• cümə, 29 Mart, 10:08
  • Baku Bakı 5°C

Əsər yazmaq üçün yalnız fitri istedad lazımdır - müsahibə

11.03.14 13:49 3419
Əsər yazmaq üçün yalnız fitri istedad lazımdır - müsahibə
Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Bakıda "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Azərbaycan" jurnalında nəsr şöbəsinin müdiri işləyib. C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlayıb. Bundan başqa V.Babanlı “Vicdan susanda”, “Bulanıq dünya”, “Ana intiqamı” və s. sevilən əsərlərin müəllifidir.
– Həm şeirlər yazırsınız, həm də nəsr əsərləri. Nəsrinizi poetik havada saxlamaq üçün yazırsınız şeir, yoxsa?
– Ədəbiyyata şeirlə gəlmişəm. İlk nəsr əsərim isə “Gəlin” povesti olub. Bu əsər təqdir olunandan sonra nəsrə keçdim. Hətta “Gəlin” adlı poetik əsər yazmaq istəyirdim, gördüm ki, şeirlə bu əsəri yazmaq olmur. “Gəlin” povestini Moskvada oxuyanda Yazıçılar Birliyinə göndərdim, 2-3 ay sonra İlyas Əfəndiyevdən məktub aldım. Məktubda yazmışdı ki, povestini oxudum xoşuma gəldi, müəyyən qeydlərim var, onları etsən çap oluna bilər. Həmin qeydlər edəndən sonra povesti “İnqilab və mədəniyyət” jurnalına verdim. O jurnalın həmin dövrdə redaktoru Əli Vəliyev idi. O da əsəri oxuyub bəyəndi. Povest çap olundu və bununla da mən nəsr əsərləri yazmağa başladım. Yenidən şeirə 1989-cu ildə qayıtdım. O dövrkü hadisələr elə bir könlümdəki şeir külünü təmizlədi və sinəm yenidən közərməyə başladı. Şeirin öz mövzusu var, nəsrin öz mövzusu. Xarakterləri şeirlə açmaq çətin məsələdir.
– Xarakterləri şeirlə açmaq çətin məsələdir deyirsiniz, bəs klassik ədəbiyyatda böyük xarakterləri poemalarla, nəzmlə açmayıblarmı?
– Şeir elədir ki, ilahi vəhylə gəlir. Mən şeiri beynimdə yazıram, sonra bənd-bənd köçürürəm. Şeiri gələndə yazmasam yaddan çıxıb gedir. Nəsr də belədir. Bəzən oturursan bir abzas yaza bilmirsən. Bəzən də elə olur ki, birdən 8-10 səhifə yazırsan. Yəni bunu bilmək olmur. Nəsr isə masştab baxımından, detallar baxımından daha dəqiq işləməyə imkan verir, həm də müəyyən çərçivəsi, ölçüsü yoxdur deyə sənətkara geniş üfüqlər açır. Poeziyada bəzən vəzn, qafiyə yaradıcı insanın əl-qolunu bağlayır.
– “Ana intiqamı” əsərinizi həm povest, həm də pyes kimi yazmısınız. Eyni əsərə iki dəfə müraciət etməyiniz hansı ehtiyacdan doğdu?
– “Ana intiqamı” adlı povest yazmışdım. Leyla Bədirbəyli bu povesti oxumuşdu. Bir axşam Həsənağa Turabov evimizə zəng edib dedi ki, Leyla xanım bu əsəri oxuyub ordakı ana obrazını oynamaq istəyir, olarmı ki, siz o əsəri pyes halına salasınız? Mən də fikirləşmək üçün ondan vaxt istədim. H.Turabov da düşündüyüm müddətdə əsəri oxudu bəyəndi və mənim də razılığımdan sonra dedi ki, Bəhram Osmanovu bu əsərə rejissor təyin edirəm, siz povestinizi pyes formasına salın. Beləcə povesti pyes kimi işlədim.
– “Ana intiqamı” əsərinizi Hüseyn Cavidin “Ana dramı” ilə müqayisə edirlər, istərdim bu barədə sizin mövqeyinizi bilim.
– “Ana intiqamı” adlı əsərimdə övladı ölmüş ana oğlunun paltarını geyinib vuruşmağa gedir. Heç kəs onu yolundan döndərə bilmir. Müharibə vaxtı gənc erməni əsgəri ilə rastlaşır. Silahı erməni əsgərinə tuşlayanda analıq duyğusu baş qaldırır və erməni əsgərinə təpinir ki, dur get burdan, qoduq, niyə gəlmisən döyüşə, get ananın yanına. Erməni dığası gedib ağacın arxasında gizlənir və qadın çevrilib gedəndə onu arxadan güllələyir. Bu əsəri təqdir etməkdənsə dedilər ki, Hüseyn Cavidin “Ana” pyesindən təsirlənmisən. Heç mən o vaxta qədər həmin əsəri oxumamışdım, sonradan oxudum. Yəni bu fikirləri bədxahlar deyirdilər.
– Müsahibələrinizin birində deyirsiniz ki, “Vicdan susanda” və “Bulanıq dünya” romanlarını digər əsərlərimdən üstün hesab edirəm. Belə qənaətə gəlməyinizə səbəb nədir?
– Əsərlər də övladlar kimidir. Nə qədər desək də ki, bütün övladlarımızı eyni qədər istəyirik, olmur. Hansısa məqamda bir övladı daha çox hüsnü-rəğbətin olur. Mən “Vicdan susanda” əsərini uzun illərə yazmışam. Həmin romana görə başıma çox müsibətlər gəlib. Bu əsərə görə məni Kommunist partiyasından çıxarmaq istəyirdilər. Bu da ömürlük kitabımın bağlanması demək idi. Çünki partiya üzvü olmayanda səni işə götürmürdülər, çap olunmurdun, bütün siyahılardan adın çıxarılırdı və s. Bu əsəri AYB-nin iclasda müzakirəyə qoydular ki, roman antisovet əsəridir, sovet adamının vicdanı nə üçün susmalıdır, bütün bunlar böhtandır. Süleyman Rüstəm, Əli Vəliyev, Osman Sarıvəlli, Rəsul Rza partiyadan çıxarılmağımın əleyhinə oldular, təklif etdilər ki, bu cavan oğlandır, onu partiyadan çıxartmaq gələcəyinin üstündən xətt çəkmək deməkdir, ona görə də şifahi töhmətlə kifayətlənmək lazımdır. Mən də hirsləndim partiya biletini cibimdən çıxarıb stola çırpdım, bilet diyirlənib Mirzə İbrahimovun qarşısında yerə düşdü. Qapını çırpıb getdim. Həmin gecə Brejnevə məktub yazdım ki, bu ölkədə yaşamağıma imkan yoxdur mənə başqa ölkəyə getməyə şərait yaradın. Səhəri gün məni işdən çıxardılar, 4 il işsiz qaldım, çox çətinliklər çəkdim. Radio və qəzetlərə kolxozlardan oçerklər yazaraq bir təhər dolanırdım. Bu illər ərzində “Vicdan susanda” əsərinin ikinci kitabını da tamamladım. Əsəri rus dilinə tərcümə etdirmək istəyirdim. Məmmədcəfər Cəfərov adlı akademik vardı, onunla bir binada qalırdım. O, mənimlə yolda rastlaşdı dedi ki, sənin əsərini rəyə göndərmişdilər müsbət rəy yazdım. Sonra dedi ki, bu əsəri rus dilinə tərcümə elətdir, rus ziyalıları bu əsəri daha yaxşı qəbul edər. Dedim ki, mənə olan münasibəti görürsünüz, bu əsəri tərcümə edərlərmi? O sağollaşıb gedəndən “bir şey fikirləşərik” dedi. Bir həftə sonra əsəri məndən istədilər. Əvvəlcə hərfi tərcümə edildi. Sonrasa bədii tərcümə edildi və çap olundu. Moskvada əsər haqqında müsbət rəylər çap olunandan sonra mənə burda münasibət yaxşı mənada dəyişdi. Əsər 2 dəfə 30.000, 3 dəfə isə 100.000 tirajla çap edildi. Daha sonra əsər Ukrayna, özbək, tatar, fars, türk dillərində nəşr edildi. “Vicdan susanda” əsərini bu səbəblərə görə sevirəm. “Bulanıq dünya” əsərini isə yenidən işləyirəm yaxın vaxtlarda “Zəmanə adamı” adı ilə çap etdirməyi düşünürəm.
– Sizcə, M.Cəfərov nəyə görə düşünürdü ki, “Vicdan susanda” əsərini rus ziyalıları daha yaxşı qəbul edərlər?
– Əsərdə qoyulan məsələlər, romandakı problemlər rus insanına, mühitinə daha yaxın idi.
– “Vicdan susanda” əsərinin çapına qarşı olan kimlər idi?
– Cəlal Məmmədov adlı bir tənqidçi vardı, bu gün adı da çəkilmir. O “Azərbaycan” jurnalının baş redaktoru idi. Mən də həmin jurnalda nəsr şöbəsinin müdiri idim. Əsərləri seçib çapa verirdim. Əkrəm Əylisli Moskvadan “Mənim nəğməkar bibim” adlı povest gətirib jurnala təqdim etmişdi. Mən də əsəri oxuyub bəyənmişdim və çapa məsləhət bilmişdim. Ancaq C.Məmmədov bu əsərin çapını yubandırırdı. Əkrəm də cavan oğlan idi və istəyirdi ki, əsəri çap olunsun, ona görə də tez-tez məktub yazıb əsərinin aqibətini soruşurdu. Bir dəfə avqust ayında növbəti nömrənin əsərlərini müzakirə üçün toplanmışdıq. Mən yenə də Əkrəmin əsərini çapa tövsiyə edəndə C.Məmmədov hirsləndi ki, sənin nə marağın var bu povestin çapında? Mirzə İbrahimov Yaltadan məktub yazıb ki, yeni əsərimi bitirmək üzrəyəm və onu jurnalın X nömrəsinə salınmasını xahiş edirəm. Mən də dedim ki, Mirzə müəllim hələ əsəri tamamlamayıb, bəlkə də heç X nömrəyə qədər tamamlaya bilməyəcək, gəlin bu gəncin əsərini çap edək, tələbədir qonorar alsın. C.Məmmədov bu məsələyə görə məmimlə höcətləşib dalaşdı. M.İbrahimov məzuniyyətdən gələndə məni yanına çağırıb hirsləndi ki, sən jurnalın baş redaktoru ilə hesablaşmırsan, bizim yazılarımızı bəyənmirsən. Başa düşdüm ki, C.Məmmədov Mirzə müəllimin başanı yaxşıca doldurub. Mən də əsəbiləşdim və qapını çırpıb getdim. Ertəsi gün işə gələndə mənə dedilər ki, səni jurnaldakı işindən azad ediblər və “Ədəbiyyat qəzeti”nə ədəbi işçi təyin ediblər. Bu münaqişə uzun illər davam elədi, “Vicdan susanda” çap olunub məşhurlaşandan sonra bir dəfə M.İbrahimov Yazıçılar Birliyində məni görüb dedi ki, “Vidadi, ta nə olub, olub, bu münaqişənin üstündən keçək”.
– Sizin adınız çəkilən kimi “Vicdan susanda” əsəri yada düşür. Sizə elə gəlmirmi ki, bu əsərin bu qədər məşhur olması digər əsərlərinizi kölgədə qoyur?
– Məsələ budur ki, hər bir yazıçının bir və ya iki əsəri digərlərinə nisbətdə çox məşhur olur. Məsələn, Lev Tolstoy deyiləndə “Hərb və sülh” və “Ana Karenina” yada düşür. Dostoyevskinin adı çəkiləndə “Cinayət və Cəza” və “Karamazov qardaşları” xatırlanır. Stendal deyəndə “Qırmızı və qara” yada düşür. Yəni hər bir yazıçının elə əsəri olur ki, digər əsərlərindən daha çox sevilir və qəbul olunur. Bu mənada, mənim də “Vicdan susanda” kimi romanımın digər əsərlərimdən daha çox sevilməsi sevindirici haldır.
– İndiki ədəbi durumu necə xarakterizə edərdiniz?
– Əvvəla deyim ki, əsər yazmaq üçün fitri istedad lazımdır. Əgər istedad yoxdursa, zəhmət çəkmirsənsə heç nə olası deyil. Ədəbiyyata gəldiyim dövrü xatırlayıram, saysız-hesabsız gənclər var idi, hamısı yazırdılar. Onlardan cəmisi bir neçəsi yazıçı oldu, yerdə qalanları başqa sahələrə getdilər. İndi yazmaq sərbəstdir. Pul ədəbi dəyərləri heçə endirib. Kimi dindirirsən, deyir mənim kitablarım çap olunub. Pullu adamlar kitablarını çox asan çap etdirirlər. İndi əsərin dəyəri çoxlarını maraqlandırmır. Əvvəllər tənqidçilər hansısa əsər barədə yazırdılar, zəhmətin müqabilində qəzet-jurnallardan əmək haqqı alırdı. İndi belə hallar yoxdur deyə, dolanışıq çətinlikləri onları vadar edir ki, bir neçə yerdə işləsinlər. Nəticədə ədəbi əsərləri diqqətlə oxuyub təhlil və oxuculara təqdim edə bilmirlər.
– Sizcə, indi hanısa tənqidçinin fikri oxuculara, ictimai rəyə təsir edirmi? Məsələn, Nizami Cəfərov sizin haqqınızda yazdığı kitabdan sonra əsərlərinizə maraq artdımı?
– Mənim əsərlərim həmişə diqqət mərkəzində olub. SSRİ-nin bütün ölkələrindən saysız-hesabsız oxucu məktubları almışam. Bu mənada, mən həmişə diqqət mərkəzindəyəm. N.Cəfərovun yazdığı kitabdan sonra deyə bilmərəm ki, mənə maraq artıb, yoxsa azalıb.
– Dünya ədəbiyyatında kimləri müasir yazıçı hesab edirsiniz?
– Haynrix Böll və Ernest Heminqueyin adını çəkə bilərəm.
– Onlar dünyada artıq klassiklər sayılır. Çünki əsas əsərləri 50-60-ci illərə yazılıb. Müasir dünya nəsrində indi tamam başqa imzalar var və tendensiyalar dəyişib. Elə bilirəm ki, bizim Azərbaycan nəsrinin bir bəlası da yazıçıların öz dövrlərində dünyada gedən prosesləri izləyə bilməməsidir. Biz hələ də klassikləri müasir hesab edirik.
– Məsələ odur ki, bizim yazıçılar dünya yazıçılarının yaradıcılığını ardıcıl izləmirlər, onları bəzən inkar edirlər. Klassiklərdən öyrənmək lazımdır, özündən heç nə icad edə bilmərsən. Klassiklərdən öyrənə-öyrənə öz dəsti-xəttini formalaşdırmaq lazımdır.
– Sizinçün üslub nədir?
– Mən deyə bilmərəm ki, üslubum nədir, necədir. Mənim üslubum haqqında oxucular, tənqidçilər və yazıçılar fikir yürüdə bilər. Ancaq onu deyə bilərəm ki, şeirlərimdə nəsr müşahidələri, nəsr əsərlərimdə isə şeirə xas poetiklik var.
– “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan” jurnalında işləmisiniz, daim ədəbi mühitdə olmusunuz. İndi həmin mühitdən ötrü darıxmırsınız ki?
– Əlbəttə, darıxıram. Qaynar ədəbi mühitdə olanda yeniliklərlə daha yaxından tanış olurdum, əsərlərimi yazandan sonra kimlərəsə oxumağa verirdim, yaradıcı söhbətlər edirdik. Səfərlərdə olurduq. İndi bunlardan aralı düşmüşəm, bu da məni darıxdırır, sıxır. Gözlərim görmür, yaza, mütaliə edə bilmirəm, bu isə bir başqa əziyyətdir yazıçı üçün.
– Gözləriniz zəifləyəndən sonra olubmu ki, belə bir fikir ağlınızdan keçə: Yazmaq, oxumaq üçün dünya işığına həsrət qalmağa dəyməzdi?
– Bəzən belə fikirlər ağlıma gəlib. Ancaq bir neçə əsərim yaddaşlarda qalacağını biləndə rahat oluram ki, az-çox ədəbiyyatda nəsə edə bilmişəm.
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər