Əsəd Cahangirin “Namaz” poemasında “neqativ”

Əsəd Cahangirin “Namaz” poemasında “neqativ”

05 İyul 2014, 10:25 1472
Yazıları ilə tanış idim. “Ədəbiyyat qəzeti”ndə, “Ulduz”da, “Azərbaycan”da, “Körpü”də oxumuşdum tənqidi məqalələrini. “Azərbaycan” jurnalına “Əbədi Cavid – Turana qılıncdan daha kəskin, ulu qüvvət” ressenziyamı aparmışdım Cavidin 130 illiyi günlərində. Onda məxsusi tanış oldum. Hiss olunurdu ki, təkəbbürdən, eqoizmdən uzaq adamdır, daha çox müdrikdir. Yazılarında olduğu kimi. Onun elmi təfəkküründə həmişə mənbəyə əsaslanan subyektiv başlanğıc olur. Zahirən ciddi təsir bağışlayan Əsəd Cahangir söhbət zamanı çox səmimi göründü mənə. Ədəbi söhbətlərimiz sözü “Namaz” üzərinə gətirdi. Bu, o anda oldu ki, onun “O adam” poemasından – Əbülfəz Elçibəydən danışırdım. “Namaz” poemamı oxumusunuzmu? – sorğuladı. Yox, – dedim. Və bəlgəsi ilə “Azərbaycan” jurnalının 6-cı sayından (2011) oxudum. Xeyli duyğulandım.

Mövlana Cəlaləddin Ruminin 800 illiyinə ithaf olunmuş əsər Məhəmməd əleyhissəlamın “Alimin bir günlük elmi, abidin altmış illik ibadətindən üstündür” kəlamı ilə başlayır. “Namaz” – poema adlandırılmışdır. Nədən poema? Lirik-psixoloji, etik-estetik, fəlsəfi və dramaturji siqlətinə görəmi?! Bəs niyə neqativ? Biz realda, gerçəkdə idealın neqativləriyikmi, daha çox itirilənlərikmi?! Yoxsa başqa cür? Yoxsa müəllif məramı başqadır? Mahiyyət də bundadır! Məsələ burasındadır ki, neqativ maddi olanın surəti, caizsə, qarasıdır. Fikrimizcə, müəllif də bu neqativ qavrayışından mahiyyətə keçid almış, mahiyyətin məhz qarada olduğunu, gizlində, alt qatda olduğunu (meyvədə toxum kimi!) ifadə etmək istəmişdir. Ə.Cahangirdə neqativ başlanğıc, davam və sonucdur. Şair buna uyğun olaraq neqativi-qaranı poema boyu hal və məqamdan keçirmiş, mahiyyəti – nəbatat, heyvanat və cəmadat mövcudluğu, obrazlılığında dəyərləndirmişdir. Neqativ müəllifdə fəlsəfi dərkdir!

Poemanın forması bir az Nizamidə, bir az Sənai Qəzvinidə olan kimidir. Yəni “Sirlər xəzinəsi” və “Hədiqətül-həqayiq”in sanki hekayət və rəvayət forması burada bir hal, bir məqam paraleli olaraq dəyər almışdır. Bir az da konkretləşdirək. Mətləb əyan olsun deyə, gərək deyək: poema dörd hal və dörd məqamdan ibarətdir. Bu dörd hal və məqam nədir? Və bunların mahiyyəti nədir? Bunu da irəlicədən deyək ki, əsər bir rükət namazın qılınması üzərində qurulmuş: başlanmış və qurtarmış, dövrəni qapamışdır. Şair bir dairə, bir kainat dairəsi, bir fikir, bir xəyal dairəsi içində bədii süjet, kompozisiya qurmuşdur. Birinci təsvir, birinci hal – qiyam namazda başlanğıcdır, Əlif kimi haqqa dayanıb, haqqa qayıdışdır. Bu hal – ruhun candan sıyırılmağı, ox olub süzmək, tərki-dünya olmaq, zamandan, maddi dünyadan çıxmaq, yox olmaqdır! Vaxtın məqamı belədir. Haqqda bir olmaqdır. Birə, tama yetinmək üçün idrakı – bu zənci ağlı, bu şəvə, qaranlıq qatı nurlandırmaq üçün sufi məhəbbətə, ürəyin Tanrı sevgisinə yetinmək olsun gərək. Şəriət hökmü ilə bir təriqət, yol götürəsən gərək, mərifətə dolub Allahla ruhda olasan gərək. Həqiqətə qovuşasan!

İkinci təsvir – azadlıqdır. Azad ruh həmişə canda hikkə doğurur. Namazın ikinci halı rukudur – Allaha əyilməkdir. Sonra səcdədir. Müncəri adamın bələk, körpə çağıdır. Bu, fani aləmin sınaq imtahanı olduğunun əlamətidir, dördayaqlı çocuq dörd sınıq xətdir (təşbehi, metaforası) – adamın həndəsəsidir – birinci məqamdır. Dairəvi, çevrəvi mövcudluğu qırıb-dağıdıb, həyata, dünyaya gəlişi ilə mələk misallıdır, ruhu ağ varaqdır. Bu körpə mələyin ayağa durması, yeriməsi – qiyama qalxmasıdır. Necə ki, müncəri – zilə yetməyin önəmi xırda boğazlar, səslərdir. Bu adam qiyam olub mil duran düz xəttdir. Bu qiyamın oxşarı, qiyası iki gəncin görüşü kimidir. Bu görüş bir qiyamdır, Allah sevgisidir! İdealın, ruhaniyyatın qiyamı şair tərəfindən hər dəfə reallıq təməlində qiymətləndirilib.

Ə. Cahangir hər dəfə məqamı mənalandırır, ona yeni təsvir vasitələri: zəngin metaforalar, təşbehlər, təkrirlər, sinekdoxalar, simvollar və rəmzlər verir. Gəncliyin bu sevgi qiyamı, hürr olan kütlənin indi “nümayiş selidir”. “Mitinq dənizi qalxır, qiyam şəhəri basır”. Özünə, daş məcrasına sığmayan insan – cəmiyyətə qarşı qiyam edir. “Meydan” sanki came kimidir, “vicdansızın vicdanı, imansızın imanı, dini qiyama qalxıb”. Yəni haqsızlığa, vicdansızlığa qarşı qiyama gəlib. Haqqın davası – qiyam havasıdır! Şair təfəkküründə qiyam – həm dini çağırış, inancdır, külli-aləmin, vəhdəti-vücudun haqqa qiyamda olması, ona üz tutmasıdır, həm də,
obrazdır, məcazdır, reallığın ifadəsidir! İnsan maddi olduğundan, o həm də nəfsi uğrunda ayaqdadır, haqq, ədalət istəyir. “Ağızının ləzzəti” qiyama qalxır! Şair demişkən, haqlı-haqsız qiyam içindədir, “zırpı polis zopanı qiyam üstündə vurur, hakim ölüm hökmünü qiyam üstündə verir”, bir sözlə, “insan qiyam, dikbaş qiyam da insandı”. Şairə görə sevgi – düz gəncliklə yarımçevrə qocanın ömür-günü də bir qiyamdır – haqqa çağırışdır, hamı haqq sevgisi istəyir. Beli əyilmiş qoca da Tanrıya səcdədədir, onun ölümü, ağ kəfəndə torpağa baş qoyması isə əbədi səcdədir.

Şair maddi aləmin insanını “vətən müstəvisində” əzalar həndəsəsi hesab edir. Yenə təşbehi, metaforası ilə! Doğrudan da, bu dünya – insanın min bir halı, min bir həndəsi mövcudluğudur. Həndəsi fiqurudur!

Bir də var “ilahi vətən”! Müstəvi vətən əza, qəza(-qədər) həndəsəsidirsə, ilahi vətən – Tanrı rəhmətindəki əbədi dualardır – fəzalar həndəsəsidir!

Bəs bu fəzalar həndəsəsi nədir? Poemanın ikinci halında fəzalar həndəsəsi başlayır. Necə? Maddi aləmin təşbehini, metaforasını indi mənəvi, ideal aləmin təşbehi, metaforası əvəzləyir! Şair göylər aləminin təsvirində də qeyri-adi məcazlar, obrazlar yaradır, – heyrətlənirik! Allah sevgisi ibadətdir. Gecə qaranlığında oraq şəklində parlayan ay sanki ulduz zəmilərini xışmalayır, biçir. O sanki zəmiyə əyilib. Nidası, qiyamı qurtarıb. Sualı başlayıb, dik başı, qəddi əyilib, sual olub. Elə yeri var deyək ki, dünya insanı – nəbatat, heyvanat, cəmadat olaraq qiyamdan, rukudan, səcdədən – beşikdən və qəbirdən keçir. Bu yerdə düşünmək olar ki, şair mövzunu göylər aləmində davam etdirəcək. Qəfildən qeybdən bir səs gəlir. Bu səs insanı xəyal, sevgi dünyasından dünya sevgisinə, həyatına endirir, qaytarır. Bu insan özü ilə cahaddadır, vəhşilik dövrünü yaşayır, öz qanını içir, içindəki vəhşini öldürmək, insaniləşmək istəyir. Asif Ata yada düşür!

İkinci məqam başlayır! İkinci məqam vəhşilikdir! İkinci məqamda biz insanla, vəhşi obrazı ilə tanış oluruq. Bu vəhşini şair keçmişindən bizə təqdim edir, – retrospeksiyaya əl atır. Bu vəhşi keçmiş zamandan günümüzə yol gəlir. Bu insanın içinə birdən-birə onu qarsalayan bir alov düşür: qəzəbli canavara dönür. Sonra bu adam “vəhşilik qızılçasını candan çıxarır”. İnsan uşaqlıq dövrünü başa vurur! Vəhşilik də bir obrazdır, təşbehi qızılcadır. Vəhşi bütün məqamda sirli sualdır. Vəhşi şir (yaquar, ya vaşaq – fərq etməz, rukudadır, ovunu rukuda yeyir qanlı dişləriylə, dodaqlarıyla!.. İkinci məqamın mənalandırılması da güclü təşbehi, metaforası ilədir. Sual insan, nida insan – bu epitet, bu təşbeh örtülüdür. “Vəhşidən də vəhşidi başını dik tutan adam” (nida insan – Ə.Ə) – şair qənaəti belədir. İnsan rukuda müdrikdir (sual insan – Ə.Ə), rukusuz dikbaşdır, tərsdir!

Şairin nəbatat və heyvanat aləmi ilə insanat aləmi arasında yaratdığı mənalandırma, təsvir və məqam da orijinaldır. Sürü vəhşi meşəsi, vəhşilərin cəmidir, ya vəhşilər camesidir! Şair qənaətində camedə olan insan belə sualdır, vəhşilər önündə qiyamdadır, – “demə ki qiyamdasan, qiyamətdə də olsan, içindəki qurd ilə qalacaqsan, ey insan!” Niyə? – sualı da bu məqamda şair üçün bir sualdır! Bir qiyamdır! Məqamdır!

Üçüncü təsvir – Üçüncü hal – şairin öz obrazıdır. Fərdiləşdirilmiş ümumiləşdirməsidir. “Mən” səcdədədir! Allah eşqi, Allah dərki ilədir, ibadətdədir. İkinci halda ay-orağı ilə ulduz zəmisini biçən şair – “Mən” gecə səcdəsindən, səhərin səcdəsinə qalxıb. Ayı göydən asıb, “möhür” deyib alnını günə basıb. Günəş ağacına dönüb budaq-budaq şualayıb, işıq-kölgə olub qarsayıb kainatı! Sanki bu aşiqin alnı günə söykəlidir.

İkinci halda olan vəhşi üçüncü halda günəş boyda nöqtədir, səcdədədir! Arximed nöqtəsidir – həm ölümü, həm də həyatı yerindən oynadıb. Özündən olub, ilahi vəcd onu sonnəfəs edib. “Tanrının qulağına çatan səssiz bir səsdir – varda, ya yoxdadır, onu da bilmir. “Bilmirəm kiməm, nəyəm! Bircə şey agahımdır, günəş boyda nöqtəyəm, səcdədəyəm”. Üçüncü məqam: səcdədə ağac olan insanın səcdəsində inamıdır, imanıdır.

Üçüncü məqam – imandır. Bu baxımdan “ağac” obrazının mənalandırılması, uyğunsuzluqların bir araya gətirilməsi heyrətamizdir. İman hardan başlayır? – Şairə görə uşaq çağlarından: nə qanıb, nə qandıran vaxtlardan, o çağlardan ki, əlimizlə ağacdan qılınclar yonardıq, qılınc-ağac oynardıq. Sonra antiteza başlayır – özümüzün özümüzlə döyüşümüz – taleyin çiling-ağacı başlayır: – təşbehi, metaforası gözəldir. 14-15 yaş imanı duymaq, haqqın namazına qalxmaq çağımızdır. Məqam çağımızdır! Belə olanda biz bir nar ağacı, (ya xurma, ya buğda – fərq etməz) cənnət meyvəsi oluruq. Nar ağacına əl vurmaq, nəfsə toxunmaqdır. Elə bu, insanın dar ağacına tuş gəlməyi, bu dünyanın əziyyətlərini gözüaltına almağı, qiyam olmaq kimi bir haldır, bu, bir nağıl, bir həyat ağacıdır. Zərdüşt və “Avesta” yada düşür! Tanrının gerçək olan fəlsəfəsidir! Dara çəkən, fəqət darda qoymayan Allahın sirridir, sirri-xudadır. Bəs bu Tanrının dara çəkdiyi, həm də darda qoymadığı bu ömür məqamı nədir?

Mənə şəkk etmə oğlum!
Get yer üzü döşəyin,
Göylər sənə dam olsun.
Mənə ömürlük eşqin,
Qoy sənə cəzam olsun.
Mənim cəzam sevgidi...

Sevgi, ilahi vəcd olan yerdə dünya gözəldir! Mənim Tanrım gözəllikdir, sevgilər qoynudur. Hüseyn Cavid yada düşür! Belə olanda hər şey fəlsəfədə, dəyərdə görünür. Necə? Buludlardan ələnən yağış ağac üçün dəstəmaz suyudur. Elə nar ağacı üçün, elə bu narın içindən gələn göz yaşının arıdan arı suyudur. Bu nar ağacının meyvələri bu ağac-insanın təşbehi, metaforasıdır. Kölgəsi canamazdır. Bu insan – başını canamaza qoyub ağlayır ağac. Şair təsviri gücləndirmək üçün sadalama intonasiyasına, bədii təkrirlərə güc verib, insan ruhunun ehtizazlarını dilləndirib:

Göz yaşları axar ha,
Göz yaşları qalxar ta
Ağac budaqlarına,
Ağac yarpaqlarına,
Ağac çiçəklərinə
Nə ki budaqları var,
Nə ki yarpaqları var,
Nə ki çiçəkləri var,
Ağacın göz yaşıdı.


İnsan göz yaşından çiçəkləyər. Dərd insanı yetirər, insan dərddən boy verər, anlamaq dərkindən kamala dolar, meyvələyər. Mirzə Ələkbər Sabir yada düşür! İnsanın doyumsuz ruhunu şair yaxşı oxuyur, yaxşı dilləndirir:

Meyvələri ağacın
donmuş göz yaşlarıdı,
Yarpaq kipriklərinə
qonmuş göz yaşlarıdı.
Bu ağlağan ağaclar,
Bu ağlaşan ağaclar,
yaşıl buluddu, bardan
ağırlaşan ağaclar.
Yel öpər, kövrəkləşər,
Fağırlaşar ağaclar.
Tökülər ha, yağar ha,
Meyvə-meyvə yağışlar,
Alma-alma damlalar,
Heyva-heyva yağışlar,
Xışma-xışma yağışlar,
Heybə-heybə yağışlar.
Rəngli göz yaşlarını,
toppuş əllərimizlə
Gülə-gülə yığarıq,
silə-silə yığarıq,
Könlümüz silələnməz,
Könlümüzü silmərik.
Göz yaşını satarıq,
göz yaşını çəkərik
göz yaşını alarıq,
göz yaşını içərik.
Göz yaşını içmərik.


Əsəd Cahangir yenə də orijinal təsvir – təşbeh, metafora verir: kök ağacın dişidir. Bəxtiyar Vahabzadə yada düşür! O deyirdi: “Kökü var torpağın, daşın da, adamsa kökünü gəzdirir başında”. “Kitabi-Dədə Qorqud”da İç oğuzlar Bozok, Dış oğuzlar Uçok adlanıb. Əsatirə görə Bozoklar oğuzun göylər aləmindən gələn qadından olan oğulları Gün xan, Ay xan, Ulduz xanın nəslindəndir. Uçoklar isə Oğuzun ağac koğuşundan tapıb evləndiyi qadından olan oğulları – Göy xan, Dağ xan, Dəniz xanın nəslindəndir. Səmavi qadından olan övladlar daha üstün tutulub. Odur ki, oğuz onları sağ yanında, o birini isə sol yanında otuzdurub. Bu ağac əslində əfsanə, əsatirimizdən gələn bir gerçəklikdir. Bu ağac oğuz qızlarını, göy-yer qızlarını yetirir həyati istəyilə. Ə.Cahangir “vəhşi” antitezasını indi bir gözəllik, heyrət içindən özünə qaytarır. “Hanı Qazlıq dağı, hanı başı dumanlı, yaşıl tumanlı dağlar, tumanı düşük adam, imanı düşük insan”. Əsəd Cahangir isə “kök insanın dişidir” – deyir. Sonra elə özü də kökə qayıdış edir: “Adam kökü başında düzü-dünyanı gəzər”. Niyə? Ə.Cahangir dünya ağacının mahiyyətini bilir. Bilir ki, bu dünya da bir ağacdır, bu adam da bir ağacdır – yarı yerin altıdır, qəbirdir, yarı yerin üstüdür – beşikdir, səbrdir, yaşlı pirdir. Əfsanə, əsatir və hədislərimiz yada düşür! İnsan həm də ağacdır. Şair üçüncü məqamda oxucunu çox hikmətlərlə hali edir. İnsanın hallarını – həm də müasir insanın öz aqibətini danışdırır. Bu ağac – adam kimidir, indiki halında ağac başı aşağı duran adama bənzəyir. Ağaclar Tanrısının üzünə baxa bilmir, başını yerə soxur – günahlarına görəmi? Bəli. Bu yerdə Ə.Cahangir kifayət qədər obrazlıdır, folklorlu, müdrik və fəlsəfi görünür. Sufilik yada düşür! Əhməd Yəsəvi, Əhməd Yuknəki yada düşür! Şair elə onlar kimi əxlaqi və estetikdir! Biz Tanrının bir genə, koda saldığı, azad buraxmadığı bir varlığıq! Elə səma kitablarıyla, peyğəmbərlərlə bir nöqtəyə, başlanğıca çəkilmiş varlığıq: Ağac sahibinin çidarladığı yerdən bir addım da kənara atmayan yaşıl qanadlı atdır. “Ayağı var, qaçmaz o, qanadı var, uçmaz o. (Tapmacalarımız yada düşür!) Qanadlı at görmədin, Qırat, Dürat görmədin, Alı kişinin oğlu?” “Koroğlu” yada düşür!

Biz Tanrı bəndələriyik. Əmanətik, ömür də bir fürsətdir. Bu yerdə Ə.Cahangir “Koroğlu”nun fəlsəfi azadlıq əzəmətini – haqdan enmə qüdrətini simvolikləşdirir: “Tanrının Çənlibeli, Tanrının qalasısan? Nəsiminin təndə canı neylərəm fəlsəfəsini bəlgələyir: Səndə Tanrı gizlənib, bilmirsən, təndən anrı gizlənib, görmürsən?” Hürufilik yada düşür! Nəsimi yada düşür! Ə.Cahangir əfsanəyə, Quran ayələrinə, hədislərə varır: səsi, sözü qüdrətdən, haqdan gətirir. İnsan – ağac haqdan gələnlik bilir. Həvva da, Adəm də ilk bəşər övladıdır, Tanrı dərgahından gəlib, Tanrı məbədidir. Tanrı kimi ölümsüz, Tanrı kimi əbədidir – Tanrıdan doğulan Tanrıda da davam etməlidir – Tanrıdan doğ balanı! Qiyamlı, səcdəli, məqamlı ol – ömür, həyat, insan fəlsəfədir, ibadətli, imanlı ol əbədən deyir müdrik şair:

Bilmirmisən Həvvadan
Neçə milyard il öncə
Asya, Məryəm, Xədicə,
Fatimə boyundansan,
Göylər ulusundansan.


Əsəd Cahangir poemada kifayət qədər hikmətli, əxlaqi və fəlsəfi görünür. Elə müqəddəs kitablardan gələn obrazlarla, rəmzlərlə; Həvva (ilk qadın, Adəmin zövcəsi), Asya (Firanın zövcəsi, Musa peyğəmbəri dəryada sandıqdan xilas edən qadın), Məryəm (İsa peyğəmbərin anası), Xədicə (Peyğəmbərin /s.a.s/ qadını), Fatimə (Fatimeyi-Zəhra, Peyğəmbərin /s.a.s/ qızı, Əli-əleyhissalamın qadını) ilə; Gündoğdı, Altunsaç, Ötükən, Hofsiman, Ərəfat, Savalan, “Quran”da adları çəkilən İnsan varlığı və olaylarla, “Qurani-Kərim”lə danışır:

Qutsal kitabını aç,
bir Tanrısal cocuq doğ!
Adımı qoy Gündoğdu,
Adımı qoy Altunsaç!
Qoy qız olum, ya oğlan!
qaranlığı yar, gətir!
Dünyaya yeni insan,
yeni xilaskar gətir!
Dünya məni gözləyir,
beşinci qadın!

Dünyanı gözəllik xilas edəcək? Edəcəkmi? Bu beşinci qadınla gələn xilaskar – ilahi bir nurdur, gözəllikdir! Lakin onun bu günkü müncəri – acı gerçəkləri də var. Sən göbələk deyilsən, Torqovı küçəsində göbəyini açma gəl. Bəxti, bətni bu cür yox, Qutsal kitabını açıb, bir Tanrısal çocuq doğ. Adını Gündoğdı, Aytoldı, Ögdülmüş, ya Odqurmuş qoy, nə fərqi, – təki dünyaya yeni İnsan gətir! “Kutadqu-bilik” yada düşür!

İnsan olduğu yerdən uzaqlaşıb – haqqın doğulduğu yerdən, Allahdan olduğu yerdən uzaqlaşıb! İndi adamın başı-əxlaqı cibi olub. Bu insan Adəmdən, Həvvadan, diziaçıq ingilisdən, uzunətək türkməndən, səndən, məndən, dördlükdən: od, su, hava və torpaqdan gələndir. O insandır ki, indi “başını qıçının arasına soxub, Freyd törəməsi olub”. Ziqmund Freyd yada düşür! Allahdan başlanğıc götürən, Allahla bir olan insan özünü itirib, özündə deyil, dirilik olan birliyində deyil!

Günah – obrazdır Əsəd Cahangir təfəkküründə. İlk insan öz başlanğıcını ondan götürür. Cənnətdən endirilən Adəm, Həvva – yerə enmiş Tubadır. Bu ağac – insan indi dilsiz müttəhim, günahsız müqəssirdir. İndi bu ağac – insan göyə çəkilmiş sirdir. Şair sonra bu ağac – insanın dünya boyu, yer üstü törətdiyi işləri obrazlaşdırır. İndi Romanın vizitorları insanları diri-diri tonqala atır. Azadfikirliyi diri-diri yandırır, dini ayrıseçkilik edir. Kökü bir olan insan İsadan, Musadan, xaçpərəstlikdən ayrılıb. Romalılar İsanı çarmıxa çəkib, həvarilər Məryəmi havarından alıb, Cəbrail, Əzrail, Mikayıl – mələklər İsadan üz döndərib. “İncil” yada düşür! Bu heyndə şair İsanın təsvirinə, obrazına da məxsusi yer ayırıb. Nə üçün belə? Çünki “İsa çarmıxa çəkilmişdi, ağaca qandallanmışdı”. Bu ağac obrazından da ayaq götürən şair məramını yaxşı ifadə edir, ağac insanın poetik dərkində obrazlaşır, fərdiləşir:

Haqqın şahənşah oğluna,
Tanrının insan balası,
insanın Allah oğluna
var aləmdə, gen dünyada
bircə ağac dayağıydı,
baş gecən baş, əl gecən əl,
ayaq gecən, ayağıydı,
bədən, sinə, kürəyiydi,
insan ağac, ağac insan,
iki tən, bir ürəyiydi.


Bu ağac-obraz mətn boyu mənalandırılır, dəyər və qiymət alır. Necə? “İsa ayaqlarını ağaca dirəyib, ağac ayaqlanırdı, “döz” deyirdi İsaya. Ağac indi İsanın gülrəng qanını içib çiçəkləyirdi. İnsan qanını ağaca tökürdü. Ağac insanın günahlarını özünə çəkirdi, Adəmin, Həvvanın günahlarını içirdi”. Fəqət... “İsa çarmıxdan uçub göylər aləminə çəkilmiş, ağac isə dururdu”. İnsan Tanrısına qovuşmuş, ağac isə “iki min yeddi ildi çarmıxdadı”. Bu, kifayət qədər sərt ittihamdı. Şair ümumiləşdirmələrində, fərdiləşdirmələrində müvazi görünür. Fərdiləşdirmələrində – təsvir obrazlıdır, ümumiləşdirmələrində mənalandırma, qiymətləndirmə və dəyərləndirmə əsas bədii keyfiyyətdir:

Era – çarmıx erası...
Sən nə dünyasan belə,
çarmıxbazlar dünyası?!
Çarmıxdan asılan yox,
indi öz boğazından
hərə bir çarmıx asır,
Dəmir ürək azdımı,
hələ ürəyi üstdən
bir də dəmir mıx asır?
nə atəşgah, sinaqoq,
nə məscid hayındadı,
nə kəlisa gözləyir!
Dünya bu çarmıxları
boğazından asacaq,
dünya çarmıxbazları
boğazından asacaq,
yeni İsa gözləyir!


Əsəd Cahangir mətləbi, obrazı irəli buraxır, sonra ona çatmağa can atır. Dində, əfsanə və əsatirlərdə olan kimi çalışır ki, əsatirlərdəki, hədislərdəki süjeti saxlasın. Bilirik ki, İsa çarmıxdan qurtarıb qeyb olub göyə. Hesab edirik ki, şair fikrini deyib qurtardı. Müəyyən mətn məsafəsindən sonra o yenidən mətləb üstünə qayıdır, məramını tamamlayır. Dinə görə İsa yenidən qayıdacaq. Dünya çarmıxbazları boğazından asacaq, yeni İsa gözləyir!

Əsədin poetik təfəkküründə obraz diridir, mənasıyladır. Bu obraz “canındakı qırışla bəlkə neçə yüz ili göstərən bir saatdır. Ağac yarpaqlı tarix, inadkar tarixçidir, qoca tarix ərgənlik bir qız kimi çiçəklənir ağac budaqlarında”. Bənd-bənd, misra-misra irəliləyən mətndə bəzən təəssüf ki, müəllif zəifləyir, sətirarası boşluqlar, uyuşmazlıqlar görünür: “O quru, o budaqdan, bilirmisən, ey insan?” Sanki memar zərifliyi ilə işlənmiş bir hörgüdən ayrı dayanıb belə kərpic-sətirlər.

Ə.Cahangir mənalandırma üçün folklordan, nağıl və dastanlardan gələn obrazları müasir olaylar işığında əlaqələndirir, onların tarixi mənasını vaxtın indisində canlandırır, fakta dəyər, qiymət verir:

Gecə Tanrı Günəşi
alıb cibinə qoyar,
günü pis günə qoyar.
gecə bir Qara kitab,
gecə Tanrı işığı,
kölgələr qarabala,
gecə Qara Kişidi.
Ağaclar növbəsini
haqqa verər gecələr.
Tanrı layla çalar hey,
ağaclar hey dincələr.
Tanrı özü dayanar
özünün keşiyində.

Poemanın Günah obrazının antitezası Gecə obrazıdır. Gecə bakirəlik misalıdır şair nəzərində. “Ağaclar növbəsini haqqa verər gecələr”. Gecənin əyarı gündüz obrazıdır, gecəylə qiyasda gündüz daha duyumlu və mənalıdır:

İnanma gündüzlərə,
baxsana, gün
düz deyil.
Görmürsən, sabaha da,
Axşama da əyilir?
Gündüz haqqın üstünə
İşıqdan kölgə salır.
Tanrının kölgəsini
Göylərdən yerə çırpır,
Birliyə bölgə salır.


Poemanın strukturunda, süjetində bir təsvir, bir də mənalandırma və dəyərləndirmə dayanır:

Bölgəçilik başlayır,
Ölkəçilik başlayır.
başlayır qazaxçılıq,
başlayır şirvançılıq,
İrançı, turançılıq,
incilçi, qurançılıq,
sizçi, oçu, mənçilik,
hər cür ikitirəlik,
hər cürə düşmənçilik.
hamı eyni cür yatır,
eyni cür durmur hamı,
olurlar tikə-tikə,
olurlar çilik-çilik.
Çiliklənir Tanrının
bütöv gecə kölgəsi
Hər ağacın dibində
bircə tikəsi qalır.
Kölgələr tanrıçalar,
kişi qırıqlarıdı.


Əsərin obrazları şair duyumunun həssaslığını, poetik tapıntılarını orijinal təqdim edir: Günəş qırğı, kölgələr anaları ağacın qanadları altına başını təpən cücələrdi – təsvirdə canlılıq, orijinallıq var!

Əsəd Cahangir poemada daha çox məcazlı (metafora, təşbeh, simvol), məntiqli və mühakiməlidir. Torpağı qorumağın nə qədər yeni təsvir müəyyənliyi var, təzə və təravətli.

Torpaq haqdır!
Qırğılar çiliklənmiş
haqqa caynaqlarını,
adamlar ayağını,
ağaclar başın qoyar.
Ağac haqqa söykəkdi,
cavabdehdi başıynan,
haqq qırğının caynağı,
sənin altı palçıqlı
ayağındadı, insan!


Bədii qavrayışda mənalandırılan ağac obrazı həm irreal, həm də real plandadır. Ağacın maddi dəyəri çağdaşlıqla, müasirliklə yozulur. Belə olanda insan-ağacın daha çox təhrifləri, kökdən qaçmaları, yadlaşmaları ilə tanış oluruq. İrreal təsvirlərdə isə ağac ilahiləşir, ilkinliyə qayıdışları ilə olur. Hər bir halda şair orijinal təşbeh və metaforalarla görünür: meşənin namaza dayanmasının obrazlı təsviri, müncəri yenidir:

Meşə
came namazı
qılan ağaclardı, bax.
Yolun düşübmü bir yol
o yamyaşıl cameyə?
Dolanmısanmı onun
hava divarlarını?
Qalxmısanmı şəfəqdən
enən minarəsini?
Dinləmisən
Tanrıdan
gələn azan səsini?


Ağacın təşbehi, metaforası olan Qarabağ igidləri həm də şair istedadına, müasirlik və tarixiliyə yaxşı ayət olunur. Ağacı əyən, kölgəyə dəyən balta ədalətə tuşlanıb. Bu, şahidi olduğumuz həqiqətdir:

Bağ ağacdan başlayar,
başlamadı Qarabağ
nə erməni, nə türkdən,
nə aypara, nə xaçdan.
Başladı Topxanada
kökünə balta dəyən
adicə bir ağacdan.
O ağac Qarabağın
birinci şəhididi.
Qarabağ ağacları
igidlər igididi,
başlarını da kəssən,
torpaqdan baş qaldıran
ölümsüz qəhrəmandı.


Poemada ağacın təşbehi, metaforası başqa bir məqamda Şəhidlər xiyabanı, Kərbəla meydanıdır. Hər ağac bir Hüseyndir:

Qırılmış meşəyə bax,
Kərbəla meydanıdı,
Hər ağac bir Hüseyn!
Qırılmış meşəyə bax,
Şəhid xiyabanıdı,
Hər ağac bir yarpaqlı,
Çiçəkli sinə daşı,
Özündədi gülləri.


Əsəd Cahangir Qarabağ, Şəhidlər xiyabanı təhkiyəsi üzərində geniş dayanır, müasir ağrı-acılarımızı, faciələrimizi obraz-obraz inkişaf etdirir. İndi “başdaşı” şair yaddaşında bir sinekdoxa, bir orijinal təşbehdir, metaforadır:

Şəhidlər xiyabanı
daşadönmüş əlindən
daşa dönmüş meşədi.
Hər başdaşı bir pöhrə,
hər başdaşı bir çöhrə.
Görmürsən başı çallı,
Gen ətək, beli şallı,
“Anan ölsün, ay bala
Sən hara, bura hara?”
deyən ağsaçlı qarı
gözləriynən sulayır
qranit budaqları?
Bilmirsən o, Hüseynə
süd verən Fatimədi?


Şair bayatının, laylanın, oxşamanın yerini təbii gətirir, onları mətnin, bölgünün içinə təbii otuzdurur, kompozisiya səddi yaratmır:

Fidan körpəciyinə
ağlamaz, öyüd verər:
“Körpə balam, yaş balam,
balama qardaş balam.
A döşəyi nəm torpaq,
a yorğanı daş balam
neçədi halın elə?
Özünü yelə verdin,
canımı ört üstünə,
üstünü qalın elə”.

Dördüncü təsvirdə Əsəd Cahangir dördüncü hal və məqamı “daş” obrazında canlandırıb. “Ağacın” – nəbatat aləminin insandan keçən fəlsəfəsini verən şair sonra “daşın” obrazını yaradır, onu mənalandırır. Nə üçün? “Ağac” obrazı qane etməzdimi? Bəlkə heç “daş” obrazı lazım deyildi? “Ağacdan” “daşa” keçid nə üçündür? Məsələ burasındadır və şair görümüdür ki, “ağac” ömrün “vəhşilik” – gənclik çağına, “daş” qocalıq, müdriklik, zaman və yaddaş çağına işarədir. Təkcə bumu? Fikrimizcə, qaranı, neqativi cansız varlıqlardan, sonra nəbatatdan, sonra heyvanatdan keçirən şair daha sonra daş obrazına – qara, neqativ qavrayışına baş vurur. Daş da neqativi daha çox göstərir.

Ağacı kəsmək, qırmaq ölümsüz olan şəhidliyi öldürməkdir, unutmaqdır:
Öldürmə meşələri,
doğrama şəhidləri,
Şəhidlər ölümsüzdü!..

Səcdə ağac deməkdi,
ağac səcdə, niyə bu
əlifbeyi qanmırsan?

Şair poemada dörd hal, dörd məqam göstərir. H.Cavid, “Peyğəmbər” yada düşür! Peyğəmbərin həyatından 4 məqam keçib: Dəvət, Hicrət, Besət, Nüsrət. Şair bu dörd məqamdan hallanıbmı? Bilmirik. Nəsirəddin Tusi yada düşür! “Əxlaqi-Nasiri” yada düşür! Hər halda Ə.Cahangir də dörd məqam, dörd hal düşünüb, onun fəlsəfəsini, əyarını göstərib. Bunlardan sonuncusu – 4-cü hal – dua məqamıdır. Bu məqam insanın Allah eşqi, Allah sevgisi ilə dolu olan çağıdır, bu, vaxt hüdudsuzluğu, zamansızlığıdır. İnsan dua anında halbahal olur, özünü qaimi-qədim bilir, daş ömrü yaşayır. Sirlər!.. gizlinlər!.. Həm də Tanrısından aman istəyir, səhvlərinin, günahlarının bağışlanmasını diləyir, təmizlənir, dünyasına qayıdır.

“Namaz” poemasında hər məqam bir salnamədir, hadisədir, ömrün tərcümeyi-halıdır. Şair “daşın” sevgisini gəncliyin sevgisindən başlayır. Gəncliyin məhəbbəti ağlın sönməsi, şüurun oyanması, dərk olunması, fikir, düşüncənin başlanması məqamıdır. Bu məqam əslində gəncliyin cahillikdən aqilliyə yol alması, sufiliyin,arifliyin təzahürüdür. Qaradan, neqativdən qopmaq ciddi-cəhdidir. Ürəyimizi işıqlandıra-işıqlandıra Allah dərgahına yol gedirik – qaradan ağa doğru yol gedirik – eşq məqamına doluruq, Rövşənləşirik, işığa doluruq Qor Alının önündə! Koroğludan – görməzlikdən, bilməzlikdən bilməkliyə, işığa – Qoroğluya doğru yol götürürük.

Şairin sevgi məqamında qaranlıq-işıq yeni məna çalarları alır, daş kərpiclərin Misri qılıncına dönür, qatı zülmət Qıratla qaradan ağa çıxır. Ağ-nur altında hər şey özündən çıxır, bir keyfiyyətə dolur – belə olanda nə ağ, qara, nə xeyir-şər, nə ağac, nə daş, nə də vəhşi ilə bəşər – hamısı bir günəşin zərrəsinə çevrilir. İşıq olur! Abdulla Şaiq yada düşür! Elə bu anda şair mənalandırır: “Bildin ki, Tanrı niyə bu dünyanın himinə bir Qara daş qoyubdu (qəflətdən, qaranlıqdan ayıl) – Kəbə daşı qoyubdu”. Şair təsvirində – bu Daşa insanın pərəstiş dövrü gəlir. Bu daş artıq işıq mənbəyi, ilahi nur qaynağı, insan ömrünün mahiyyət və fəlsəfəsidir – son səcdəsi, axır-aqibəti, cənnətdə başlanan ömürdür. Hər kəsə nəsib olmayan, lakin mərhəmətli və bağışlayan allahın rəhməti ilə başlanan ömürdür, həyatdır. Məqam – halı, hal–məqamı yetirir:

Qara daşın üzündən
öpən zəvvar qardaşım,
ehramı qar qardaşım!
Mən Sən öpən o daşın
içi nədi, bilirəm,
dışı nədi, bilirəm.
Bu ağ-qara güzgünün
adamı nəmənədi,
ağacı, vəhşisi nə,
daşı nədi, bilirəm.
Hər nə varsa, məndədi,
müslüm, tərsa məndədi.


Sonra şair qəfləti xitaba başlayır. Bu xitabda yenə bir hal duyuruq, çağdaşlıq oxuyuruq. Məqam – mahiyyətdir, batin; hal zahir, təzahür olaraq görünən. Bu zahirdə prezident, bər-bəzəkli salonların ağ, hamar aynalarında pəzəvəng harınların “qara”sı sənə, mənə əks edir: “Sən baxan aynaların arxasına çəkilib qara xalqın taleyi, xalqın qara taleyi. Qarasız ayna olmaz – xalqsız prezident olmaz!”

Əsəd Cahangir fəhmində, dərkində qaranın alt qatı kimi, ağın da üst qatı var. Buna qiyas olaraq daşın da alt qatı, üst qatı gəlir. “Qaranın alt qatı şah oğlu şah Abbasdır, adi Abbas olub Qaraca Çobana varmır, yeri-yurdu, sərvəti talanıb gedir – Qaraya varmır”. Bu ağ-aynanın alt qatı olan qara “İraqda yandırılan nakam oğul-qızların günüdür, qarasıdır. İraq (nə fərqi var – harada?) xarabalıqlarında bayquşlar ulayır. Bu daşın alt qatı hər kəsin son qisməti olan bircə cüt qara daşdır. Sinə və çənə üstündə saxlanan qara daş ki, bu dünyadan daşbaşımızdır heyrətamiz təşbehi, metaforası olaraq. Biri baş daşımız, o biri sinə daşımızdır! Daşlar etibarlıdır!

“Daş”ın üst qatı – təzahürü daşın çay döşündə oturub dua etməyidir, bağışlanmaq diləyidir Tanrısından. Nə üçün? Çünki “bu gün mən bir yetimin ayağın qanatmışam”. Şairin “daş”ın üst qatını mənalandırması getdikcə sıxlaşır, dağ – daş camesidir, sıra dağlar Məkkədir, Mədinədir, ən uca və qədim dağ Kəbədir, çaylar isə duaya, səcdəyə enən dağların göz yaşıdır: “Buludlar da ağlayır dua üstündə, insan!” Dənizlər, okeanlar da dünyanın göz yaşıdır, gəmilər, zəmilər, qayıqlar, balıqlar göz yaşındadır. Planetlər bir damla göz yaşının, haqqın başına dönür!

Ulduzlar Yerə düşmür,
yağır göz yaşı kimi,
göyə atılan daşlar
ulduz, planet olur,
yorulmur dayanmaqdan,
Tanrının hüzurunda,
usanmır Yaradanın
başına fırlanmadan.


Şairin yaddaşını – bilgilərinin birini o biri çağırır, planetin haqqın başına fırlanması həm də mövləvi daşların fırlanmasıdır. Şəms Təbrizi, Cəlaləddin Rumi yada düşür! Şair qənaəti də budur: Dünya kainat – vəhdəti-vücud haqqa, ulu Tanrıya ibadətdədir. Qiyamdadır! Səcdədədir!

Əsəd Cahangirin obrazla mənalandırma arasında tənasüb gözləməsi, hər obraza məna və dəyər vermək ustalığı; sözün, ifadənin, simvolların, rəmzlərin, məcazların yerinə düşməyi, dəqiqliyi də təəccüb doğurur. Görünür, ciddi sənət can yonqarıdır! Poema yeddi hecalıya, danışıq intonasiyasına, folklorlu, klassikalı təhkiyəyə, möhtəviyyatlı ədəbi dilə (şifahi və yazılı), üsluba gözəl oturub. Bu, şair istedadıdır, mənəviyyat hüdudsuzluğu və zənginliyidir! Xalq deyimləri həm hərfi, həm də məcazi mənalarıyladır. “Daşı tök ətəyindən” – ifadəsi insanın haqq yoluna qayıdışı, tərslikdən əl götürməyi, çağırışıdır, peşmanlığa tövbəsidir. Hər məqamda, hər halda mövcud təzadlar bədiiliyi, poetikliyi artırır. Sonra “daşı tök ətəyindən” ifadəsi “Tanrı özü tökəcək ətəyindən daşları” misrası ilə əvəzlənir. Qiyamətin də ifadəsi “daş” obrazı ilə dürüst mənalandırılır! Əsəd Cahangirə görə bütün qalaktika sanki bir camedir, planetlər camesi. Allaha sitayişdə, səcdədədir. Onların da mehrabı Günəşdir. Hər zərrədə Tanrı izi, Tanrı nişanəsi. Hər şey Tanrıya duadadır, sevgidədir, çıxılması mümkün olmayan sevgilərdə! “Sevgilərdi ilk nənni, sevgilərdi son yuva”. Beşiklə başlanan ömür qəbirlə qurtarır – dairə qapanır. Nöqtə nöqtə üstünə düşür.

Proloqu olmayan (fəqət bunu epiloq olaraq namaz, qoca, ağac və daşın birliyində öncələmək də olardı, necə ki epiloqda sonuclanıb) poemadakı epiloq – ağac və daş obrazları da vəhdətdə, birdə yaxşı mənalandırılıb. Bu məna, mahiyyət məqamı isə insanın əbədi səcdəsi, duasıdır Tanrısına:

Tapdım Namaz kişini!
Qaragöz heyvanını
bağlayıb bir ağaca,
yenə qaldırıb qiyam.
Heyvan yenə rukuda,
ağac yenə səcdədə...
Bütöv bir rukət olsun
deyə tanış panoram
ağac dibindəki daş
dua edir yenə də...


Tanış panoram – bizə əyan olan budur ki, bu cansız, canlı, heyvanat və insanat aləmi - həm də bütün bunlar insandan keçib – qiyama, səcdəyə gəlir.

Əsəd Cahangirin “Namaz” poeması dini-mistik, fəlsəfi-etik mövzuda yazılmış uğurlu, müəllifin zəngin əxlaq və mənəviyyatını bəlgələyən qiymətli, əhəmiyyətli əsərdir. Təsadüfi deyil ki, orijinal formasına, mətn-strukturuna,sufi- irfani ideya-məzmun fərdiyyətinə və əsrarəngiz poetik siqlətinə görə əsər “Beynəlxalq Rumi mükafatı”na layiq görülüb.

Biz özü və sözü imanlı, tanınmış şair və tənqidçimizi uğurlu poeması münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!

Əlizadə Əsgərli,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor

20.05.2012