• şənbə, 20 Aprel, 18:24
  • Baku Bakı 24°C

Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir

24.04.18 19:35 1084
Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir
Sabiq prezident Serj Sarkisyanın Ermənistanın baş nazir seçilməsindən sonra yeni hökumət rəhbərinə qarşı ölkədə etirazlar başlayıb. Müxalif deputat Nikol Paşinyanın rəhbərliyi aprelin 13-də Yerevandan başlayan etiraz aksiyaları getdikcə daha böyük vüsət alıb. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb. Hətta 300 nəfərə yaxın etirazçının həbs edilməsi ilə bağlı məlumatlar da erməni mediasının gündəmini zəbt edib. Vəziyyətin getdikcə daha da gərginləşdiyini görən baş nazir S.Sarkisyan aprelin 23-ü istefa vermək məcburiyyətində qalıb. Beləliklə də erməni müxalifətinin on gündən artıq müddətdə apardığı mübarizə öz bəhrəsini verib. Ermənistan hərbi cinayətkar S.Sarkisyandan canını qurtarıb. Baş nazirin vəzifəsini müvəqqəti icra edən isə baş nazirin birinci müavini Karen Karapetyan olub. Ermənistan parlamentinin komissiya başçısının erməni mediasına verdiyi məlumata görə, yeni baş nazirin seçkiləri may ayının 2-nə təyin ediləcək. Təbii ki, belə bir situasiyada Ermənistanda baş verənlər, işğalçı ölkəni gələcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilməkdə, bir-birindən fərqli proqnozlar verilməkdədir.

Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə hesab edir ki, Ermənistanda seçkilər ciddi dövlətçilik böhranı çərçivəsində keçib. Onun fikrincə, Xocalı faciəsini törədənlərdən biri, uşaq qatili S.Sarkisyanın biabırçı şəkildə istefa verməsi Ermənistan dövlətçiliyinin ümumilikdə böyük problem yaşadığından xəbər verir: "Ermənistan hakimiyyətinin qonşu dövlətlərə qarşı torpaq iddiası, Azərbaycan torpaqlarını işğal etməsi, öz vətəndaşlarına qarşı düşmənçilik siyasəti cəmiyyətin iqtidarın əleyhinə qalxmasına və sonda hakimiyyətin dəyişməsinə aparıb çıxardı. Bunun kökündə isə Ermənistanın dövlətçiliyin əsasını düzgün qurmaması dayanır. Seçki ərəfəsində və ayrı-ayrı vaxtlarda bəzi dövlətlərin Ermənistanın daxili işlərinə müdaxiləsi isə bilavasitə zəif idarəçiliklə əlaqədardır. Əgər kənar qüvvələr dövlətin daxili işlərinə müdaxilə edə bilirlərsə, demək, həmin dövlət düzgün qurulmayıb. Demək, həmin dövlət xarici ölkələrdən, xarici qüvvələrdən asılıdır”.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa QasımlıErmənistandakı prosesləri şərh edərkən bildirib ki, erməni xalqı onu fəlakətə sürükləyən terrorçudan canını qurtarıb. Deputatın sözlərinə görə, bundan əvvəl prezident, sonradan baş nazir olmuş və xalqın kütləvi etirazları qarşısında məcbur qalıb istefa vermiş S.Sarkisyan erməni xalqına fəlakətlər gətirmiş bir şəxsdir. O bildirib ki, neçə illərdir erməni xalqı "Qarabağ klanı” deyilən bir xuntanın ölkəni idarə etməsindən əziyyət çəkir: "Bu şəxs uşaq qatili idi və prezidentliyi müddətində erməni xalqına yaxşı heç bir şey vermədi. Ermənistan boşaldı, aclığa düçar oldu və bu, ölkəni dalana dirədi. Ona görə də xalq ayağa qalxaraq bu şəxsi qovdu. Nə üçün qovdu? Xalq aydın şəkildə gördü ki, Serj Sarkisyan prezident olduğu müddətdə erməni xalqına heç bir şey verməyib, təbii ki, baş nazir olaraq da heç bir şey verməyəcək. Ermənistanda normal bir hakimiyyət qurulmayınca, Azərbaycan ərazilərinin işğalına son qoyulmayınca vəziyyət heç zaman düzəlməyəcək. Çünki Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir. Azərbaycanla əməkdaşlıq etmək üçün Ermənistan mütləq işğal etdiyi Dağlıq Qarabağ regionunu və ətraf rayonları geri qaytarmalıdır. Başqa hər hansı bir variantda Azərbaycan heç zaman Ermənistanla barışa bilməz və barışmadığı müddətdə də işğalçı ölkə bütün layihələrdən kənarda qalacaq, təcrid vəziyyəti davam edəcək. Bunun da bütün yükünü erməni xalqı çəkəcək. Erməni xalqı rəhbərlərinə deməlidir ki, biz nə üçün başqasının torpağını işğal altında saxlayırıq”.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev mövzu ilə bağlı qeyd edib ki, Ermənistanda hakimiyyətə gələnlər həmişə rəqiblərini qətlə yetirməklə xalqın iradəsinin əksinə gedib, müharibə qorxusu ilə insanları hədələyərək hakimiyyətdə qalıblar. Deputatın fikrincə, məhz buna görə də xalq heç zaman o rejimləri dəstəkləməyib: "İllərdir ki, Ermənistanda keçirilən seçkilərdə saxtakarlıqlar, qanun pozuntuları, xalqın böyük etirazları müşahidə olunur. Ordunun həmin etirazları necə amansızlıqla yatırdığına şahidik. Bu səbəbdən də bu gün Ermənistanda baş verənlər təbiidir. Ermənistanda xalq, nəhayət, öz sözünü deyib və faşist rejimi hakimiyyətdən uzaqlaşdırıb. Amma bu o demək deyil ki, Ermənistan cəmiyyətində tam sağlamlaşma gedib, orada sağlam ideyalar üstünlük təşkil edir. Ermənistanda siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir və ölkədə klanlararası qarşıdurma bundan sonra daha da gərginləşəcək. Onsuz da çətin durumda, səfalət və tənəzzül içərisində itib-batan Ermənistan hələ uzun müddət özünə gələ bilməyəcək”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan cəmiyyətinin qatil S.Sarkisyandan qurtulması bölgədəki durumu dəyişir: "Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni baş nazirin Rusiya və Qərb arasında manevr etmək imkanı yoxdur. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Sarkisyanı qorumaq istəmədi, ancaq bu o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir. Rusiya Sarkisyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri "Rusiyasız hərəkət edə bilməzsən” reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq. Hesab edirəm ki, belə situasiyada rəsmi Bakı da ciddi götür-qoy etməlidir. Çünki, 20 ildir Ermənistan Köçəryan-Sarkisyan girovluğunda idi. Bu şəxslər işğalı həyata keçirənlər olduğu üçün heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar, elə yandırmadılar da. İndi Ermənistana Bakıdan mesaj göndərilməlidir ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu, Ermənistanın da xeyrinədir”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər