• cümə, 29 Mart, 15:47
  • Baku Bakı 14°C

“Əsəri qoltuğa sığan sənətkar tarixin qoltuğunda əriyib gedir”

09.11.16 12:14 2695
“Əsəri qoltuğa sığan sənətkar tarixin qoltuğunda əriyib gedir”
Hər duyğunun, hər sözün bir ana elementi var və haqqında danışdığımız rəssam Kirman Abdin də məsələyə məhz həmin ana xətdən başlayır. Ona görə də işləri bütövdür, sözləri yarımçıq qalmır, insanlarla rənglərin dili ilə danışa bilir.Kirman bəy daha çox qrafika janrında işləyir. Bir misra şeirin, bir sevginin, bir duyğunun təsvirini kağıza köçürür. Ömrünün ən məhsuldar dövrünü yaşayan Kirman bəy son bir neçə ildə üç dəfə sərgi keçirərək ictimaiyyət qarşısında hesabat verib. Söhbətimizə də elə sonuncu sərgisi ilə başladıq.
- Kirman bəy, iki ay əvvəl sizin Məmməd Araz poeziyasına həsr olunmuş rəsm sərginiz keçirildi və böyük rəğbətlə qarşılandı. Məmməd Araz poeziyası ilə sizin sənətiniz arasında hansı bağlılıq, doğmalıq var?
- Məmməd Araz poeziyası uzun illərdən bəri düşündüyüm və hər dəfə də yeni bir şey kəşf etdiyim sahədir. Onun şeirlərində özümə doğma olan çox duyğular, hisslər tapıram. Ona görə də həmişə bu mövzuda qaralamalar edib bir tərəfə qoyur və təkrar dönüşdə nəsə əlavə edərək o bəndi, ya misranı daha da zənginləşdirməyə çalışıram. Sərgidə altında böyük şairimizin şeirlərindən misralar yazılmış altmış qrafik işim nümayiş etdirildi, amma bu, hələ son deyil, mən o poeziyanı hər zaman oxuyur, araşdırır və yeni nəsə taparaq rəsmə çevirirəm.Yeri gəlmişkən deyim ki, şairin həyatının təxminən son on ilində onunla ünsiyyətim, dostluğum olub. Nəşriyyatda eyni mərtəbədə işləyirdik. Doğrudur, xəstəliklə əlaqədar onun nitqində müəyyən problemlər varıydı, amma asanlıqla anlaşa bilirdik. Bu adam güclü şair olduğu qədər də sadə, səmimi insan idi. Hiss edirdim ki, mənimlə görüş, söhbət onu yormur, ona görə də tez-tez ziyarət edir, söhbətləşirdik. Mənə deyirdi ki, rəssam da ən azı şair qədər mütaliə etməlidir. Mən əslində onun söhbətlərindən çox şeylər götürürdüm və bunu özü də hiss edirdi, ona görə də hər şeyini paylaşırdı. Doğmalıq təkcə qanla deyil ki, biz onunla ruhən doğma, yaxın idik. Ona görə də mən ölənə qədər onu unutmayacam, həmişə onun poeziyasına müraciət edərək bu silsiləni davam etdirəcəyəm. O, şair kimi də, insan kimi də mənim üçün çox böyük şəxsiyyətdir.
Kim nə deyir-desin, ədəbiyyatda da bəzən haqsızlıqlar olur. Məsələn, orta əsrlərdə elə güclü şairlərimiz var ki, kimlərinsə kölgəsində qalıb. Ədəbiyyata siyasət eynəyi ilə baxanda böyük haqsızlıqlar baş verir. Mən Məmməd Arazın müasiri, dostu, hətta dediyim kimi, eyni mərtəbədə çalışan qonşusu olmuşam. İstəmirəm ki, onun haqqında da haqsızlıqlar olsun. Ədəbiyyatda gərək hər kəs haqq etdiyi yeri tutsun, sevgini alsın. Bu mənada mən Məmməd Araz poeziyasının xidmətçisiyəm. O yazır ki, hər doğulan insanla bir ölüm doğulur, hər ölən insanla yeni bir həyat başlayır. Nə qədər böyük düşüncə və elə qədər də təsəlli.
- Səhv etmiriksə, bu, sizin üçüncü sərginiz idi…
- Bəli, ilk sərgim 2012-ci ildə keçirilib. "Əsrlərin yaddaşı, nəsillərin yaddaşı" adı verdiyim o sərgi Azərbaycanımızın müstəqillik uğrunda apardığı mübarizəyə, qəhrəmanlıq salnaməmizə həsr olunmuşdu. Orada siyasi motivli plakatlarla yanaşı, bədii əsərlərim də geniş yer tutmuşdu. İlk sərgim olmasına baxmayaraq, tamaşaçılar və eləcə də mütəxəssislər tərəfindən böyük rəğbətlə qarşılandı. Dövri mətbuatda, televiziyalarda geniş işıqlandırıldı.İkinci sərgim də elə həmin il "20 yanvar" metro stansiyasının foyesində keçirildi. Metropolitenin rəisi Tağı Əhmədov bu işdə mənə yaxından yardımçı oldu. Sərginin mövzusu da elə adından göründüyü kimi, yaşadığımız o qanlı qəhrəmanlıq tariximizdən götürülmüşdü. Bu da mənim üçün bir vətəndaşlıq borcudur. Çünki biz bu işlərimizlə tariximizi sənətə çevirərək nəsillərin yaddaşına verməliyik. Bu gün Avropada tarixin müəyyən məqamlarını hansısa rəsm əsərindən alınmış bilgi ilə bərpa edirlər. Yəni sənətə hopdurulmuş tarixi kimsə təhrif edə bilməz.
- İş şəraitiniz necədir, harada, günün hansı saatlarında işləyirsiniz?
- Bir çox sənətkarlar kimi mən də daha çox axşamlar işləyirəm. Çünki əl-ayaq yığışır, ara sakitlikdir, kimsə fikrini dağıtmır və sən ağ kağızla, boya ilə üz-üzəsən. Amma bir həqiqət də var ki, rəssam üçün emalatxana şairə masasından daha önəmlidir. Şair dizinin üstündə də yaza bilir, amma rəssam malbertini elə yerləşdirməlidir ki, öz düşüncələrini rahatlıqla ora köçürə bilsin. Mənim geniş düşüncələrim, layihələrim var. Böyük ölçülü rəsmlər beynimdə dolaşır, amma onları kətana köçürmək imkanım, daha doğrusu, ev şəraitim yoxdur. Əgər emalatxanam olarsa, çox böyük ölçülü və xalqımızın tarixi ilə bağlı gözəl işlər ortaya qoya bilərəm. Bu gün mənim yaşımın ən məhsuldar vaxtıdır. Bütün həyat təcrübəmi, duyğularımı tabloya çevirib xalqımın istifadəsinə vermək istəyirəm. Mən lüks şərait tərəfdarı deyiləm, amma gərək sənətkarın ən azı minimum şəraiti olsun. İstədiyin zaman ora çəkilib, özünlə baş-başa qalasan və duyğularını kağıza köçürəsən. Bütün klassik rəssamların həyatına baxanda bir şeyin şahidi olursan ki, kasıb yaşasalar da hamısının normal iş şəraiti olub. Bəzən günlərlə hər şeyi unudaraq öz işlərinə dalıblar. Böyük sənət də məhz bu cür şəraitdə meydana çıxır. Emalatxana məsələsi ilə bağlı Rəssamlar İttifaqına ərizə ilə müraciət etsəm də, hər dəfə eyni cavabı almışam: "yer yoxdur”.
- Elə bilirəm ki, sizin hansısa fəxri adınız da yoxdur…
- Mən İncəsənət İnstitutunun rəssamlıq fakültəsinin ilk məzunlarındanam. Onda Bakıda Rəssamlıq Akademiyası yox idi, olan-qalan bir şöbə idi ki, sonradan ümummilli liderimiz Heydər Əliyev incəsənətimizin inkişafını təmin etmək üçün onun bazasında bu fakültəni aça bildi. Mən ulu rəhbərin açdığı o fakültənin ilk diplomunu alanlardanam və bu qayğını heç zaman unutmamışam, unutmaram da. Ulu rəhbərə olan vətəndaşlıq borcumu bir neçə tabloda ifadə etməyə çalışmışam və hazırda bu istiqamətdə möhtəşəm layihələrim də var, amma gerçəkləşdirmək üçün imkanım, daha doğrusu, şəraitim yoxdur. "Səhər" qəzetinin hazırladığı, Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən "Qətiyyətin təntənəsi" kitabının üz qabığını mən hazırlamışdım və orada ulu öndərə olan sevgimi əks etdirmişdim.Mən xarakter etibarı ilə təvazökar, sakit, təmənnasız adamam. Amma bəzən layiq olduğun haqqı ala bilmək üçün qapılar döyməli, haqqını istəməli olursan. Bu, əslində mənim üçün çox ağır işdir, amma ən ağırı odur ki, içimdəki arzuları, düşüncələri, hisslərimi şəraitsizlik ucbatından reallaşdıra bilmirəm. Mən doqquz il ən savadlı müəllimlərdən rəssamlıq təhsili almışam. Fəxri ad ala bilməməyimin əsas səbəblərindən biri odur ki, bu mövzuda indiyə qədər bir qapı da döyməmişəm. İstər-istəməz ağrıyırsan, küsürsən, bu gərginlik adamın səhhətinə təsir edir, səni zədələyir. Sənətdə hər şey ortada olmalıdır, bu gün kiməsə çox şey verə bilərsən, amma illər keçəndən sonra ortada sənətdən başqa bir şey qalmayacaq.
- Kirman bəy, rəssamın istedadı öz yerində, təhsil nə qədər önəmli məsələdir?
- Siz tarixə baxın, Avropa rəngkarlığı xristianlığın tarixini nə qədər parlaq əks etdirir. Həzrəti İsanın həyatı, təbliğatı ilə bağlı əsərlər dünya muzeylərinin baş yerində dayanır. Dünya tarixi yazı ilə yanaşı, rəsm əsərindən oxuyub qəbul edir. Borodino, Vaterloo müharibələri əks etdirən əsərlər tarix kitablarında yazıdan daha çox bilgi verir. Qarabağ müharibəsi, vətənimiz üçün canın qurban verən igidlərimizlə bağlı əsərlər hazırlanmalıdır. Ölkəmizdə gedən prosesləri, gündən-günə gözəlləşən paytaxtımızı, əyalətlərdəki inkişafı sənətə gətirmək lazımıdır. Möhtərəm Prezidentimizin gördüyü işlər, yürütdüyü ardıcıl siyasət sənətdə öz əksini tapmalıdır. Rəssam bunlara laqeyd qala bilməz. Hər kəsin vətəndaşlıq borcu başqalarında vətənə məhəbbət sevgisini aşılaya bilməkdir. Təhsil sənətlə məşğul olan hər kəsə lazımdır. Sən öz işinə nə qədər təhsil, elm hopdura bilirsənsə, o elm də sənin işini o qədər canlı, səviyyəli hala gətirəcək. Mövləvilərin səma rəqslərində bir əl göyə açılır, bir əl yerə. Yəni Haqqdan alıb, xalqa vermək. Əsl sənətkarın vəzifəsi də elə budur, Haqqdan aldığını xalqa çatdırmaq. Tam səmimiyyətlə deyirəm ki, bir çox hallarda rəsmin dili yazının dilindən daha güclü, daha təsirlidir. Həqiqi rəsm əsərində işıq var, hərarət var, səs var, münasibət var, sevgi var, nifrət var, qəzəb var, işıq var, kölgə var, yəni o qədər imkan var ki, sən öz içini, duyğularını olduğu kimi çatdıra bilirsən. Kətan üzərində çox böyük ölçülü rəsmlər işləmək istəyirəm. İstəyirəm ki, bugünkü həyatımızdan divar boyu rəsmlərim qalsın tarixə. Başımda çox maraqlı mövzular dolaşır, gecə-gündüz işləmək istəyirəm, şərait olmadığı üçün kiçik ölçülü qrafika işləri ilə kifayətlənməli oluram, onu da qoltuğumda işə, evə daşıya-daşıya. Əsəri qoltuğa sığan sənətkarın özü də tarixin qoltuğunda əriyib gedir. Onu da deyim ki, bizdə hər zaman güclü rəssamlar olub, bu gün də var. Ancaq müxtəlif səbəblər üzündən sənətkar başqa yerdə dolanışıq axtarmalı olur, böyük sənətdə duruş gətirə bilmir.
- Hazırda hansı yeni işləriniz var?
- Futbolla bağlı geniş bir layihə üzərində istəyirəm, mümkün olsa, sərgi eləməyi düşünürəm. Bilirsiniz ki, ölkəmizdə idmana xüsusi qayğı var. Ölkə Prezidenti bu sahəyə hər zaman diqqət yetirir. Mən də bir rəssam kimi bu işə töhfə verməyə çalışıram. Sözün hər mənasında sağlam nəsil bizim ən böyük sərvətimizdir və bu istiqamətdə çalışmağı özümə vətəndaşlıq borcu hesab edirəm.
Aygün
banner

Oxşar Xəbərlər