“Əsas gözəllik deyil, təbiilikdir” - Fotolar

Ölkəmizdə
modellik sənəti yavaş-yavaş inkişaf etməkdədir. Sevindirici haldır ki, bəzi
modellərimiz dünya səviyyəsində tanınır. Onlardan biri də gənc model Ramina
Abasovadır. Ötən gün redaksiyamızın qonağı olan gənc model bu sənətə olan
maraqdan danışdı.
- Ramina xanım, bu gün modellik sənətinə maraq
hansı səviyyədədir?
- 6
ildir ki, bu sənətdəyəm. Bu 6 ildə sənətə olan marağın necə dəyişdiyinin şahidi
olmuşam. Sevindirici haldır ki, modellərimizin sayı çoxalıb. Onlar da qısa
zaman kəsiyində məşhurlaşırlar. Ancaq mənim bu sənətə gələn dövrümdə modelliyə
maraq heç də bu qədər yüksək səviyyədə deyildi. Həm kino, həm reklam, həm də
digər PR işlərində modellərimizə müraciət olunur. Bilirsiniz ki, mən yalnız
model kimi deyil, tərcüməçi, aktrisa kimi də fəaliyyət göstərirəm. Artıq bir
ildir ki, aktrisa kimi çalışıram. İndiki modellərin əksəriyyəti gözəllik
salonlarında gəlin siması kimi bəzənir. Əslində mən bunu qəbul etmirəm. Bu
modellər o qədər də tanınmış deyillər. Şəkillərim Türkiyədə, Almaniyada, İraqda
yayılır. Əgər hər hansı layihəyə və fotosessiyaya imza atıramsa, mütləqdir ki,
orada bir fərqlilik olsun. Mən işimi sevirəm.
- Çox fərqli layihələrə və fotosessiyalara imza
atırsınız. Bu ideyalar kimə məxsusdur?
- Hər
zaman fərqli ideyalarım olub. Fotosessiyalarımın ideyaları da çox zaman mənə məxsus
olub. İndi çoxları istəyir ki, fərqli fotosessiyalar etdirsin. Hər il yeniliklər
edirəm. Tamaşaçılar məndən nəsə gözləyirlər.
- Bu gün modellik sənətini gəlir gətirən sənət kimi
təqdim edə bilərikmi?
- İşinin peşəkarı hər zaman yaxşı qazanc əldə
edir. Hər şey insanın özündən asılıdır. Əgər ideyaların çoxdursa, əlbəttə ki,
pul qazana bilərsən. Bu işə yeni başlayan modellər də var ki, onlar pulsuz şəkildə
çəkimlərdə iştirak edirlər və bu da onların reklamlarına xidmət edir. Mən tək
modelliklə məşğul olmuram, həm də kliplərə çəkilirəm. Siman tanınandan sonra
çox qazanırsan. Əgər ona qədər sən adına görə çalışırdınsa, siman tanınandan
sonra adın sənə xidmət edir. Beləliklə, brend markalar, salonlar, restoranlar səninlə
işləmək üçün müraciət edirlər. Böyük şirkətlər də tanınmış simalarla işləmək
istəyirlər.
- Bəzən deyirlər ki, dünyada ən asan peşə
model sənətidir. Siz bununla razılaşırsınızmı?
- Xeyr.
Model sənəti çox çətindir. Modelin öz taktikası, aurası olmalıdır. Əvvəllər Azərbaycanda
model sənətinə çox pis baxırdılar. İndi də az da olsa həmin təfəkkürə malik
olan insanlara rast gəlirik. Ancaq bunun nədən qaynaqlandığını bilmirəm. Düzü,
mən heç vaxt model olmaq istəməmişəm. Təsadüf nəticəsində model olmuşam. Ancaq
indiki yeniyetmə qızlar uşaq vaxtından bu sənətə maraq göstərməyə başlayırlar.
Səbəb isə başqadır. Təki tanınsınlar, hər kəs onların şəkillərini paylaşsın,
simaları tanınsın. Bəziləri də kimlərisə tapmaq üçün bu sənətə gəlir. Mənim
düşüncələrim isə tamamilə başqa idi. Bir də görürsən ki, sadəcə bir-iki dəfə çəkilişlərdə
olub, ancaq özünü elə aparır ki, guya bu, Beyonsdur, dünya ulduzudur. Mən heç
zaman özümdən razı olmamışam. Ağac bar verdikcə, başını aşağı əyər. Sadəlik gözəllikdir.
Verdiyim sözün arxasında durmağa çalışıram. Söz verdiyim bütün tədbirlərə gedirəm.
Ancaq bir çox modellər kimi o tədbirdə kim olacaq, necə olacaq kimi suallar məni
maraqlandırmır. Kənardan nə qədər özündənrazı görünsəm də, əslində elə deyiləm.
Heç bir kompleksim yoxdur. Əgər komplekslərim olsaydı, heç zaman belə
açıq-saçıq fotosessiyalar etdirməzdim. İndiyə qədər çalışdığım heç bir şirkətə
də problem yaratmamışam. Sonuncu dəfə "Space” telekanalında aparıcı Elnarə
xanımın verilişində qonaq oldum. Orada mənə kontrabas libası geyindirdilər.
Əslində o paltarı başqa bir model geyinməli idi. Onu geyinməli olan qız dedi
ki, mən bununla çıxış edə bilmərəm. Bu paltarın forması mənim fiqurama uyğun
deyil. Modelyer də dedi ki, mən bu paltarı nümayiş etdirməliyəm, bu, efirə
çıxmalıdır. Dedim ki, bunu mən geyinərəm, mənim üçün heç bir fərqi yoxdur.
Geyindim, çıxış da etdim. Bu geyim hamının marağını çəkdi. Bu, krieativ podium
geyimi idi. Mənə çox rahat idi. Mən belə şeylər haqda düşünmürəm. Kimin nə deyəcəyi
barədə heç zaman düşünməmişəm. Mən modeləm, olub ki, mənə yaraşmayan geyimləri
veriblər, ancaq onu elə reklam edib göstərmişəm ki, hər kəsin marağına səbəb
olub. Əsas gözəllik deyil, təbiilikdir. İnsanlar qoy desinlər ki, mən hələ belə
şey görməmişəm, ilk dəfə olaraq onu bu modeldə gördüm. Bu, insanlara da maraqlı
olacaq. Standart şeylərlə heç kim maraqlanmır. Son vaxtlar yavaş-yavaş modellər
açıq-saçıq fotosessiyalar etdirməyə başlayıblar. Əvvəllər belə fotosessiyalar
az olurdu. İndi modelyerlərimiz soyunmağa başlayıblar. Sadəcə, dünyaca məşhur
olan modellərə baxırlar və gördüklərini öz üzərilərində tətbiq etməyə
çalışırlar. Bəzi modellər isə bunu reytinq
qazanmaq və yaxşı sponsor tapmaq üçün edirlər. Ancaq mən sənətkaram,
bunu sənət üçün edirəm.
- Bəs ailə qurmaq haqqında necə, düşünürsünüzmü?
- Ailə
qurmaq modellər üçün çətindir. Çünki kişilər deyirlər ki, bizə ev qızı
lazımdır. Siması tanınmasa da olar, evdə oturub yemək bişirməlidir. Çevrəmdəki
insanlar çox ziyalı və tanınmış insanlardır. Şou-biznesdə belə işlərə normal
baxırlar. Mənim o qədər gözəl layihələrim var ki, onlardan əl çəkmək fikrində
deyiləm. Deyirəm ki, gələcəkdə bunu da, onu da edəcəyəm.
- Məşhurlarla hansı tədbirə gedirsinizsə, saytlarda
xəbər çıxır ki, məşhur modelin sevgilisi bu şəxsdir.
- Olub
bir neçə dəfə dostlarımla məclislərdə görüşmüşük. Saytlar da orada olan
dostlarımı mənim sevgilim kimi yazıblar.
- Deyəsən bu cür xəbərlərə reaksiyanız elə də pis
deyil.
- (Gülürük)
Əslində mən o xəbərləri oxuyub, gülürəm. Çünki hər kəs də bilir ki, onlar mənim
dostumdur. Belə şeylərə normal baxıram. Mənim kompleksim yoxdur. Sevgilim
olsaydı, mənə təsir edərdi. Xəbərdir də, bütün məşhurlar haqda belə xəbərlər
yazılır. Əslində bunun özü də bir PR-dır.
- Model fiqurasını qorumaq üçün nələrə diqqət
etməlidir?
- Ürəyimin
istədiyi hər şeyi yeyirəm. Yeməkdən bir-iki qaşıq yeyəndən sonra doyuram. Yemək
yeyirəm, ancaq süfrədə nəsə görəndə tez hücum edib onu yemirəm. Yemək xəstəsi
deyiləm. Bütün günü yemək haqqında fikirləşmirəm. İndiyə qədər heç vaxt dieta
saxlamamışam. İdman edirəm. Ona görə yox ki, arıqlayım. Sadəcə olaraq fiquramı
qaydasında saxlamaq üçün idmana müraciət edirəm. Bunu özüm üçün edirəm. Bədən
formamı saxlamaq üçün bu mütləqdir.Podiuma
çıxmaq üçünsə başqa tələblər lazımdır - arıq, uzunboy. Onlara asılqan (veşalka)
deyirlər. Ancaq fotosessiya üçün modellərin xarizması olmalıdır. Obrazlar
yaratmalıdır, kreativlik düşünməlidir.
- Bütün bunlar fotomodel üçündəmi keçərlidir?
-
Fotomodellik tamam fərqli sənətdir. Əgər fotomodelsənsə, bu o demək deyil ki, sən
kök olmalısan. Modelsənsə saçın, hər şeyin qaydasında olmalıdır. Fotomodellikdə
əsas görüntü olsa da, çəki, kilo da burada böyük rol oynayır.
- Bildiyimiz qədəri ilə, Xarici Dillər
Universitetinin bakalavr pilləsini qırmızı diplomla bitirmisiniz.
- Elədir.
Mən tələbə olanda səhər dərslərə, oradan çıxandan sonra isə çəkilişlərə
gedirdim. Universitetdən də məni başa düşürlər. İndi mən orada magistr təhsili
alıram. Çox oxuyan şagird və tələbə olmuşam. O zaman model olacağımı heç
düşünmürdüm. Məktəbi bitirən kimi 532 balla universitetə qəbul oldum. Magistraturaya da yüksək balla qəbul olmuşam
və indi də təqaüd alıram. Təhsilə çox önəm verirəm. Bu işdə valideynlərimin də
böyük rolu olub. Hər zaman elə
düşünürdülər ki, gözəl insanlar (daha çox xanımlar) savadsız olur. Mən
sosial şəbəkələrdə elə şərhləri oxuyanda çox əsəbləşirəm. Əgər mən ziyalı
insanlarla bir aradayamsa, onlarla birlikdə çalışıramsa, demək ki, qabımda nəsə
var. Bir şəklə baxıb qiymət vermək heç də düzgün deyil. Mənim üçün təhsil çox
önəmlidir. Xarici Dillər Universitetində dünyanın müxtəlif ölkələrində dərs deyən
professorlar var. Universitetdən çox şey öyrənmişəm. Xaricilər gələndə onlarla
xarici dillərdə danışıram. Onlar fərqinə varmırlar ki, mən azərbaycanlıyam. Nə
olsun ki, modeləm. Xarici dili yaxşı bilməyim modellik sənətində mənə kömək
olub.
- Bəs, universitetdə müəllimləriniz model olduğunuz
üçün qiymət yazarkən sizə hörmət edirmi?
- Əgər mən
universitetdən içəri girirəmsə, model deyil, tələbəyəm. Heç kimə demirəm ki, mən
tanınmış modeləm. Onlar məni oxuyan tələbə kimi tanıyırlar. Çoxu düşünür ki, mən
orda hobbi kimi təhsil alıram. Əsla elə deyil. Yola verməyi sevmirəm. Oxuduqca
müəllimlər də hörmətimi saxlayır. Danışan kimi görürlər ki, dərslərimi yaxşı
oxuyuram.
- Gələcəkdə model sənətiniz, yoxsa öz ixtisasınız
üzrə gedəcəksiniz?
-
Modellik sənəti uzunmüddətli bir sənət deyil. Tərcüməçiliyi bitirmişəm. Dilə
çox həvəsliyəm. İngilis, fransız, rus və ispan dillərini bilirəm.
- Gələcəkdə özünüzü harada görürsünüz?
-
Modellik işi çox çətindir. Aktrisa kimi çalışmaq istəyirəm. Çox deyirlər ki, öz
ixtisasını davam etdir. O qədər əziyyət çəkib təhsil almısan. Düşünürəm ki, gələcəkdə
filosof da ola bilərəm. Universitetdə pedaqoq kimi də çalışa bilərəm. Televiziyalardan
aparıcı kimi təkliflər də alıram. Hər şey haqqında düşünürəm. Almaniyada,
Amerikada artıq məni tanıyırlar. Oradan da dəvətlər alıram. Həyatın nələr gətirəcəyini
bilmək olmaz.
Xəyalə Rəis
Aygün
Asimqızı








