• cümə axşamı, 28 mart, 21:01
  • Baku Bakı 13°C

“Əsas gözəllik deyil, təbiilikdir” - Fotolar

15.03.17 09:30 4638
“Əsas gözəllik deyil, təbiilikdir” - Fotolar
Ölkəmizdə modellik sənəti yavaş-yavaş inkişaf etməkdədir. Sevindirici haldır ki, bəzi modellərimiz dünya səviyyəsində tanınır. Onlardan biri də gənc model Ramina Abasovadır. Ötən gün redaksiyamızın qonağı olan gənc model bu sənətə olan maraqdan danışdı.

- Ramina xanım, bu gün modellik sənətinə maraq hansı səviyyədədir?
- 6 ildir ki, bu sənətdəyəm. Bu 6 ildə sənətə olan marağın necə dəyişdiyinin şahidi olmuşam. Sevindirici haldır ki, modellərimizin sayı çoxalıb. Onlar da qısa zaman kəsiyində məşhurlaşırlar. Ancaq mənim bu sənətə gələn dövrümdə modelliyə maraq heç də bu qədər yüksək səviyyədə deyildi. Həm kino, həm reklam, həm də digər PR işlərində modellərimizə müraciət olunur. Bilirsiniz ki, mən yalnız model kimi deyil, tərcüməçi, aktrisa kimi də fəaliyyət göstərirəm. Artıq bir ildir ki, aktrisa kimi çalışıram. İndiki modellərin əksəriyyəti gözəllik salonlarında gəlin siması kimi bəzənir. Əslində mən bunu qəbul etmirəm. Bu modellər o qədər də tanınmış deyillər. Şəkillərim Türkiyədə, Almaniyada, İraqda yayılır. Əgər hər hansı layihəyə və fotosessiyaya imza atıramsa, mütləqdir ki, orada bir fərqlilik olsun. Mən işimi sevirəm.
- Çox fərqli layihələrə və fotosessiyalara imza atırsınız. Bu ideyalar kimə məxsusdur?
- Hər zaman fərqli ideyalarım olub. Fotosessiyalarımın ideyaları da çox zaman mənə məxsus olub. İndi çoxları istəyir ki, fərqli fotosessiyalar etdirsin. Hər il yeniliklər edirəm. Tamaşaçılar məndən nəsə gözləyirlər.
- Bu gün modellik sənətini gəlir gətirən sənət kimi təqdim edə bilərikmi?
- İşinin peşəkarı hər zaman yaxşı qazanc əldə edir. Hər şey insanın özündən asılıdır. Əgər ideyaların çoxdursa, əlbəttə ki, pul qazana bilərsən. Bu işə yeni başlayan modellər də var ki, onlar pulsuz şəkildə çəkimlərdə iştirak edirlər və bu da onların reklamlarına xidmət edir. Mən tək modelliklə məşğul olmuram, həm də kliplərə çəkilirəm. Siman tanınandan sonra çox qazanırsan. Əgər ona qədər sən adına görə çalışırdınsa, siman tanınandan sonra adın sənə xidmət edir. Beləliklə, brend markalar, salonlar, restoranlar səninlə işləmək üçün müraciət edirlər. Böyük şirkətlər də tanınmış simalarla işləmək istəyirlər.
- Bəzən deyirlər ki, dünyada ən asan peşə model sənətidir. Siz bununla razılaşırsınızmı?
- Xeyr. Model sənəti çox çətindir. Modelin öz taktikası, aurası olmalıdır. Əvvəllər Azərbaycanda model sənətinə çox pis baxırdılar. İndi də az da olsa həmin təfəkkürə malik olan insanlara rast gəlirik. Ancaq bunun nədən qaynaqlandığını bilmirəm. Düzü, mən heç vaxt model olmaq istəməmişəm. Təsadüf nəticəsində model olmuşam. Ancaq indiki yeniyetmə qızlar uşaq vaxtından bu sənətə maraq göstərməyə başlayırlar. Səbəb isə başqadır. Təki tanınsınlar, hər kəs onların şəkillərini paylaşsın, simaları tanınsın. Bəziləri də kimlərisə tapmaq üçün bu sənətə gəlir. Mənim düşüncələrim isə tamamilə başqa idi. Bir də görürsən ki, sadəcə bir-iki dəfə çəkilişlərdə olub, ancaq özünü elə aparır ki, guya bu, Beyonsdur, dünya ulduzudur. Mən heç zaman özümdən razı olmamışam. Ağac bar verdikcə, başını aşağı əyər. Sadəlik gözəllikdir. Verdiyim sözün arxasında durmağa çalışıram. Söz verdiyim bütün tədbirlərə gedirəm. Ancaq bir çox modellər kimi o tədbirdə kim olacaq, necə olacaq kimi suallar məni maraqlandırmır. Kənardan nə qədər özündənrazı görünsəm də, əslində elə deyiləm. Heç bir kompleksim yoxdur. Əgər komplekslərim olsaydı, heç zaman belə açıq-saçıq fotosessiyalar etdirməzdim. İndiyə qədər çalışdığım heç bir şirkətə də problem yaratmamışam. Sonuncu dəfə "Space” telekanalında aparıcı Elnarə xanımın verilişində qonaq oldum. Orada mənə kontrabas libası geyindirdilər. Əslində o paltarı başqa bir model geyinməli idi. Onu geyinməli olan qız dedi ki, mən bununla çıxış edə bilmərəm. Bu paltarın forması mənim fiqurama uyğun deyil. Modelyer də dedi ki, mən bu paltarı nümayiş etdirməliyəm, bu, efirə çıxmalıdır. Dedim ki, bunu mən geyinərəm, mənim üçün heç bir fərqi yoxdur. Geyindim, çıxış da etdim. Bu geyim hamının marağını çəkdi. Bu, krieativ podium geyimi idi. Mənə çox rahat idi. Mən belə şeylər haqda düşünmürəm. Kimin nə deyəcəyi barədə heç zaman düşünməmişəm. Mən modeləm, olub ki, mənə yaraşmayan geyimləri veriblər, ancaq onu elə reklam edib göstərmişəm ki, hər kəsin marağına səbəb olub. Əsas gözəllik deyil, təbiilikdir. İnsanlar qoy desinlər ki, mən hələ belə şey görməmişəm, ilk dəfə olaraq onu bu modeldə gördüm. Bu, insanlara da maraqlı olacaq. Standart şeylərlə heç kim maraqlanmır. Son vaxtlar yavaş-yavaş modellər açıq-saçıq fotosessiyalar etdirməyə başlayıblar. Əvvəllər belə fotosessiyalar az olurdu. İndi modelyerlərimiz soyunmağa başlayıblar. Sadəcə, dünyaca məşhur olan modellərə baxırlar və gördüklərini öz üzərilərində tətbiq etməyə çalışırlar. Bəzi modellər isə bunu reytinq qazanmaq və yaxşı sponsor tapmaq üçün edirlər. Ancaq mən sənətkaram, bunu sənət üçün edirəm.
- Bəs ailə qurmaq haqqında necə, düşünürsünüzmü?
- Ailə qurmaq modellər üçün çətindir. Çünki kişilər deyirlər ki, bizə ev qızı lazımdır. Siması tanınmasa da olar, evdə oturub yemək bişirməlidir. Çevrəmdəki insanlar çox ziyalı və tanınmış insanlardır. Şou-biznesdə belə işlərə normal baxırlar. Mənim o qədər gözəl layihələrim var ki, onlardan əl çəkmək fikrində deyiləm. Deyirəm ki, gələcəkdə bunu da, onu da edəcəyəm.
- Məşhurlarla hansı tədbirə gedirsinizsə, saytlarda xəbər çıxır ki, məşhur modelin sevgilisi bu şəxsdir.
- Olub bir neçə dəfə dostlarımla məclislərdə görüşmüşük. Saytlar da orada olan dostlarımı mənim sevgilim kimi yazıblar.
- Deyəsən bu cür xəbərlərə reaksiyanız elə də pis deyil.
- (Gülürük) Əslində mən o xəbərləri oxuyub, gülürəm. Çünki hər kəs də bilir ki, onlar mənim dostumdur. Belə şeylərə normal baxıram. Mənim kompleksim yoxdur. Sevgilim olsaydı, mənə təsir edərdi. Xəbərdir də, bütün məşhurlar haqda belə xəbərlər yazılır. Əslində bunun özü də bir PR-dır.
- Model fiqurasını qorumaq üçün nələrə diqqət etməlidir?
- Ürəyimin istədiyi hər şeyi yeyirəm. Yeməkdən bir-iki qaşıq yeyəndən sonra doyuram. Yemək yeyirəm, ancaq süfrədə nəsə görəndə tez hücum edib onu yemirəm. Yemək xəstəsi deyiləm. Bütün günü yemək haqqında fikirləşmirəm. İndiyə qədər heç vaxt dieta saxlamamışam. İdman edirəm. Ona görə yox ki, arıqlayım. Sadəcə olaraq fiquramı qaydasında saxlamaq üçün idmana müraciət edirəm. Bunu özüm üçün edirəm. Bədən formamı saxlamaq üçün bu mütləqdir.Podiuma çıxmaq üçünsə başqa tələblər lazımdır - arıq, uzunboy. Onlara asılqan (veşalka) deyirlər. Ancaq fotosessiya üçün modellərin xarizması olmalıdır. Obrazlar yaratmalıdır, kreativlik düşünməlidir.

- Bütün bunlar fotomodel üçündəmi keçərlidir?
- Fotomodellik tamam fərqli sənətdir. Əgər fotomodelsənsə, bu o demək deyil ki, sən kök olmalısan. Modelsənsə saçın, hər şeyin qaydasında olmalıdır. Fotomodellikdə əsas görüntü olsa da, çəki, kilo da burada böyük rol oynayır.
- Bildiyimiz qədəri ilə, Xarici Dillər Universitetinin bakalavr pilləsini qırmızı diplomla bitirmisiniz.
- Elədir. Mən tələbə olanda səhər dərslərə, oradan çıxandan sonra isə çəkilişlərə gedirdim. Universitetdən də məni başa düşürlər. İndi mən orada magistr təhsili alıram. Çox oxuyan şagird və tələbə olmuşam. O zaman model olacağımı heç düşünmürdüm. Məktəbi bitirən kimi 532 balla universitetə qəbul oldum. Magistraturaya da yüksək balla qəbul olmuşam və indi də təqaüd alıram. Təhsilə çox önəm verirəm. Bu işdə valideynlərimin də böyük rolu olub. Hər zaman elə düşünürdülər ki, gözəl insanlar (daha çox xanımlar) savadsız olur. Mən sosial şəbəkələrdə elə şərhləri oxuyanda çox əsəbləşirəm. Əgər mən ziyalı insanlarla bir aradayamsa, onlarla birlikdə çalışıramsa, demək ki, qabımda nəsə var. Bir şəklə baxıb qiymət vermək heç də düzgün deyil. Mənim üçün təhsil çox önəmlidir. Xarici Dillər Universitetində dünyanın müxtəlif ölkələrində dərs deyən professorlar var. Universitetdən çox şey öyrənmişəm. Xaricilər gələndə onlarla xarici dillərdə danışıram. Onlar fərqinə varmırlar ki, mən azərbaycanlıyam. Nə olsun ki, modeləm. Xarici dili yaxşı bilməyim modellik sənətində mənə kömək olub.

- Bəs, universitetdə müəllimləriniz model olduğunuz üçün qiymət yazarkən sizə hörmət edirmi?
- Əgər mən universitetdən içəri girirəmsə, model deyil, tələbəyəm. Heç kimə demirəm ki, mən tanınmış modeləm. Onlar məni oxuyan tələbə kimi tanıyırlar. Çoxu düşünür ki, mən orda hobbi kimi təhsil alıram. Əsla elə deyil. Yola verməyi sevmirəm. Oxuduqca müəllimlər də hörmətimi saxlayır. Danışan kimi görürlər ki, dərslərimi yaxşı oxuyuram.
- Gələcəkdə model sənətiniz, yoxsa öz ixtisasınız üzrə gedəcəksiniz?
- Modellik sənəti uzunmüddətli bir sənət deyil. Tərcüməçiliyi bitirmişəm. Dilə çox həvəsliyəm. İngilis, fransız, rus və ispan dillərini bilirəm.

- Gələcəkdə özünüzü harada görürsünüz?
- Modellik işi çox çətindir. Aktrisa kimi çalışmaq istəyirəm. Çox deyirlər ki, öz ixtisasını davam etdir. O qədər əziyyət çəkib təhsil almısan. Düşünürəm ki, gələcəkdə filosof da ola bilərəm. Universitetdə pedaqoq kimi də çalışa bilərəm. Televiziyalardan aparıcı kimi təkliflər də alıram. Hər şey haqqında düşünürəm. Almaniyada, Amerikada artıq məni tanıyırlar. Oradan da dəvətlər alıram. Həyatın nələr gətirəcəyini bilmək olmaz.
Xəyalə Rəis
Aygün Asimqızı








banner

Oxşar Xəbərlər