AZE | RUS | ENG |

Əsərlərində yaşayan rəssam

Əsərlərində yaşayan rəssam
O, Üzeyir Hacıbəyli obrazına ən çox müraciət edən fırça ustasıdır

Dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi demək olar ki, həm də bir rəsm qalereyasıdır. Burada Azərbaycanın görkəmli rəssamlarının Üzeyir Hacıbəyli surətinə həsr etdikləri rəngkarlıq nümunələrinə rast gəlmək mümkündür. Bu rəssamlardan biz, Mikayıl Abdullayevi, Nəcəfqulunu, Oqtay və Toğrul Sadıqzadə qardaşlarını, Arif Hüseynovu, Hüseyn Hacıyevi və başqalarını misal gətirə bilərik. Bu rəngkarlar sırasında Üzeyir Hacıbəyli obrazına ən çox müraciət edən rəssam, mərhum Ənvər Əmirhüseyn oğlu Əliyevdir.
Ənvər Əliyev 1944-cü il may ayının 12-də Bakıda anadan olub. Burada Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirən Ənvər sonra Leninqrada getmiş, orada İlya Repin adına Rəssamlıq Akademiyasına daxil olmuşdur. Gənc rəssam akademiyada V.Oreşnikovdan, B.Uşarovdan, P.Reyxetdən dərs almışdır. Ənvər Əliyevin pedaqoji fəaliyyəti isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində 1975-ci ildən başlamışdır. O, rəngkarlığın bütün janrlarında uğurla işləmişdir.
Ənvər Əliyevin işlədiyi çoxsaylı portretlər, obrazlar sırasında bəstəkar Üzeyir bəy Hacıbəylinin surəti birinci yerdədir. Rəssam sifarişlə, Üzeyir bəy surətini dəfələrlə işləyərək bəstəkarın ev muzeyinə təqdim etmişdir.
Muzeylə əməkdaşlığa onu ev muzeyinin sabiq direktoru Ramazan Xəlilov dəvət etmişdir. Belə ki, bu gün ev-muzeyində nümayiş etdirilən «Üzeyir Hacıbəyli və Şarl de Qoll», «Üzeyir Hacıbəyli və Məmməd Əmin Rəsulzadə», «Üzeyir Hacıbəyli Kocori yaylağında», «Üzeyir Hacıbəyli və Məleykə xanım Peterburqda», «Üzeyir Hacıbəyli və Hüseyn Cavid», «Rostropoviçlər ailəsi Hacıbəylilər ailəsinin qonağıdır» kimi yağlı boya ilə çəkilmiş rəsm əsərlərinin müəllifi Ənvər Əliyevdir.
Rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi «Ü.Hacıbəyli Məmməd Əmin Rəsulzadə ilə birlikdə» rəsmi tarixi əsasları olan bir əsərdir. Belə ki, ADR-in fəaliyyət göstərdiyi illərdə «Azərbaycan» qəzetinin redaktoru, qardaşı Ceyhun Hacıbəylidən sonra Üzeyir bəy özü olmuşdur. Bu tarixi faktı Ənvər Əliyev öz əsərində çox məharətlə əks etdirə bilmişdir. İş otağında, yazı masasının arxasında Üzeyir Hacıbəyli oturan vəziyyətdə təsvir edilmişdir. Məmməd Əmin Rəsulzadə isə ayaq üstədir. Qarşılarındakı masanın üstündə ADR-in mətbuat orqanı olan «Azərbaycan» qəzeti gözə dəyir. Yuxarıda qeyd etdiyimiz kimi, Üzeyir Hacıbəyli 1919-cu ildən bağlandığı günə qədər bu qəzetin redaktoru vəzifəsində işləmişdir. Rəsmin süjetdən tamaşaçıya aydın olur ki, Rəsulzadə ilə Hacıbəyli  qəzetin növbəti buraxılışındakı materiallar haqqında öz fikir və mülahizələrini söyləyirlər. Əsərin ölçüləri 61x74 sm-dir.
Rəssamın muzeydə nümayiş etdirilən yaddaqalan əsərlərindən biri də «Rostropoviçlər ailəsi Hacıbəylilər ailəsinin qonağıdır» adlanır.
1925-ci ildə Üzeyir Hacıbəyli ilk simli kvarteti yaradır. O, Azərbaycan Dövlət Konservatoriyasının rəhbəri və təşkilatçısı kimi, simli kvartetə rəhbərlik etmək üçün Moskva Konservatoriyasından Leopold Vitoldoviç Rostropoviçi Azərbaycana dəvət edir. L.Rostropoviç həyat yoldaşı Sofya Nikolayevna Fedotova ilə birlikdə Bakıya gəlir. Rostropoviçlər paytaxtda Üzeyir bəyin evində də qonaq olurlar. Rəssam Ənvər Əliyev həmin mövzuda süjetli bir rəsm çəkərək, Üzeyir Hacıbəylinin ev-muzeyinə təqdim etmişdir. Rəsmdə L.Rostropoviç violonçeldə ifa edərkən təsvir edilib. Həyat yoldaşı Sofya Nikolayevna onu royalda müşayiət edir. Qarşı tərəfdə isə Üzeyir bəylə həyat yoldaşı Məleykə xanım əyləşmişlər. Gənc Üzeyir bəyin bütün diqqəti çalınan musiqidədir. Məleykə xanımın dizi üstündə Rostropoviçlərin kiçik oğlu Slava əyləşmişdir. Pəncərədən süzülən günəş işığından, stolun üstündəki səmənidən görünür ki, bu ailəvi görüş bahar fəslinə təsadüf edir. İlk baxışdan hiss olunur ki, bu iki ailəni möhkəm dostluq telləri birləşdirir. Kətan üzərində yağlı boya ilə 45,5x58,5sm  həcmində olan bu rəsmi Ənvər Əliyev 2000-ci ildə muzeyin sabiq direktoru Ramazan Xəlilovun sifarişi ilə çəkmişdir.
Rəssamın Üzeyir Hacıbəylinin ev muzeyinin divarlarını bəzəyən daha bir əsəri «Üzeyir bəy Kocori yaylağında» adlanır.
1933-cü ildə Üzeyir bəy Hacıbəyli Gürcüstanda, Tiflis şəhəri yaxınlığında Koçori yaylağında dincəlirdi. Burada yaşlı bir gürcü bəstəkara «Koroğlu» dastanının gürcü xalqına məxsus olan variantını söyləyir. Gürcü dilini, folklorunu, mədəniyyətini gözəl bilən Üzeyir bəy qoca gürcünün söylədiyi dastanı çox maraqla dinləyir və qərara alır ki, bu dastanın Azərbaycan variantına opera bəstələsin. Ömrünün 5 ilini həsr etdiyi «Koroğlu» operasını bəstəkar 1937-ci ildə uğurla başa çatdırır.
Ənvər Əliyevin fırçaya aldığı «Üzeyir Hacıbəyli Kocori yaylağında» əsəri də məhz bu əlamətdar hadisəyə həsr edilmişdir. Əsərin arxa planında tamaşaçı «Koroğlu qalası»nın təsvirini görür. Bu qalada məskən salaraq Koroğlu öz döyüşçüləri ilə birlikdə xalqının azadlığı uğrunda zülmkarlara qarşı mübarizə aparmışdır. Kətan üzərində yağlı boya ilə çəkilmiş 170x110 sm ölçüdə olan bu əsər də bəstəkarın ev muzeyinin rəsm qalereyasında özünə məxsus yer almışdır.
Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli öz dövrünün ziyalıları ilə – ədiblərlə, şairlərlə, siyasətçilərlə, musiqiçilərlə, dramaturqlarla yaxın dostluq əlaqələri saxlayırdı. Belə ki, bəstəkarın hal-hazırda muzey olan bu evində görkəmli simalardan Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Məmməd Əmin Rəsulzadə, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev, Leopold və Mstislav Rostropoviçlər, Yusif Vəzir Çəmənzəminli və başqaları qonaq olmuşlar.
Ənvər Əliyevin «Üzeyir Hacıbəyli və Hüseyn Cavid» adlı əsərində isə bəstəkar və şair-dramaturq Üzeyir bəyin Mərdəkandakı bağ evində təsvir edilmişlər. Rəsmin arxa planında dalğalanan Xəzər və qayıqlar təsvir edilmişdir. Məhəccərin kənarında əyləşən Üzeyir Hacıbəyli dalğınlıqla bu mənzərəni seyr edir. Onun qonağı olan Hüseyn Cavid əlində tutduğu vərəqdən yeni yazdığı əsərin bir parçasını oxuyur. İlk baxışdan hiss olunur ki, gözləri sanki uzaq üfüqlərdə nəsə arayan Üzeyir bəyin bütün diqqəti yaxın dostunun oxuduğu sözlərdədir. Masanın üstündə gözə dəyən armudu stəkandakı çay, meyvə, kənardakı həsirdən toxunmuş kürsü əsərin koloritini daha da artırır. Kətan üzərində yağlı boya ilə çəkilmiş bu əsərin ölçüsü isə 51x46 sm-dir.
Rəssamın maraqlı işlərindən biri də gənc «Üzeyir bəy həyat yoldaşı ilə birlikdə Peterburqda» adlanır. Bu əsər də tarixi faktlara əsasən fırçaya alınmışdır. Belə ki, 1913-cü ildə Peterburq Konservatoriyasında təhsil alan Üzeyir bəy artıq ailəli idi. Məleykə xanım isə Peterburqa Üzeyir bəyin dəvəti ilə sonradan getməli olur. Həmin günləri canlandıran bu rəsmdə Məleykə xanım və Üzeyir bəy çiskinli, yağmurlu bir Peterburq küçəsində təsvir edilmişlər. Başında şlyapa olan, əlində çətir tutmuş Üzeyir bəyin qayğılı baxışları bir daha sübut edir ki, onun Peterburq həyatı maddi cəhətdən çox ağır keçmişdir. Rəssam bunu kiçik həcmli əsərində tamaşaçıya çox məharətlə aşılaya bilmişdir. Ölçüləri 80x51 sm olan bu orijinal əsər də kətan üzərində yağlı boya ilə çəkilmişdir.
Rəssamın ən uğurlu əsərlərindən biri isə «Şarl de Qoll və Üzeyir Hacıbəyli» adlanır. Bu əsər demək olar ki, muzeyə gələn bütün tamaşaçıların diqqətini cəlb edir. Bildiyimiz kimi, II dünya müharibəsi illərində Fransanın sabiq prezidenti, general Şarl de Qoll Bakıda olmuşdur (26 noyabr 1944-cü il). Burada olduğu müddətdə o, Azərbaycanın şanlı oğlu Üzeyir bəy Hacıbəylidən Bakının Opera və Balet Teatrında «Koroğlu» operasına baxmaq dəvəti alır. Operanı böyük maraqla izləyən de Qoll tamaşadan sonra səhnə arxasına keçərək artistləri mükəmməl ifalarına görə təbrik etmiş və onları, bu əsəri Fransada da nümayiş etdirməyə dəvət etmişdir.
Təəssüf ki, «Koroğlu»nu Fransada nümayiş etdirmək azərbaycanlılara müyəssər  olmamışdır.
Bu tarixi fakta həsr etdiyi tablonu da rəssam tamaşaçılara sevdirə bilmişdir. Orta həcmli bu rəsmdə Bakının Opera və Balet Teatrı təsvir edilmişdir. Lojada əyləşən Üzeyir Hacıbəylinin sağ tərəfində de Qoll, sol tərəfində isə Əzizağa Əzizbəyov əyləşmişdir. Arxa planda görünən, ayaq üstə dayanan isə de Qollun yavəridir. Qarşı planda «Koroğlu» operasının kütləvi səhnəsi təsvir edilmişdir. Səhnədə at belində olan, Koroğlu rolunun əvəzsiz ifaçısı Bülbül ilk baxışdan tamaşaçıya çox tanış gəlir. Əsərə baxan tamaşaçı sanki rəsmdən də, «Koroğlu» operasının uvertürasının təntənəli sədalarını eşidir. Bu isə rəssamın böyük ustalığından xəbər verir. Bu əsər də Ramazan Xəlilovun sifarişi ilə çəkilmiş rəsmlərdən biridir.
Kiçik bir xatirəni söyləmək yerinə düşərdi. Şarl de Qoll obrazını yaratmaq üçün rəssama generalın rəsmi lazım olur. Bunu nəzərə alan Ramazan Xəlilov Fransadan de Qolun yaxından çəkilmiş aydın fotolarını, onun haqqında yazılar dərc olunan jurnalları Bakıya gətirdir. Həmin materiallar de Qolun obrazını yaratmaqda Ənvər Əliyevə yardımçı olur. Yeri gəlmişkən qeyd edək ki, həmin fotolar, jurnallar bəstəkarın ev muzeyində bu gün də qorunub saxlanılır.
Əsər 1991-92-ci illərdə fırçaya alınmışdır. Bu rəsm də o birilər kimi kətan üzərində yağlı boya ilə çəkilmişdir, ölçüləri 100x80 sm-dir.
Bütün bunlardan əlavə, Üzeyir Hacıbəylinin ev-muzeyində Ənvər Əliyevin çəkdiyi bir rəsm də qorunub saxlanılmaqdadır. Bu, muzeyin sabiq direktoru, Üzeyir bəyin baldızı oğlu Ramazan Xəlilovun portretidir. Yuxarıda qeyd etdiyimiz kimi, Ramazan Xəlilov Ənvər  Əliyevlə uzun müddət əməkdaşlıq etmiş, Üzeyir Hacıbəyli obrazını müxtəlif şəraitlərdə yaratmağı ona həvalə etmişdir. Rəssam isə öz növbəsində uzun illər bu müqəddəs ocağın qoruyucusu olan Ramazan Xəlilovun portretini işləməyi sanki özünə mənəvi borc bilmişdir. Ağ saçlı, gözündə eynək, əlində əsa olan Ramazan Xəlilovun rəsmdəki baxışlarından sezilən müdriklik, təmkinlik ilk baxışdan tamaşaçının gözündən yayınmır. Bu portreti rəssam Ənvər Əliyev 1990-cı ildə fırçaya almışdır.
Yuxarıda adları çəkilən bu əsərlər dahi bəstəkarımızın ev-muzeyinin diqqətçəkən guşələrində nümayiş etdirilir və muzeyə gələnlərin böyük marağına səbəb olur.
May ayının 12-də unudulmaz rəssam Ənvər Əliyevin 75 yaşı tamam oldu. Bu münasibətlə onun uzun müddət əməkdaşlıq etdiyi Üzeyir bəy Hacıbəylinin ev-muzeyində tədbir və əsərlərindən ibarət sərgi təşkil edilib. Fürsətdən yararlanaraq, sənətsevərləri bu sərgi ilə tanış olmağa dəvət edirik.
 
Gülnarə Ələsgərova,
muzeyin ekspozisiya şöbəsinin müdiri

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006