• cümə axşamı, 25 aprel, 01:56
  • Baku Bakı 19°C

Əsas diqqət dövlət dilinin tədrisinə yönəldilməlidir

18.10.18 09:30 752
Əsas diqqət dövlət dilinin tədrisinə yönəldilməlidir
Milli Məclisin deputatı Gövhər Baxşəliyeva plenar iclasda çıxışı zamanı bir məsələyə diqqət çəkib. O bildirib ki, bu gün Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə olunur: "Nədənsə, ölkəmizdə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyldir. Azərbaycanda uşaqların rus dilində təhsilə meyllənməsinin qarşısı vaxtında alınmalıdır. Bunun, rus dilinə qarşı çıxmağım kimi qiymətləndirilməsini istəmirəm. Rusiya Azərbaycanla dost dövlətdir. Rus dili də ingilis dili kimi - xarici dil kimi tədris olunmalıdır. Lakin uşaqların birinci sinifdən rus sektoruna meyllənməsi kökündən yanlışdır. Ziyalılar bu istiqamətdə iş aparmalıdır. İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır. Çünki ilkin təhsil uşaqların şəxsiyyət kimi formalaşması dövrünə təsadüf etdiyindən, bu, gələcəyimiz üçün çox vacibdir. Sual oluna bilər ki, sovetlər dövründə çoxları rus dilində təhsil alırdılar. O dövrdə karyera qurmaq, yüksək elmi dərəcə əldə etmək üçün bu dil lazım idi, amma bu gün biz müstəqilik və ölkəmizdə karyera qurmaq üçün bütün lazımi şərait var".
Mövzu ilə bağlı təhsil ekspertlərinin rəyini öyrəndik.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü belə bir təşəbbüsün irəli sürülməsini çox təqdirəlayiq hal kimi qiymətləndirir: "Əgər hazırkı tendensiya davam edərsə, ana dilli məktəblər təhlükə ilə qarşılaşa bilər. Siniflərdə şagirdlərin sayı azaldıqca, ana dilli siniflər bağlanır. Biz bu problemi 25 il əvvəl də yaşamışdıq. Vaxtı ikən Bakı şəhərinin rayonlarının birində 30 məktəbin cəmi üçündə tədris ana dilində aparılırdı. 12 məktəbdə isə tədris rus dilində idi. Yerdə qalan məktəblərdə rus dili ana dilinə nisbətən böyük üstünlük təşkil edirdi. Həmin ərəfədə Azərbaycan dili məişət dili səviyyəsinə endi. Hətta dövlət strukturlarında da rus dilində danışılırdı. Nəticədə Azərbaycan dili öz əhəmiyyətini itirməyə başladı. Bu gün məhz bu tendensiya yenidən davam etməkdədir. Əgər bir millət öz mövcudluğunu yaşatmaq istəyirsə, bunun üçün öz dil mövcudluğunu yaşatmalıdır. Yəni, dil millətin özüdür. Öz dilimizi itirməklə, həm də milliyyətimizi itirə bilərik. Bu mənada, düşünürəm ki, Gövhər xanımın çağırışları tamamilə haqlıdır. Fikrimcə, bu məsələni inzibati qaydada həll etmək olmaz. Rus dili tədris planında xarici dil kimi keçirilməlidir. Nəyə görə Azərbaycan dövləti xarici bir ölkənin məktəbini maliyyələşdirməlidir? Əgər bu məsələ Rusiya dövlətinin marağındadırsa və öz dilini təbliğ etmək istəyirsə, burada öz məktəblərini aça bilər. Maraqlı olan valideynlər, öz uşaqlarına orada təhsil verə bilər. Buna misal olaraq, Bakıda amerikan, ingilis, türk məktəblərini misal göstərə bilərik. Orada təhsil alan uşaqlara heç kim heç nə demir. Əgər rusdilli məktəblərdə monitorinq aparsaq, görərik ki, burada müxtəlif təbəqədən olan ailələrin övladları təhsil alır. Bu valideynlər deyir ki, qoy övladım rus dilini öyrənsin. Əslində məktəb tədris ocağıdır. Məktəblərə kurs kimi yanaşmaq olmaz. Əgər övladına rus dili öyrətmək istəyirsənsə, onu rusdilli kursa yazdıra bilərsən”.
Təhsil eksperti Şahlar Əsgərov da irəli sürülən bu təklifi dəstəkləyir: "Əgər biz gənclərimizin müxtəlif millətlərin ideya daşıyıcısı olmasını istəmiriksə, ibtidai sinifdə tədris mütləq ana dilində aparılmalıdır. Ana dilinin tədrisi milləti bütövləşdirir. Biz milli-mənəvi dəyərlərimizi uşaqlara ibtidai sinifdə - ana dilində öyrətməliyik. Həmin uşaqlar bizim davamçılarımızdır. Gürcüstan nümunəsinə baxa bilərik. Orada ibtidai təhsil öz dillərində aparılır. İbtidai təhsil bitdikdən sonra hansı dildə istəsən təhsil ala bilərsən. Gürcüstanda ibtidai təhsil 6 il davam edir. Uşaq ana dilində təhsil almadıqda, onun ideyalarında parçalanma yaranır. Bu mənada, düşünürəm ki, irəli sürülən təklif vaxtında atılan addımdır”.
Təhsil eksperti Nadir İsrafilovqeyd etdi ki, dil seçiminə qoyulan hər hansı bir məhdudiyyət, dünyaya çıxışımıza qoyulan məhdudiyyət deməkdir: "Heç kəs inkar edə bilməz ki, Azərbaycan dili bizim dövlət dilidir və bu dili hamı bilməlidir. Ancaq iddia edə bilmərik ki, rus dilinə artmaqda olan marağın, valideynlərin müəyyən qrupunun övladlarını məhz rusdilli təhsilə yönəltməsinin günahkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var. Digər tərəfdən, tolerantlıqda dünyaya nümunə göstərilirik, multikulturalizm dəyərlərini təşviq edirik, beynəlxalq forumlara ev sahibliyi edirik, "Rus dilinin intensiv tədrisi” layihəsi davam etdirilir. Bununla bağlı yeni əmr belə imzalanıb, slavyan dilləri ilə əlaqəli bir universitetimiz və rusdilli iki filialımız olduğu halda, Azərbaycanda daha üç Rusiya universitetinin - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filiallarını açmağı planlaşdırırıq. Bir yandan da dövlətlərarası münasibətlərə təsir göstərə biləcək təkliflər səsləndiririk. Bunu necə başa düşmək olar? Rus dilində təhsilə hər hansı bir məhdudiyyət qoyulması barədə təklifi irəli sürərkən, digər fəsadlar bir yana, belə bir addımın atılmasının sıx tarixi ənənələri ilə bağlı olan iki qonşu dövlət arasındakı münasibətlərə necə təsir göstərəcəyini də fikirləşmək lazımdır. Bəli, son 5-10 ildə, xüsusilə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Bu o demək deyil ki, rus dili ilə bağlı məsələləri yerli-yersiz gündəmə gətirib, təhsilimizdəki, bütövlükdə cəmiyyətimizdəki bütün problemlərimizi bu dilə artan maraqla əlaqələndirməliyik. Bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər sahələrin formalaşmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini unutmaq və ya inkar etmək ən yaxşı halda ədalətsizlikdən başqa bir şey olmazdı. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın ali təhsil müəssisələrində 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır, onlardan minə yaxını Rusiya Federasiyasının federal büdcəsi hesabına oxuyur. Qənaətim odur ki, belə açıqlamalar verərkən və ya hər hansı bir problemi qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək olmaz. Bu, təhsilin hansısa bir probleminin həlli deyil. Əlbəttə, bu kimi təkliflər ola bilsin doğma ana dilimizə olan məhəbbətdən, rəğbətdən və diqqətdən irəli gəlir. Lakin unutmayaq ki, bu kimi təkliflərə başqa rəng qatanlar, məna verənlər, onu siyasi məcraya yönəldənlər də az deyil”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər