• cümə axşamı, 25 aprel, 10:30
  • Baku Bakı 14°C

Əsas məsələ nə ilə çəkmək yox, nə çəkməkdir - Kino

04.04.15 05:48 3413
Əsas məsələ nə ilə çəkmək yox, nə çəkməkdir - Kino
Ramil Ağasıyev: ““Arzuların ardınca” filmində “16+” səhnələrini ərsəyə gətirərkən xeyli əziyyət çəkməli olduq”
Sevindirici haldır ki, son zamanlar yerli filmlərin istehsalında artımın şahidi oluruq. Komediya filmlərinin vüsət aldığı bir zamanda gənc rejissor Ramil Ağasıyev melodrama janrında “Arzuların ardınca” adlı film ərsəyə gətirib. Filmin çəkilişləri yekunlaşıb, hazırda səsləndirmə mərhələsindədir. Bunu bizimlə söhbətindı R.Ağasıyev dedi. “Gənclik qəzeti”-nin qonağı olan rejissor filmin yaranma səbəblərindən və bu gün kino sahəsində müşahidə olunan tendensiyalardan bəhs etdi.
- Filmin yaranma ideyasını öyrənmək bizim üçün maraqlı olardı.
- Uzun müddət idi ki, film çəkmək üçün mövzu axtarırdım. Ötən il xərçəng xəstəliyi səbəbilə əmimi itirdik. Bu hadisədən çox təsirlənmişdim. Düşündüm ki, bu mövzuda kino çəksəm, daha təsirli və effektli olar. Elə o an dostum, ssenarist Mehman Rəsulova zəng etdim. Bu mövzu ilə bağlı film çəkmək istədiyimi dedim və ondan ssenari yazmağını xahiş etdim. Mehman da atasını xərçəng xəstəliyi ucbatından itirib. Bu mövzu əslində onun da yaralı yeri idi. Beləliklə, biz filmi çəkməyə başladıq. Mehman filmin ilk eskizlərini yazıb mənə göndərdi. 2-3 ay ərzində mövzunu müzakirə edib, çəkilişlərə başladıq. Filmin mövzusu buradan götürülüb. Belə ki, qızla oğlan Onkoloji Mərkəzdə təsadüfən tanış olurlar. Hadisələr ondan sonra cərəyan edir. Filmin sonunda baş qəhrəmanın ölüb-ölməməyi artıq tamaşaçının ixtiyarına buraxılır. Yəni sonluq müəmmalı olaraq qalır. Artıq film hazırdır, səsləndirmə işləri gedir. Bu prosesdə bizə kömək olan “Planeta Parni iz Baku” studiyasının bədii rəhbəri, əməkdar artist Tahir İmanova minnətdarlığımızı bildirirəm. Onlar bir aydır ki, təmənnasız olaraq səsyazma studiyasını bizə həvalə ediblər.
- Xərçəng xəstəliyi ilə bağlı kifayət qədər xarici və yerli filmlər çəkilib. Düşünmədinizmi ki, mövzunun dəfələrlə işlənilmiş olduğunu söyləyə bilərlər?
- Dünyanın müxtəlif ölkələrində bu mövzu ilə bağlı əsərlər işlənilir. Sadəcə olaraq rejissorlar mövzuya müxtəlif səmtdən yanaşır. Hər bir rejissor hekayəni öz üslubuna görə əxz edir. Hərənin mövzuya bir cür yanaşması var. Biz də bu xəstəliyə başqa nöqteyi-nəzərdən baxdıq.
- Film çəkərkən maddi dəstək çox önəmlidir. Bu dəstəyi kimlərdən aldınız?
- Filmin çəkilişləri üçün heç bir sponsora arxalanmadım. Öz maşınımı satıb çəkilişlərə başladım. Hazırda 22 minə yaxın xərcimiz çıxıb. Çalışdıq ki, hər şey keyfiyyətli və yaxşı olsun.
- Film kommersiya xarakterlidir?
- Filmi çəkərkən maddiyyat tərəfini heç düşünmədik. Hələ də bunun marağında deyiləm.
- Aktyorların seçimində ən çox nəyə üstünlük verdiniz?
- Elə ən çox çətinliyə düşdüyüm məqam bu oldu. Aktyorların seçimi filmin mükəmməl alınması üçün əsas meyardır. Oğlanı seçməkdə dostum, rejissor Cavidin köməyi oldu. Baş rolu canlandıran aktyor Ziya Ağanın peşəsi əslində aktyorluq deyil, o, başqa bir ixtisas sahibidir. Həm də tələbədir. Ziyanın hissiyyatı çox yaxşıdır. Zarina Qurbanovanı isə şəklə baxıb seçmişdim. Onun daha çox gözləri məni cəlb etmişdi. Bir qədər məşq etdikdən sonra onların üzərində dayanmağa qərar verdim. Çünki ikisinin də tammetrajlı filmdə kifayət qədər təcrübəsi yoxdur. Ziyanın ümumiyyətlə bu sahədə təcrübəsi yox idi. Zarina isə bir sıra layihələrdə iştirak edib. Filmdəki digər yaradıcı heyətə gəlincə isə, filmin operatoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Elgün Vəliyev, ikinci rejissor və prodüser Asif Rəhimov, texniki direktor Nicat Zeynallıdır.
Filmdə Rasim Cəfər, xalq artisti Vaqif Əsədov, blogger Aynur Hüseynova, Flora Hüseynova, bir sıra aktyorlar çəkildilər.
- Bəs filmdən gözləntiləriniz nədir?
- Əslində bu filmdən elə də böyük gözləntilərim yoxdur. Sadəcə olaraq mənim arzum idi ki, tammetrajlı film çəkim. Əvvəllər də film çəkmişəm. Ancaq tammetrajlı film çəkmək mənim arzum olub. Filmin adını da ona görə “Arzuların ardınca” qoyduq.
- Film nümayiş olunduqdan sonra tənqidlərə necə, tab gətirməyə hazırsınızmı?
- Tənqidlərə qarşı həmişə açıq olmuşam. Əslində bu, inkişaf üçün daha böyük təkandır. Ona görə də heç zaman tənqidlərdən qorxmamışam. Əgər haradasa səhv etmişəmsə, izləyicilər, kino mütəxəssisləri mənim çəkdiyim filmi açıq şəkildə tənqid edə bilərlər. Bundan qəti şəkildə qorxmuram.
- Filmin çəkilişləri hansı məkanlarda aparılıb?
- Film Bakıda və Balakəndə lentə alınıb. 25-ə yaxın məkanda çəkiliş etdik. Buz meydançasında, Balakəndə paraşüt meydançasında, Bakı Metropolitenində, xəstəxanada və sair. Film 28 günə ərsəyə gəldi. Onun üzərində dayanmadan gecə-gündüz çalışdıq.
- Filmi nə zamandan izləyə biləcəyik?
- Filmin premyerasının may ayında keçirilməsini düşünürük. Ancaq dəqiq tarixi bəlli deyil. Maydan etibarən Bakı və Sumqayıtın bütün kinoteatrlarında film nümayiş olunacaq.
- Hazırda çoxlu komediya filmləri çəkilib və çəkilir. Ancaq sizin çəkdiyiniz film dram janrındadır. Sizcə, filminiz rəqabətə tab gətirə biləcəkmi?
- Biz filmi çəkməyə başlayanda hələ bir çox filmlər çəkilməmişdi. Bir il bundan qabaq çəkilişlərə başlamışıq. Bu müddət ərzində bir sıra komediya filmləri ərsəyə gəldi və onların da göstəriciləri yaxşı oldu. Yəni çəkilən filmlər öz büdcəsini təmin edə bildi. Bu da digər rejissorları şirnikləndirdi, ona görə də hər kəs komediya çəkməyə başladı. Necə ki bir ara hər kəs serial çəkməyə başladı və düşündü ki, gəlir bundadır. İndi hamı kino çəkir. 15-20 günə çəkilən filmə ad vermək çətindir. Bu yaxınlarda kinoteatrlardan birində komediyaların birinin anonsuna təsadüf edəndə, təəccübləndik. Tez-bazar film çəkmək olmur. Ən azı, film çəkmək üçün hazırlığın olmalı, məkanlara gedib baxmalısan. Film çəkmək çox çətindir. Ona görə də bəzi filmlər özlərini doğrultmur.
- Bəlkə rejissorları pul şirnikləndirir?
- Pula görə film çəkmək ağılsızlıqdır. Kinonu ilk növbədə sevmək lazımdır.
- İndiyə kimi film çəkənlər filmlərin keyfiyyətindən bəhs edirlər. Kimisi deyir 4K ilə çəkdim, kimisi başqa bir avadanlıqlardan bəhs edir. Bəs sizdə necə?
- Əsas o deyil ki, nə ilə çəkirsən, əsas odur ki, nə çəkirsən. Telefonla da film çəkmək olar. Süjet xətti maraqsız olduqdan sonra nə ilə çəkirsən-çək, film maraqsız olur.
- Dünya film sənayesində filmə nə qədər maliyyə ayrılırsa, onun 50 faizi PR-a xərclənilir. Bəs siz necə, filmin reklamı üçün maliyyə ayırmısınızmı?
- Bizim PR üçün o qədər də büdcəmiz yoxdur, ancaq çox yaxşı dostlarımız var. Onlar filmin PR-ı üçün mənə dəstək olurlar. Televiziyada və saytlarda film haqqında məlumatlar yayılıb.
- Filmdə “16+” səhnələr də yer alıb. Bunun üçün qınaq obyektinə çevrilməkdən qorxmursunuz?
- Çəkdiyimiz film daha romantik və duyğusal olmalı idi. “16+” səhnələrdə dublyorlar çəkilib. O səhnələri canlandıran qəhrəmanlar özləri deyillər. Ancaq istənilən halda o səhnələri çəkmək üçün əziyyət çəkməli olduq. Əgər həmin hissələr ifrat dərəcədə göstərilsəydi, maraqsız olacaqdı və artıq “18+” kateqoriyasına aid olacaqdı. O ki qaldı cəmiyyətin bu səhnələri qəbul edib-etməməsinə, insanlar bütün günü türklərin və digər ölkələrin istehsal etdiyi filmlərə baxıb onları qınaq obyektinə çevirmirlər. Əksinə, həmin filmləri sevərək izləyirlər. Bizim filmləri izlədikdə, nə üçün onları qınaq obyektinə çevirirlər? Bu, kinodur, kinoda bu səhnələr məqbul hesab olunur.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər