Əsas hədəf Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır
12 avqust beynəlxalq
gənclər günü münasibəti ilə Azərbaycan–Rusiya Gənc Ekspertləri və Jurnalistləri
Klubunun təşkilatçılığı ilə "Bakı – Moskva” arasında telekörpü baş tutub. Telemostda Bakı studiyasından politoloq Zaur Məmmədov,
İrəli Gənclər Birliyinin departament rəhbəri Anar Qurbanov, Rusiya–Azərbaycan
Gənc ekspertləri və jurnalistləri klubunun nümayəndəsi Araz Dövlatov, Gənc
elçilər və Bakı Gənclər Klubunun nümayəndəsi Sabir Rüstəmov, AİSEC
təşkilatından Gülxanım Məmmədova iştirak ediblər. Rusiyadan isə, Rusiya Gənclər Birliyinin xarici
əlaqələr departamentinin rəhbəri Aleksey Yejov, dosent Viktoriya Çernikova,
Vahid Rusiya partiyasının "Molodaya qvardiya” təşkilatının üzvləri iştirak ediblər.
Politoloq Zaur Məmmədov
çıxışında gənclərimizin bugünku durumuna toxunub: "Bu gün Azərbaycan gəncləri
regionun və qonşu ölkələrin gənclərindən geri qalmırlar, hətta irəlidədirlər. Bütün beynəlxalq yarışlarda gənclərimiz yüksək
nəticələr göstərirlər. Bu gün gənclərimizin potensialından istifadə etmək üçün
dünyanın müxtəlif yerlərindən, təhsil aldıqları ölkələrdən orada qalıb
fəaliyyət göstərmələri üçün təkliflər edilir. Azərbaycan gəncləri müxtəlif
təşkilatlar altında fəaliyyətlərini davam etdirirlər. Onların əsas hədəfi
Azərbaycanın haqq səsini digər ölkələrdəki gənclərə çatdıra bilməkdir”.
Anar
Qurbanov və Sabir Rüstəmov ölkəmizdə gənclər siyasətinin uğurla aparılmasından,
dövlət tərəfindən fəal gənclərə verilən müxtəlif dəstək proqramlarından söz açıblar. Qeyd olunub
ki, müasir münaqişələrdə ən güclü savaş məhz informasiya savaşıdır. Qloballaşan
dünyada dolğun və operativ informasiyanın əldə edilməsinin yollarından biri də
gənclər üzərindəndir. Təcrübə göstərir ki, digər mübarizə metodlarına nisbətən
informasiya mübarizəsi nailiyyət əldə etmək üçün daha effektivdir. Bu məqsədlə,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində "yumşaq güc” strategiyasından
istifadə prioritet təşkil etməlidir. Region ölkələrinin gənc liderlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə düzgün
məlumatlandırılması olduqca əhəmiyyətlidir.