Əsasən rəhbərlərin götürdüyü, amma hər işçinin edə biləcəyi “istirahət” - Araşdırma
Karyeranın
ilk illərində bu gün bir işdən çıxıb, sabah başqa şirkətdə işə başlamaq prestij
hesab olunur. Bu, onu göstərir ki, kadr iş problemi yaşamır, amma müəyyən bir
yerə gəlib çıxandan sonra vəziyyət dəyişə bilir. Çalışdıqları işdən ayrılanda
"bir müddət istirahət etdikdən sonra yeni işə başlayacağam” deyirlər. Bu müddət
isə hər kəsdə fərqli olur.
Amma həm
də uzun müddət işdən uzaq qalanda, sanki adamın əli işdən soyuyur. Bu aspektdən
yanaşaraq, iş yerini dəyişərkən arada istirahət etmək məqsədilə fasilə vermək
mövzusuna toxunacağıq. Kadrlar hansı halda bu cür istirahətə ehtiyac duyurlar?
Bu müddət nə qədər olmalıdır? Ekspertlərlə söhbətdə bu suallara cavab axtardıq.
Fasiləyə səbəb
nə olur?
Peşəkar idarəçi və biznes
konsultantFəxri
Ağayevin sözlərinə görə, iş yerini dəyişən zamanı 2-3
həftəlik istirahət götürmək normal haldır: "İnsanlar bir yerdə işləyəndə - xüsusilə Azərbaycanda
- komfort zonada olurlar. Azərbaycanda işdən ayrılma qərarı insanlar üçün ağır
qərardır. Kadr bu qərarı verirsə, deməli, bir müddət ağır proseslərdən keçib,
iş yerində təzyiqlərə məruz qalıb, sıxıntıları, problemləri olub. Ona görə,
iki-üç həftəlik dövrü, beyinlərini rahatlatmaq üçün götürürlər. Doğru qərardır.
İşdən bu cür ayrılan rəhbər dostlarıma hər zaman məsləhət görürəm ki, bir neçə
həftə istirahət etdikdən sonra yeni işə başlasınlar”.
İnsan Resursları (İR) mütəxəssisi Abid Səmədov deyir ki, iş dünyasında bu hallara çox rast gəlinir:
"Adətən, uzun müddət stressli şəraitdə, müəyyən təzyiq altında işləyən, yaxud
işi ağır olan və daha yuxarı vəzifələrdə çalışan mütəxəssislərdə bunu görürük.
Orta vəzifələrdə çalışanlarda da rast gəlinən haldır. Bu fasiləyə ehtiyac
duyanlar, uzun müddət elə vəzifə və ya işdə çalışırlar ki, üzərilərinə çox yük
düşür, çalışdıqları şirkətdə vacib problemlərin həllində məsuliyyət daşıyırlar.
Bu da uzun müddət davam edəndə, insan həm fiziki, həm də mənəvi olaraq yorulur.
Daha çox mənəvi olaraq yorulurlar. Çalışdıqları yerdə öz missiyalarını
tamamlayanda iş yerlərini dəyişmək qərarı verirlər. Onlara daha yaxşı iş təklif
olunsa da, bir müddət istirahət etmək istədiklərini deyirlər. Çünki buna həqiqətən
də ehtiyacları olur”.
İR mütəxəssisiCabir Süleymanlı iş yerini dəyişdiyi zamanı bir
müddətlik istirahət götürdüyünü bildirmişdi. O, deyir ki, belə fasilə keçid
prosesi üçün yaxşı ola bilər: "Bir işdən çıxıb başqasına keçəndə arada fasilə
götürülməsi beynimizi yeniləməyə kömək olur. Çünki bir iş yerindən ayrıldıqda
ordakı natamam işlər, tapşırıqlar olur ki, onlar beynimizi məşğul edir. Bir
müddət fasilə götürdükdə isə özünü və beynini yeni gedəcəyin yerə hazırlaya
bilirsən”.
İR mütəxəssisi Firuzə Məmmədova deyir ki iş həyatında bu və ya digər səbəblərdən
fasilə yarana bilər: "İqtisadi böhran dövründə iş yerlərinin ixtisarı zamanı
yaranan fasilələr xüsusilə aktualdır. Belə halda bir neçə ay işsiz qalmaq -
yeni iş yeri tapmaq üçün təbii dövrdür. Hətta 6 ay da kritik dövr deyil.
Vakansiyaların araşdırılması, müsahibələr - bütün bunlar az vaxt tələb etmir. Bəzən
də, fasilənin səbəbi işçinin stress səviyyəsinin kritik nöqtəyə çatması, işləməyə
heç bir mənəvi və fiziki gücün olmaması, ailədə yaranan problemlərin yoluna
qoyulması və s. ilə əlaqədar ola bilər. Beynəlxalq təcrübədə, səbəbindən asılı
olmayaraq fasiləyə, sadəcə, istirahətə və sağlamlığın bərpasına ehtiyac olduqda
belə - çıxış yolu kimi sabbatikal köməyə gəlir. Sabbatikal nədir? Sabbatikal uzun müddətli məzuniyyətdir,
üç aydan bir ilədək (və ya daha çox) müddətə davam edə bilər. Başqa sözlə desək,
sabbatikal iş yerinin saxlanması şərti ilə bəzən tam, bəzən qismən, bəzən isə
ödənişsiz uzunmüddətli fasilədir. Sabbatikalın verilməsinin müxtəlif şərtləri
ola bilər: bəzi şirkətlər bunu iş təcrübəsinə və ya vəzifəyə bağladıqları
halda, digərləri bu fasilədən hər işçinin istifadə etməsinə imkan yaradır. Fasilədən sonra insanlar işə xüsusi həvəslə
yanaşırlar. Nəticə etibarilə, şirkət güclü və yaradıcı enerji ilə dolu bir işçi
qazanaraq uğurlu layihələrə imza atır. İqtisadi durğunluq yarandıqda, işəgötürənlər
bəzən ixtisarlara getmək məcburiyyətində qalaraq istedadlı işçiləri itirir. Bu
halda da iş yerinin saxlanması şərti ilə uzunmüddətli fasilə hər iki tərəf üçün
problemin həll yolu ola bilər.
Statistikaya
əsasən, ABŞ şirkətlərinin 30% -i işçilərini uzunmüddətli fasilə ilə təmin edir.
Onların arasında "Google”, "Intel”, IBM, "eBay”, "American Express” və s. kimi
nəhəng şirkətlər var. Xülasə, 40 il fasiləsiz olaraq işləmək və sonda təqaüdə
çıxmaq konsepsiyası artıq köhnəlmiş hesab olunur. İnsanların arada fasilə
götürmək imkanı olmalıdır. Ənənəvi iş etikası olan təşkilatlarda sabbatikalın
yayılması çətin məsələdir və bunun bizim şirkətlərin sosial paketlərinin bir
hissəsi olub-olmadığını zaman göstərər. Lakin əmək bazarının mənzərəsi sürətlə
dəyişir, iş düşkünlərinin vaxtı sona çatır. Yeni nəsil özünü ofis divarlarına
bağlamaq istəmir. Onların karyera prioritetləri də fərqlənir.
Bizim
şirkətlərə gəldikdə isə, iş həyatında verilən uzun fasilələr arzuladığınız vəzifəni
tutmağa maneçilik törədə bilər və işəgötürəndə
bir sıra suallar yaradar. Niyə namizəd bu qədər uzun müddət işləməyib? Tənbəlliyindənmi?
Heç bir müsahibəni uğurla keçə bilmədiyindənmi? Yeni iş yerlərinə həddindən
artıq yüksək tələblər qoyduğundanmı? Müasir dünyada texnologiya və biznes
prosesləri dayanmadan inkişaf edir, daim dəyişir. Beləliklə, işəgötürəndə,
namizədin işləmədiyi dövrlərdə öz peşəkar vərdişlərini itirdiyi barədə fikirlər
formalaşır. Ona görə də, müsahibə zamanı məcburi istirahətin namizədin peşəkarlığına
heç bir təsiri olmadığına və namizədin dəyişikliklərdən xəbərdar olduğuna inandırmaq lazım olur”.
Məzuniyyətsiz
işləməyi gözə almamaq
Cabir Süleymanlı fasiləyə ehtiyac yaranmasının başqa tərəfini də
vurğuladı: "Məsələn, hazırkı iş yerində 6-7 aydır ki, fasiləsiz işləyirsiniz və
məzuniyyət götürməyibsiniz, sonra da işi dəyişmək qərarı veribsiniz. Yeni işə
başlayanda isə məzuniyyət götürmək üçün 6 ay vaxt keçməli olacaq. Düzdür,
Qanunvericiliyə əsasən, işçinin ilk iş ilində 6 ay tamam olduqdan sonra əmək məzuniyyəti
hüququnun yaranması məsələsi qeyd olunub, ancaq fərdi müraciətlərdən birinə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən belə bir cavab göndərilmişdi ki,
hüquqi müddət tamam olmadan (6 ay tamam olmadan) da məzuniyyət verilə bilər və
buna görə, hər hansı inzibati məsuliyyət nəzərdə tutulmayıb. Amma Azərbaycanda əksər
müəssisələr 6 ay tamam olmasa, məzuniyyət vermir”.
Fasilə müddəti
nə qədər olmalıdır?
Peşəkar
nöqteyi-nəzərindən yanaşsaq, fasilə müddəti nə qədər olmalıdır? Abid Səmədov deyir ki, burda fasilə
müddəti fərdlərə görə dəyişir: "Bu cür tətil üçün konkret müddət yoxdur. Elə
kadr olur ki, bir neçə ay işdən uzaq qalır, eləsi də var ki, bir ay sonra yeni
işə başlayır. Bu, daha çox kadrın özünü geri qayıtmağa nə vaxt hazır hiss etməsinə
bağlıdır”.
Cabir Süleymanlı bildirdi ki, bu, hər kəsə görə dəyişə
bilər, ancaq bunun üçün aylarla istirahətə ehtiyac yoxdur: "İki həftə, maksimum
1 ay bəs edər. Bu müddət köhnə çalışdığın yerdəki təhvil-təslim müddətindən və
yeni işəgötürənin işə başlama vaxtı tələbindən də asılı olur. Bəzən kadr bir-iki həftə istirahət etmək istəsə də,
növbəti iş yeri daha tez getməyini istəyir. Ola bilər ki, rəhbər vəzifəyə işə
götürülür, işləri təcili ələ almaq üçün gözləyə bilmirlər”.
Necə keçirməli?
Fəxri Ağayevin sözlərinə görə, bu müddət evdə yatmaqla keçirilməməlidir:
"İşləmədiyi dövrdə insan aktivliyini itirməməlidir. Birincisi, öncəki işini,
orda səhvə yol verdiyi məqamları analiz
etmək lazımdır. Necə oldu ki, işdən ayrılmaq qərarı verdim? Davranışlarımda
hansı səhvlərim oldu ki, belə bir nəticəyə gəlib çıxdı? Bu kimi suallara cavab
tapılmalıdır. İkincisi, istirahət dövründə insan beynini rahatlatmaq üçün onun
diqqətini yayındıracaq, onu stressə salacaq bütün müasir texnika və
texnologiyadan uzaq durmalı, imkan varsa, təbiət qoynunda olmalıdır ki, beyni
yenilənsin. Üçüncü, "istirahətdir” deyib yeyib-içib yatmasın, fiziki aktiv
olsun. Dördüncü isə insan peşəkar formasını itirməmək üçün çalışmalıdır. Adətən,
kadr gərgin iş rejimində çalışır, bir də ayılır ki, 3-4 ildir ki, bu cür işləyib
və bu müddətdə bir çox müasir bilikləri qaçırıb. 2-3 həftəlik dövr ərzində
yaxşı olar ki, peşəkar formanı torlasın, jurnal, kitab, məqalə oxusun. Bir az
yeni bilikləri beynində canlandırmış olsun”.
Abid Səmədov bildirdi ki, bu müddəti hər kadr öz istəyinə uyğun
keçirir: "Bir qisim kadr üçün səyahət etmək maraqlı gəlir, amma gərgin iş
rejimində buna normal vaxt ayıra bilmir, ona görə, aradakı o müddəti səyahətdə
keçirir. Yaxud belə bir variant da var ki, xarici ölkədə təlim proqramına
yazılırsan, həm bilik və bacarıqlarını artırırsan, həm də gəzirsən, istirahət
edirsən. Ümumiyyətlə, məkanı dəyişmək insanın yorğunluğunu çıxarır. Başqa
insanlarla tanış olmaq, yeni yerləri görməyin insana müsbət təsirləri çox
olur”.
Hər işçiyə
aiddir
Bu cür
halları daha çox rəhbər şəxslərdə görürük. Amma Fəxri Ağayev qeyd etdi ki, bu metod təkcə rəhbər vəzifədə olanlara
aid deyil: "Bəzən kadr bir işdən başqa işə keçid alır. Belə hallarda fasiləyə
ehtiyac da yoxdur. Yeni işə götürən heç buna imkan da vermir, işə tez
başlamağını istəyir. Amma bu, tək rəhbər vəzifədə olanlara aid deyil, mühafizəçi,
xadimə, satış mütəxəssisi bəzən o qədər gərgin rejimdə işləyir ki, sakitləşməyə,
əsəblərini toparlamağa, stressi özündən çıxarmağa ehtiyac yaranır. Bu məsələ rəhbər
olmaqla birbaşa əlaqəli deyil”.
CV və müsahibədə fasiləni necə izah etməli?
Bəs
fasilələr olubsa, CV hazırlayarkən burda nələri nəzərə almalıyıq? Firuzə Məmmədovanın sözlərinə görə, iş
həyatında fasilə olduğu zaman CV hazırlanmasına dair bəzi tövsiyələr mövcuddur:
"Belə ki, fasilə 12 aydan az davam edibsə, yaxşı olardı ki, CV-də aylar olmadan,
yalnız iş illəri qeyd edilsin, fasilə haqqında isə müsahibədə ətraflı məlumat
verilsin. Bir ildən artıq müddətə uzanan fasilə olduğu zaman namizədlərə
"texniki" bir CV hazırlamaq tövsiyə olunur: əvvəlcə peşəkar
bacarıqları, həyata keçirilmiş layihələri və s. sadalayaraq tərtib edilir və
yalnız sonda karyera yolu xronoloji qaydada göstərilir. Potensial işəgötürən
ilk növbədə peşəkar keyfiyyətlərə diqqət yetirəcəkdir və yalnız sonra işlərarası
fasilə haqqında düşünəcəkdir. İlk təəssürat hər zaman önəmlidir.
Müsahibə
zamanı iş təcrübəsində fasilələr olan namizədlər bu "möhlət"in səbəbini
mütləq bildirməlidirlər və bu dövr ərzində nə ilə məşğul olduqlarını mümkün qədər
ətraflı izah etməlidirlər. Namizəd boş vaxtını özünü inkişaf etdirməklə, məsələn,
dil öyrənmək, təhsil, təcrübə qazanmaqla, könüllü fəaliyyəti ilə məşğul olmaqla
keçirdiyini bildirsə, uğur qazanma şansı yüksələr. Hətta fasiləni səyahətə həsr
etsə belə, o haqda maraqlı danışmağı bacararsa, aktiv bir namizəd olduğunu
nümayiş etdirərək, işəgötürənin marağını cəlb edə bilər.
İş həyatındakı
fasiləni "işləməyə ehtiyacım yox idi” kimi cavablarla əsaslandırmaq tövsiyə
olunmur: məsələn, bəzi namizədlər düşünür ki, ailə üzvlərinin yüksək gəlirli
olduğunu səbəb gətirərək işəgötürənləri fasilə səbəbinin üzrlü olduğuna
inandıra bilərlər. Lakin maliyyə müstəqilliyini əldə edərək, bir müddət
karyerada inkişafdan geri qalan namizədi, nə qədər məqsədli və aktiv bir işçi
hesab etmək olar? O işçi yeni iş yerində uzunmüddətli işçi ola bilərmi? Yalnız
bu suallara cavabınız olduğu təqdirdə risk etməyə dəyər”.
Firuzə Məmmədova sonda bildirdi ki, hər namizədin işə düzəlmə şansı
var, hətta onun iş həyatında uzun fasilə olsa belə. İşəgötürən sizin
loyallığınıza, enerjili, məqsədyönlü və etibarlı olmağınıza şübhə etməməlidir,
çünki bu kimi keyfiyyətlərin olmaması namizədin şansını,
iş fəaliyyətində olan fasilədən daha çox azaldır.