• çərşənbə axşamı, 23 aprel, 19:43
  • Baku Bakı 20°C

Əsas dilimizə olan sevgidir

22.11.17 13:00 2832
Əsas dilimizə olan sevgidir
"Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”. Ölkə başçısı İlham Əliyevin dilimizin qorunması istiqamətində verdiyi sərəncamlar dövlətimizin atributlarından olan ana dilimizin qorunması istiqamətində təkcə təssübkeşlik hisslərini artırmağa deyil, həmçinin vətəndaşlıq mövqeyini möhkəmləndirməyə çağırışdır. Prezident dilimizin vəziyyətindən, dil normalarının müxtəlif sferalarda pozulmasından narahatdır. Bu günlərdə dövlət başçısının sədrliyi ilə Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi, eləcə də yaxın aylarda prezidentin birbaşa tapşırığı ilə keçirilən elmi-praktik konfranslar bu istiqamətdə təkcə görüləcək işlərin çoxluğundan xəbər vermir, həmçinin hər bir azərbaycanlının dilimizin saflığının və zənginliyinin qorunması istiqamətində daşıdığı məsuliyyəti xatırladır: "Ana dilini qorumaq hər bir vətəndaşın borcudur. Biz dilimizi qoruyuruqsa, demək milli kimliyimizi qoruyuruq”.
Heç şübhəsiz, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi həm də Azərbaycançılıq məsələsidir.
Dil normalarının bütün sferalarda pozulmasından şikayətlənən mütəxəssislər problemlə bağlı Milli Məclisdə müzakirələrin aparılmasının, elmi-praktik konfransların keçirilməsinin, KİV-də dilin təbliğinin genişləndirilməsinin və s. tərəfdarı kimi çıxış edirlər.
Elə bir ay öncə prezidentin tapşırığı ilə keçirilən «Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu» mövzusunda konfrans da ana dilimizlə bağlı bu sahədə yaranan qüsurları gündəmə gətirdi. "Hər bir xalqın dili təkcə həmin xalqa mənsub insanlar arasında ünsiyyət vasitəsi deyil, həm də daha çox onun tarixi yaddaşı, təfəkkür tərzi, dünyagörüşü, mədəniyyəti və psixologiyasının zənginləşməsi xəzinəsidir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişaf etdirilməsi və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir»- deyə prezidentin köməkçisi Əli Həsənov dilin qorunmasının hər bir azərbaycanlının daşıdığı vəzifə olduğunu vurğuladı. Təbii ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio, digər kütləvi informasiya orqanlarından yüksəkdə dayandığından bu sferada dil normalarının pozulması daha böyük narahatlıq doğurur. Fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemləri, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi, maneəsiz informasiya mübadiləsi imkanlarının artması dövlət dilini zənginləşdirməklə yanaşı, neqativ təsirlərə də məruz qoyur. PA rəsmisi bu kimi halların həm cəmiyyətdə, həm də onun güzgüsü olan kütləvi informasiya vasitələrində özünü qabarıq şəkildə büruzə verdiyini vurğuladı: "Təəssüf ki, tez-tez KİV-də, o cümlədən elektron vasitələrdə dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsi müşahidə olunur”.
Alimlərin təşəbbüskarlığı azdır
Dilimizin saflığının qorunması və zənginləşdirilməsi istiqamətində prezidentin sərəncamı ilə hazırlanacaq Tədbirlər Planı isə bu istiqamətdə həlli vacib işləri ortaya çıxaracaq. Dilçi alimlər dilimizin qorunması istiqamətində atılacaq addımlar, Tədbirlər Planına salınacaq məsələlər sırasında orfoqrafiya, orfoepiya, izahlı lüğətlərin, eləcə də terminologiya lüğətinin hazırlanması, reklamların dilinin qaydaya salınması, telekanallarda "Azərbaycan dili” verilişlərinin yer alması, Az.TV-də və İctimai Televiziyada Ana dili ilə bağlı akademiya yaradılması, diktorlar, aparıcılar üçün treninqlərin, kursların təşkili, bu istiqamətdə vəsaitlərin çap olunması, bədii və tərcümə ədəbiyyatının, eləcə də sosial şəbəkələrin dilinə nəzarət və s. məsələləri qabardırlar.
Komissiyanın üzvü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bir çox qurumların dilə etinasız yanaşdıqlarını xüsusi vurğulayır. Xüsusən, media orqanlarında, o cümlədən reklamlarda dildən istifadə bərbad vəziyyətdədir: «Xüsusən saytlarda dil normalarının pozulmasına geniş şəkildə rast gəlinir. Bütün bunlar ana dilinə sevginin olmamasından irəli gəlir». İ.Həbibbəyli yeni orfoqrafiya qaydalarının yaranmasına ehtiyac olduğunu bildirir «Orfoqrafiya lüğətinə daxil olan sözlər Azərbaycan dilinin işlək sözlərini müəyyən edəcək. Müstəqillik dönəmində yeni orfoqrafiya lüğətinin hazırlanmasını dilin qorunmasının təməli hesab edirəm». Akademik həmçinin, orfoepiya lüğəti probleminin olduğunu deyir: «Biz işlək, yeni qaydalara uyğun Orfoepiya lüğəti hazırlamalıyıq. Alimlərimizin bu istiqamətdə televiziya kanallarında, mətbuatda çıxış etmələrinin tərəfdarıyam. Ancaq alimlərin bu istiqamətdə təşəbbüskarlığı azdır. Təkcə çevrədə müzakirə etməklə heç nəyə nail olmaq olmaz”.
Dilin qorumağın təkcə dilçilərin vəzifəsi olmadığını deyən AMEA Dilçilik İnstitutunun direktoru, Dil Komissiyasının üzvü akademik Möhsün Nağısoylu "Kaspi”yə açıqlamasında dilin qorunması istiqamətində maarifləndirmə işini gücləndirmək və məsuliyyət hissini artırmağın əsas vəzifələrdən olduğunu bildirdi: "Əvvəllər bir-iki qəzet çap olunurdu. Bu gün isə qəzetlərin sayı həddən artıq çoxdur. Həmçinin əvvəllər bir televiziya vardı, bu gün çoxlu telekanal yayımlanır. İlk növbədə dili yaxşı bilmək və ona hörmətlə yanaşmaq lazımdır. Peşəkarlıq və məsuliyyət hissinin artırılmasına ehtiyac var. Telekanal rəhbərləri kadr seçimində məsuliyyət hiss etməlidirlər. Hazırda aparıcılar ən çox artistlər və ya müğənnilər arasından seçilir. Xarici görünüşə diqqət verilməsi təbiidir. Ancaq onların Azərbaycan dilində səlis danışa bilmələri nəzərə alınmalıdır. Təbii ki, hər kəs natiq ola bilməz. Bu baxımdan məsələyə hərtərəfli yanaşmaq lazımdır”. Akademik dilin qorunması istiqamətində cərimələrin tətbiqini də variantlardan biri hesab edir: "Fikrimcə, qurumlar üçün cərimələr tətbiq olunsa, bu, məsuliyyət hissini artırar. Artıq tariflərin müəyyənləşməsi ilə bağlı layihəni Nazirlər Kabinetinə təqdim etmişik”.
Azərbaycan dili verilişlərinə ehtiyac
Dil Komissiyasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov bizimlə söhbətində Azərbaycan dilinin dövlət dili kimi tədrisinə geniş imkan yaratmağın vacibliyini vurğuladı. Belə ki, Ana dili ali məktəblərin hər bir fakültəsində tədris olunmalıdır: "Ali məktəblərdə tədris olunan "Azərbaycan dili” və "Nitq mədəniyyəti”nə ayrılan saatlar nisbətən çoxalmalıdır”. Professor bır sıra görkəmli ziyalıların, öz sahəsinin peşəkarı olan insanların doğma ana dilində səlis danışa, öz sahəsi ilə bağlı fikrini Azərbaycan dilində ifadə edə, yaza bilməməsindən narahatlığını ifadə edir: "Bu, o deməkdir ki, Azərbaycan dilinin həm nəzəri, həm də praktik cəhətdən imkanlarından bir qisim ziyalılarımız düzgün faydalana bilmirlər”. B.Xəlilov hesab edir ki, dilə münasibətdə vacib məqamlardan biri sevginin formalaşdırılmasıdır: "Dili sevməsən tədris edə bilməzsən. Hesab edirəm ki, televiziya kanallarında Azərbaycan dili verilişləri açılmalıdır. Bu verilişlər isə nəzəri materiallardan ibarət olmamalıdır. Verilişlərdə dili sevdirən ədəbi-bədii nümunələr səslənməli və izah olunmalıdır ki, tamaşaçı dili sevə bilsin. Bunun üçün Azərbaycan ədəbiyyatı tarixində kifayət qədər sanballı nümunələr var”. Filoloq həmçinin yazı mədəniyyətinin formalaşmasına ehtiyac olduğunu deyir: "Yazı mədəniyyəti kifayət qədər aşağı səviyyəyə enib. Orta məktəb şagirdləri müstəqil şəkildə ərizə, esse və ya inşa yazmaqda əziyyət çəkirlər. Ona görə də orta məktəbdə yazı vərdişlərini aşılamaq üçün tədbirlər planı hazırlamaq lazımdır. Universitetdə oxuyan tələbələrin də yazı vərdişlərində problemlər var. Onların dilin tələblərinə yaxından bələd olmaları üçün yollar axtarmaq lazımdır”. B.Xəlilov dilin qorunması istiqamətində KİV-in üzərinə böyük məsuliyyət düşdüyünü bildirir. Professorun sözlərinə görə, mətbuat, radio və televiziyanın dilində çoxlu qüsurlar var. AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsi bu istiqamətdə monitorinqlər aparıb qüsurları ictimaiyyət üçün açıqlasa da, görülən işlər qənaətbəxş deyil. Belə ki, Monitorinq şöbəsinin işini planlı şəkildə qurmaq lazımdır: "Televiziyaların bu məsələdə məsuliyyət hiss etmələri üçün Dil Komissiyası bu istiqamətdə də tədbirlər planı hazırlayacaq. Aparıcıların, diktorların danışığına nəzarət planı hazırlanmalıdır”. B.Xəlilov görüləcək işlər sırasında dialektoloji sahədə tədqiqatların aparılması, Azərbaycan dilinin izahlı lüğətinin sistemli şəkildə qaydaya salınması, reklamların dilinə nəzarətin artırılması, dublyajın keyfiyyətinin yaxşılaşdırılması, tərcümələrin dilinin peşəkarlaşdırılması və s. məsələləri diqqətdə saxlamağın vacibliyini bildirir: "Filmlərin, bədii əsərlərin tərcüməsinə xüsusi diqqət yetirilməlidir. Eləcə də internet resursların geniş meydan aldığı dövrdə dil xətalarının olmaması üçün elektron dərslik, lüğət və kitablar mükəmməl işlənməlidir”.
Hər kəsin üzərinə düşən vəzifə
"Azərbaycan dilinin tələffüz qaydalarına uyğun ortaya çıxarılası bir lüğət hazırlanmayıb. Düzdür, müxtəlif vəsaitlər var, ancaq onlar dilimizin qaydalarını olduğu kimi əks etdirmir” – deyə dilçi alim Nadir Abdullayev qəzetimizə açıqlamasında xüsusən KİV-də dil normalarının bir neçə istiqamətdə pozulmasından narahatlığını ifadə etdi: "Sözlərin orfoepik qadalarının pozulması halları baş alıb gedir. Yazılışı ilə deyilişi arasında fərq olan sözlər yazıldığı kimi deyilir. Sözlərin vurğusu ilə bağlı da qüsurlar çoxdur”. Alim hesab edir ki, qüsurlarla bağlı problemləri təkcə televiziya əməkdaşlarının üzərinə atmaq olmaz. Belə ki, onların düzgün tələffüzlə bağlı istifadə edə biləcəyi sanballı bir vəsait yoxdur: "Televiziya və radio aparıcılarının danışığı etalon sayılmalıdır. Xalq onların dilindən bütün informasiyaları eşidir. Ancaq onlara bu sahədə nəzarət yoxdur. Əvvəllər onlar dillə bağlı ənənəvi kurslara cəlb olunurdular. Məsələn, diktor Azərbaycan-Ermənistan sərhədi barədə danışanda elə danışır ki, sanki bir təntənədən xəbər verir. Və yaxud hansısa bir faciə haqqında sanki heç bir şey olmamış kimi xəbər verirlər. Telekanallara xüsusi mütəxəssislər dəvət olunmalıdır ki, aparıcılarla kurs keçsinlər”.
Təbii ki, dilin qorunması istiqamətində vətəndaş cəmiyyətinin üzərinə də böyük məsuliyyət düşür. Komissiyanın üzvü, Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı bu məsuliyyəti nəinki etiraf edir, bu sahədəki problemləri birgə həll etməyə çağırır: "Dilimizin terminoloji cəhətdən zənginləşməsi, türk dilləri ilə əlaqəsi, elmi, fəlsəfi, tarixi üslublarının inkişafı, beynəlxalq imicinin güclənməsi, rusdilli məktəblərdə ana dilinin yüksək səviyyədə tədrisi, reklam məsələləri, xarici ölkələrdən gələn brend adların işlənmə mexanizmi və s. məsələlərdə problemlər var. Bundan əlavə, KİV-də ədəbi dil normaları pozulur. Bu problemlərin həlli üçün hər kəs üzərinə düşən vəzifəni icra etməlidir. Bu baxımdan, QHT-lərin, dillə bağlı akademiyadan kənar müəssisələrin öhdəsinə daha ciddi vəzifələr düşür”.
Dil Komissiyası dilimizin saflığının qorunması və zənginləşməsi istiqamətindəki problemləri qabardacaq və həlli yolları üçün addımlar atılacaq, bu şübhəsizdir. Əsas olan hər kəsin vətəndaşlıq mövqeyi və Ana dilimizə olan sevgidir. Bu sevgi olandan sonra bütün qaydalara əməl olunacağı istisnasızdır.
Dayandur Tağıyev
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
banner

Oxşar Xəbərlər