbdə avtomatın sökülüb-yığılmasından başlamış eyniadlı silahdan, həmçinin tirdən atəş açmağa da getmişik. Hərbi nizam-intizamı da öyrənmişik. Hazırda orta məktəbdə təhsil alan şagirdlərə, xüsusən də yuxarı sinif şagirdlərinə də bütün bunlar öyrədilməli, hərbi vətənpərvərlik təbliğatı geniş surətdə aparılmalıdır. Çünki bu gün məktəbdəki oğlanlar gələcəyin əsgərləridirlər. Onları əsgərliyə hələ orta məktəbdə elmi, hərbi və psixoloji baxımdan hazırlamalıyıq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər