• çərşənbə, 24 Aprel, 02:52
  • Baku Bakı 14°C

Əsgər analarının aksiyası Ermənistanı silkələdi

31.01.14 08:15 1461
Əsgər analarının aksiyası Ermənistanı silkələdi
Ölkədəki ağır iqtisadi durum, böhran və digər çətinliklərlə üz-üzə qalan Ermənistan hökuməti vəziyyətdən çıxış yollarını aramaq üçün ən müxtəlif addımlara əl atır. Artan əsgər ölümləri və bundan doğan narazılıqlar fonunda Azərbaycanla sərhəd ərazilərdə, eləcə də işğal olunmuş torpaqlarda atəşkəsi pozur, əhalinin diqqətini əsas problemlərdən yayındırmağa çalışır. Elə cəbhə zonasında yaşanan son hadisələr də bundan irəli gəlir.
Ötən gün paytaxt və bütün ölkəni silkələyən bir aksiya yaşanıb. Belə ki, Ermənistanda dinc şəraitdə öldürülmüş əsgərlərin anaları Yerevanın Azadlıq meydanına etiraz mitinqinə toplaşıblar. Polislər “Həqiqi ordu” təşəbbüsünün üzvlərinə və erməni ordusunda qeyr-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların analarına Ermənistan ordusunun yaranmasının 22 illiyi münasibəti ilə bayram konsertinin keçirildiyi Yerevan Opera və Balet Teatrının binasına yaxınlaşmağa icazə verməyiblər. Bu barədə "Epress.am" saytı xəbər verib. “Orduda qətllərə və zorakılığa yox!” şüarı altında keçirilən aksiyanın iştirakçıları Aram Xaçaturyanın abidəsi qarşısına toplaşıblar. Burada aksiya iştirakçılarını onlarla asayiş keşikçisi qarşılayıb. Polislər etirazçıların binaya daxil olmasını əngəlləmək üçün onların qarşısında canlı sipər çəkiblər. Həlak olmuş əsgərlərin qohumlarını itələyərək ərazidən çıxarmağa çalışıblar. Əsgər anaları əsəbiləşərək küçəyə çıxmaq və yolu kəsməyə çalışıblar. Onlar polislərə müraciətlə “Öz analarınıza deyin ki, bu gün nə etdiniz!” qışqırıblar. Qeyri-döyüş şəraitində həlak olmuş Valeri Muradyanın anası Nana Muradyan sipəri yarıb keçmək istəsə də, onu kənara itələyiblər. Polislərin nümayişçilərə toplaşmaq üçün icazə verdikləri Opera Teatrının binasının yaxınlığındakı Azadlıq Meydanında mülki fəal Vardqes Qaspari saxlanılıb. O, etiraz əlaməti olaraq burada yerə döşənmiş bayram xalçasının üzərində uzanıbmış.
Qeyd edək ki, Ermənistanın rəsmi mənbələrinin məlumatına görə, ötən il orduda 30-dək müəmmalı ölüm hadisəsi baş verib. Ölkədəki qeyri-hökumət təşkilatlarının və Ermənistan Əsgər Anaları Cəmiyyətinin bu hadisələrlə bağlı fəallığı isə Müdafiə Nazirliyinin ciddi narazılığına səbəb olub. Ermənistan mətbuatı yazır ki, əsgər ölümləri ilə bağlı əsas hədəf müdafiə nazirinin müavini general Vladimir Qasparyandır. O isə hücumlara hücumla cavab verib. Onun sifarişi ilə əsgər ölümləri barədə araşdırmalar aparan təşkilatlar Ermənistan İctimai Televiziyasında hədələnib. Verilişdə bəyan edilib ki, şübhəli mənbələrdən qaynaqlanan bu təşkilatlar “Ermənistan ordusunun şərəf və ləyaqətini ləkələyir”. Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanan proqramda səslənənlər dərhal ciddi reaksiyaya səbəb olub və adı çəkilən təşkilatlarda narazılıq yaradıb. Onlar bəyan ediblər ki, Müdafiə Nazirliyi əsgər ölümləri ilə bağlı ciddi araşdırma aparmaq əvəzinə, vətəndaş cəmiyyəti institutlarına basqı təşkil edir.
Yeri gəlmişkən, müxalifətdə olan Erməni Milli Konqresi Ermənistan hakimiyyətinin “ordunu siyasi alətə çevirməsi” barədə bəyanat yayıb. Keçmiş prezident Levon Ter-Petrosyanın sədri olduğu qurumun bəyanatında deyilir: “İndiki rejimin yaratdığı şəraitdə ordu siyasətə cəlb edilib, daxili siyasi problemlərin həlli alətinə çevrilib. 1 mart 2008-ci il tarixdə xalqın etiraz dalğasının insan qurbanları ilə yatırılmasında ordu rejim tərəfindən alət kimi istifadə edildi ki, bu, Konstitusiyanın kobud pozulmasıdır. Silahlı qüvvələr dinc sakinlərə, öz xalqına qarşı istifadə edildi. Bu bir tərəfdən ordunun nüfuzuna, digər tərəfdən isə onun mənəvi-psixoloji durumuna qarşı ciddi zərbə idi. Bu isə korrupsiyanı, özbaşınalığı, nizamnamənin pozulmasını gücləndirdi, döyüş qabiliyyətini aşağı saldı və faciəli şəkildə həlak olan qurbanları artırdı”.
Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun illik hesabatına görə, Ermənistan ordusunda islahatların əsas məqsədi müqavilə əsasında qulluq edən hərbçilərin sayının artırılması və alınan silahların keyfiyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Bununla belə, təlimlərin səviyyəsini və şəxsi heyətin peşəkarlığını artırmaq kimi struktur dəyişiklikləri etmək cəhdləri ciddi problemlərlə üzləşir. Ekspertlər onu da qeyd ediblər ki, 2013-cü ildə Ermənistanın hərbi büdcəsinin 170 milyard dram təşkil etməsinə və ölkənin silah ehtiyatlarının yenilənməsinə yönələn ciddi vəsaitlərə baxmayaraq, Ermənistan silahlı qüvvələri yeni texnika ilə təchizat səviyyəsinə görə hələ çox geridədir. Bu çatışmazlıqlar əsasən korrupsiya halları və Ermənistan Müdafiə Nazirliyində maliyyə idarəçiliyinin aşağı səviyyəsi ilə bağlıdır.
Ümumiyyətlə, Ermənistan ordusunda kriminal və korrupsiyanın yüksəldiyini cəmiyyətin müxtəlif təbəqələri, ziyalılar açıq-aydın bildirilər. Problem o qədər dərinləşib ki, artıq televiziya ekranlarında da bu mövzu müzakirə obyektinə çevrilib. Belə ki, erməni ordusundakı rəzalət filmlərdə və seriallarda öz əksini tapmağa başlayıb, özü də komik janrda. Ermənilərin bu barədə çəkdikləri “Əsgərlikdə” adlı film qonşu ölkənin ordusunda mövcud olan anormal hallardan bəhs edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ümumi film haqqında təsəvvür yaransın. Əsgər hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddət özünü əsgərlikdəki kimi hiss edir və qeyri-adi hərəkətləri ilə anasını qorxuya salır. Bəlkə də erməni tamaşaçıları bu filmi təbəssümlə qarşılayardılar. Lakin son günlər Ermənistan ordusunda bir əsgərin dəli olması, bu xəbərin 9 gün valideynlərdən gizli saxlanılması, həmçinin bir neçə əsgərin müəmmalı ölümləri cəmiyyəti narahat etməyə başlayıb.
Ermənistan Silahlı Qüvvələrində əsgər təminatı ilə də bağlı böyük çətinliklər yaşanmaqdadır. Ermənistan mətbuatı yazır ki, hərbi rəhbərliyin cəbhə bölgəsinə göndərdiyi əsgərlər ilk fürsətdəcə fərarilik edir, əllərinə düşən imkandan yararlanaraq ölkədən qaçmağa çalışırlar: “Ermənistan ordusunu komplektləşdirmək üçün ordu rəhbərliyi 18 yaşına çatmış gənclərin qıtlığı ilə üzləşib. Yaxın perspektivdə Ermənistan ordusunun bu yöndə faciəli durumla üzləşəcəyi qaçılmazdır. Bundan başqa, Ermənistan ordusunda xidmət etmək istəyən yeni nəsil zabitlərin sayı da tükənməkdədir”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər