• şənbə, 20 Aprel, 00:30
  • Baku Bakı 15°C

“Əsas məsələ limitlərlə rəqs etməyi bacarmaqdır” - Reportaj

27.02.17 13:31 1999
“Əsas məsələ limitlərlə rəqs etməyi bacarmaqdır” - Reportaj

Xeyli vaxtdır sosial şəbəkələrdə Bakıda TEDx ASOIU(Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) konfransının keçirilməsi haqda elanlarla qarşılaşırdıq. Elanları oxuyanda fikirləşirdim ki, tədbiri öz sözünü demiş hansısa mərkəz keçirir. Amma sonra öyrəndim ki, tədbir Neft və Sənaye Universitetinin 10 tələbəsinin təşəbbüsü ilə keçiriləcək.
Düzü, əvvəl düşünürdüm ki, tələbələr öz təşəbbüsləri ilə bu işi necə görəcəklər? Amma "Ağıl yaşda deyil, başdadır” prinsipini əsas götürərək tədbirdən yazı hazırlamaq qərarına gəldik. Təşkilatçılıq edən tələbələrin əhval-ruhiyyəsindən görünürdü ki, bu işə çox böyük həvəslə, can-başla hazırlaşıblar.

"Düzdür, təcrübəmiz yoxdur, amma...”

İlk olaraq tədbirin keçirilməsi ideyasını irəli sürən Ənvər Məmmədli ilə söhbətləşdik. O bildirdi ki, TEDx-ə maraq göstərdiyi üçün özü də belə bir tədbir keçirmək istəyib: "TEDx-ə ingilis dilində 3 il əvvəl baxmağa başlamışam. Ölkəmizdə bir neçə TEDx-ə izləyici qismində qatılmışdım. Bu yaxınlarda araşdıranda məlum oldu ki, mən də belə bir tədbir təşkil edə bilərəm. Düzdür, təcrübəmiz yoxuydu, amma mənim üçün önəmli olan komandanın bu işə həvəsli olması idi. Onlarda bu həvəs varıydı deyə, biz bu işi görə bildik”.
Tədbirin adının "Sıfır məhdudiyyət” ("Zero limits”) olmasına gəlincə, Ə.Məmmədli bildirdi ki, insanların özlərinə məhdudiyyətlər qoyması və bunun yaratdığı maneələrdən dolayı belə bir ad seçilib: "Cəmiyyətimizdə insanların özlərinə məhdudiyyət qoyduqlarını çox görürəm. Düşünürəm ki, insanlar özlərinə bu qədər məhdudiyyət qoymamalıdırlar. Ona görə adı bu cür seçdik”.

"Elmdə, yaradıcılıqda məhdudiyyət yoxdur”

Və artıq tədbirin keçirildiyi zala daxil oluruq. Tədbirdə müxtəlif sahələrdən olan spikerlər "Sıfır məhdudiyyət” başlığı altında çıxış edirdilər. Onlardan bir neçəsinin çıxışından maraqlı məqamları sizinlə də bölüşürük. İlk çıxışı "Konsentrasiya və sıfır məhdudiyyət" mövzusunda psixoloq Hüseyn Xəlilov etdi. O, konsentrasiyanın önəmi və "sıfır məhdudiyyət”lə bağlı insanların bir çoxunda olan yanlış düşüncədən danışdı: "Hansısa işi daha yaxşı görmək üçün fikrini tam şəkildə cəmləməlisən. Konsentrasiya bu cəhətdən çox önəmlidir. Amma diqqətini bir yerə cəmləmək elə də asan deyil. Fikirləri çox, fantaziyaları zəngin olan insanlar var və onlar düşünürlər ki, bu daha yaxşıdır. Əlbəttə, yaxşıdır, amma kənar fikirlərdən uzaq durub işə konsentrasiya olmağın gözəl faydası olur. Konsertrasiyanı bir növ zərgər dəqiqliyi də adlandıra bilərik”.
H.Xəlilovun fikrincə, bəzən insanlar "sıfır məhdudiyyət”i "hər şey edə bilərəm” kimi qəbul edirlər: "Amma elmdə, yaradıcılıqda məhdudiyyət yoxdur. İnsan təxəyyülünün məhsulunu məhdudiyyətsiz şəkildə ortaya qoymalıdır. Əgər hansısa bir işi görmək istəyirsənsə, onun ərsəyə gəlməsi üçün məhdudiyyətsiz çalışmaq lazımdır. Amma həm də onu müəyyənləşdirməlisən ki, əldə etmək, görmək istədiyin iş cəmiyyətə, insanlara nə dərəcədə faydalı olacaq?”
H.Xəlilov onu da tövsiyə etdi ki, beyinə gələn ideyaları, fikirləri bir vərəqə, dəftərə qeyd etmək lazımdır: "Yazarkən beyində yazılı proses gedir və bu, insanın diqqətini bir yerə cəmləməsinə kömək edir”.

"Mənim karyera qurmağım düz divara çıxmaq kimi bir şey idi”


Motivator, təlimçi və bloqer Murad Məmmədov "Məhdudiyyətsiz məhdudiyyətli" mövzusunda danışdı. O elə öz təcrübəsindən çıxış edrək fikirlərini bölüşdü: "Fiziki məhdudiyyətim səbəbindən orta məktəbə gedə bilməmişəm. 15 yaşımdan sonra yeriyəndə isə, təhsil məhdudiyyətim oldu. 19-20 yaşımda bu təhsilsizliyimi kompensasiya etmək üçün müxtəlif seminarlara, təlimlərə getməyə başladım. Bu cür tədbirlərdə aktiv iştirak edəndən sonra beynəlxalq tədbirlərə getmək şansı da qarşıma çıxırdı. Normalda gənclər həftədə 1-2 dəfə təlimə, konfransa gedirlərsə, mən 5-6 dəfə gedirdim. Beləliklə, təhsil məhdudiyyətimi kompensasiya etdim. Məktəbə getməsəm də, bu gün "Uğurun xəritəsi” kitabının müəllifiyəm.
Təhsil almadığıma görə işləmək üçün hər hansı bir ixtisasım da yox idi. Mənim karyera qurmağım düz divara çıxmaq kimi bir şey idi. Lakin mən çalışmağa başladım. Bu gün bəzi gənclərimiz Azərbaycan üçün orta aylıq əməkhaqqına işləməyə razı olmurlar. Amma mən günü 1 manata işləyirdim. Çünki karyera qurmaq məhdudiyyətimi bərpa etməli idim. Aylarla pulsuz, cüzi məvaciblə çalışdım. Amma bu gün ölkənin ən böyük banklarından olan "Bank of Baku”da çalışıram. Təlimçilik fəaliyyətim də var”.
M.Məmmədov onu da bildirdi ki, hər kəsin müəyyən məhdudiyyəti var: "Əgər uça bilmirsinizsə, deməli, sizin də fiziki məhdudiyyətiniz var. Hər kəsin müxtəlif məhdudiyyəti var. Amma hər birimiz o məhdudiyyətləri kompensasiya edəcək, məhdudiyyətsiz yaşayacaq bir beyinə sahibik”.

"Əsas olan bizim limitlərlə rəqs etməyi bacarmağımızdır”

Pərviz PRoMete kimi tanıdğımız reper və prodüser Pərviz İsaqov "Limitlərlə rəqs"dən söhbət açdı. O, çıxışında ilk olaraq öz təcrübəsindən, məhdudiyyətlərin onun da qarşısına çıxmasından danışdı: "Pul, mental, dil və s. kimi limitlər çoxdur. Amma bu limitlərə ilişib qalmamalıyıq. Hər hansı qüsur, çatışmazlıq, maneə bizim üçün gözəl stimuldur. Həyatımız problemlərsiz, limitlərsiz mənasız olardı. "Niyə bu problemlər mənim qarşıma çıxır” yox, "nə yaxşı bu problem indi qarşıma çıxdı” kimi yanaşıb mümkün qədər sərhədi aşmağa çalışmaq lazımdır. Bir çoxlarınız məni HOST qrupundan tanıyırsınız. Biz 2006-cı ildə başlayanda rastlaşdığımız əsas problem o idi ki, reperlər narkoman, qeyri-ciddi adam kimi qəbul olunurdular. Bizdən əvvəlki bəzi reperlər elə bir fikir formalaşdırmışdılar. Biz gördüyümüz işlə, HOSTla beyinlərdə çevriliş edə bildik”.
İnsan üçün ən böyük limitin tənbəllik olduğunu deyən P.İsaqov sonda limitlərlə rəqsin nə olmasından da danışdı: "Poster hazırlananda çıxışımın adını "Limitlərin rəqsi” yazmışdılar. Amma dedim "Limitlərlə rəqs” olsun. Çünki həyatımız onsuz da limitlərin rəqsidir. Əsas olan bizim limitlərlə rəqs etməyi bacarmağımızdır. Həyatımızda olan ən çətin, keçilməz, mümkünsüz məqamları döyüşkənliklə yox, ustalıqla aşmağa çalışmaq, yəni, limitlərlə rəqs etmək lazımdır. Əgər problemlərlə rəqs etsəniz, problemi sivişib keçə biləcəksiniz”.

"Sevdiyiniz ixtisas üzrə təhsil almırsınızsa, kefinizi pozmayın”

"M.fashion school" dəb məktəbinin həmtəsisçisi, modelyer Pərvin Bağırova isə "Siyasətdən modaya gedən yol"dan danışdı. Beynəlxalq münasibətlər fakültəsinin Amerikaşünaslıq ixtisasını bitirən P.Bağırova müxtəlif sahələrdə çalışsa da, sonda qərarı öz işini qurmaq olub: "Əgər hazırda sevdiyiniz ixtisas üzrə təhsil almırsınızsa, kefinizi pozmayın. İndi öyrəndikləriniz gələcəkdə bu sahədə çalışmasanız belə, sizə çox kömək edəcək”.
P.Bağırova dedi ki, əgər yaxşı işin, normal maaşın varsa, amma özünü o işdə xoşbəxt hiss etmirsənsə, deməli, öz işini qurmağın tam zamanıdır: "2013-cü ildə işimdən ayrılmışdım. Amma buna rəğmən çox xoşbəxt idim. Öz işimi qurmaq qərarına gəldim. Onu da deyim ki, hər kəsin həyatını dəyişəcək bir kitab mütləq var. Mən də həmin vaxt Paula Koelyonun "Kimyagər” kitabını oxuyurdum. Orada belə bir cümlə var: "Təki sən istə, bütün kainat sənə yol göstərəcək”. Mən də öz istədiyim işin arxasınca getməyə qərar verdim. Təbii ki, risk də etdim. Risk etmək vacibdir. Çünki risk etməsən, bəlkələrlə yaşamalı olacaqsan”.

"Arzularına heç vaxt şübhə etmə”


Əgər siz tiran direktorla işləyirsinizsə, heç də kefinizi pozmayın. P.Bağırova deyir ki, onlar işçiyə çox şey öyrədirlər: "Universiteti bitirəndən sonra iş axtarmağa çalışdım. Ofis meneceri ilk işim idi. Ümumilikdə isə bir neçə sahədə çalışmışam. Hər işdə də bir direktor var idi. Bir dəfə yaxşı vəzifəyə keçmişdim, özümə çox güvənirdim. Direktor mənə ilk iş günümdə bir sənəd hazırlamağı tapşırdı. Amma altı dəfə onu geri qaytararaq yenidən düzəltməyimi tələb etdi. O vaxt buna çox pis olub ağlamışdım. Amma sonra başqa bir işdə olanda həmin sənədləri mən o qədər ustalıqla hazırlamışdım ki, heç bir səhv tapmadan mənə "sağ ol” dedilər. Mən də həmin "tiran” direktora ürəyimdə "sağ ol” dedim”.
Natiq arzuların möcüzəsindən də söz açdı: "Arzularına heç vaxt şübhə etmə. Beynəlxalq münasibətləri bitirdiyim üçün əvvəllər o sahəyə getmək fikrinə yönəlik idim. Amma öz istədiyim moda sahəsini seçdim. Məni burada saxlayan ən böyük qüvvə heç vaxt arzularıma şübhə etməməyimdir”.
Qeyd edək ki, tədbirdə 10 spiker çıxış etdi. Spikerlərlə yanaşı, gənc ifaçıların çıxışlarını da dinlədik, hətta rəqs edənlər də az deyildi.
Sonda tədbir təşkilatçısı olan tələbələr bildirdilər ki, növbəti illərdə də bu tədbirin keçirilməsi gözlənilir.
Aygün Asimqızı


banner

Oxşar Xəbərlər