• şənbə, 20 Aprel, 10:02
  • Baku Bakı 14°C

Ermənistanın üz qarası - diaspora

15.01.21 18:45 850
Ermənistanın üz qarası - diaspora
Xaricdəki erməni icması ölkənin rəzil duruma düşməsinin əsas səbəbkarıdır
44 günlük Qarabağ müharibəsi Ermənistanın tək hərbi deyil, siyasi, iqtisadi, mədəni, mənəvi məğlubiyyəti ilə nəticələndi. Uzun illər təbliğ edilən erməni mifi iki ayın içində puç oldu. Ümid etmək olardı ki, erməni xalqı düşdükləri rəzil durumun səbəblərini araşdırmaq üçün özündə güc tapacaq, heç olmasa rasional mövqe ortaya qoymağa çalışacaq. Lakin görünən odur ki, cəmiyyət hələ də revanşist əhval-ruhiyyədən qurtulmayıb, qisas almaq hissi ilə alışıb-yanır. Erməni xalqı hələ də anlamır və ya anlamaq istəmir ki, illər uzunu onlara yeridilən ideologiya faşist, millətçi ideologiyası olub. Və nə qədər bundan tez yaxa qurtarsalar, bir o qədər onlara faydası olar. 30 il qonşu dövlətin torpaqlarını işğal altında saxlamaqla ümid edirdi ki, həmin yerlərə əbədi sahib çıxacaq. Lakin arzuları puç oldu və torpaqların əsl sahibləri geri döndülər. Və erməni xalqı indi oturub onu belə rəzil duruma salanları müəyyənləşdirməlidir. Günahı indiki hakimiyyətdə yox, illər uzunu onu ən barbar ideologiya aşılayan kilsəsində, diasporasında axtarmalıdır.

Diaspora - erməni bədbəxtliyinin tək səbəbi

Bəllidir ki, erməni diasporası yer üzündə nadir icmalardandır ki, bütün fəaliyyəti yalnız düşmənçilik, başqalarının torpaqlarını ələ keçirmə, terror və s. buna bənzər ideyalar üzərində qurulub. Yüz illər əvvəl dünyaya səpələnən, sərgərdan həyat tərzi sürən ermənilər əsas etibarilə XIX əsrin əvvəllərindən təşkilatlanmağa başladılar. Hədəf kimi də, o illərdə zəif duruma düşən Osmanlı Türkiyəsini seçdilər. İmperiya ərazisində aktiv fəaliyyətə başlayaraq havadarlarının dəstəyi ilə çoxsaylı terror təşkilatlarını formalaşdırdılar. Sonrakı illərdə qondarma soyqırımı iddiaları erməni diasporasının az qala varlığına, milli kimliyinə çevrildi.Sovet zamanında da əsas fəaliyyət Türkiyəyə nifrət formalaşdırmaq, terror fəaliyyəti həyata keçirmək üzərində quruldu. Bu istiqamətdə diaspora bütün fəaliyyətini erməni kilsəsi, siyasi təşkilatlar, məktəblər və media üzərində qurdu. Qərb tarixçilərindən birinin gözəl ifadə etdiyi kimi, erməni diasporası öz varlığını tarixən ona qucaq acmış və öz torpaqlarında bərabər hüquqlu millət kimi yaşamağa icazə vermiş uca türk millətinə nifrət üzərində qurmağa başladı. Etiraf edək ki, ciddi uğurlara da imza atdı. Və Dağlıq Qarabağ ətrafında proseslər qızışan zaman bunun şahidi olduq.

Diasporanın müvəqqəti "uğuru”

Faktiki olaraq Azərbaycan Birinci Qarabağ müharibəsində dünya qarşısında tək qaldı. Daxili hərc-mərclik, hakimiyyətsizlik şəraitindən istifadə edərək, Azərbaycan torpaqlarını işğal etdilər. Bütün dünya sanki Azərbaycana qarşı birləşmişdi. Erməni diasporasının "fəaliyyəti” nəticəsində sanki Ermənistan deyil, Azərbaycan işğalçı dövlət durumuna salınmışdı.
Erməni diasporasının tərifini göylərə qaldırmaq fikrində deyilik. Lakin etiraf edək ki, 90-cı illərdə məhz erməni diasporasının maddi və mənəvi dəstəyi sayəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edə bildi və buna görə ona "gözün üstə qaşın var” deyən də olmadı. Elə sonrakı illərdə də Ermənistan üçün diaspora onun iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi oldu. Diaspora nümayəndələri Ermənistanda hakimiyyətə gətirildi. Bu yardımlar və investisiyalar nəticəsində Ermənistan bir dövlət kimi həyatda qalmağı bacardı.Ermənistan iqtisadiyyatına qoyulmuş xarici investisiyanın 70 faizi diaspora tərəfindən birbaşa və ya dolayı qoyulub. Bu investisiyanın 60 faizi əsasən üç ölkənin – Rusiya, ABŞ və İranda yerləşən erməni diasporasının hesabına formalaşıb.

Cəmiyyətin faşist əhval-ruhiyyədə tərbiyə edilməsində diasporanın rolu

Bəli, işğalın həyata keçirildiyi 30 il ərzində diasporanın nailiyyətləri bitib-tükənmir. Lakin necə deyərlər, yekun nəticə necə oldu? Sözsüz ki, erməni cəmiyyətinin az qala faşist əhval-ruhiyyədə tərbiyə edilməsində diasporanın rolu əvəzsizdir. Bəlkə də, Azərbaycanın 44 günlük müharibəsi və əldə olunan zəfər olmasaydı, onun ən uğurlu diasporalardan biri olduğunu söyləmək olardı. Lakin həyat göstərdi ki, diaspora heç də onlara sevinc və firavan həyat deyil, bədbəxtlik gətirdi. Milyardlarla dollar sərf edib Azərbaycan torpaqlarını işğal etdi, hətta qondarma qurum da yaratdı. Azərbaycan 30 il ərzində nə etdi? Ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkə iqtisadiyyatını qurdu. İri neft və qaz layihələri reallaşdırıldı. Həmin layihələr, işğal siyasəti olmasaydı, bu gün Ermənistan ərazisindən keçəcəkdi və bu gün rejimin qazancı milyardlarla dollar olacaq, ölkə firavan günlərlə yaşayacaqdı. İndi isə artıq gecdir. Necə deyərlər, qatar çoxdan yola düşüb.

Erməni mifi puç oldu

Diaspora özü də bilməyə-bilməyə Azərbaycanın 44 günlük müharibədə uğur qazanmasına rəvac verib. Xaricdəki erməni icması illər uzunu soydaşlarının beynini ən müxtəlif miflərlə doldurmağa müvəffəq oldular.
Və məhz bu miflər Azərbaycana İkinci Qarabağ müharibəsində qələbə qazanmağa imkan verdi. Lakin problem hələ də qalmaqdadır. Miflər getdikcə Ermənistanda yaşanan dərin iqtisadi və siyasi böhran fonunda geniş kütlələrin beyninə daxil olur. Bu miflərin dərin tarixi kökləri var. Onlar Ermənistanı paralel dünyadan çıxmağa regionda qonşularla mehriban münasibətlər qurmağa mane olur. Ermənistanın özündə ermənilərin və diasporadakıların İkinci Qarabağ hadisələrinə necə yanaşmalarını yada salaq. 44 gün ərzində ərazi itirdiklərinə, azərbaycanlıların hücum etdiklərinə inanmırdılar. Və burada "demokrat” Nikol Paşinyanın hərbi senzurasını günahlandırmaq lazım deyil. Əgər o həqiqi demokrat olsaydı, erməni cəmiyyətindəki ultramillətçi narrativi dəyişməyə cəhd göstərərdi, ərazi işğalını davam etdirməzdi. İnternet əsrində rəsmi təbliğatın nə qədər həqiqi olub-olmadığını yoxlamaq elə də çətin deyil. Lakin erməniləri məğlubedilməzlikləri barədə miflərlə doyuzdurmaqda idilər. Azərbaycan isə bunun əvəzində asta-asta öz torpaqlarını azad etməkdə idi. Maraqlıdır ki, erməni miflərinin yeridilməsində Rusiyanın hərbi "ekspertləri” də əvəzsiz rol oynadılar. Azərbaycan ordusunun imkanlarına skeptik yanaşan bu "ekspertlər”ın roluna söz ola bilməz. Elə diasporanın pulu ilə dolanan qərb ekspertləri də onlardan geri qalmırdılar – Azərbaycanın qələbə qazanacağına inanmırdılar. Nəticədə Azərbaycan 44 günlük müharibədə torpaqlarının böyük bir hissəsini azad etdi. Yalnız noyabrın 10-da erməni cəmiyyəti bildi ki, Ermənistan məğlub olub. Beləliklə də, erməni tərəfinə müasir mifologiya çox baha başa gəldi. Mifçilik, tək erməni cəmiyyətinə deyil, bütövlükdə Cənubi Qafqaz regionuna ciddi zərbə vurmuş oldu. Əgər təbliğatı bir kənara qoysaq və mifləri, spesifik tarixi narrativləri analiz etsək, görərik ki, bu hal bütün xalqlarda var. Təbliğatla əksər dövlətlər məşğul olur. Lakin təəssüf ki, Ermənistanda və onun diasporasında bu miflər qonşulara nifrətə, özündən razılıq və hiperksenofobiyaya gətirib çıxardı. Bu da sonda Ermənistanın faktiki olaraq iqtisadi və siyasi müstəqilliyinin itirilməsinə, nəticədə 44 günlük müharibədə məğlubiyyətə gətirib çıxardı. Erməni diasporunun işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni yaşayış məskənlərinin inşasına sərf olunan milyonlarla dollarları havaya sovrulmuş oldu. Minlərlə gəncin həyatına son qoyuldu. Hələ ki, erməni cəmiyyətində və diasporasında müasir siyasi diskussiyalar dəyişməyib. Millətçi qanad revanşizmdən danışır və Dağlıq Qarabağın "statusu”dan dəm vurur. Ermənistanda hələ də anlamırlar ki, beynəlxalq cəmiyyət onun ərazi iddialarını qəbul etməyib, müttəfiqlərinin isə sadəcə öz maraqları var.

Diaspora Paşinyanı günahlandırır

Bütün bunlar da cəmiyyəti məhvə aparır. Artıq Ermənistandan əlini üzən diaspora ölkəyə ianələr yatırmaq istəmir. İllər uzunu Ermənistana milyardlarla dollar yardım edən ən aktiv diaspora təşkilatları, onların tanınmış simaları artıq ölkəyə yardım ayırmaq niyyətində deyillər. Əsas tələbləri də baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsidir. "Erkramas” informasiya mərkəzi xəbər verir ki, onlardan bir çoxu Paşinyana qarşı keçirilən aksiyalarda aktiv iştirak etməyən, passivlik nümayiş etdirən qohumlarına belə yardım etməkdən imtina ediblər. Bundan əvvəl diasporaya daxil 20-dən artıq təşkilat da baş nazirin istefası tələbi ilə çıxış etmişdi. Eləcə də, erməni mediasında "Hayastan” ümumerməni fondunun ikinci Qarabağ müharibəsi zamanı Paşinyan hökumətinə verdiyi 52 milyard dramdan çox vəsaitin hesabatını istədiyi xəbəri yayılıb. Məsələ burasındadır ki, bu ianələrin əhəmiyyətli bir hissəsi dövlət büdcəsinə köçürülüb və bunun hansı məqsədlə istifadə edildiyi məlum deyil. "4rd.am” saytı yazır ki, fonda vəsait köçürən xeyriyyəçilərin coğrafiyası kifayət qədər genişdir. Bildirilir ki, fonddakı vəsaitlərin naməlum şəkildə yoxa çıxması ilə bağlı yaranan qalmaqal ilk dəfə deyil. Məsələn, Ermənistandakı "Qnçak” Sosial Demokrat partiyası idarə heyətinin üzvü Ambik Sarafyan deyib ki, hər il ianələr azalmağa doğru gedir. Əslində, mövcud qalmaqal fondun, Ermənistanın hərbi ehtiyaclarını ödəmək və ya dövlət büdcəsinin kəsirini örtmək üçün pul xərcləyə bilməməsindən qaynaqlanır.

Yekun

Beləliklə, bütün bunlardan bir qənaətə gəlmək mümkündür. Erməni cəmiyyəti hələ də xəstə təfəkkürdən qurtula bilməyib. Bəlkə də qurtulmaq istəyərdi, lakin ona xarici və daxili qüvvələr mane olur. Həmin qüvvələr illər uzunu qazandıqları milyardları itirmək istəmirlər. Adətən, tarixdə baş verən müharibələrdən sonra cəmiyyətin ağıllı, ziyalı kəsimi irəli düşərək xalqı fəlakətdən qurtarmaq yollarını fikirləşir. Kompromis təkliflər verirlər. Ermənistanda isə hələ də, bunu sezmək mümkün deyil. Ümid etmək olar ki, erməni xalqı faşist təfəkkürlü liderlərini, nifrət aşılayan din xadimlərini, əcnəbi dövlətlərin əlində alətə çevrilən diasporasını bir kənara tullayıb bəşəri ideyalara üstünlük verəcək. Hərçənd ki, buna inam az olsa da, başqa yol yoxdur. Əks təqdirdə, yaşadıqlarının ikiqatı ilə üzləşəcəklər.

Azər
banner

Oxşar Xəbərlər