"Əsas odur ki, bir-birimizin əlindən tutmağı bacaraq" - Fotolar
Sabah ölkəmizdə IV İslam Həmrəylik Oyunlarının açılış mərasimi
olacaq. Danılmaz faktdır ki, İslam Oyunlarının təbliğində ulduz səfirlərin də
rolu əvəzsizdir. İslam Oyunlarının başlamasına bir gün qalmış ulduz səfir, əməkdar
artist Rafael İsgəndərovla görüşdük.
- Rafael bəy, sabah, ev
sahibliyi edəcəyimiz IV islam Oyunlarının açılış mərasimi olacaq. Ulduz səfir
olaraq bu oyunlar haqqında sizin də fikirlərinizi eşitmək istərdik.
- Ölkəmiz üçün çox möhtəşəm bir bayramdır. Bu, tarixdir. Biz növbəti
dəfə idman aləmində tarix yazırıq. Özümüz
də bu oyunlara ev sahibliyi etməklə də tarixə düşürük. Çalışmalıyıq ki,
idmançılarımıza dəstək olaq, onları qələbəyə ruhlandıraq. Məhz bu halda,
qələbələr bizimlə olacaq. Dünyada idman
ölkəsi kimi tanınan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin və yarışların
təşkili sahəsində zəngin təcrübəyə malikdir. Tam əminliklə deyə bilərəm ki,
idman yarışlarının mərkəzinə çevrilən ölkəmiz dünyada kifayət qədər tanınır. İslam
Oyunlarında həmrəylik var. Söhbət təkcə beynəlxalq həmrəylikdən getmir, millət
olaraq içimizdəki həmrəylikdən gedir. Bu, çox önəmlidir. Millətin gücü buradan
başlayır. Dünya gördüyümüz işləri yüksək qiymətləndirməyi də bacarar. Əsas odur
ki, bir-birimizin əlindən tutmağı bacaraq. Bu, çox önəmlidir. İdman və Olimpiya
Hərəkatının yüksək sürətlə inkişafı, idmanın güclü maddi-texniki bazaya malik
olması respublikamızda mötəbər tədbirlərin təşkilinə əsaslı zəmanət yaradır. Nüfuzlu
beynəlxalq qurumların etimadı sayəsində respublikamızın Avropa və dünya
çempionatlarına, Qran-Pri yarışlarına ev sahibliyi etməsi möhtəşəm bir hissdir.
Azərbaycanda Avropa Oyunlarını, 42-ci Ümumdünya Şahmat Olimpiadasını, "Formula-1”
üzrə Avropa Qran-Pri yarışlarını yüksək səviyyədə təşkil edib. Bu il isə
paytaxtımız daha bir mötəbər tədbirə ev sahibliyi edəcək və biz də onun
iştirakçılarından biri olacağıq.İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan
ölkələri bir araya gətirən idman tədbiridir. İslam Həmrəyliyi Oyunlarının
təşkili və keçirilməsinə 4 qitədən 57 müsəlman ölkəsini özündə birləşdirən
İslam Həmrəyliyi Oyunları Federasiyası (İHOF) nəzarət edir. Yarışların
proqramına atletika, oxatma, üzgüçülük, basketbol, badminton, futbol,
gimnastika, karate, tennis, avarçəkmə, voleybol, çimərlik voleybolu,
ağırlıqqaldırma və uşu idman növü daxil edilib. Ölkəmiz Bakı-2017 IV İslam
Həmrəylik Oyunlarına ciddi hazırlaşır. Azərbaycan bu mötəbər tədbirin İslam
dəyərlərinə uyğun təşkili üçün əlindən gələni edir.
- Bəs,
siz nec,ə oyunları izləməyə gedəcəksinizmi?
- Əlbəttə. Mən də bir Azərbaycan vətəndaşı olaraq bu oyunları
izləməyə gedəcəyəm. İdmançılarımıza
mənəvi dəstək olmağa çalışacağam.
- Hansı idman növünə azarkeşlik edəcəksiniz?
- İndidən qərarlaşdırmışam ki, güləş, boks və atıcılıq üzrə gedən
yarışları izləyim. Artıq işlərimi elə tənzimləmişəm ki, həmin gün ancaq
azarkeşlik edəcəyəm. Bütün günümü və qüvvəmi bu işə həsr edəcəyəm (gülürük).
- Özünüz idmanla məşğul olursunuzmu?
-
İdmançı deyiləm, ancaq idmanla məşğul oluram. 7 yaşımdan bu günə qədər idmanla
məşğulam və idmanla məşğul olmağı sevirəm. Bunun da xeyrini görürəm.
- Ulduz səfir olaraq IV
İslam Həmrəyliyi Oyunlarının hazırlıq proseslərindən xəbərdar olursunuzmu?
- Biz özümüz səfirlərə aid olan işlərin bacardığımız qədər öhdəsindən
gəldik. Dünən aldığımız məlumatlara görə də, hər şey qaydasındadır. Sabah
möhtəşəm bir açılış mərasimi baş tutacaq.
-IV
İslam Həmrəyliyi Oyunlar ölkəmizə nə qazandıracaq?
- Onsuz da ölkəmiz beynəlxalq arenalarda kifayət qədər tanınır. Bu
oyunlara ev sahibliyi etməklə, ölkəmiz daha da tanınacaq. Bütün dünyanın gözü Azərbaycanda olacaq. Bütün müsəlman aləminin
həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük
nailiyyətdir. Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan bir
dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. İlk Avropa Oyunları
"Bakı – 2015” - də olduğu kimi, sülh, əmin-amanlıq, sabitlik ölkəsi olan
Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının tarixində yeni səhifə açılacaq. Bu,
təkcə idman tədbiri deyil.Bütün dünyada, eləcə də, islam dünyasında böyük
hörmətə, nüfuza malik olan Azərbaycan prinsipial, ədalətli mövqeyi ilə seçilir.
Təbii ki, bu oyunların ölkəmizdə keçirilməsi islam dünyasının bir parçası olan
Azərbaycanın ərazisində dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və
əmin-amanlığa, birgəyaşayışa öz töhfələrini verəcək, sülhsevər siyasətini bir
daha dünyaya bəyan edəcəkdir. Ölkəmizə gələcək İslam Həmrəyliyi
Oyunlarının iştirakçıları bir daha Azərbaycandakı fərqli milli-dini
mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı
əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbaycan dünya
ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu
əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur.
Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant mədəniyyəti ölkəmizin mədəniyyətlərarası
dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.
- Tez-tez sizi
Coşqun bəylə birlikdə IV İslam Həmrəylim Oyunlarının reklam çarxlarında da
görürük.
- Vətəndaşları məlumatlandırmaq bizim borcumuzdur. Ulduz
səfir olaraq bu, bizim əsas vəzifələrimizdən biridir.
- Ulduz səfir olaraq daha
hansı vəzifələriniz var?
- Ulduz səfirlərin əsas işləri təbliğatdan ibarətdir. İnandırım sizi,
bu günə qədər bizimlə əlaqə saxlayıb
sual edirlər ki, oyunlar nə vaxt başlayır, nələr olacaq, açılışda kimlər gələcək? Həmin suallara lazımınca cavablar veririk.
İnsanları məlumatlandırırıq. Bilirsiniz ki, oyunlar başlamışdan öncə ulduz
səfir olaraq, bir çox bölgələrimizə getdik.
Yarışlarda iştirak etdik. Əsas
vəzifələrimizdən biri də təbliğatdır. Ümid edirəm ki, biz də bu vəzifənin
öhdəsindən gələ bilirik.
- "Bu şəhərdə” komandasının konsert proqramları necə, gözlənilirmi?
- "Bu şəhərdə”nin konsertləri ildə iki dəfə yazda və payızda olur.
Biz yayda ancaq istirahət edirik. Biz dincəlsək də, ancaq ssenaristimiz, dostumuz Müşfiq Abbas
dincəlmir. O, işə bizdən qabaq başlayır. Ssenariləri yazır və səhnəcikləri
hazırlayır. Konsertə ay yarım qalmış, bizdə səfərbərlik olur və iş başlayır.
Xəyalə Rəis