• cümə, 29 Mart, 16:16
  • Baku Bakı 14°C

“Əsas məsələ yaşamaq uğrunda mübarizədir” - Fotolar

07.10.17 11:00 5852
“Əsas məsələ yaşamaq uğrunda mübarizədir” - Fotolar
Oleq Basilaşvilinin atası biləndə ki oğlu artist olmağa hazırlaşır, evə qəzəblə gəlib «hə, artist olmaq istəyirsən – ol. Amma yadında saxla, mən sənə heç nədə və heç vaxt kömək etməyəcəyəm” demişdi. Amma o, inadkarlıq göstərərək artist oldu.Hazırda aktyorun 83 yaşı var. O elə «İşdə məhəbbət» macərasındakı Samoxvalovdur, «İki nəfər üçün vağzalda» Platon Ryabinin, «Payız marafon»unda Andrey Buzıkindir. Aktyor ekranda əvvəlki kimi yaraşıqlıdır. Həyatda isə şıltaq deyil, utancaqdır və yarım əsrdən çoxdur ki, bir qadına sədaqətlidir. Ad gününü isə həmişə ailəsi ilə qeyd etməyi xoşlayır: «Heç bir tarixə xüsusi önəm vermirəm. İlləri tez-tez unuduram. Ad günlərimi yalnız yaxın adamlarla bağda oturanda, vaxtım və həvəsim olanda qeyd edirəm. Bu isə ilk növbədə mənim ailəm olmalıdır”.

«Bax, bu qızla evlənəcəyəm»

- Siz tez-tez deyirsiniz ki, ad günlərinizi qeyd etməyi xoşlamırsınız. Nə üçün?
- Düzdür, xoşlamıram. Hay-küylü məclisləri sevmirəm. Bu mənasızdır, insanın vaxtını və enerjisini alır. Səhnədə saatlarla oturub təbrikləri qəbul etməkdən zəhləm gedir. Bunu dəqiq deyə bilərəm. Belə bir hadisə həyatımda olub və yaxşı emosiyalar keçirməmişəm. Həmçinin güllər arasında oturan aktyora baxmaq üçün gələn insanlar da vaxtlarını itirirlər. Bu, kimə lazımdır? Ancaq özümə qalanda, öz bağımda istədiyim qədər təmiz havada istirahət edə bilirəm. Bizim bağda istirahət hansısa xarici ölkədə istirahətdən daha yaxşıdır. Onu da deyim ki, əksər ad günlərim tamaşada oynadığım günlərə təsadüf edib.

- Hansı hədiyyələri gözləyirsiniz?
- Bilmirəm... Keçən il qızım Kseniya mənə gözəl hədiyyə etdi: nəvəm Timofey dünyaya gəldi. Bundan gözəl nə ola bilər? Böyük nəvəm Mariyanın 5 yaşı var. Baba olmaq böyük xoşbəxtlikdir. Nəvələr həyatı canlandırır.

- Hazırkı həyat yoldaşınızla – Qalina Yevgeniyevna Mışanskaya ilə harada və necə tanış olmusunuz?
- Bu, 60-cı illərin söhbətidir. O vaxt Leninqrad televiziyasında klassiklərin ən yaxşı əsərləri əsasında çox maraqlı teletamaşalar çəkirdilər. Biz Piter aktyorları da daim çəkilişlərə və məşqlərə qaçırdıq. Bu böyük təcrübə idi. Qalya televiziyada musiqi redaktoru işləyirdi. İndi isə Piterin «Mədəniyyət» telekanalının şef-redaktorudur. Mən isə o zaman üçün praktik pleyboy sayılırdım. Təsəvvür edirsinizmi – tənha, heç 30 yaşı olmayan və bütün şəraiti ilə ayrıca mənzilə sahib olan cavan oğlan. Qalya mənim diqqətimi çəkdi və tezliklə ona ürəyimi açdım. Qalya gözəl idi. Onu küçədə tanıyırdılar. Pərəstişkarları hər gün ona çiçək gətirirdi. Məni isə o vaxt tanıyan yox idi. Mən özümdə cəsarət tapıb ekran ulduzuna yaxınlaşdım və onu evlərinə qədər ötürməyə icazə istədim. Payız idi, hava da dumanlı... Qalina onu ötürməyimə razılıq verdi. Ayrılanda ondan telefon nömrəsini istədim. Ancaq uzun müddət zəng vurmağa cəsarət etmədim. Yeni il qabağı nömrəni yığdım. Qalya görüşə gəldi və o gündən sonra biz tez-tez görüşdük. Bir dəfə atamla televizorun qarşısında oturub çay içərkən ekranda Qalina göründü. «Bax bu qızla evlənəcəyəm» - deyə atama bildirdim.Biz artıq bir yerdə uzun illərdir ki, yaşayırıq. İki qızımız var. Mən yalnız belə deyə bilərəm – bizim evimiz Qalinanın istisi ilə qızışır. Mən onun arxasında daş divar kimiyəm. O mənim əsl dostumdur. Həmişə dəstək verir, köməyimə çatır. O, çox xeyirxah və ləyaqətli insandır. Görünür, bu keyfiyyətlər Qalyanın insanlarla münasibətinə də sirayət edib. Onun çoxlu dostları var. Qalya hamıya yaxşılıq etməyə çalışır. Ondan həmişə xeyirxahlıq, istilik və anlayışlılıq emosiyaları yayılır. Mən taleyimə minnətdaram ki, Qalya bu illər ərzində mənim səfeh xarakterimə dözür və mənə güzəştə gedir. Ümid edirəm ki, bundan sonra da aramızda hər şey əvvəlki kimi qalacaq. Düzdür, biz heç bir qiymətli şey yığmamışıq, xüsusi bir şey əldə etməmişik. Təkcə mən bağ evi tikmişəm. Əgər Qalya olmasaydı, heç bu da olmazdı. Mən bütün bunları onun üçün, qızlarım və nəvələrim üçün etmişəm.

Mənim xarakterim ağırdır

- Oleq Valeriyanoviç, siz bir çox rollar oynamısınız. Mənfi rollarınız da tamamilə inandırıcı alınıb. Ancaq sizə baxanda hansısa mənfi keyfiyyətlərə malik olmağınıza inanmaq çətindir. Öz xarakterinizdən razısınız?
- Boş şeylərə görə tez-tez özümdən çıxıram və birdən özümü haradasa qeyri-adekvat aparıram. Düzdür, sonra bunlar keçir, ancaq sonradan öz hərəkətlərimə görə utanıram. Mümkün olanda üzr istəyirəm. Bunu mütləq etməyə çalışıram. Ancaq elə də olur ki, artıq heç nəyi dəyişmək olmur, çox gec olur. Ümumiyyətlə, mənim xarakterim ağırdır və insanlar mənimlə ünsiyyətdən xüsusi sevinc ala bilmirlər. Daha çox, əlbəttə, yaxınlarım bundan əziyyət çəkir. Bilirsinizmi, bizim işimiz çox çətindir. Axı, əsl aktyor həmişə rolda öz "mən”ini yaradır. Bu isə inanılmaz dərəcədə çətindir. Bu sənin enerjini, gücünü alır. Artist özünü oynadığı obrazla birləşdirməyə çalışır. Bu, həmişə alınmır. Tamaşaçı bunu görmür, amma aktyor özü bunu hiss edir və bundan da daxili xoşagəlməzlik yaranır, stress başlayır. Belə hallar çox olur, insan çətin psixoloji vəziyyətə düşür.

- Eldar Ryazanovun diqqətini necə çəkdiniz?
- Eldar Ryazanovla görüşdə «başa düşmürəm, mən nə üçün səni öz filmlərimdə çəkmirəm?» - dedi. Və o, bu "səhv”ini düzəltdi. Bizim dostluğumuz belə başladı. Mən dərhal onun «Qəribə təsadüf və ya həmişə təmizlikdə» filminə dəvət aldım. Mən kinoda çoxlu rollar oynamışam. Ancaq kinoda sevimli rolum yoxdur. Çünki hər rol – uşaq kimidir. Onları bölmək olmaz. Bununla belə, mənim sevimli rejissorlarım var ki, onlardan biri də Eldar Ryazanovdur. Elə təkcə onun çəkdiyi «İşdə məhəbbət macərası» filminin adını çəkmək kifayətdir.

- Həyatınızın ən xoşbəxt dönəmi hansı vaxtlardır?
- Bədii teatr studiyasında çalışanda və Georgi Aleksandroviçin işlədiyi bütün illər... Hədsiz çətin, mürəkkəb illər idi, amma xoşbəxt vaxtlar idi. Mən teatr institutunu 56-cı ildə bitirmişəm. Sonra 3 il Leninqrad kinostudiyasında işləmişəm. O illər də xoşbəxt çağlar idi. Ümumiyyətlə, teatrda işləməyin özü xoşbəxtlikdir. Kino isə ayrı aləmdir. Kinonun gətirdiyi şöhrət də xoşbəxt çağlarımdır. Səni tanıyırlar, sevirlər. Ən böyük xoşbəxtlik isə ailədə olmalıdır. Ailədə tamlıq və rahatlıq olmayanda, nə qədər böyük və məşhur aktyor olsan da, xoşbəxtliyin yarımçıqdır.

- İndi tamaşaçılarla münasibətləriniz necədir? Dil tapmaq bir qədər çətinləşib?
- Konsertlərə xeyirxahlıq istəyən insanlar gəlirlər. "Nə olursa yaxşılığa olur” fikirlərini onlar gözlərdən oxuyurlar. Nə vaxt ki, onlar ağlamağa başlayırlar, sən öz vəzifəni yerinə yetirdiyini başa düşürsən. Mən dünyanı çox gəzmişəm. İnsanlar qarşısında gecə yarıya qədər konsertlər vermişəm. İndi fikirləşirəm: hansı yolla getmək lazımdır? Onların necə yol olduğunu başa düşürəm. Onların gözü necə yumulur, necə düşünürlər – mən bütün bunları anlayıram. Mən Moskvada Tretyakov Qalereyasında, Bədii Teatrda böyümüşəm. Hələ Moskva Bədii Teatrı əvvəlki şöhrətini saxlayanda teatrın qocaları sağ idi. Mən bu dağılmış teatra gəldim. Qarşımda köhnə, təmirsiz zal, qaranlıq səhnə, solmuş dekorasiyalar, ayaqlarımızın altında döyülmüş kərpiclər var idi. Mən qalxdım və qışqırdım: «Bravo». Bu mənim evim idi və mən onunla həmişəlik vidalaşdım.Bu günün tamaşaçısı isə fərqlidir. Bu, adama hərdən maraqlı, hərdən də darıxdırıcı gəlir. Onların bəzisi ənənəvi teatrı qiymətləndirir, bəzisi isə inkar edirlər. Ortaq nöqtəni tapmaq lazımdır.

- Siz bir ara deputat da seçildiniz. Bu sizi sənətdən uzaqlaşdırdı?
- Mənə RF xalq deputatları qurultayında bizim ölkəmizi təmsil etmək etimadı göstərildiyi üçün əhalimizə insan kimi yaşamağa başlamaqda sadəcə kömək etmək istəyirdim. Deyə bilmərəm, buna nə qədər nail oldum. Amma çox çalışdım.

- Bu gün nə edirsiniz?
- Bu gün də ara-sıra çəkilirəm. Teatrda da rollarım olur. Amma əsas məsələ həyatda yaşamaq uğrunda mübarizədir.
Oleq Basilaşvili haqqında yeddi maraqlı fakt:
1. Eldar Ryazanov filminə çəkiləcək aktyorların siyahısını yazırdı və Basilaşvilinin adı bütün filmlərdə yer almışdı. Ancaq rejissor öz sözünün üstündə dura bilmir. Məsələn, Basilaşvili «Qaraj» filmində çəkilmir.

2. «İki nəfər üçün vağzal»ın çəkilişlərindən sonra Oleq iki ay koloniyaların birində yaşayıb. Platon rolu bəstəkar Mikael Tarverdiyevin real tarixçəsi əsasında yazılmışdı. Avtomobil piyadanı vuranda Tarverdiyev və aktrisa Lyudmila Maksakova rul arxasında oturmuşdu. «Baharın on yeddi anı» filminin məşhur bəstəkarı koloniyaya düşmür, ona amnistiya verilir.

3. «İki nəfər üçün vağzal» filmində Basilaşvili tərəf-müqabili Lyudmila Qurçenko ilə öpüşməkdən utanır. Buna görə də qatarın kupesində sevimli arvadına deyəcəyi sözlər alınmır. Qurçenko axşam onun üçün bütün replikaları yazır. İkilikdə qalanda isə birinci özü Basilaşvilini öpür. Qurçenko çəkiliş zamanı ondan meydançadan getməməyi tələb edirdi. Çünki aktyor onu ilhamlandırırdı. Oleq həmin rola görə məhz Qurçenkoya minnətdardır.

4. SSRİ zamanında Basilaşvili çox ölkələrə qastrola gedib. Bir çox aktyorlar xaricə iki çemodanla gedirdilər. Basilaşvili Yaponiyada o vaxt sovet adamı üçün çox böyük bir qonorar alır və aktrisaların birindən onunla mağazaya getməyi xahiş edir. Aktrisanın ayağı onun Qalyasının ayağının ölçüsündə idi. Basilaşvili bütün pullarını xərcləyib həyat yoldaşına 6 cüt ayaqqabı alır.

5. Basilaşvili Cənubi Osetiya ilə Gürcüstanın sərhədində yaşayan məşhur bir nəslin nümayəndəsidir. Həmin torpağı onun babalarına gürcü çarı bağışlayıb. Bir dəfə Oleq Basilaşvili həmin torpağa baxmaq üçün Gürcüstana gedir və həmin ərazinin mövcud olduğunu görür. Onu sevinclə qarşılayırlar və burada özü üçün ev tikə, bağ sala biləcəyini deyirlər. Ancaq Basilaşvili hələlik bu imkandan istifadə etməyib.

6. «Ustad və Marqarita» filmində Volanda roluna çəkiləndə Basilaşvili səsini itirib. Aktyorun boğazında qıcolma yaranır, xırıldamağa başlayır və huşunu itirir. Həkim ona tam sakitliyi məsləhət görür və susmağı tapşırır. Ətrafdakılar bu fakta mistika kimi baxırlar.

7. Həyat yoldaşı Qalya Mışanskaya deyir ki, ərinin yeməklərlə bağlı şıltaqlığı yoxdur. Əgər evdə günorta yeməyi yoxdursa, o, heç olmasa özü üçün yumurta bişirəcək.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər