Əsərin mətnini bağlı olduğu tarixçədən kənar tədqiq etmək mümkünsüzdür
Müsahibimiz Səməd Vurğunun "Seçilmiş əsərləri” (Şərq-Qərb – 2016) nəşrinin tərtibçisi və nəşrin şərhlərinin
müəllifi filologiya üzrə fəlsəfə doktoru Aslan
Salmansoydur. Aslan müəllimlə bu elmi nəşr haqqında ətraflı söhbət etdik:
– Sizin hazırladığınız kitab S.Vurğunla eyni
dövrdə yaşayıb-yaradan şairlərin kitablarından tamamilə fərqlənir: belə ki,
şairin müasirlərinin kitabları, yalnız əsərlərin mətnlərini oxuculara
çatdırdığı halda, Sizin tərtib etdiyiniz kitabın, təxminən, üçdə biri izahat və
biblioqrafik məlumatlardır. Bunu nə ilə izah edərdiniz?
– Çoxları, təkcə, qədim və orta əsr mətnlərinin
izaha ehtiyacı olduğunu güman edirlər: düşünürlər ki, müasir şair və yazıçılar,
o sıradan Səməd Vurğun da bizə, heç də uzaq olmayan bir dövrdə (gözümüzün
qabağında!), üstəlik də büllur kimi saf, ana dilimizdə yazıb-yaratdığından onun
əsərlərində oxucuya qaranlıq qalan məqamlar olmaz.
Əslində isə,
belə deyil: doğrudur, hər bir bədii əsər öz zamanının, mühitinin məhsulu olduğu
üçün, yarandığı dövrün ideoloji, mənəvi-əxlaqi və nəzəri-estetik
xüsusiyyətlərinin daşıyıcısı funksiyasını yerinə yetirir. Bu səbəbdən də əsəri
yarandığı dövrün, mühitin insanları
sonrakılardan daha yaxşı anlayır və dərk edir: istər nəzəri-struktur, simvolika
və semiotik elementlər, istər dil-imla və qrafik aspektlər, istərsə də, sırf
ideoloji baxımdan olsun, fərqi yoxdur. Əsərlər yarandığı dövrdən uzaqlaşdıqca,
onların anlaşılması və anladılması da bir o qədər çətinləşir. Bu mənada
ortaçağ, eləcə də, XVIII-XIX əsrlərdə və XX əsrin əvvəllərində yaranan
ədəbiyyatın, həm dilinin ağırlığı, həm də sadaladığımız digər aspektlərdən
şərhə ehtiyacı daha çoxdur. Təkrar edirik ki, mətndəki sözlərin başa düşülən
olması mətnin məzmununun anlaşılmasında böyük əhəmiyyət kəsb edir – bunu heç kim
inkar etmir və edə də bilməz. Amma o da gerçəkdir ki, əsərdəki sözlərin
anlaşılan olması mətnin məzmununun tam, axıradək dərk olunmasına kifayət etmir.
Mətnin sözləri başa düşülə bilər, məzmunu, ideyası, poetik fiqurları,
simvolları isə yox. Deyilənlər, əsərlərində anlaşılmayan sözə, demək olar ki,
təsadüf edilməyən ustad şair S.Vurğunun əsərlərinə də aiddir və konkret
nümunələr təqdim etməklə qənaətimizi təsdiq edəcəyik. Amma əvvəlcə nəzərə
alınması zəruri olan bir fakta da diqqət yönəltmək istəyirik.
Məlumdur ki,
bədii əsərlər, təkcə filoloqlar yox, bütün ədəbiyyatsevərlər üçün yazılır və
çap edilir. Oxucuların içərisində müxtəlif peşə adamları, tələbələr və
şagirdlər də olur, onların isə ədəbiyyat haqqındakı bilgiləri tamamilə
fərqlidir. Digər tərəfdən də, son yarım əsrdə humanitar elmlərin, belə demək
mümkünsə, "differensiallaşması” – arix-filologiyanın tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə, onların
özlərinin də bölmə və yarımbölmələrə ayrılması filoloqların özlərinin də bilik
dairəsini xeyli məhdudlaşdırıb – dilçi ədəbiyyatşünaslığı, ədəbiyyatşünas
dilçiliyi, hətta, ədəbiyyatşünaslığın, yaxud da dilçiliyin bir şöbəsini bilən
digərlərini yaxşı bilmir. Təbii ki, bu "innovasiya” ədəbi mətnlərin
anlaşılmasında da problem yaradır. Bu səbəbdən də bədii əsərləri dərk etmək
üçün kitablarda elmi-köməkçi aparatın (ilk növbədə izahların)
yerləşdirilməsinə, təkcə digər peşə adamlarının, yaxud, şagird və tələbələrin
deyil, filoloqların da ciddi ehtiyacı var.
İndi isə
yuxarıda dediklərimizi təsdiqə S.Vurğunun 1934-cü ildə qələmə aldığı bir
qitədən başlayaq:
Üzərimdə
qara-qara,
İlan başlı
buludlar var.
Gəril, sinəm,
hücumlara,
Ayğır dalınca
toz qopar.
Bir il sonra
isə şair bu qitəni qələmə alıb:
Döyür
pəncərəmi qışın rüzgarı,
Vaxtsız
ölümmüdür üstümə gələn?!
Çəkilsin
gecənin qaranlıqları,
Ömrə son
sözümü deməmişəm mən,
Vaxtsız
ölümmüdür üstümə gələn?!
Göründüyü
kimi, bu qitələrdə mənası anlaşılmayan bircə söz belə yoxdur. Amma, oxucuların
əksəriyyəti bilmir ki, şair "ilan başlı
qara bulud” deyərkən nəyi nəzərdə tutur, ona kimlər, niyə hücum edir? Yaxud,
"ömrə son sözünü deməmiş” gənc şairin (bu qitəni yazarkən S.Vurğun 29 yaşın
içindəydi) pəncərəsini niyə "vaxtsız ölüm” döyür? O, nədən, niyə narahatdır?
Şair "gecənin qaranlıqları” deyərkən nəyə, yaxud, kimlərə işarə edir?
Şair
qəzəllərindən birində deyir:
Xoşbəxt
elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da
gözəl bir daha dövran ola bilməz.
Əgər, o,
doğrudan da "xoşbəxt elinin xoşbəxt” şairidirsə, onda bu misralar nədir:
... Fəqət,
durur gözlərimin qarşısında bu iblislər,
Ürəyimdə
külək əsir, yarpaq düşür, çiçək solur.
Gecəm keçir
xəyal ilə, sual verir mənə səhər,
Hansı şair,
hansı qələm öz vaxtında xoşbəxt olur?
Yaxud:
Böyük bir hünərim yoxdur, bilirəm,
Bəzən
öz-özümə baxıb gülürəm.
Artıq can üstəyəm,
artıq ölürəm,
Şöhrətim quru
bir səsdir, a "dostlar”.
Və yaxud:
El istər hər sözüm, şerim cahanda bir şüar
olsun,
Paxıllar cəhd
edirlər ki, sözüm gülzarı xar olsun.
... Rəzillər
can atırlar ki, rübabım sınsın aləmdə,
Nəsibim,
taleyim, haqqım – soyuq bir intihar olsun.
Oxucu bu
misralarda da hər bir sözün mənasını başa düşür, amma şairin biri digərini
təkzib edən fikirlər irəli sürməsinin – bir tərəfdən "xoşbəxt elinin Vurğunu”
olmasından fəxarət duymasının, digər tərəfdən faciələr içində çırpınmasının –
öz vaxtında xoşbəxt olmamasının (ikili ömür yaşamasının) səbəbini anlamır.
Bilmir ki, "ağ günlər şairi” kimi təbliğ və təlqin edilən "xoşbəxt şair”in
"gözlərinin qarşısında duran iblislər”, şöhrətini "quru səs”ə döndərənlər,
intihara təhrik edənlər kimlərdir, hansı səbəbdir? Yaxud, niyə şair çox vaxt
əsərlərində zamanın onu "dəryada yelkən kimi qərq edəcəyini” (Məni yelkən kimi
qərq etsə də, dəryada zaman), "ömrünün bada gedəcəyini” (Bir qonağam bu
dünyada; Bir gün ömrün gedər bada), ölümün "əli baltalı cəllad” kimi başı
üzərində dolaşdığını (Başımın üstünü kəssə də ölüm; Sağ əli baltalı bir cəllad
kimi) dilə gətirib, xof, təhdid və təzyiq altında yaşayıb?
Bu
misralardakı S.Vurğunu oxucu izahsız tanıya bilirmi? Bizcə, yox! Çünki, oxucuya
S.Vurğun "sovet quruluşunun tərənnümçüsü, ağ günlər şairi...” kimi təqdim və
təlqin edilib. Təqdim etdiyimiz parçalardakı Vurğun isə "oxucunun tanıdığı”
Vurğun deyil.
Şübhəsiz, bu
əsərlər bica yerə yaranmayıb və onların hər birinin səbəbi, həm də ciddi səbəbi
var. Bu səbəblərin müəyyənləşdirilməsi, başqa sözlə, şairin nə demək
istədiyinin anlaşılması və anladılması isə, yuxarıda da qeyd etdiyimiz kimi,
mətnin tarixçəsinin öyrənilməsindən birbaşa asılıdır.
Bu mənada məzmununun anladılmasına, şərhinə, ümumiyyətlə
tekstoloji araşdırmaya S.Vurğunun təkcə yuxarıda bir neçə misrasını təqdim
etdiyimiz əsərlərinin yox, onun qələmindən çıxan bütün əsərlərin, hətta, dili bulaq
suyu kimi saf, axıcı olan "Azərbaycan” şeirinin də ehtiyacı var.
İndi isə
gələk, sualınızın konkret cavabına: əldə S.Vurğunun, oxucuların suallarına
cavab verə biləcək təkmil nəşrinin olmaması onun əsərlərinin daha mükəmməl
nəşrinin hazırlanmasına ciddi ehtiyac yaradırdı. Hazırladığımız kitabın xeyli
hissəsinin izahlar və biblioqrafik məlumatlardan ibarət olmasının səbəbi də
budur.
Ümumilikdə
yanaşdıqda, yazıldığı dövr, dil və əlifbadan, eləcə də janrından asılı
olmayaraq, bütün bədii əsərlər izaha, şərhə möhtacdır və bu, bir tərəfdən
mətnlərin özünün spesifikliyi–polifonikliyi, çoxqatlılığı ilə bağlıdırsa, digər
tərəfdən də mətnin anlaşılmasında tarixçələrinin aydınlaşdırılması zərurəti ilə
əlaqəlidir və bu, bir qanunauyğunluqdur. Bu qanunauyğunluq təbii ki, S.Vurğunla
eyni dövrdə yazıb-yaradan sənətkarların əsərlərinin nəşrinə də aiddir.
Onu da qeyd
edək ki, təkcə poeziya nümunələrinin deyil, nəsr əsərlərinin nəşrində də ciddi
dəyişikliklər aparılıb. Məsələn, S.S.Axundovun "Qaraca qız” hekayəsinin nəşri
zamanı o qədər əvəzləmə və ixtisarlar aparılıb ki, əsərin son çap nüsxəsi ilk
çap nüsxəsindən ciddi şəkildə fərqlənir. Çox istedadlı ədəbiyyatşünas Könül
Nəhmətovanın bu sahədəki tədqiqatları, təkcə, S.S.Axundovun yox, bütün yeni
dövr mətnlərinin tekstoloji tədqiqata, tarixçələrinin öyrənilməsinə ehtiyacı
olduğunu aktuallaşdırır. Eyni fikri digər gənc istedadlı və zəhmətkeş
ədəbiyyatşünas Afaq Əliyevanın C.Məmmədquluzadə irsinin nəşri məsələləri ilə
bağlı apardığı ciddi araşdırmalar haqqında söyləmək olar. Başlıcası isə
aparılan tədqiqatların nəticələri şair və yazıçıların kitablarının elmi-köməkçi
aparatında – izahlarında yer almalıdır.
–
"Mətnin tarixçəsi” deyərkən konkret
olaraq nəyi nəzərdə tutursunuz?
- Bu sualın
qısa cavabı əsərin müəllifdən başlayıb, oxucuya ünvanlanan yoludur. Bu yolun
özü çox uzun olduğu kimi, "tarixçə” kəlməsi də bizim işlətdiyimiz kontekstdə
çox geniş anlayışdır. Burada, təkcə əsərin qələmə alınma tarixi nəzərdə
tutulmur. Bu tarixçəyə əsərin yaranma səbəbindən – mövzunun müəllif təxəyyülü
və təfəkküründə cücərməsindən başlayaraq, əsərin qələmə alındığı real tarix
(gün, ay, il); yarandığı mühit, şərait, məkan; əsər üzərində müəllifin apardığı
yaradıcılıq və qeyri-yaradıcılıq işi; çapa hazırlıq prosesində əsər üzərində
aparılan tekstoloji araşdırmalar; mətnə senzor, naşir müdaxiləsi, mətbəə
xətaları və bir çox başqa məsələlər daxildir.
Xatırladaq
ki, "mətnin tarixçəsi” ifadəsi bəzi elmi ədəbiyyatda qədim və yeni dövr
mətnlərinə münasibətdə bir qədər fərqli mənada işlədilir. Bu ifadə qədim
ədəbiyyata tətbiq edilərkən mətnin tarixçəsinə onu yaradan müəlliflə yanaşı,
onların üzünü köçürən katiblərin mətnlərdə apardığı dəyişikliklər də daxil
edilir. Üzünü köçürdüyü mətnlə katiblərin "sərbəst” davranması, bilərəkdən –
məqsədli olaraq mətnlərdə ciddi dəyişiklik etmələri bəzən onların "müştərək
müəlliflər” adlandırılmasına da səbəb olub. Yeni dövr ədəbiyyatında isə "mətnin
tarixçəsi” deyilərkən mətnin, yalnız, müəllif tərəfindən yaradılması və
dəyişdirilməsi prosesi nəzərdə tutulur. Lakin yeni dövr mətnlərindəki
dəyişikliklər heç də həmişə müəllifə aid olmur. Mətndə, senzor, redaktor və başqaları
dəyişiklik apara bilir. Senzor və redaktorlar S.Vurğunun əsərlərində də az
dəyişikliklər aparmayıblar.
Yaxud, bir
sənətkarın əsərində başqa bir şair və yazıçının və ya redaktorun dəyişiklik
etməsinə yeni dövr ədəbiyyatında, o sıradan Səməd Vurğunun da bəzi əsərlərində
rast gəlinir. Məsələn, "Səriyyənin ölümü” şeirinin son bəndindəki "bədbinliyi
yumşaltmaq üçün” görkəmli ədəbiyyatşünas Məmməd Arif Dadaşzadə (1930-cu ildə –
şeirin çap olunduğu vaxt "İnqilab və mədəniyyət” jurnalının əməkdaşı kimi) qələmi
əlinə alıb, şeirə bir neçə nikbin misra artırmışdı.
Yaxud Aşıq
Şəmşir şairin "Yada sal məni” şeirindəki "Yalçın qayalardan xəbər al məni”
misrasındakı əvvəlki iki sözü "Kəklikli daşlardan” ifadəsi ilə əvəz etmiş,
"Bəxt məni bu yerə qonaq göndərdi” misrası ilə başlanan sonuncu bəndi də şeirə
əlavə etmişdi. Bu səpkili əlavə və dəyişikliklərə şairin iri həcmli əsərlərində
də (Məsələn, "Vaqif” pyesində) təsadüf edilir. Xatırladaq ki, Səməd Vurğun özü
də bəzi şairlərin şeirlərində düzəlişlər edib. Bütün bu dəyişikliklər də mətnin
tarixçəsinə daxil edilməli, səbəbləri və səbəbkarları müəyyənləşdirilməli,
barəsində izahlar bölməsində məlumat verilməlidir...
Əslində,
mətnin tarixçəsi, elə mətnin özü deməkdir. Mətn, belə demək mümkünsə,
"tarixçə”dən "yığılır” – montaj edilir. Mətnsiz əsər təsəvvürə gəlmədiyi kimi,
tarixçəsiz də mətn ola bilməz. Bu səbəbdən də əsərin mətnini bağlı olduğu
tarixçədən kənar tədqiq etmək mümkünsüzdür. Onu da nəzərə almaq lazımdır ki, şair
və yazıçıların yaradıcılığı əsərlərinin tarixçəsindən, bütün sənətkarların
əsərlərindən isə ədəbiyyatın tarixi formalaşır. Başqa sözlə, hər bir mətnin özü
və tarixçəsi nəticə etibarilə bütövlükdə ədəbiyyatın tarixi deməkdir, həm də
sonrakı filoloji tədqiqatların söykəndiyi özüldür. Doğrudur, aparılan elmi
araşdırmaların obyektivliyi əsərlərin əsas mətninin düzgün müəyyənləşdirilməsindən
– mötəbərliyindən asılıdır. Əziz Mirəhmədov deyirdi: "Mötəbər mətnsiz, mötəbər
elm də ola bilməz”. Lakin, əsas mətnlərin düzgün müəyyənləşdirilməsinin
təminatçısı da onların tarixçələrinin dərindən və hərtərəfli öyrənilməsidir.
–
Şairin yaradıcılıq laboratoriyasında müşahidə etdiyiniz və oxucular üçün yeni ola biləcək məqamları,
qısaca da olsa, xatırlatmanız maraqlı
olardı?
– Səməd Vurğunun
dilinin bulaq suyu kimi saf, axıcı, anlaşılan olması yaradıcılığının başlıca
məziyyətlərindən hesab edilir. O, müasir poeziya dilimizin də yaradıcısı
sayılır. Bu fakt çoxlarında onun əsərlərini, belə demək mümkünsə, birnəfəsə
yazması qənaətini yaradıb. "Söz Vurğunun əlində mum kimi idi” deyimini də o
inam yaratmışdı. Sözün Vurğunun əlində mum kimi olduğuna qətiyyən şübhə
etmirik. Amma, o da var ki, mumu "hala gətirmək” – ondan sənət əsəri yaratmaq,
"öz üslubunu müəyyənləşdirib, yadigar qoymaq üçün” (Məndən də bu üslub qalsın
yadigar) şair çox çalışıb, gərgin əmək, böyük zəhmət sərf edib. Biz bunu onun əlyazmalarına
istinadən deyirik: onun əsərlərinin qaralama avtoqraflarını oxumaq çox çətindir
(Yeri gəlmişkən: mən böyük sənətkar Hüseyn Cavidin bir neçə şeirinin, o sıradan
Səməd Vurğunun adına çıxılan "Gəlin” şeirinin avtoqrafı ilə də tanış olmuş və
eyni məqamı müşahidə etmişəm). Elə bil ki, Səməd Vurğun əsərlərini yazmağa
başlamazdan əvvəl barəsində heç düşünməyib. Söz, misra, bəndlər dəfələrlə pozulub,
sanki sözlər döyüşə gəlib, istedadla cilalanıb ədalətli Vurğun qələmi yerinə
düşməyənlərin üstündən xətt çəkib, daha mənalılarını yazıb, bəzən isə onların
yeri boş qalıb, misraların, bəndlərin kənarında sual işarələri, nöqtələr qoyulub,
"öyrən” sözləri yazılıb, bir şeir tamamlanmamış başqa şeirə keçilib. Bəzən eyni
şeirin müxtəlif variantları yaranıb, bəzən şair yazdığı əsərə illər keçəndən,
hətta dərc etdirdikdən sonra bir də qayıdıb, yenidən işləyib, bəzən də
sənətkarın cəhdinə baxmayaraq, ilham onu yarı yolda qoyub – xeyli şeiri
tamamlanmayıb. Avtosenzura – daxili senzor da az "iş” görməyib.
Doğrudur, əsərlərin tekstoloji tədqiqində – mətnlərin təkmilləşmə
prosesinin izlənilməsində çap nüsxələrinin əhəmiyyəti az deyil. Lakin,
əsərlərin doğulma, yaranma prosesini avtoqraflar, özü də qaralama avtoqraflar
üzərində müşahidə etmək mümkündür. Mətnlərin tarixçələrinin öyrənilməsində
qaralama avtoqraflar daha çox material verir.
Səməd Vurğunun
bu və bir sıra başqa şeirlərini çapa verməməsinin müxtəlif səbəbləri olub. Əsas
səbəb bunların əksəriyyətinin tamamlanmaması və "oxucu mühakiməsinə veriləsi”
səviyyədə işlənməməsi olub. Şeirlərin içərisində elələri də var ki, şair
onların həyatı üçün qorxulu olacağını nəzərə alıb, çapa verməyib. Burada
konkret adamlara həsr edilən elə əsərlər də var ki, onlarda təsvir edilən
hadisələr "isti” olduğundan, məlum "qəhrəmanlar” istədiyi səmtə at çapdığından
şair onları ya dərc etdirə bilməyıb, ya da dərc etdirmək istəməyib. Bu
şeirlərin bir qismini ("Sərgüzəşt”, "Zərdüştün xülyaları”, "Böhtan”, "Böyük
revolyusiya”, "Sən utan!”, "Mıs-mıs”,
"Qoca qartal”, "Ah, paxıllar!”, "Müxənnət”, "A, "dostlar”!” və s.) biz
həm mətbuatda vermişik, həm də hazırladığımız kitaba daxil etmişik.
Müşahidə etdiyimiz maraqlı məsələlərdən biri
də Səməd Vurğunun əsərlərinin avtoqraflarının öz, eləcə də çap nüsxələri
arasındakı tekstoloji fərqlərdir.
Şair bəzi
başqa əsərləri kimi, bu şeirinə görə də təqib və təzyiqlərə məruz qalıb.
1937-ci ilin payızında NKVD-yə günortadan sonra gedib, "səhər çayı vaxtı”
qayıdan S.Vurğun qardaşına demişdi ki, "Onlar
mənim "Azərbaycan” şeirimdən
bərk yapışıblar. Başa düşə
bilmirlər ki, bu şeir mənim həyatımın və
bütün yaradıcılığımın mənasıdır, rəmzidir... Mən bütün insanlara, bütün xalqlara və millətlərə
səadət arzulayıram və bu yolda
çalışıram. Lakin bununla bərabər, məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır, ən doğma xalq
isə Azərbaycan xalqıdır, onun dili və
şeri mənim vicdan səsimdir, o mənim doğma
anamdır. Əgər buna görə məni millətçi etmək istəyirlərsə, qoy etsinlər. Bir gün gələr, tarix həqiqəti açar” (M. Vəkilov).
Haqqında çox
qısaca danışdığımız bu tip tekstoloji faktlar şairin əsərlərində hədsizdir və
düşünürük ki, heç kəs bu məsələlərin izaha ehtiyacı olduğunu, eləcə də
əsərlərin izahların köməkliyi ilə daha dərindən anlaşıldığını – dərk edildiyini
inkar etməz. Məhz, bu səbəbdən də biz şairin arxivindən yararlanaraq,
şeirlərinin tarixçələrinə hazırladığımız kitabın izahlarında kifayət qədər yer
vermişik.
– Bizə görə, hazırladığınız kitab Səməd Vurğunun
şeirlərinin ilk elmi nəşridir. Siz necə düşünürsünüz?
– Kitab Səməd
Vurğunun şeirlərinin elmi nəşridir, amma, ilk yox. Şairin əsərlərinin elmi
nəşrləri haqqında məlumat verəcəyəm, amma, əvvəlcə "elmi nəşr”in özünün nə
demək olduğuna aydınlıq gətirim.
Elmi nəşr
(tənqidi və ya elmi-tənqidi nəşr də adlandırılır) bədii əsərlərin
elmi-tekstoloji aspektdən, başqa sözlə, əsərlərin tarixçələri öyrənilərək
çapa hazırlanmasıdır. Bu nəşrin
məqsədi: 1) oxuculara və mütəxəssislərə
əsərlərin əsas – elmi-tənqidi mətnlərini, yəni müəllif mətnlərini olduğu kimi
çatdırmaq; 2) yazıçının yaradıcılıq laboratoriyasına daxil olub, əsərlərinin
yaranma və təkmilləşmə prosesini izləmək; 3) müəllifin bir sənətkar kimi
formalaşmasını açıb-göstərməkdir. Bu nəşrlər oxucuların bütün suallarına cavab
verə biləcək elmi-köməkçi aparatla, xüsusilə də şərhlərlə təmin olunmalıdır.
Nəşrlərin tipini də, ilk növbədə, bu aspekt, yəni, mətnlər üzərində aparılan
elmi-tekstoloji işin xarakteri, onların tarixçələrinin öyrənilmə səviyyəsi
müəyyənləşdirir.
Qəribə də
olsa, elmi nəşrlər müəllifləri dünyasını dəyişdikdən, həm də əksər hallarda
sənətkarların ölümündən əsrlər keçdikdən sonra hazırlanır. Məsələn, Məhəmməd Füzulinin
əsərlərinin ilk elmi nəşri şairin vəfatından, təxminən 400 il sonra çap olunub.
Bu işlə mətnşünaslar məşğul olur. Burada xeyirxah niyyət və elmi zərurətlə
yanaşı, bir paradoks da var: qələmə aldığı əsərlərin tarixçələrini müəllifdən
yaxşı heç kim bilmədiyi halda, onlara şərhi müəlliflərin özləri yox, başqaları
– mətnşünaslar yazır. Çox vaxt əsərləri nəşrə hazırlayanlar heç mətnşünas da
olmurlar. Mətnşünaslar əsərlərini nəşrə hazırladıqları şair və yazıçıların
həyatı və yaradıcılığını nə qədər dərindən öyrənsələr də, əsərlərin
tarixçələrini onları yaradan – "dünyaya gətirən” müəlliflər qədər bilə
bilməzlər. Paradoks da olsa, gerçək budur. Hər halda, bizə öz əsərlərinə şərh
yazan, əsərlərini tarixçələri ilə birlikdə çap etdirən şair məlum deyil.
Sağlıqlarında
isə, bəzi istisnaları – müəllifin vətəndən kənarda yaşaması, xəstəliyi və s. –
nəzərə almasaq, əsərlərini çapa müəlliflərin özləri hazırlayırlar – vəfatından
sonra bu nəşrləri də tədqiqatçılar hazırlayır. Bu nəşrlər bir qayda olaraq,
əsərlərin mətnlərini oxuculara çatdırmaq vəzifəsini yerinə yetirir və nəşrə
hazırlıq prosesində onlar elmi cəhətdən öyrənilmir. Onların elmi-köməkçi
aparatı da – izahlar və biblioqrafik məlumatlar, lüğətlər və s. olmur. Bu
səbəbdən də həmin nəşrlər kütləvi nəşrlər hesab olunur. Onlarda, ən yaxşı
halda, əsərlərin yazılma tarixi, bəzən də, yeri qeyd edilir.
S.Vurğunun da
sağlığında çap olunan kitabları, kütləvi nəşrlərdir və onlar da, elmi-köməkçi
aparatdan məhrumdurlar. Təxmini hesablamalarımıza görə, sağlığında S.Vurğunun
Azərbaycan dilində 100 minə yaxın tirajla 15 adda şeir kitabı çapdan çıxıb.
Şairin əsərlərinin ilk elmi nəşri isə 6 cildliyidir – tərtib edəni və redaktoru
O.Sarıvəlli, "İzahat və biblioqrafik məlumat”ın müəllifi N.Axundovdur.
1960–1972-ci illər arasında çapdan çıxmış bu cildlər şairin əvvəlki
kitablarından həm əhatəliliyinə, həm də tərtibi prinsipinə görə xeyli
fərqlənir.
Nəşrin əsas
üstünlüyü ondan ibarətdir ki, şairin arxivi öyrənilib (axıradək olmasa da),
cildlər xronoloji ardıcıllıq əsasında tərtib edilib, buraya şairin əvvəlki
kitablarına düşməyən bir sıra yeni əsərləri salınıb. Altı cildlik, şübhəsizdir
ki, şairin əvvəlki nəşrlərindən ən mükəmməlidir. Bu məziyyətləri ilə yanaşı,
cildlərdə ciddi qüsurlara da yol verilib. Üstəlik nəşr oxuculara "akademik
nəşr” adı ilə təqdim edilib, lakin adını doğrultmayıb.
Hazırladığımız
kitabı isə biz Səməd Vurğun şeirlərinin mükəmməlləşdirilmiş elmi nəşri hesab
edirik. Bunun şairin ən mükəmməl nəşri olduğu iddiasından da uzağıq. Əksinə,
əminik ki, gələcəkdə bu nəşr daha da təkmilləşdiriləcək. Çünki, bütün şair və
yazıçılar kimi, Səməd Vurğunun da yaradıcılığı ilə bağlı araşdırmalar bu gün də
davam etdirilir və yeni, naməlum faktlar, hətta, onun yeni şeirləri üzə
çıxarılır. Xatırladım ki, şairin işıq üzü görməmiş şeirləri hələ də var. Ustad
şair haqqında yeni söz deməyə imkan verən bu ədəbi-tarixi və tekstoloji
faktlar, təbii ki, onun əsərlərinin nəşrinə də öz müsbət təsirini
göstərəcəkdir. Obyektivlik naminə deyim ki, son 20-25 ildə bir çox məsələləri,
o sıradan bədii əsərlərin nəşri səviyyəsini və nəşrin tiplərini də maliyyə
xərcləri müəyyənləşdirir. Etiraf edim ki, maliyyə məhdudluğu üzündən şairin
şeirlərini düşündüyümüz kimi nəşr etdirə bilmədik. Belə ki, bir sıra şeirləri
kitabdan çıxarmalı olduq, yazdığımız tekstoloji müqəddiməni verə bilmədik,
hətta, çapı 2016-cı ilə planlaşdırılan kitab iki il sonra işıq üzü gördü.
Söhbətləşdi: Fərid Hüseyn, Aytac Quliyeva